Müəllif: Zərifə BABAYEVA Bakı
Bu gün beynəlxalq miqrasiya bir sıra ölkələr üçün ən mühüm məsələyə çevrilib və Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Əgər miqrasiya axınlarının ümumi mənzərəsinə baxılarsa, görmək olar ki, başqa ölkələr kimi, Azərbaycana da miqrantlar daha çox Mərkəzi, Cənub-Şərqi Asiya ölkələrindən, Türkiyədən və Avropadan gəlir. Əsas səbəb iş axtarışıdır.
Bu da heç kimdə şübhə doğurmayan bir faktdır ki, əmək miqrasiyası insanların ən çox hüquqlarının pozulduğu bir sahədir və bu prosesə bir qayda olaraq, miqrantların böyük bölümü qatılır. Məhz buna görə dünya üzrə miqrantların böyük və getdikcə artan sayını nəzərə alan BMT Baş Assambleyası 10 il əvvəl dekabrın 18-ni Beynəlxalq miqrant günü elan edib.
Üzv dövlətlərə, həmçinin, hökumətlərarası qurumlara və qeyri-hökumət təşkilatlarına (QHT) tapşırılıb ki, Beynəlxalq miqrant günü insan haqları və miqrantların əsas azadlıqları haqqında, həmçinin, onların müdafiəsinin təmini üzrə tədbirlərin işlənməsi barədə məlumat yaysınlar. Beynəlxalq miqrasiya məsələsi üzrə Baş Assambleya tərəfindən yüksək səviyyədə təşkil olunmuş dialoqda iştirak etmiş 132 üzv ölkə, o cümlədən, Azərbaycan da bir sıra önəmli konsepsiyaları təsdiq edib.
Birincisi, onlar qeyd ediblər ki, beynəlxalq miqrasiya getdikcə artan təzahürdür və o, dəstəklənməsi üçün doğru siyasət yürüdülən şəraitdə mənbə və təyinat ölkələrinin inkişafına müsbət təsir göstərə bilər.
İkincisi, qeyd edilib ki, bütün miqrantların əsas hüquq və azadlıqlarına riayət edilməsi beynəlxalq miqrasiya ilə bağlı mənfəətlərin əldə edilməsi üçün çox mühüm şərtdir.
Üçüncüsü, onlar beynəlxalq miqrasiyanın möhkəmləndirilməsi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin önəmini ikitərəfli, regional və qlobal səviyyələrdə etiraf ediblər.
Durum belədir
Beynəlxalq ekspertlər etiraf edirlər ki, MDB ölkələrində əmək miqrasiyası proseslərinə baxarkən, Azərbaycanda qanunsuz miqrasiya dərəcəsi ilə bağlı durum qonşularla müqayisədə narahatlıq doğurmur. O cümlədən, son zamanlar ölkənin miqrasiya qanunvericiliyinə önəmli dəyişikliklər edilib. 2009-cu ilin iyul ayının 1-dən ölkə başçısının fərmanına uyğun olaraq, Azərbaycanda miqrasiya proseslərinin idarəedilməsi üzrə "vahid pəncərə" prinsipi tətbiq edilir.
Onun tətbiqi xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda işləmək və yaşamaq icazəsinin verilməsi prosedurunu, onların qeydiyyatını sadələşdirib və bu məsələdə şəffaflığı təmin edib. Miqrasiya proseslərinin idarəedilməsi işində "bir pəncərə" üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə (DMX) həvalə edilib.
İlk öncə, bu, ona görə edilib ki, son beş il ərzində Azərbaycan əmək miqrantları ixrac edən ölkə olmaqdan çıxıb, iqtisadiyyatın, neft-qaz bölməsinin və başqa seqmentlərin inkişafı ilə bağlı olaraq başqa dövlətlərdən miqrant qəbul edən ölkəyə çevrilib. Şəksiz, bu cür proseslər yerli qanuvericiliyin beynəlxalq təcrübənin tətbiqi ilə indiki duruma uyğunlaşdırılmasını vacib edirdi. Beləliklə, 2004-cü ildə dövlət başçısı tərəfindən təsdiq edilmiş "Dövlət miqrasiya siyasətinin konsepsiyası" nəzərə alınarsa, ölkənin miqrasiya sahəsi üzərində nəzarətin sərtləşdirilməsi başlıca məsələlərdən birinə çevrilib.
Bununla yanaşı, miqrasiya sahəsində nəzarətin gücləndirilməsi məqsədi ilə 6 fevral 2009-cu il tarixdə dövlət başçısı İlham Əliyev tərəfindən "Vahid miqrasiya-informasiya sisteminin yaradılması haqqında" sərəncama qol çəkilib ki, onun vasitəsi ilə bu gün hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olan andan izlənir - onun yeri və məşğuliyyət növü müşahidə edilir. Bütün xarici vətəndaşlar ciddi nəzarət altında olur.
DMX-dən bildirirlər ki, hazırda Azərbaycan iqtisadi baxımdan yetərincə cəlbedici regiondur və ölkəyə miqrant axını ildən-ilə artır. Ancaq DMX Azərbaycanda qanunsuz miqrasiya faktlarının, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşayış qaydalarının pozulması hallarının qarşısını almaq üçün bütün lazımi tədbirləri görsə də, yenə də gəlmələri ölkədən çıxarmaq üzrə tədbirlərə əl atmağa ehtiyac olur.
Belə ki, 2010-cu ilin noyabr ayında DMX-nin qərarı üzrə 801 xarici vətəndaş ölkəni tərk edib. 134 nəfər isə cərimə ödəyib və bundan sonra onların ölkədə qalması leqal sayılıb. Azərbaycana miqrasiya axınının güclənməsini rəqəmlər də deyir: noyabr ayında DMX-yə xaricilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti yaşamaq müddətinin uzadılması, həmçinin, müvəqqəti və daimi yaşamağa icazə verilməsi ilə bağlı 4974 müraciət daxil olub. Sözügedən müraciətlər sırasında, həmçinin, vətəndaşlığa götürmə, vətəndaşlığın bərpası və ya ləğv edilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqınlıq statusunun müəyyən edilməsi, həmçinin əmək fəaliyyətinə fərdi icazə verilməsi və mövcud olanların vaxtının uzadılması ilə bağlı ərizələr daxildir.
Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycanda 54 mindən çox miqrant yaşayır. Əgər 2007-ci ildə ölkədə fərdi əmək fəaliyyətinə 1118 nəfər icazə almışdısa, keçən il bu say 4239-a qalxıb. Ancaq DMX-dən bildirirlər ki, bu heç də ölkədə əmək fəaliyəti ilə məşğul olan və qeydiyyatdan kənarda qalan xarici vətəndaşların olmaması demək deyil. Qeydiyyatdan yayınma onunla izah edilir ki, "vahid pəncərə" tətbiq ediləndən sonra daxili bazarın ehtiyacları və işçi qüvvəyə tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotaları müəyyən edilib.
Bu, ona görə edilib ki, dəvət olunan miqrantların sayı milli iqtisadiyyatın tələblərinə dəqiq uyğun gəlsin - yerli vətəndaşların maraqları heç bir zaman zərər görməsin. Buna görə də, ölkədə əmək fəaliyyətinə icazə almaq istəyən xarici vətəndaşların sayının çox olmasına baxmayaraq, heç də hamı onu əldə edə bilmir. İmtina ölkədə bu və ya digər ixtisas üzrə kadr artıqlığı ilə bağlı da ola bilər.
Xarici vətəndaşla əmək müqaviləsi bağlanmasından yayınma halında yerli işəgötürənlər də cərimələnir. İnzibati Hüquq Pozuntuları Məcəlləsinə uyğun olaraq, belə halda 38 min manat məbləğində cərimə nəzərdə tutulur. "Dövlət rüsumu haqqında" qanuna edilmiş dəyşikliklərə görə, xarici vətəndaşı işə götürməyə verilən fərdi icazə üçün rüsumun məbləği 1000 manata qədər artıb. İndiyə kimi bu rəqəm yalnız 45 manat təşkil edib. Ekspertlərin fikrincə, nəzərdə tutulan bu və ya başqa tədbirlər ölkədə yaranmış duruma uyğundur və bizim vətəndaşlrın əmək hüquqlarının müdafiəsinə yönəlib ki, bunun hesabına da əmək bazarı qorunur.
Nəzərə almalı
Beynəlxalq ekspertlər bildirir ki, son zamanlarda Azərbaycanda miqrasiya prosesləri sahəsində yetərincə önəmli qanunvericilik təşəbbüsləri qəbul edilməsinə baxmayaraq, bu, heç də onların, məsələn, sonrakı 5 il ərzində dəyişdirilməsinin vacib olmadığı demək deyil. Beynəlxalq miqrasiya daima hərəkətdə olan sahədir. Uyğun olaraq, onu tənzimləyən qanunlar da çevik olmalı və durumun istənilən dəyişkənliyinə reaksiya verməlidir. Trafikinqlə mübarizəyə xüsusi diqqət yetirilməlidir. Azərbaycan hökuməti tərəfindən insan ticarəti ilə mübarizə sahəsi ilə məşğul olan bütün nazirlik və qurumlar üçün işlənmiş fəaliyyət planının effektiv işləməsi çox önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, əmək miqrasiyası Azərbaycanın iqtisadi və sosial inkişafına səbəb ola biləcək ciddi effekt verməyə qadirdir. Bunun üçün miqrantların, o cümlədən xaricdə işləyən azərbaycanlıların ölkəyə yolladığı pulköçürmələrini göstərmək yetərlidir. Bu, ölkə və onun dövlət büdcəsi üçün böyük yardımdır.
Eyni zamanda ekspertlər hesab edirlər ki, Azərbaycanda miqrasiya sahəsində statistik göstəriciləri toplayan bütün qurumların əlaqələndirilməsi üzrə daha dəqiq mexanizm yaratmaq lazımdır. Konkret faktlara və rəqəmlərə əsaslanan hökumət üçün miqrasiya siyasətinin gələcək inkişafı və təkmilləşdirilməsi üzrə qərarlar qəbul etmək daha asan olacaq. Başqa tərəfdən ekspertlər Azərabaycan hökumətinin əmək miqrantlarına fərdi əmək üçün verilən icazə üzrə dövlət rüsumunun 1000 manata qədər artırılmasına heç də birmənalı yanaşmırlar, çünki bu məsələdə başqa amillərlə yanaşı, əmək miqrantının kateqoriyasına diqqət yetirmək məqsədəuyğun olardı.
Əgər xarici vətəndaş (əmək miqrantı) Azərbaycana burada yetərincə geniş fəaliyyət göstərən və həmin məbləği ödəməyə qadir olan hər hansı bir iri şirkətdə işləməyə gəlirsə, bu, normaldır. Amma əgər söhbət həmin verginin ölçüsnün çox yüksək olduğu kiçik və ya orta biznesdən gedirsə, onda miqrantlar problemdən yaxa qurtarmaq üçün qeyri-leqal fəaliyyətə getməyə üstünlük verəcəklər. Bu həm işə götürən, həm də işçinin özü üçün pis olacaq. İşə götürən əmək miqrantını icazəsiz cəlb etdiyinə görə böyük məbləğdə cərimə ödəməli olacaq. İşçinin özü isə əmək hüquqlarının pozulması - normallaşdırılmamış iş günü və aşağı maaş təhlükəsi ilə üz-üzə qala bilər.
Əlbəttə, bundan dövlət də zərər çəkəcək. Bir tərəfdən, qanunsuz əmək miqrantları olacaq, digər tərəfdən, dövlət büdcəsi onların verməli olduğu gəlirlərdən məhrum olacaq. Buna görə də bir çox ölkələrdə bu cür məsələlərin həllində diferensiallaşmış yanaşma tətbiq edilir. Əmək miqrantının maaş səviyyəsi, onun işlədiyi şirkətin vəziyyəti, cəlb olunan mütəxəssisin səviyyəsi və başqa amillər nəzərə alınır. Eyni zamanda, mümkündür ki, dövlət rüsumunun ölçüsünün artırılması müsbət effekt də verə bilər, çünki şirkətlər fikirləşməli olurlar: yerli bazarda işçi axtarsınlar, yoxsa işçini xaricdən gətirsinlər.
MƏSLƏHƏT GÖR: