Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycanda formalaşdırılan "elektron hökumət" sistemi vətəndaşların dövlət orqanlarının fəaliyyətinə nəzarətini ciddi şəkildə genişləndirəcək, kommersiya və ictimai təşkilatların fəaliyyətində bürokratik əngəlləri aradan qaldıracaq, geniş antikorrupsiya şəffaflığını təmin edəcək.
Artıq ikinci ildir ki, interaktiv informasiya sistemi olan e-government fəaliyyətdədir. Bu, vahid "elektron hökuməti" portalı, resurs bazasıdır, onun göstərdiyi xidmətlərin əhatəsi sürətlə genişlənir. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni elektron xidməti istifadəyə verib. Bu, elektron əmək müqavilələri sisteminin vacib komponenti olan "iş yerindən arayış"dır.
Asan sistem
"Elektron hökumət" sisteminin vahid informasiya portalı (www.e-gov.az) vətəndaşlara, biznesə və dövlət hakimiyyətinin digər qanadlarına birbaşa ünsiyyət olmadan informasiya almaq imkanı yaradır, onlara bir sıra dövlət xidmətləri göstərir. Geridə qalan illərdə layihənin koordinatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) müxtəlif dövlət strukturları ilə vahid elektron portal arasında informasiya mübadiləsinin həyata keçirilməsinə imkan verən effektiv infrastrukturun formalaşdırılması istiqamətində nəhəng işlər görüb. Bu gün portala, təxminən, 45 nazirlik, idarə və digər mərkəzi hakimiyyət orqanı qoşulub. Onlar rəsmi saytları vasitəsilə 400-dən artıq elektron xidmət göstərirlər. Üstəlik, artıq 387 xidmət "elektron hökumət" vahid sisteminə inteqrasiya olunub.
Bu il noyabrın əvvəlinə olan məlumata görə, 130 mindən artıq istifadəçi portala daxil olmaq üçün sadələşdirilmiş parol əldə edib.
Əhalinin "elektron hökumət" vahid portalının imkanlarına marağının getdikcə artdığını RYTN yanında İnformasiya-Hesablama Mərkəzinin statistikası da təsdiqləyir. Məsələn, "elektron hökumət" vahid sisteminin işə düşdüyü 2012-ci ilin dekabrından bu il noyabrın 1-dək portala 6 milyon ziyarətçi baş çəkib. Ümumilikdə, bu günədək portalın təqdim etdiyi xidmətlərdən 1 milyondan artıq insan yararlanıb.
İş günləri
"Elektron hökumət" portalının imkanlarından fəal şəkildə yararlanan dövlət qurumları arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də var. Hələ bu ilin yazında nazirlik əmək müqavilələrinin qeydiyyatı üzrə elektron informasiya sisteminin (EİS) hazırlığını başa çatdırıb. "Prezident İlham Əliyevin bu il iyulun 1-də imzaladığı sərəncama əsasən, respublikada əmək müqavilələrinin bağlanması üzrə elektron informasiya sistemi uğurla tətbiq olunur", - deyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib: "Bu sistemin tətbiqi ölkədə əmək münasibətləri sahəsində önəmli islahatdır. Bu sistemdə işləyən və ya sərbəst işçi qüvvə, iş şəraiti və əməyin qiymətləndirilməsi, əməkhaqlarının məbləği, daha çox işçi qüvvəsinin cəlb olunduğu fəaliyyət sahələri, yerdəyişmələr, işçi qüvvəsinə tələbat, yaş strukturu və s. bağlı geniş məlumatlar toplanıb".
ƏƏSMN-də hesab edirlər ki, bu yenilik qeyri-leqal məşğulluqla mübarizəyə kömək edir, həmçinin vergi daxilolmalarının, icbari sosial sığorta üzrə daxilolmaların artımına şərait yaradır. EİS-in tətbiqilə kağız əmək kitabçalarının yaradılması zərurəti aradan qalxıb, ölkədə bütün əmək müqavilələrinin bağlanması və pozulması elektron formada, nazirliyin rəqəmsal məlumatlar bazasına informasiyaların daxil edilməsilə həyata keçirilir. Yeni qaydalara əsasən, əmək münasibətləri əmək müqaviləsinin imzalandığı andan yox, elektron sistemdə əmək müqaviləsilə bağlı məlumatın qeydiyyata düşməsindən - 1 gün ərzində müvafiq məlumatların işəgötürənlərə göndərilməsilə başlayır. Beləliklə, ölkədə qeyri-leqal məşğulluğa effektiv elektron nəzarət sistemi yaradılıb. Bu, ilk növbədə, işçilərin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Eyni zamanda yeni qaydalara əməl etməyən işəgötürənləri kifayət qədər ciddi məbləğdə cərimələr, bəzi hallarda isə cinayət məsuliyyəti gözləyir.
ƏƏSMN-in yeni elektron sistemi kifayət qədər qısa müddətdə "elektron hökumət"in tələbatın ən yüksək olduğu alətlərindən birinə çevrilib. Məsələn, 2014-cü il noyabrın 20-nə olan məlumata görə, nazirliyin informasiya bazasına əmək müqavilələrinin bağlanmasına dair 1,6 milyondan çox məlumat daxil olub. Hazırda sistemdə 51 mindən artıq işəgötürən qeydiyyatdan keçib və onların 43%-i hüquqi, qalanları isə fiziki şəxslərdir.
Yeni xidmət
ƏƏSMN-in mütəxəssisləri EİS-in potensialını artıraraq, sistemə yeni imkanlar əlavə ediblər. Nəticədə, bu il dekabrın əvvəlində yeni elektron xidmət istifadəyə verilib. Bu, "iş yeri haqqında arayış"dır. Yeni xidmət həm nazirliyin rəsmi saytında, həm də "elektron hökumət" vahid portalında yerləşdirilib. "İndi vətəndaşlar iş yerindən arayışı rəhbərliyə müraciət etmədən, buna vaxt itirmədən, əziyyət çəkmədən əldə edə bilərlər. Müxtəlif təşkilatlar və ya banklar vətəndaşdan iş yeri haqqında əməkhaqqının məbləğinin göstərilməsilə arayış tələb edərsə, bunu istənilən vaxt onlayn formada həyata keçirmək mümkündür", - deyə İ. İsayev qeyd edib. Bununla yanaşı, aktiv əmək müqaviləsinə əsasən iki və ya daha artıq yerdə çalışan şəxslərə iş yerindən arayışın təqdim olunması zamanı seçim imkanı verilir - o, arayışda hansı iş yerinin göstərilməsini seçməkdə sərbəstdir.
Elektron arayışda digər məlumatlarla yanaşı, işəgötürən haqqında lazımi informasiya, onun telefon nömrələri, işçi haqqında şəxsi məlumatlar, əmək müqaviləsinin imzalanma tarixi, onun bitmə müddəti və ya müddətsiz, həmçinin arayışın qüvvədə olduğu müddət də göstərilir. Lazım gəldikdə ƏƏSMN-in elektron məlumat bazası arayışı tələb edən quruma əmək müqaviləsində sonradan baş vermiş bütün dəyişikliklər haqda da informasiya verir. Amma bu, yalnız vətəndaşın razılığı və arayışın qüvvədə olduğu müddət ərzində mümkündür.
Bununla yanaşı, ştrix-kodlarla, digər kriptoqrafik müdafiə mexanizmlərilə təmin edilmiş arayış vətəndaş haqqında həqiqətə uyğun olmayan məlumatların verilməsini önləyir. Bununla da, saxta arayışların verilməsi, yaxud əməkhaqqının məbləği haqda yalan informasiyanın verilməsi tam istisnadır. Müxtəlif ticarət təşkilatlarının, bank strukturlarının fəaliyyətində vətəndaşın nə qədər əməkhaqqı aldığı haqda məlumat vacib amildir. Bu, istehlak kreditlərinin verilməsində riskləri xeyli azaldır.
"Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələlik iş yerlərindən arayışların xarici dillərdə verilməsini həyata keçirmir", - deyə nazir müavini bildirir: "Bu cür arayışların hər hansı xarici dildə verilməsi zərurəti yarandıqda, məsələn, viza alınması üçün səfirliyə təqdim edilməsi üçün - vətəndaş sənədin notarial qaydada tərcümə olunmuş variantını əldə etməlidir".
ƏƏSMN-in elektron informasiya sisteminin inkişafında, məlumatlar bazasının rəqəmsallaşdırılmasında əldə etdiyi nailiyyətlər "elektron hökumət" mexanizminin sürətli inkişafını təsdiqləyən bariz nümunədir. Bu proses inkişaf etməkdədir və 2020-ci ilə Azərbaycanda dövlət strukturlarının bütün xidmətləri elektron formada həyata keçiriləcək. "Yaxın zamanlarda informasyia-kommunikasiya texnologiyaları sahəsinin inkişafına dair yeni dövlət proqramının təsdiqlənməsi gözlənilir. Onun əsas məqsədlərindən biri vətəndaşlara göstərilən elektron xidmətlərin sayının artırılmasıdır", - deyə Azərbycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: "Hazırda bir sıra vacib dövlət xidmətləri var ki, onların elektron formaya keçirilməsi kifayət qədər zəhmət tələb edən işdir. Bu məqsədə çatmaq üçün ciddi səylər göstərməliyik. Bununla yanaşı, "elektron hökumət"in formalaşdırılması prosesində əsas diqqət əhalinin bu və ya digər dövlət strukturu ilə ünsiyyət zamanı çətinliklərlə üzləşən təbəqəsinə yönəldilməlidir". Əli Abbasovun sözlərinə görə, İKT-nin inkişafı üzrə yeni dövlət proqramı, xüsusilə "elektron hökumət" portalının imkanlarının genişləndirilməsi Azərbaycanın paytaxtı ilə regionları arasındakı "rəqəmsal uçurum" probleminin həllinə də yardım edəcək.
MƏSLƏHƏT GÖR: