17 Mart 2025

Bazar ertəsi, 11:38

BÜTÜN QƏLƏBƏLƏRİ ƏLİMİZDƏN ALA BİLMƏZLƏR

Siyasət idmanı "ofsayd"da qoyduqda

Müəllif:

25.12.2014

Deyirlər, idman siyasət, böyük idman isə böyük siyasətdir. Azərbaycan buna dekabrın 11-də əyani şəkildə şahid oldu. Həmin gün 2013/14 mövsümünün Azərbaycan çempionu olmuş "Qarabağ" futbol klubu Avropa Liqasından kənarlaşdırıldı. Xatırladaq ki, Miroslav Zelinkanın rəhbərlik etdiyi çex hakimlər briqadası turnirin qrup mərhələsinin son matçında Milanın "İnter" klubu ilə keçirilən qarşılaşmada ağdamlıların son dəqiqədə vurduqları təmiz qolu hesaba almadılar. Hakim hər kəsin heyrətinə səbəb olan qərar qəbul etdi - qol "ofsayd"dan vurulub. Bu qərardan dərhal sonra qarşılaşmanın başa çatdığını bildirən fit səsi eşidildi. Nəticədə, bu bərabərlik eyni vaxtda Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşan və minimal hesabla qələbə qazanan Ukraynanın "Dnepr" komandasının qrupda ikinci yeri tutmasına imkan verdi. Sonradan, hətta "Qarabağ"ın rəqibləri belə, çex hakimin qərarının ədalətsiz olduğunu etiraf etdi, Azərbaycan prezidenti isə bu qərarı cinayət adlandırdı.

"R+"un ötən nömrəsində matç və hakimin qərarının mümkün siyasi motivi haqda yazılmışdı. Lakin ötən həftə Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ" futbol klubunun oyunçuları və məşqçilər korpusu ilə keçirdiyi görüş, orada səsləndirilən bəyanatlar ölkə rəhbərliyinin məsələyə münasibətini ortaya qoydu: baş verənlər adi hakim səhvi olmayıb və Zelinkanın qərarı idman çərçivəsini aşıb.

"Bu oyunda siz çox gözəl mübarizə aparmısınız. Qələbəyə layiq idiniz və qələbəni əldə etmisiniz. Bütün dünyanın gözü qarşısında təmiz qol vurmusunuz. Ancaq hakim briqadasının qeyri-peşəkarlığı, ya da ki qərəzli münasibəti ucbatından o qol sayılmadı və beləliklə, sizin qarşınıza bir sədd qoyuldu. Bu, böyük ədalətsizlikdir", - deyə dövlət başçısı qarabağlıları və onların baş məşqçisi Qurban Qurbanovu qəbul edərkən bildirib.

İ.Əliyev bu hakim səhvini, ümumilikdə, müəyyən xarici dairələrin Azərbaycana ədalətsiz münasibətinə aid edib bildirib ki, həmin dairələr ölkənin uğurlu inkişafını həzm edə bilmir, onun uğurlarına kölgə salmağa, ləkələməyə, qaralamağa çalışır.

Dövlət başçısı "Qarabağ" futbolçularının məhz bu cür ədalətsiz münasibətin qurbanı olduqlarını söyləyib. İ. Əliyev bildirib ki, komandanın təmiz qələbəsi vicdansızcasına oğurlanıb və bu, idman dünyasında cinayətdən başqa bir şey deyil.

1968-ci ildə Kataloniyanın "Barselona" klubunun prezidenti olmuş Karreras Giteras vaxtilə belə bir fikir işlətmişdi: "Barsa klubdan daha artıqdır". Bu cümlə (Mas que un club) bu gün də dünyanın ən güclü komandalarından olan "Barselona"nın doğma meydanının tribunalarını bəzəyir. Bu fikir Azərbaycanın son çempionuna da çox yaraşır. "Qarabağ" adını daşıyan klub 20 ildən artıqdır ki, ayrılmaz hissəsi olan Qarabağı itirmiş ölkə üçün klubdan daha artıqdır. İndi bu torpaqların əsl sakini olan azərbaycanlılar Ermənistan tərəfindən işğal edilmiş bu ərazilərdə yaradılmış separatçı rejim tərəfindən cinayətkar kimi mühakimə olunurlar. Ona görə də futbolçular "Qarabağ"ın beynəlxalq arenadakı hər bir oyununa xüsusi motivasiya ilə çıxırlar. Onların hər qələbəsi Azərbaycanda ölkənin eyniadlı ərazisinin erməni işğalından azad olunacağı günə yaxınlaşmaq baxımından, kiçik qələbə kimi qəbul edilir. Ağır olanı Ağdam klubunun Avropa meydanlarındakı çıxışının onların günahı olmadan yarımçıq qalmasıdır.

Çex hakimin qarabağlıların qələbə qolunu saymamasının səbəbləri haqda uzun-uzadı mübahisə etmək olar. Yeri gəlmişkən, əksər ekspertlər haqlı olaraq bu qərarı Ukraynada baş verən siyasi hadisələrlə əlaqələndirilər. Onların fikrincə, Avropa Ukrayna klubunu nəyin bahasına olur-olsun, turnirin növbəti mərhələsinə çıxarmağa çalışıb. Bu versiyanı təsidiqləyən kifayət qədər əsalı fakt var. Məsələn, paralel şəkildə keçirilən "Dnepr" - "Sent-Etyen" qarşılaşmasında ukraynalılar qələbə qolunu "ofsayd"dan vurublar. Üstəlik, turnirin 4-cü turunda "Qarabağ"ın "Dnepr" ilə keçirdiyi və ukraynalıların 1:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada da polşalı hakimlər briqadasının obyektivliyini şübhə altına qoyan bir sıra faktlar var.

Qərb idman və mədəniyyət hadisələrindən indiyədək dəfələrlə siyasi maraqlarına uyğun istifadə edib. Kiyevdə 2004-cü ilin dekabrında baş vermiş "narıncı inqilab"ın ukraynalı müğənni Ruslananın "Eurovision-2004"dəki qələbəsindən sonraya təsadüf etdiyini xatırlatmaq kifayətdir. Sonradan Viktor Yuşşenkonun hakimiyyətə gəlişi ilə nəticələnmiş inqilabın simalarından biri məhz Ruslana olmuşdu.

O dövrdə Kiyevə UEFA da öz dəstəyini göstərdi. 2007-ci ilin aprelində qurum futbol üzrə Avropa Çempionatının Ukrayna və Polşada keçirilməsinə dair qərar qəbul etdi. Maraqlıdır ki, həmin zaman Kardiffdə keçirilmiş səsvermənin nəticələri meydana bir çox suallar çıxarmışdı. Onda 11 səslə İtaliya finala yüksəlmiş, ikinci yeri birgə ərizə ilə müraciət etmiş Macarıstanla Xorvatiya tutmuşdular. Ukrayna-Polşa tandemi üçüncü yerdə qərarlaşmışdı. Lakin səsvermənin son raundunda ortaya tamamilə fərqli mənzərə çıxmışdı - Polşa-Ukrayna ciddi səs çoxluğu ilə - 12 səslə qalib gəlmişdi. İtalyanlar isə bu səsvermədə yalnız 4 səs qazana bilmişdilər. Yekun səsvermədə Macarıstanla Xorvatiya "0" səslə qaldı. O zaman İtaliya Futbol Federasiyasının rəhbəri Cankarlo Abate UEFA-nın qərarını siyasi qərar adlandırmış, İtaliya millisinin ozamankı baş məşqçisi Marçello Lippi isə Avropanın ali futbol qurumunun qərarını onun Şərqi Avropada futbolu inkişaf etdirmək niyyəti ilə əlaqələndirmişdi. Analoji mövqeyi Macarıstan və Xorvatiya da ortaya qoymuşdular.

Beləliklə, UEFA-nın Ukraynaya həddindən artıq sevgi göstərdiyinə dair şübhələr üçün kifayət qədər əsas var. Və "Dnepr" bu mövsüm Avropa Liqasının qalibi olarsa belə, bu, sensasiya sayılmamalıdır.

Bu yerdə "Qarabağ"ın əvvəlki çıxışlarında da baş vermiş ədalətsizlikləri xatırlatmamaq mümkün deyil. Məsələn, Avropa mətbuatında Azərbaycan klubunun dəfələrlə erməni komandası kimi təqdim edildiyini xatırlatmaq olar. Məsələ başqadır. Xaricdə Qarabağ adının Azərbaycanla birgə çəkilməsi çoxlarının xoşuna gəlmir - istər ərazi məsələsində olsun, istərsə də futbol klubu.

Azərbaycana qarşı hər addımda rast gəlinən ikili standartlar idmana, mədəniyyətə və siyasətlə heç bir əlaqəsi olmayan digər sahələrə də sirayət edib. Söhbət Qarabağdan getdikdə isə bu ikili standartlar özünü daha aydın şəkildə göstərir.

Bu vəziyyətdə hansı addımları atmaq olar? Qarabağlıların apelyasiyasına fevralın əvvəlində baxılacaq. Ən nikbin ssenariyə görə, bu, hakimlərə qarşı cəzanın tətbiqi ilə nəticələnəcək. Amma UEFA-nın "Qarabağ" - "İnter" matçına dair protokolundakı "0:0" hesabı heç bir halda dəyişməyəcək.

Görünən odur ki, ədalətsiz münasibətə vərdiş etmiş Azərbaycan hakimlərin cəzalandırılmasına nail olsa belə, onların ədalətsiz qərarı ilə barışmalı olacaq. Amma hakimlərin arxasında kim durursa-dursun, onların yanlış qərarı ilə barışmaq ölkənin artıq 20 ildən çoxdur üzləşdiyi ədalətsizliklərlə barışması anlamına gəlmir.

Azərbaycan öz müstəqil siyasəti ilə öz yolunu getməkdə davam edəcək. Bu yolda addımlayan Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaqla sübut edəcək ki, əsas məsələlərdə onu heç kim "ofsayd"da qoya bilməz. Bu yerdə Azərbaycan prezidentinin "Qarabağ" futbolçuları ilə görüşdə səsləndirdiyi daha bir fikri xatırlatmaq yerinə düşər: "Bizim üstünlüyümüz ondan ibarətdir ki, başqa ölkələrlə, yaxud da ki beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyən heç bir hakim briqadası yoxdur. Biz bu mübarizədə öz sözümüzü deyirik və əksər hallarda qələbə bizimlə olur".

 

 

İLK MƏNBƏDƏN

 

"Bizim üstünlüyümüz ondan ibarətdir ki, başqa ölkələrlə, yaxud da ki, beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyən heç bir hakim briqadası yoxdur. Biz bu mübarizədə öz sözümüzü deyirik və əksər hallarda qələbə də bizimlə olur".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

732