
«ERMƏNİLƏRİN GİZLİ SAXLAMAQ İSTƏDİKLƏRİ ÇOX ŞEY VAR»
K.Çiçək: «Əgər onlar öz arxivlərinə bu qədər arxayındırlarsa, nədən tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasına qarşı çıxırlar?»
Müəllif: Almaz MAHMUD Bakı
Osmanlı İmperiyası dövründə baş verdiyi iddia olunan saxta erməni soyqırımının tanınmasına dair ABŞ-dakı növbəti cəhd yenə də iflasa uğradı. Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qəbul olunmasına cidd-cəhdlə çalışdığı “252 saylı qətnamə” Palatanın plenar iclasının gündəliyinə salınmadı.
«CNN Turk» xəbər verir ki, Türkiyə hökuməti və ABŞ-ın türk diasporu Obama administrasiyası və konqresmenlərlə ciddi iş apararaq, «soyqırım»ın tanınmasının qarşısını almağa çalışıb. Nəticəbə, ABŞ Dövlət Departamentinin rəsmisi Filipp Krouli keçirdiyi brifinqdə bildirib ki, onun təmsil etdiyi qurum qəti şəkildə sözügedən layihəyə qarşıdır. Krouli Dövlət Departamentinin məsələyə dair mövqeyini tam şəkildə ortaya qoyub.
Erməni diasporu isə soyqırım haqqında mifin rəsmi səviyyədə qəbuluna çalışmaqla yanaşı, məsələnin tarixçilər tərəfindən obyektiv şəkildə araşdırılması üçün arxivlərini açmaqdan imtina edir.
Türk tarixi icmasının erməni təhqiqatları şöbəsinin rəhbəri, professor Kamal Çiçək hesab edir ki, tarixi və hüquqi nöqteyi-nəzərindən ermənilərin mövqeyi çox zəifdir. Bu üzdən də onlar bu məsələni Haaqa Beynədxalq Məhkəməsinin müzakirəsinə çıxartmağa özlərində cəsarət tapmırlar. Ermənilər məhz bu səbəbdən məsələni özlərinə sərf edən siyasi sahədə çözməyə çalışırlar.
Jurnalımıza müsahibəsində K.Çiçək bu məsələnin maraqlı təfərrüatlarını açıqlayıb.
- Professor, bildirirsiniz ki, ermənilərin soyqırım iddialarını sübut edəcək heç bir faktları yoxdur. Belədirsə, ermənilər «soyqırım»ın rəsmən tanınması məsələsində niyə bu qədər israr edirlər? Onların ümidi nəyədir?
- Ermənilərin soyqırıma dair heç bir sübutları yoxdur. Onların əlində yalnız hansısa sayda erməninin öldürüldüyünə, yaxud müəyyən sayda erməni əhalinin əsgərlər tərəfindən qətlə yetirildiyinə dair deyilənlər əsasında yazılmış mənbələr var. Bu sənədlərin heç biri real sübutlara əsaslanmır. Ermənilər deportasiya faktını soyqırım kimi təqdim etməyə çalışır. Amma BMT-nin 1948-ci ilə aid «Soyqırıma görə xəbərdarlıq və cəza» konvensiyasında belə maddə yoxdur.
Mənim münasibətim ondan ibarətdir ki, ermənilər mövqelərinin düzgünlüyünə əmin olmadıqları üçün, prosesi iflic duruma salmağa çalışırlar. Onlar arxivlərinə bu qədər əmindirlərsə, niyə tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasına imkan vermirlər?
Daha bir vacib məqam ondan ibarətdir ki, ermənilər dünyaya çox yalan məlumatlar yayıb. Təəssüf ki, onların bəzilərindən elmi tədqiqatlarda istifadə olunur.
Məsələn, Osmanlı İmperiyası əsgərlərinin ermənilərə hücumunun, onların qətlinin mərkəzin tapşırığı ilə həyata keçirildiyinə dair şayiələri sübut edəcək bir dənə də fakt yoxdur. Əksinə, son arxiv materiallarının arasında erməniləri qətlə yetirmiş əsgərlərin məzəmmət və edam olunmasına dair sübutlar tapılıb.
İkincisi, ermənilər iddia edir ki, deportasiya edilmiş insanların konvoyu dövlət tərəfindən mühafizə ilə təmin edilməyib, onlara ərzaq verilməyib. Amma bu iddiaların da əsassız olduğu ortadadır. Osmanlı İmperiyası konvoy üçün marşrut müəyyənləşdirib, onların hərəkət edəcəyi yolun üzərində istirahətləri üçün yerlər ayırıb. İstirahət üçün ayrılmış rayonlarda isə xəstəxanalar, mətbəxlər, yetimxanalar olub. Xarici humanitar təşkilatlara həmin rayonlarda işləməyə icazə verilib.
- Siz erməni tarixçilərini diskussiyaya dəvət etmisinizmi?
- Əlbəttə. Mən və Türkiyədəki həmkarlarım daim ermənilərə müraciət edir, ümumi tariximizin birgə elmi layihələr çərçivəsində tədqiqini istəyirik. Dünya birliyinin 1915-ci il hadisələrinə dair birtərəfli, şişirdilmiş və uydurulmuş təbliğata məruz qalması faktını hələ 1921-ci ildə ABŞ-ın ali komissarı, admiral Mark Bristol (o, eyni zamanda, həm də səfir dərəcəsinə malik idi) təsdiqləmişdi.
1919-cu ildə Osmanlı İmperiyası neytral dövlətlərə müraciət edərək, həmin vaxtın hadisələri ilə bağlı komissiyanın yaradılmasını təklif edib. Amma Böyük Britaniyanın təzyiqi qarşısında İspaniya, Danimarka, Hollandiya və İsveç kimi ölkələr bu çağırışı qəbul etməyib.
Yəni əsl həqiqətin üzə çıxarılmasının yeganə yolu birgə komissiyanın yaradılmasıdır.
- Dünyanın hansı arxivlərində araşdırma aparmısınız? Mümkündürsə, apardığınız araşdırmaların nəticələri haqqında danışın...
- Mən erməni mövzusunda Böyük Britaniya, İsveçrə, xüsusilə ABŞ arxivlərində araşdırmalar aparmışam. Oradan on minlərlə material toplamışam, onları təsnif etmişəm və hazırda bu mövzuda kitab və məqalə yazıram.
Amerika arxivlərində «erməni soyqırımı» iddialarına dair çox vacib materiallar var. Çünki Birinci Dünya müharibəsi dövründə «Üçlər İttifaqı» dövlətləri ilə diplomatik əlaqələr qırılmış, ölkədə yalnız Amerika diplomatları, missionerlər və humanitar təşkilat nümayəndələri qalmışdılar. Bu insanlar öz depeşalarında Qərb ictimaiyyətinə cəbhədəki vəziyyət, həmçinin «erməni problemi» haqda məlumatlar verirdi.
Bu insanlar erməniləri seçilmiş xristian xalqı kimi götürərək, onların köçürülməsinə qarşı çıxır və vəziyyəti birtərəfli şəkildə təqdim edirdilər. Məqsədli şəkildə faktları saxtalaşdıran bu şəxslər erməniləri «məhrumiyyətlrə məruz qalmış xalq» kimi təqdim edir, bununla da yığılan ianələrin həcmini artırmağa çalışırdılar.
2005-ci ildə dərc olunmuş «Ermənilərin məcburi miqrasiyası» adlı kitabda həmin məlumatların nə qədər birtərəfli, əsassız şayiələr olduğunu hərtərəfli ortaya qoymuşam.
Məlum olduğu kimi, müəlliflərin əksəriyyəti bu hesabatların birinci mənbədən götürüldüyünü iddia edir. Amma mən sübut etmişəm kt, bu depeşaların yalnız cüzi hissəsi real faktlara əsaslanır. Əksəriyyəti isə danışılanlardan götürülüb və həmin dövrün reallığını qətiyyən əks etdirmir.
- Hələ də əliniz çatmayan xarici arxivlər varmı? Yəni istifadəsi qadağan olunan arxivlər də mövcuddurmu? Varsa, qadağanın səbəbi nədir?
- Bəli, belə arxivlər var. Müraciətlərimizə baxmayaraq, «daşnaksütun»un Bostondakı arxivinə buraxılmırıq. Erməni patriarxının Qüdsdəki arxivi də tədqiqatçıların üzünə qapalıdır.
Parisdəki «boqos nubar» erməni arxivini öyrənmək, xüsusilə oradakı sənədlərin surətini əldə etmək də çox çətindir. Bu süni maneələr bir daha sübut edir ki, ermənilər nəyisə gizlədir. Şəxsən mən daşnakların Sofiya və Buxarestdə yaratdıqları bürodan olan sənədləri görmək istərdim. Müharibə dövründə Qərbə məhz həmin sənədlər vasitəsilə xəbərlər verilirdi. Amma o sənədləri heç kimə göstərmirlər. Əminəm ki, sonradan depeşalar və şahid məlumatları kimi təqdim olunan bütün sənədlər orada dəyişdirilib.
- Xarici mənbələrdə əksinə, ermənilərin türklərə qarşı soyqırım törətdiyinə dair faktlara rast gəlmisinizmi?
- Mənim araşdırmalarım əsasən, Amerika arxivləri ilə bağlı olduğundan, orada belə faktlara çox tez-tez rast gəlmək mümkündür.
Erməni yazıçılar materiallarında arxiv məlumatlarını deyil, arxiv materialları əsasında hazırlanmış kitabları əsas götürür. Məsələn, onlar ABŞ-ın İstanbuldakı sabiq səfiri Marqentaunun məlumatlar əsasında yazdığı «Ambassador Morgentahu’s Story» adlı kitabına böyük hörmətlə yanaşır. Amma bu məlumatların hamısının orijinalı arxivlərdə var və onlardan istifadə etmək olardı.
Ədalət naminə qeyd etmək lazımdır ki, Ara Samaryan adlı erməni arxivdəki diplomatik yazışmaların bir hissəsini dərc edib. Amma yalnız bir hissəsini. Məsələn, o, Amerikanın Allepodakı konsulu C.Ceksonun sənədlərindən istifadə etməyib. Hərbi Dəniz Qüvvələrinin yazışmalarına isə mən və bir neçə digər tədqiqatçıdan başqa, ümumiyyətlə, heç kim nəzər salmayıb. Bu sənədlər arasında heç bir müqayisə aparılmayıb. Mən isə müvafiq paralellər aparır, nəticədə, hər dəfə erməni məsələsi ilə bağlı yeni saxtakarlıqlar tapıram.
- Ötən əsrin əvvəllərində azərbaycanlılar da ermənilər tərəfindən soyqırıma məruz qalıblar. Üstəlik, bu hal bir neçə dəfə təkrarlanıb. Arxiv materiallarını araşdırdığınız zaman, azərbaycanlılara qarşı soyqırım faktını göstərən hansısa sənədlə rastlaşmısınızmı?
- Amerika arxivlərində ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklərlə bağlı vacib sənədlər var. Admiral Mark Bristol da 1917-18-ci illərdə azərbaycanlıların ermənilər tərəfindən kütləvi qırğına məruz qalmaları haqqında bir neçə dəfə danışıb.
Həmin sənədlərdə bildirilir ki, ermənilər Azərbaycan kəndlərində, hətta toyuqlaradək bütün canlıları məhv edib.
- 1992-ci ildə Azərbaycan növbəti dəfə erməni faşizmi ilə üzləşib. Ermənilər Azərbaycanın Xocalı şəhərini Yer üzündən silib, şəhərin yüzlərlə sakinini vəhşicəsinə qırıb. Xocalıdakı soyqırımın beynəlxalq hüquqi qiymət alması üçün nə edilməlidir?
- Xocalıda BMT-nin 1948-ci ildə qəbul edilmiş «Soyqırıma görə xəbərdarlıq və cəza» konvensiyasında əks olunmuş bütün məqamlara rast gəlinir.
Azərbaycan ona qarşı cinayət törədildiyi ilə bağlı iddia qaldıra, öz instansiyalarında bunun soyqırım olduğu məsələsini gündəmə gətirə, daha sonra isə məsələni beynəlxalq məhkəmələrə çıxara bilər.
Bu cinayəti törətmiş ermənilərin siyahısını hazırlamaq da vacibdir.
Daha bir vacib məqam - Qarabağın azərbaycanlı əhalisinin öz torpaqlarından qovulması, mədəni və maddi irs abidələrinin məhvidir. Bu cinayət, mədəni soyqırımdır.
Bu gün Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlıları xatırladan hər şeyi Yer üzündən silmək üçün əlindən gələni edir. Bu, bəşəriyyətə qarşı cinayət və soyqırımdır. Ermənilər təcili olaraq qaçıqınların işğal etdikləri torpaqlara qayıtmasına imkan yaratmalıdır.
- «Erməni soyqırımı» məsələsindən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunur. Bunun yalnız ermənilərə deyil, başqa dövlətlərə də lazım olduğunu iddia etmək olarmı?
- Söhbətimizin əvvəlində dediyim kimi, erməni məsələsi siyasiləşdirilib. 1915-ci il hadisələri tarix olmaqdan çıxıb və tam siyasi məsələyə çevrilib. Nəticədə, bu gün amerikalı senatorlar və ya Avropa parlamentariləri həmin dövrdə baş verənlər haqqında heç bir məlumata malik olmadan «soyqırım»ın tanınması ilə bağlı qanun layihəsinə səs verir.
Amma bunlar əksər hallarda həmin dövlətlərin Türkiyə ilə bağlı siyasətindən irəli gəlir. Bu ölkələr Ankaranı güzəştə məcbur edə bilməyəcəklərini anlayandan və ya Türkiyənin strateji və iqtisadi qüdrətinin üstünlüyünü dərk edəndən sonra öz ermənipərəst siyasətindən imtina edəcəklər.
- Bir gün «erməni soyqırımı» ermənilərin iddia etdiyi formada tanınarsa, Türkiyəni nə gözləyə bilər?
- Ola bilsin, ermənilər mənəvi uğur əldə edəcək. Amma Türkiyədən istədikləri kompensasiyanı ala bilməyəcəklər. Bu, hüquqi nöqteyi-nəzərdən mümkün deyil.
MƏSLƏHƏT GÖR: