24 Noyabr 2024

Bazar, 17:53

İSTEHLAKÇI QANUNU ÜZRƏ

Azərbaycanda ərzaq məhsullarının keyfiyyətinin yoxlanılması və təhlükəsizliyinə nəzarət başqa cür gerçəkləşdiriləcək

Müəllif:

15.12.2010

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzdində ərzaq məhsullarının  keyfiyyətinin yoxlanılması və təhlükəsizliyinə nəzarət üçün yeni laboratoriya yaradılıb. Burada ərzaq məhsullarının - ət və ət məhsullarının, balığın, süd və süd məhsullarının, konservləşdirilmiş məmulatların, meyvə,  tərəvəzlərin, bitki və heyvani yağların qısa müddətdə yüksək dəqiqliklə fiziki-kimyəvi, bioloji və toksikoloji analizinin aparılması üçün hər cür şərait var. 

Laboratoriyanın avadanlığı aparıcı dünya şirkətləri - "Varian", "Siemens", "Labart", "Orka Food", "Esco Biotech", "Schmartze" tərəfindən istehsal edilib və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində akkreditə olunub. Hazırda laboratoriyanın ISO 17025 beynəlxalq standartına uyğunluğunun akkreditəsi üzrə işlər görülür. 

 Ərzaq məhsullarının keyfiyyətinin yoxlanılması və təhlükəsizliyinə nəzarət üzrə laboratoriyanın yaranması obyektiv gerçəklikdir. Axı demək olar ki, hər gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında növbəti monitorinqin aparılması barədə məlumat verir. 

Belə ki, noyabrda və dekabrın əvvəlində yararlılıq müddəti bitmiş 716 kq ərzaq məhsulu -  kolbasa, qənnadı və süd məmulatları, yağlar, konservlər, balıq və dəniz məhsulları, sərinləşdirici içkilər, təbii şirələr, pivə və s. aşkar edilib. Onların hamısı satışdan çıxarılıb və məhv edilib. Amma görəsən, bu ərzaq məhsullarından nə qədəri hələ mağazaların piştaxtalarında qalmaqdadır?

Müvafiq qurumların ərzaq məhsullarının keyfiyyəti ilə bağlı nəzarəti artırmasına baxmayaraq, istehlakçılardan şikayət gəlməkdə davam edir. Antiinhisar Siyasəti üzrə Dövlət Xidmətinin işi də bu şikayətlərin doğru olduğunu təsdiqləyir. Şikayətlər ətlə, yağla, xalq istehlak? malları ilə bağlı olur. Saxta mallara gəldikdə, şəksiz, bazarlarda belələləri var; məsələn, hazırda pərakəndə satışda "fransız şərabı" adı altında çaxır tapmaq mümkündür. 

İstehlakçılar hesab edirlər ki, hazırda ən təhlükəli ərzaq məhsulu çörəkdir. Beynəlxalq standartlara görə, unun yararlılıq müddəti bir il təşkil edir. Ancaq Azad İstehlakçılar Birliyinin məlumatına görə, yerli bazarlarda olan unun çoxunun yararlılıq müddəti bitib. Təbii ki, mağazalarda vaxtıötmüş undan hazırlanmış çörək və çörək məhsulları satırlar ki, bu da öz növbəsində, orqanizmdə göbələk xəstəliklərinin yaranmasına gətirir. 

Kolbasa məhsulları ilə bağlı gileylər də az deyil. Elə olub ki, İsrail istehsalı olduğu iddia edilən və yetərincə baha satılan kolbasadan quş lələyi çıxıb. Özü də o, yetərincə prestijli mağazadan alınıb. Maraqlıdır ki, bütün kağız yarlıq kolbasanın özünə yapışdırılıbmış. Vakuum qablaşdırılmasında isə belə şey mümkün ola bilməzdi. Bu o deməkdir ki, kolbasa İsraildə yox, hansısa yerli gizli sexdə hazırlanıb. 

Ölkənin Gigiyena və Epidemiologiya Mərkəzinin  qidanın gigiyenası şöbəsi müdirinin fikrincə, hazırda Azərbaycan bazarında istehsalçılar arasında elə yüksək rəqabət var ki, əmtəə bazarında möhkəmlənməyə can atan şirkətin bilərəkdən  keyfiyyətsiz işləməsini təsəvvür etmək belə olmaz. 

Bununla yanaşı, mağazalarda yenə də vaxtıkeçmiş, yararsız kolbasa məhsullarına rast gəlinir. Bunun əsas səbəbi daha çox onunla bağlıdır ki, kolbasa istehsalçıları məhsullarını satan tərəfdaşlar axtarışında o qədər də həssas deyillər. Fikir vermirlər ki, mağazada saxlamaq üçün yetərli qədər yer yoxdur və ya soyuducuda saxlanmır, temperatur və nəmlilik normalarına riayət edilmir. Bu da kolbasanın artıq bakterial çirklənmiş, fiziki-kimyəvi xüsusisiyyətlərinə  uyğun gəlməyən halda piştaxtaya verilməsinə səbəb olur. 

Məhsulun hazırlanma tarixi və yararlılıq müddəti barədə məlumat verilməsi üsulu da önəmlidir. Əgər bu, asanlıqla başqası ilə əvəz edilə bilən kağız etiketdirsə, yaxşısı budur, bu cür məhsuldan uzaq durasınız. İstehsalçı firmanın koordinatları, ünvanı və telefonları aydın yazılmalıdır ki, satılan məhsul yararsız olduqda onu tapmaq mümkün olsun. Həmçinin, mağazalarda ərzaq məhsullarının saxlanıldığı şəraitə diqqət yetirmək lazımdır. Bu həm də uşaq yeməklərinə aiddir, onlar çox vaxt mağazalarda 40 dərəcə istilikdə yolverilməz şəraitdə saxlanılır. 

Məhsulun buraxılış tarixinin, yararlılıq müddətinin, keyfiyyət sertifikatının olmasına ciddi fikir vermək lazımdır. Bəllidir ki, Azərbaycanda satılan Rusiya istehsallı konfetlərin çoxu Rusiya keyfiyyətindən uzaq olur. Saxta peçenye və saxta Ukrayna duzu da çoxdur. 

Bununla yanaşı, dövlət xidmətində hesab edirlər ki, haqsız rəqabətdən həm istehlakçılar, həm məhsulun qanuni istehsalçısı, həm də bazar zərər görür. Belə şəraitdə malın həqiqi distribüteri müflisləşir, vergi verməyən başqası isə inkişaf edir, istehlakçılar isə qida kimi keyfiyyətsiz ərzaq məhsullarından istifadə etməyə məcbur olurlar. 

"İstehlakçı hüququnun müdafiəsi haqqında" qanuna görə, hər bir alıcı bu və ya digər ərzaq məhsulunu satın alarkən satıcıdan keyfiyyət və uyğunluluq sertifikatı tələb edə bilər. Həmçinin, əlbəttə ki, məhsulların markalaşdırılmasına diqqət yetirmək lazımdır və heç zaman şübhəli ərzaqlarla qidalanmaq olmaz. Çünki bu cür diqqətsizlik çox baha başa gələ bilər. 

Amma burası da var ki, istehlak mədəniyyətinin aşağı olması üzündən əhali məhsulun etiketlərində göstərilmiş məlumatla maraqlanmır. İstehsalçılar da xalqa məlumat verməyə elə də can atmırlar. Yəni aşağı istehlak mədəniyyəti keyfiyyətsiz məhsul istehsalçılarının işinə yarayır. İstehlakçıları, xüsusilə də aztəminatlı ailələrdən olanları daha çox aşağı qiymət maraqlandırır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Xidmətində isə ümid edirlər ki, İİN-in yeni laboratoriyasının yaradılması bazara yararsız məhsulun daxil olmasını azaldacaq. 


MƏSLƏHƏT GÖR:

488