24 Noyabr 2024

Bazar, 02:36

YENİ İL ARSENALI

Xeyirli portağal və naringi şən uşaqların sevimlisidir

Müəllif:

25.12.2014

Yeni il süfrəsini onun əsas atributları olan portağal və naringisiz təsəvvür etmək olarmı? Azərbaycanda onların yetişdiyi əsas diyar Lənkəran bölgəsidir. Məhz bu üzdən həmin regionu biz sitrus cənnəti adlandırırıq. Portalağ və naringi uşaqların və meyvə qurmanlarının sevimlisidir. Necə olsa da, bunlar çoxları üçün uşaqlığın, Yeni İlin, yolkanın və Şaxta Babanın təcəssümüdür. Çoxlarımız Yeni İl hədiyyələri arasında onları da qəbul etmişik. Amma onu da qeyd eləmək lazımdır ki, portağal və naringi yalnız ruh üçün deyil, faydaları ilə həm də bədən üçün əsl bayramdır.

 

Bir balaca boyu var...

Naringi həmişəyaşıl koldur, sədokimilər fəsiləsinə aid bitki növüdür. O, Lənkəran ovalığında yetişdirilir və Azərbaycanın əsas sitrus meyvəsidir. Bu bitki Azərbaycana Cənub-Şərqi Asiya ölkələrindən (Çin, Yaponiya) gətirilib. Orta əsrlərə aid Azərbaycan şəfavericisi Məhəmməd Mömin yazırdı ki, nahardan əvvəl naringi yemək iştahı artırır, mədəni həzmə hazırlayır. Naringinin qurudulmuş qabığı nanə ilə qarışdırılır və ondan çay dəmlənir. Bu çay əsəblərin sakitləşdirilməsi üçün səhərlər içilir. O, ürək xəstəliyindən əziyyət çəkən insanlar üçün də faydalıdır. Naringinin qurudulmuş qabığından əmələ gələn ətirli pudra xörəyə, içkilərə və dərmanlara da əlavə olunur. Şirin naringi şirəsindən hazırlanan qatılaşdırılmış siropdan ədviyyat kimi istifadə olunur. Kosmetikada isə naringi şirəsi ilə dərini silirlər və bu, dərinin yağlılığını azaldır.

Naringinin tərkibində bir çox S vitamini, şəkər və lumu turşusu var. Bu meyvənin qabığı ətirli efir yağı ilə zəngindir - qabığın 0,6-2,5%. O, avitaminoz, soyuqdəymə zamanı məsləhət görülür, eyni zamanda, həzmi yaxşılaşdırır.

Naringidə üzvi turşular (lumu və digər - 0,6-1,1%-dək), şəkər, vitaminlər (A, D, K, B4, tiamin, riboflavin, askorbin turşusu, rutin) və fitonsidlər var. Onun qabığında narıncı və sarı piqmentlər də yer alır. Onların arasında karotin (A vitamininin provitaminləri) də var. Naringidə kalium, maqnezium, dəmir, fosfor, natrium və kalsium kimi mineral maddələrə də rast gəlinir. 100 qram naringi meyvəsində 53 kilokalori var.

Naringi qiymətli pəhriz məhsulu sayılır. O, iştahın artmasına kömək edir, insan orqanizmində mübadilə proseslərini gücləndirir. Qışda bu meyvə insan orqanizmini çoxlu sayda lazımi vitaminlərlə təmin edə bilər. Naringi və onun şirəsi müntəzəm olaraq qəbul edildikdə orqanizmi gücləndirir, həzm prosesini yaxşılaşdırır, antimikrob təsiri göstərir. Onun meyvəsi və şirəsi dizenteriyanın müalicəsinə müsbət təsir edir, həmçinin qanın bərpası baxımından da faydalıdır. Xalq təbabətində naringinin qurudulmuş qabığından çəkilmiş araq çox populyardır. Ondan yuxarı tənəffüs yollarının müalicəsində istifadə olunur. Naringi sedrasından hazırlanmış cövhər və həlimdən qızdırma, eləcə də diareaya zamanı istifadə olunur.

Naringidən meyvə salatlarının, desertlərin hazırlanmasında da istifadə edilir. Onu piroqa da qatırlar, torta da. Naringili sous tərəvəz salatları üçün əla əlavədir. Ondan ət və balıq xörəklərində də sous kimi istifadə olunur.

Amma bu meyvənin mənfi cəhətləri də var. Naringi böyrəyi, mədənin və bağırsağın selikli qişasını qıcıqlandıra bilər. Bu səbəbdən mədə xorasından, onikibarmaq bağırsaqda yaranan qastritdən, yüksək turşuluqdan və s. əsziyət çəkən insanların naringi yemələri məsləhət deyil. 

 

Narıncı gözəl 

Portağal ağacı naringi ilə pomelo meyvələrindən əmələ gəlmiş hibriddir. O, hələ eramızdan 2,5 min il əvvəl Çində becərilib. Portağalı Avropaya Hindistan sahillərinə yaxın ticarət yollarını terror altında saxlayan portuqallar gətirib. Portağalın ilk dəfə Avropaya 1548-ci ildə gətirildiyi bildirilir. Lakin bu, qismən doğrudur və Qərbi Avropaya aiddir. Aralıq dənizi regionu və Cənubi Avropaya gəlincə, burada ərəblər portağalı qeyd olunan "rəsmi" tarixdən xeyli əvvəl yetişdiriblər. İspanların işğalçı sarasinləri (xristianlar müsəlmanları belə adlandırırdılar) Piriney yarımadasından və Siciliyadan çıxarmasıdan sonra həmin ərazilərdə - yerli sultan-əmirlərin bağlarında - portağal ağaclarına kifayət qədər sıx-sıx rast gəlinirdi.

Orta əsrlərə aid müsəlman Şərqində portağal digər sitruslarla - lumu, turunc və narıncla müqayisədə tibbi məqsədlərlə o qədər də geniş istifadə olunmurdu.

İbn Sina yazırdı ki, portağal ağacının yarpaqlarından hazırlanan şirə çox faydalıdır. O, ilan çalması, həmçinin oturaq sinirin iltihabı zamanı işə yarayır.

Portağalda A, B1, B2, S, RR vitaminlərinə, həmçinin maqnezium, fosfor natrium, kalium, kalsium, dəmir kimi mikroelementlərə rast gəlinir. O, qanın təmizlənməsinə kömək edir, bütünlükdə orqanizmi canlandırır, ona güc və enerji verir, iştahı artırır. Portağal sinqa əleyhinə maddələrlə də zəngindir. Nəticədə o, sinqa xəstəliyinin qarşısının alınmasına və müalicəsinə kömək edir. Portağal anemiya və qanazlığı, həzm etməmə, iştahın itirilməsi, zəiflik və süstlük zamanı da faydalıdır. Buna səbəb meyvənin tərkibindəki B vitaminidir.

Diyetoloq alimlər hesab edirlər ki, apelsin tərkibindəki kompleks maddələrin köməyilə orqanizmə cavanlaşdırıcı təsir göstərir. Onun tərkibində kaliumun və müxtəlif vitaminlərin çox olması hipertoniya xəstəliyindən əziyyət çəkənlərə müsbət təsir edir, ateroskleroz, qaraciyər xəstəlikləri, piylənmə, podaqra kimi problemlərin qarşısının alınmasında faydalıdır.

Portağalın yalnız meyvəsi deyil, şirəsi də xeyirlidir. Portağal şirəsində şəkər, limon turşusu kimi üzvi duzlar var. Qədim zamanlarda portağal şirəsindən uzun müddət sağalmayan yara və xoraların müalicəsi üçün istifadə olunub. Onun, xüsusilə kal meyvələrin qabığından hazırlanan həlimi isə qanı bərpa edən vasitə sayılıb. Portağal şirəsi iltihab, virus, allergiya əleyhinə təsirlərə malikdir. Təzə çəkilmiş şirə qanda xolesterinin miqdarını azaldır. Çində həkimlər portağalın quru qabığından belə, yalnız öskürək və soyuqdəymənin deyil, həm də süd vəzindəki bədxassəli şişlərin müalicəsində istifadə edirlər.

Portağalın tərkibindəki salisil turşusu bu meyvədən qızdırmanın aşağı salınmasında istifadəyə imkan yaradıb. Bunun üçün qədim zamanlardan məlum olan bir içki resepti var: 3-4 dilim portağal otaq hərarətində olan 50 millilitrlik qaynadılmış suya atılır və 30 dəqiqə saxlanılır. Amma portağalın əsas qüdrəti onun tərkibindəki C vitaminləridir. 150 qram portağal meyvəsində 80 milliqram askorbin turşusu var. Bu, bir insanın sutkada qəbul etməli olduğu C vitamini normasıdır. Orqanizmdə C vitamini çatışmırsa, insanda xroniki yorğunluq əmələ gəlir, iş qabiliyyəti zəifləyir, əhval pisləşir, insan daim yatmaq istəyir, tez-tez xəstələnir. Portağal insanın həzm, endokrin, ürək-damar və əsəb sisteminə də xeyirdir. Portağal şirəsi orqanizmin bütün funksiyalarını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmə canlanma gətirir. O, avitaminoz, xroniki yorğunluq kimi halların qarşısını alır. Portal şirkəsi şəkərli diabetdən əziyyət çəkənlərə də xeyirdir. Portağal iştahı artırır, susuzluğu aradan qaldırır. O, yaraların, çibanın sağalmasına da müsbət təsir göstərir. Portalağın qabığında 2%-dək efir yağı var. Ondan parfümeriya və qənnadı sənayesində istifadə olunur.

 

 

NARİNGİ  SOUSU

3 ədəd naringi

2 portağalın şirəsi

2 xörəkqaşığı bal

1 qaşıq qəhvəyi şəkər

1 çayqaşığı qara istiot

2 çayqaşığı zəncəfil

0,5 çayqaşığı kakao 

Naringilər təmizlənir, dilimlənir, portağalın şirəsi sıxılır. Bütün inqrediyentlər qarışdırılır. Hazır məhlul zəif odda 15 dəqiqə bişirilir. Toyuq ətinə əla  əlavədir.

 

BALIQ XÖRƏKLƏRİ ÜÇÜN   PORTAĞAL SOUSU

2 ədəd portağal

1 ədəd balaca baş soğan

2 xörəkqaşığı qaymaq

2 xörəkqaşığı kərə yağı

2 qaşıq un

Bir neçə damcı portağal likörü

Zövqə görə ağ, qırmızı istiot və duz

Portağalın qabığını iri sürtgəcdən keçiririk, meyvəsinin isə şirəsini sıxıb tənziflə süzürük. Daha sonra xırda-xırda doğranmış soğanı əridilmiş kərə yağında dağ edirik və onu qarışdıraraq içərisinə un əlavə edirik. Alınan məhlulu qarışdırmağı unutmadan onun üzərinə qaymaq, şirə və likörü də əlavə edirik. Sousu vam odda 15 dəqiqə bişiririk. Hazır olmazdan 5 dəqiqə əvvəl üzərinə sürtgəcdən keçirdiyimiz portağal qabığını, bir çimdik duz və zövqə görə istiot səpirik. Bu sous həm soyutma, həm də qızartma balığa əla dad verir.



MƏSLƏHƏT GÖR:

679