25 Noyabr 2024

Bazar ertəsi, 22:29

TƏBİİ SEÇİM

Azərbaycanda bank bölməsinin yeni sağlamlaşdırılma mərhələsinə başlanılıb

Müəllif:

15.12.2010

Mərkəzi Bank (AMB) ölkənin bank bölməsində  islahatların  yeni mərhələsinin gerçəkləşdirilməsinə başlayıb. Əsas ideya və məqsəd ölkənin bank sistemi üçün dünya maliyyə böhranının gedişində aşkarlanmış risklərin azaldılması, xüsusilə də bazarın xırda oyunçularından yaxa qurtarması yolu ilə məhdudlaşdırılmasıdır. 

Bəllidir ki, böhran dövründə Azərbaycanın bank sektoru müflisləşmə və ya nəzarət orqanının qərarı ilə bankların bağlanması hallarından uzaq dura bildi, amma AMB təmsilçiləri belə kredit qurumlarının sayının məhdudlaşdırıla biləcəyini, özü də ciddi şəkildə azalma ehtimalının mövcudluğunu vurğulayırdılar. Eyni zamanda, AMB əsas məqsəd kimi, bank sisteminin konsolidasiyası və optimallaşdırılması üzrə strategiyanın hazırlanmasını özü üçün öhdəlik kimi müəyyənləşdirmişdi. Bu strategiyanın tərkibinə zəif bankların bazardan çıxarılması da daxildir. Bu yöndə işlərə dekabrın 1-dən başlanıb və AMB iki bankın - 1994-cü ildən fəaliyyət göstərən «Debütbank»ın və 1992-ci ildən fəaliyyətə başlayan «Kövsərbank»ın lisenziyasının ləğv edilməsi barədə qərarını açıqlayıb. 

 

Sistemin sağlamlaşdırılma yolları 

Azərbaycanın bank bazarında bundanəvvəlki ixtisarlar 2008-ci ilə təsadüf edir və onda demək olar ki, çoxdan  fəaliyyətini dayandırmış «Poçtbank»ın və kapitallaşdırma üzrə tələbləri yerinə yetirə bilməyən «Atlantbank»ın lizensiyası alınmışdı. Amma onda yaranmış boşluq tezliklə doldu və «Naxçıvanbank» ASC-yə, həmçinin, «Azfinans Bank»a (indiki «AFB Bank») fəaliyyət üçün lisenziya verildi. 

Hazırda AMB-nin qarşısında duran əsas məsələ bankların möhkəmləndirilməsi və bank sisteminin kapitallaşdırılmasının yüksəldilməsidir. İslahat prosesi başa çatdıqdan sonra, bazarda neçə bank qalacağını, bunun hansı nəticələr verəcəyini  praktik olaraq bu gün demək mümkün deyil. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bank bazarda dayanıqlı şəkildə müəyyən sahəni tutubsa, onun kiçik və ya böyük olması elə də önəm daşımır. Əsas məsələ onun qanunvericiliyi və normativləri pozmadan işləməsidir. Buna misal kimi, kiçik İsveçrəni göstərmək olar, orada iri və xırda banklar dinc yanaşı fəaliyyət göstərirlər. «Bədbəxtlikdən», bankların sayı da o qədərdir ki, iynə atsan, yerə düşməz. Orda hamı üçün iş var və hər bir bank lazımlıdır. 

Azərbaycanda isə vəziyyət bu baxımdan, əlbəttə ki, fərqlənir və burada kredit qurumlarının sayının azaldılması çox vacibdir. Bu bazarda  keyfiyyətli bank xidməti gös-tərməyə qadir daha peşəkar iştirakçıları saxlamaq lazımdır. 

Ancaq bank bölməsinin sağlamlaşdırılma templəri bütün iqtisadiyyatın sağlamlaşdırılması templərinə uyğun gəlməlidir - qısa müddətdə sərt ləğvetmələr bank xidmətlərinin əsas istifadəçiləri arasında panikaya səbəb ola bilərdi.  Buna istinad edərək, bankların sayının azaldılması üçün üç yol -  konsolidasiya, lisenziyanın məhdudlaşdırılması və onların statusunun bankolmayan kredit qurumuna dəyişdirilməsı, ən nəhayət isə, bazardan çıxarılması nəzərdə tutulur. 

AMB tərəfindən hazırlanan bank təşkilatlarının konsolidasiyası strategiyasına görə, müvafiq qərarların qəbulu üçün onlara müəyyən vaxt verilcək. Bu, başqa bankla qovuşmaq, statusun bankolmayan kredit qurumuna dəyişdirilməsi və ya bağlanma qərarları ola bilər. Bu proses uzunmüddətli olacaq. 

O zaman AMB-nin əsas vəzifəsi əhalinin banklardakı əmanətlərinin təhlükəsizliyin gücləndirilməsi olacaq ki, bu da həmin bölməyə etibarın qorunması sarıdan çox vacibdir. Bu və ya başqa bankın konsolidasiyası haqqında qərar qəbul olunan zaman, əhalinin əmanətləri daha sağlam banklara keçiriləcək, ya da əmanətçiyə Əmanətlərin Sığortası Fondu vasitəsilə kompensasiya ödəniləcək. Ölkənin 45 bankından 43-ü bu fondun üzvüdür. 

«Debütbank» və «Kövsərbank»ın bağlanması məsələsini şərh edən AMB İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Mərkəzi Bankın bankların sayının daha da azaldılması barədə planı yoxdur. Bu banklarda isə AMB problemləri uzun müddət müşahidə edib. Onlar likvidliklərini və ödəniş qabiliyyətlərini itiriblər, konsolidasiya və ya statuslarının bankolmayan kredit qurumuna çevrilməsi ilə bağlı imkana malik deyildilər. 

Məsələ bundadır ki, bu bankların  yetərincə kredit öhdəlikləri olub, konsolidasiyaya isə yalnız öhdəlikləri ilə problemi olmayan sağlam banklar gedə bilər. Buna görə də, qanunvericiliyə uyğun olaraq, onların lisenziyaları geri alınıb. Eyni zamanda, AMB başçısı bildirib ki, bu banklarda əhalinin əmanətlərinin çox az olmasına baxmayaraq, lisenziyaların geri çağırılması heç də depozitlərin itirilməsinə gətirməyəcək. AMB artıq araşdırma aparır və qanunvericiliyə uyğun olaraq, onların geri qaytarılması üzrə bütün tədbirləri gerçəkləşdirir. 

Elman Rüstəmov bildirib ki, AMB siyasətinin əsasında bütün bank sistemi üçün problem yaradan zəif bankları kənarlaşdırmaq durur. Bu təcrübə ABŞ-da və Rusiyada da görülür və bu, normaldır. O, növbəti dəfə bankları konsolidasiyaya çağırıb və öz fəaliyyətlərini düzgün qurmaq üçün onlar daha geniş biznes imkanlarına və korporativ idarəetmə standartlarına malik olmalıdırlar. 

 

Birlikdə xoşbəxtlik 

Bildirmək gərəkdir ki, Azərbaycanın bank sisteminin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) da iştirakı ilə bankların uğurlu konsolidasiysı təcrübəsi var. İndiki «Unibank» 2002-ci ildə iki kommersiya bankının - «MBank»ın və «Promtexbank»ın birləşdirilməsi nəticəsində yaranıb. AYİB orada iştirak payının 15 faizlik hissəsini əldə edib. Bunun ardınca 2005-ci ildə "Bank of Baku" ASC-nin «İlkBank»la birləşməsi baş verib. AMB 2010-cu ildə bankların konsolidasiyası prosesinin fəallaşacağı barədə açıqlama vermişdi, amma il artıq başa çatır, gerçəkləşdirilmiş birləşmə faktı qeydə alınmayıb. 

Bununla yanaşı, Azərbaycanın bank bölməsindəki konsolidasiya proseslərinə beynəlxalq institutların marağı daha da artıb. AYİB-lə yanaşı, bu prosesə qoşulmaq üçün  Dünya Bankı (DB) qrupuna daxil olan  Beynəlxalq Maliyyə Korporasiyası (BMK) da niyyət bildirib. Korporasiyanın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bu yaxınlarda qeyd edib ki, «Əgər Azərbaycan banklarının konsolidasiyası baş verərsə, biz bu prosesi dəstəkləmək məsələsinə baxmağa hazırıq, amma bu gün  korporasiyaya banklardan belə təklif daxil olmayıb». 

Bakı Banklararası Valyuta Birjasının rəhbəri Fərhad Əmirbəyov hesab edir ki, hazırda bank aktivlərinin və kapitallarının konsolidasiyası üçün məqam yetişib, çünki bank sisteminin kapitallaşmasına ehtiyac var. «AMB-nin normativləri üzrə minimal tələb ilə bankların kapitallaşması arasında fərq dəfələrlə, bəlkə də on dəfələrlə yüksək olmalıdır. Bu gün iqtisadiyyata faydanı kapitalı 100 mln manat və daha yuxarı olan banklar, həcmi 2-3 milyrad manat olan pul bazarları, həcmi 5  mlrd manat olan fond bazarı gətirə bilər», - deyə F.Əmirbəyov hesab edir.

Bank sistemində  sabitliyin dəstəklənməsi üçün AMB əsas fəaliyyət istiqamətləri arasında şəffaflığın və bankların kapital bazasının keyfiyyətinin yüksəldilməsini, risklərin örtülməsi və qəbul edilən risklər barədə məlumatların açıqlanması üzrə tələblərin sərtləşdirilməsini, maliyyə vasitələrinin məhdudlaşdırılması və kapitalın rezervləşdirilməsini, o cümlədən, likvidlik normativlərinə yenidən baxılmasını müəyyən edib. AMB hesab edir ki, bu tədbirlər bazar iqtisadiyyatının əsas maliyyə vasitəçiliyi kanalı, iqtisadi artımın uzunmüddətli sabit resurslar mənbəyi olan bank sisteminin dayanıqlılığını artırmağa imkan verir. 

Sonrakı tədbirlərə kapitala tələbin dəyişdirilməsi də daxildir ki, bu da rezerv kapitalının  yaranmasını, daxili bankların kapital bazasının keyfiyyətinin, dayanıqlılığının və şəffaflığının artırılmasını nəzərdə tutur. Buna paralel olaraq, nəzarət qurumu bank qanunvericiliyinə bankın bankolmayan kredit qurumuna (BOKQ) çevrilməsi imkanı ilə bağlı əlavələr daxil etməkdə davam edəcək. Bütövlükdə, kapitalın iriləşdirilməsi üçün konsolidasiyaya getməyən banklara BOKQ-a çevrilmək təklif ediləcək. 

AMB, həmçinin, ölkədə sistemyaradan bankların tənzimlənməsi ilə bağlı münasibətləri təkmilləşdirmək niyyətindədir. Qlobal böhran dərslərinə əsaslanan AMB hesab edir ki, hazırda prusendisial normalar baxımından, bütün banklara eyni cür yanaşmaq olmaz. Buna görə də nəzarət fəaliyyətinin effektivliyinin artırılması üçün böhrandansonrakı inkişaf məsələləri sırasına AMB-nin gündəliyinə sistemyaradan bankların tənzimlənməsinə sistemli, daha kompleksli yanaşma tətbiqi imkanlarının mümkünlüyü məsələsi daxildir, çünki onlar bütün bank sistemi üçün risk mənbəyi ola bilər.

Buradan belə çıxır ki, hazırda AMB üç istiqamətdə - kapitalın adekvatlığının tənzimlənməsi, likvidliyin idarəedilməsi və maliyyə rezervləşdirilməsi üzrə yeni tənzimləyici çərçivələr tətbiq etməyə hazırlaşır. Qeyd edək ki, mövcud qanunvericiliyə görə, kapitalın adekvatlığına normativ tələb 12% təşkil edir, likvidlik əmsalı isə 30% səviyyəsində müəyyən edilib. Fəaliyyətdə olan və yenidən yaradılan bankların nizamnamə kapitalının minimum ölçüsü 10 mln manat təşkil edir.

Qeyd edək ki, MDB ölkələri böhran dövründə bankların kapitallaşmasına tələbi artırmağa gediblər. Qazaxıstan Milli Bankı tərəfindən  2009-cu il oktyabrın 1-dən kapitallaşma üzrə tələbi 5 mlrd tengeyə qaldırıb, regional banklar üçün 2 mlrd tengedən az olmamalıdır. 2011-ci il iyulun 1-dən bankların məxsusi kapitalı 10 mlrd tenge, regional banklar üçün isə ən azı, 4 mlrd tenge təşkil etməlidir. Öz növbəsində, Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi «2015-ci ilə qədər bank sektorunun inkişaf strategiyası» layihəsini hazırlayıb və orada bankların minimum kapitalını 250-500 mln rubla qaldırmağı təklif ediblər. 

AMB böhran illərində təmkinli və sağlam artım siyasəti gerçəkləşdirməkdə davam edib. Mütəmadi olaraq banklarda monitorinqlər və risklərin idarəedilməsi sisteminin gücləndirilməsi üzrə tədbirlərin qiymətləndirilməsi gücləndirilir. Nəticələrdən asılı olaraq, banklar tərəfindən cari və planlaşdırılmış tədbirlərin təkmilləşdirilməsi və düzəlişi üzrə təkliflər hazırlayır. 

Bu tədbirlər nəticəsində, Azərbaycan banklarının kapitalının adekvatlıq səviyyəsi 20% ətrafında dəyişir. Bank sektorundakı likvidlik də artıq kimi qiymətləndirilir, bəzi banklarda o, hətta 100%-ə çatır və hərdən onu da keçir. 2010-cu ilin yanvar ayından oktyabr ayına kimi bankların aktivi 9,5% artaraq, 12,768 mlrd manata çatıb ki, bu da ölkənin bank bölməsi üçün yeni tarixi maksimumdur. AMB tərəfindən islahatların yeni mərhələsinin başlanması əmin edir ki, bu rekord yaxın zamanda sındırılacaq. 


MƏSLƏHƏT GÖR:

473