Müəllif: Eldar PAŞAYEV Bakı
Yaponiyanın baş naziri Sindzo Abenin hakim koalisiyası növbədənkənar parlament seçkisini qələbə ilə başa vurub. Koalisiyada Liberal-Demokrat Partiyası və sağ mərkəzçi Komeyto partiyası yer alırlar. Koalisiya yeni parlamentdəki 475 yerdən 326-na sahib çıxıb. Seçici fəallığı isə Yaponiya üçün (müharibədən sonrakı dövrdə) rekord sayılacaq həddə aşağı olub - 52%-dən bir qədər artıq. Seçki nəticəsində Liberal-Demokrat Partiyası 290 mandata sahib çıxıb, Demokrat Partiyası isə cəmi 73 mandat qazanaraq, növbəti dəfə sarsıdıcı məğlubiyyətlə üzləşib. Yaponiya Kommunist Partiyası yeni parlamentdə 21 deputatla təmsil olunacaq. Beləliklə, Yaponiya parlamentinin Nümayəndələr Palatasının qanunların qəbulu və baş nazir seçimi səlahiyyəti olduğundan (bu postu parlamentdə ən çox səs yığmış partiyanın rəhbəri tutur), Sindzo Abe avtomatik olaraq, hökumət başçısı vəzifəsini özündə saxlamış sayılır.
Müşahidəçilərin fikrincə, seçkidə seçici fəallığının aşağı olması yapon elektoratının hazırkı rəhbərliyin siyasətindən məyus olduğunun göstəricisidir. Abe isə ictimaiyyətin onun artıq iki ildən artıqdır həyata keçirdiyi iqtisadi siyasətinə etimad göstərdiyinə əmindir. Xalq arasında "Abenomika" adlandırılan Abe kursu 20 illik deflayasiyanın aradan qaldırılması, iqtisadi inkişafa nail olunması kimi hədəflər müəyyənləşdirib. Bu məqsədlərə müxtəlif yollarla nail olunması planlaşdırılır - kredit dərəcələrinin artırılması, sənayeyə, ticarətə və dövlət istiqrazlarına ciddi vəsait xərclənməsi. Başa çatmaqda olan ilin əvvəlində Yaponiya hökuməti istehlak vergisini 5%-dən 8%-ə qaldırmışdı. İndi 2017-ci ilin yazında onun 10%-dək artırılacağı bildirilir. Bu, son dərəcə qeyri-populyar addım olduğundan, hökumət onu təxirə salmağa çalışır. Yaponiyada islahatlar batıb qalıb və ekspertlərin sözlərinə görə, fond bazarının inkişafından faydalanan yalnız zəngin oyunçular olub. Əksər sakinlərin gəlirləri isə ya olduğu kimi qalıb, ya da azalıb. Yaponiya dünyanın ən inkişaf etmiş iqtisadiyyatları sırasındadır. Lakin onun əhali arasında adambaşına düşən gəlirin səviyyəsi üzrə reytinqi, məsələn, Böyük Britaniya və ABŞ-dan da aşağı düşüb. Hələlik işçi qüvvəsinin artırılması yolları da tapılmayıb. Üstəlik, Yaponiyada əhali sürətlə qocalır. Yaponiya iqtisadiyyatının ən ciddi problemlərindən biri kimi, demoqrafiya göstərilir. Bu səbəbdən, "Asahi Shimbun" nəşrinin qeyd etdiyi kimi, yaponların yalnız 39%-nin hazırkı Nazirlər Kabinetinin siyasətini dəstəkləməsi təsadüf deyil. Sindzo Abeni dəstəkləyən insanların sayı onun baş nazir postunu ikinci dəfə tutduğu 2012-ci illə müqayisədə xeyli azalıb. Müxtəlif sosioloji sorğular əksər vətəndaşların baş nazirin növbədənkənar seçki qərarını, bunun nəyi dəyişəcəyini anlamadığını da göstərir.
Bu arada baş nazir iqtisadi vəziyyətlə yanaşı, ölkəsini Asiya-Sakit okean regionunda dəyişməkdə olan qüvvələr nisbətinə də kökləməyə çalışır. Son zamanlar bu regiondakı Amerikanın liderliyi nəzərəçarpacaq dərəcədə zəifləyib. Əvəzində bölgədə Çinin iqtisadi və hərbi nüfuzu sürətlə artır. Durğunluq vəziyyətində olan və 2011-ci ilin dağıdıcı zəlzələ və sunamisindən sonra hələ də özünə gəlməmiş Yaponiya Pekinlə rəqabət aparmağa çalışır.
Tokionu narazı salan əsas məqamlardan biri Çinin son inteqrasiya təşəbbüsləridir. Söhbət Pekinin İpək yolu iqtisadi zonasının (İpək Yolu Fondu), Asiya İnfrastruktur İnvestisiyaları Bakının (mənzil-qərargahı Pekində yerləşəcək AİİB 2015-ci ilin sonlarında yaradılmalıdır) və BRHÇC Bankının yaradılması təşəbbüslərindən gedir. Çin İpək yolu layihəsilə infrastruktur layihələrinə on milyardlarla dollar investisiya yatırmaq niyyətindədir. Söhbət həm də nəqliyyat infrastrukturu layihələrindən gedir - istər yerüstü, istərsə də dəniz. Çoxları bu işdə dünyanın bu bölgəsində Yaponiya və Qərb tərəfindən yaradılmış maliyyə-iqtisadi sistemə təhlükə görür. Onlar Çinin planlarını Avropanın Bərpası Proqramı ilə müqayisə edirlər. Pekinin əməllərinə hələ 1966-cı ildə yaradılmış Asiya İnkişaf Bankı (AİB) kimi maliyə strukturları xüsusilə narahatlıqla yanaşır. Xatırladaq ki, əsas təsisçiləri Yaponiya və ABŞ olan bu quruma hər dəfə Yaponiya vətəndaşı rəhbərlik edir. Görünən odur ki, AİB ilə AİİB bir-birləri üçün rəqibə çevriləcəklər, daha doğrusu, isə onlar artıq eyni layihələr uğrunda rəqibə çevriliblər.
Tokio Pekinin regionda dəmir yolu tikintisi bazarının əsas simasına çevrilmək cəhdlərinə mane olmağa çalışır. O, hətta xaricdə həyata keçirilən nəqliyyat və şəhər layihələrinə dəstək təşkilatı da yaradıb. Yaponiya regionun inkişafı prosesində sadəcə Çin qatarındakı sərnişin rolunu oynamaq istəmir. Yeri gəlmişkən, bu ifadəni Çin rəhbəri Si Szinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının son sammitində dilə gətirib. Yaponları ən çox narahat edən isə gələcəkdə yuanın beynəlxalq valyutaya çevrilməsi perspektividir. "Çin arzusu" asta-asta da olsa, inamla "Asiya arzusu"na çevrilməkdədir. Si Szinpinin dediyi kimi, "Asiyada baş verənlərə məhz Asiya xalqları rəhbərlik etməli, regionun təhlükəsizliyini məhz onlar dəstəkləməlidir". Yeri gəlmişkən, bu konteksdə Yaponiyanın Rusiyaya qarşı necə davranacağı çox maraqlıdır.
Məlum olduğu kimi, Moskva Pekinlə miqyaslı enerji müqavilələri imzalayıb və Çinin Asiyada inteqrasiya planlarına qoşulmaq istəyir. Rusiya bu prosesə AİİB və BRHÇC Bankı vasitəsilə qoşulmağı düşünür. 2014-cü ilin yazında Abe Moskvanın Ukrayna siyasətini pisləmələrinə rəğmən, Rusiya ilə dialoq istəyində olduqlarına açıq eyham vurmuşdu. Amma Yaponiya həm də ABŞ və Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulub.
Lakin iqtisadi ekspansiya hər zaman təhlükəsiz məsələləri ilə birgə addımlayır. Məhz bu məqamda Çin heç də hər zaman özünə əmin deyil. Çin hər zaman Tayvan boğazında, Cənubi Çin və Şərqi Çin dənizlərində ABŞ-ın qarşısının alınması yollarını axtarır. Pekin buna həm də HHM-nin identifikasiya zonaları vasitəsilə nail olmağa çalışır. Yeri gəlmişkən, bu, mübahisəli əraziləri də əhatə edir və nəticədə ABŞ, Yaponiya və Cənubi Koreya Çinə öz etirazlarını bildiriblər. Bu zonanın tətbiqi o deməkdir ki, bundan sonra həmin əraziyə daxil olacaq təyyarələrlə bağlı əvvəlcədən Çin hökumətinə məlumat verilməlidir. Yaponiya isə İkinci Dünya müharibəsindən sonra üzləşdiyi məhdudiyyətləri aradan qaldırmağa, mükəmməl ordu yaratmağa çalışır. Sindzo Abe Yaponiyanın pasifis Konstitusiyasının yenidən yazılması niyyətində olduqlarını açıqlayıb. Bu, Tokioya özünümüdafiə çərçivəsindən çıxmaq imkanı verəcək. Bununla da Yaponiya ordusunun xarici missiyalarda iştirakına qadağa aradan qaldırılacaq. Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra yapon əsgərləri yalnız hərbi əməliyyatların tələb olunmadığı humanitar xilasetmə missiyalarında iştirak edir. Amma indi vəziyyət dəyişir. Məsələn, bu ilin aprelində Sindzo Abe hökuməti silah və hərbi texnika ixracına, təxminən, yarım əsrdir tətbiq olunmuş qadağanı aradan qaldırıb. Bu, əlbəttə ki, həm də Yaponiyanın müdafiə müəssisələri üçün yeni bazarların açılması istəyi ilə bağlıdır. ABŞ-ın bu səyləri dəstəkləməsi, Çin və Cənubi Koreyanın isə əksinə, baş verənlərə tənqidi yanaşması təəccüblü deyil.
İxrac qadağasının aradan qaldırılması Yaponiyanın Cənub-Şərqi Asiyanın daha zəif inkişaf etmiş dövlətlərinə hərbi yardımlar göstərməsini də asanlaşdıracaq. Məsələ ondadır ki, Çinin Cənub Çin dənizindəki mübahisəli ərazilərə iddiaları həmin dövlətlərin də xoşuna gəlmir. Söhbət Filippindən, Vyetnamdan, İndoneziyadan gedir. Yaponiya Vyetnama dəniz yardımı göstərməyə çalışır. Vyetnamın isə Çinlə neft yataqları ilə bağlı mübahisəsi davam edir. Bundan başqa, Filippinin sahil mühafizəsi Yaponiyadan 10 patrul gəmisi alıb. Həqiqətən də, Çinin əksər qonşuları onun iqtisadiyyatından yararlanmağa çalışsalar da, Pekinin hegemonluğundan ehtiyatlanırlar. Bu üzdən də onlar Tokio ilə Pekin arasında balanslaşdırılmış mövqe nümayiş etdirmək məcburiyyətindədirlər. Bütün bunları nəzərə alsaq, bir şeyi əminliklə söyləmək olar: Asiya-Sakit okean regionunun gələcək inkişafı və sabitliyi Yaponiyanın özünü nə qədər inamlı hiss etməsindən asılıdır - istər iqtisadi, istərsə də xarici siyasət baxımından.
MƏSLƏHƏT GÖR: