25 Noyabr 2024

Bazar ertəsi, 22:49

GÜNDƏLİK ÇÖRƏK

Azərbaycanda iri çörək zavodları bərpa edilir

Müəllif:

15.12.2010

Azərbaycanda sabit iqtisadi artımın təmin edilməsi və bu prosesin paralel olaraq əhalinin rifahına təsiri ilə ölkənin ərzaq təmini məsələsi yeni çalarlar qazanmağa başlayıb. Əgər bu məsələ miqdar baxımından, demək olar ki, həll edilibsə və ölkədə hazırda heç bir ərzaq məhsulunun qıtlığı yaşanmırsa, keyfiyyət göstəriciləri baxımından hələ də gerilik müşahidə edilməkdədir və çox vaxt narazı rəylərə, qınaqlara səbəb olmaqdadır. Bu zaman etiraf etmək lazımdır ki, istehsal münasibətlərinin bu sahəsi üzərində dövlət tənzimləməsi və nəzarətinin öhdəlikləri yetərincə mürəkkəbdir. Bir tərəfdən, satışa ən azından təhlükəsiz və  yararlı məhsulların çıxışını təmin etmək, o biri tərəfdən isə ifrat nəzarətlə biznes-mühitin hüquq və imkanlarını məhdudlaşdırmamaq lazımdır.

Bu baxımdan bütün zamanların və xalqların əsas ərzaq məhsulu olan çörəklə bağlı məsələ daha ciddidir. Azərbaycanda iri çörək zavodlarının bağlanması ilə çörək bişirilməsi və satışı tamamilə kiçik sexlərin və çörəkxanaların əlinə keçib. Adama elə gəlir ki, bazar qanunlarına görə, rəqabət amili məhsulun keyfiyətinə müsbət təsir göstərməli idi, amma indiyə kimi təmiz gigiyenik şəraitdə bişirilmiş və daşınmış, tərkibinə vurulmuş qatışıqları keyfiyyətli və çəkisi düz olan yaxşı çörək tapmaq məsələsi problem olaraq qalmaqdadır. Bütün bunlar bu məhsulun istehsalı və satışı üzərində dövlət nəzarətinin təmin edilməsi məsələsini çoxdan gündəmə gətirib. İqtisadi İnkişaf Nazirliyinin (İİN) köhnə çörək zavodlarının işini bərpa etmək və yeni iri çörək-bulka məhsulları istehsalı müəssisələrini  yaratmaq ideyasının kökündə, görünür, məhz bu durur. 

 

Kəmiyyətdən-keyfiyyətə 

Kiçik sex və çörəkxanalar çərçivəsində bütün sanitar-gigiyena normalarına riayət edilməsinin mürəkkəbliyi ilə bağlı olaraq artıq çoxdandır ki, ekspertlər çörək istehsalı üzərində sərt dövlət nəzarətinin vacibliyini vurğulayırlar. Belə ki, qəbul edilmiş ümumi normalara görə, çörək istehsalı müəssisələrinin hər birində, heç olmasa, un qoymaq üçün ayrıca otaqlar olmalıdır və un ayrıca dolablarda qorunmalıdır. 

Bundan başqa, 1988-94-cü illərdə «Azərçörək» İstehsal Birliyinə rəhbərlik etmiş ekspert Hüseynağa Cəfərovun sözlərinə görə, xəmirin hazırlanmasından son məhsulun yola salınmasına qədər, ən azı, üç saat keçməlidir. 30 dəqiqə xəmirin hazırlanmasına gedir, daha sonra bir saat ərzində o qalmalıdır ki, turşuluq lazımi səviyyəyə çıxsın. Bu zaman xəmirin «kartof xəstəliyi”nə tutulmasının qarşısı alınır. Bu  "bakilus mezenterekus" mikrobunun insan üçün necə zərərli olması hamıya bəllidir, amma təəssüf ki, hər yerdə ona rast gəlinir. 

«Bu məhsulun minik avtomobillərinin baqajında daşınması hansı sanitar normalara uyğun gəlir? Bişirildikdən sonra çörək xüsusi yerdə 4 saat saxlanmalıdır ki, soyusun. Çox vaxt çörək ya yanmış olur, ya da tərkibinə başqa cisimlər düşür. Bütün çörəkbişirənlər buna görə də saçlarını bağlamalı və başqa yerlərdən mikroblar gətirməmək üçün iş yerində xüsusi  çəkələklər geyinməlidirlər, mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər. Qripə və ya başqa infeksion xəstəliyə yoluxmuş birisinə çörək bişirməyi necə etibar etmək mümkündür? Amma indi sexlərdə bu normalara əməl etmirlər», - deyə H.Cəfərov vurğulayır. 

Bəllidir ki, Azərbaycanda iri çörək zavodları olan zamanlar məhsulun keyfiyyəti giriş və çıxış nəzarəti ilə yoxlanılırdı. Birinci - nəzarətdə unun, duzun, mayanın və s.-in keyfiyyətinə, ikinici - nəzarətdə isə çörəyin keyfiyyətinə baxılırdı. Çörək bişirilməsi üçün xüsusi unüyütmə toplusu hazırlanırdı - bunun üçün dəyirmanlarda müxtəlif ölkələrdən gətirilmiş bir neçə taxıl növü nəmliyindən,  yapışqanlılığından, küllülük dərəcəsindən, üyüdülməsindən və başqa xüsusiyyətlərindən asılı olaraq seçilirdi. Məsələn, unun nəmliyi 13%-i keçməməli idi. 

Təbii ki, hazırda Azərbaycanda heç bir xırda sex bu cür dəqiq analizlər aparmır - axı bu, əlavə xərcdir və şəksiz ki, son məhsulun qiymətinə təsir göstərir. Son zamanlar ölkə istehlakçılarının ərzağın qiymətinə daha çox diqqət yetirməsinə baxmayaraq, çörəyi qəbul olunan həddən yuxarı qiymətə satmağa isə heç bir sahibkar risk etməz, çünki hər hansı məhsulun ümumi qiymətləndirilməsi zamanı qiymət məsələsi yenə də ön sırada durur. 

Yeri gəlmişkən, məhz son amil dəfələrlə hökuməti də pis vəziyyətə salıb. Buna misal kimi, Kənd Təsərrüfatı Nazirliyinin ölkənin ərzaq buğdasına olan tələbatının tam ödənilməsi və respublikanın bu məhsulla bağlı heç bir qıtlıq keçirməməsi barədə verdiyi bəyanatın fonunda bu yaxınlarda spontan şəkildə çörəyin qiymətinin bahalaşmasını göstərmək olar. Hökumətin qiymət artımı ilə bağlı kəskin narazılığına baxmayaraq, etiraf etmək lazımdır ki, bazar iqtisadiyyatının qanunlarına görə, o, istehsal edilən məhsula görə hansı qiymətin qoyulması məsələsində özəl biznesə göstəriş verə bilməz. 

«İndi özünüz təsəvvür edin, hansısa bir fors-major halla bağlı birdən bu müəssisələr işləməkdən imtina etdi. Onları işləməyə necə məcbur etmək olar? Axı azad sahibkarların müstəqil qərar verməyə haqqı var. Onda əhalinin vəziyyəti necə olar? Buna görə də məhz bu cür məqamlarda vəziyyətə təsir edə biləcək iri müəssisələrə ehtiyac var», - deyə iqtisadçı-ekspertlərdən biri vurğulayıb. 

 

Bütün ölkəyə çörək zavodları 

Yuxarıda qeyd olunanlar nəzərə alınarsa, iri çörək zavodlarının bərpa edilməsi ideyası tamamilə əsaslı görünür. Amma bütün bu deyilənlərə baxmayaraq, burada heç də söhbət bu sahənin dövlət nəzarəti altına keçirilməsindən getmir. Seçilmiş layihələr həm sahibkarların öz vəsaitləri hesabına, həm də Sahibkarlığa Kömək Milli Fondunun  güzəştli kreditləri hesabına maliyyələşdiriləcək; həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin və onun törəmə qurumlarının iştirakı da mümkündür. 

İİN-dən bildiriblər ki, bu layihə ölkə başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş «2008-2015-ci illər üçün Azərbaycan əhalisinin ərzaq təminatı üzrə dövlət proqramı» çərçivəsində gerçəkləşdiriləcək. «Yeni çörək zavodlarının tikintisi və köhnələrinin yenidən qurulması üzrə investisiya təklifləri bütün ölkə üzrə qəbul edilir», - deyə İİN-dən bildiriblər. 

Proqramın başlıca məqsədi layihələşdirilən müəssisələrin  çağdaş standartlara və sanitar-gigiyena normalarına uyğun gəlməsi, xammalın və hazır məhsulun saxlanması üçün anbar binalarının yaradılması, qablaşdırma və laborator analizinin təmin edilməsidir. 

«Bizim əsas tələblərimizdən biri xammal istehsalçıları ilə sazişin olmasıdır ki, bu da müəssisələri çörək bişirmək üçün lazım olan məhsullarla fasiləsiz təmin etməyin özülüdür», - deyə İİN-dən bildiriblər. Bu, həm də çörəyin qiymətinin əsassız və spontan şəkildə dəyişməsinə imkan verməz. İri müəssisələrin olması hökumətə dolayı yollarla bu sahəni nəzarətdə saxlamağa imkan verər - axı onlarca iri müəssisə ilə danışıq aparmaq xırda çörəkxanaların minlərlə yiyəsi ilə anlaşmaqdan daha asandır. 

«Bizim əsas məqsədimiz müxtəlif növ unlardan müxtəlif çəkili və qiymət həddinə uyğun gələn yüksək keyfiyyətli çörək-bulka məmulatlarının istehsalının təşkilidir. Başqa sözlə, məqsəd hər gün istehlak edilən ərzaq məhsulu ilə əhalinin bütün təbəqələrinin tələbatının təmin edilməsidir. Çörək və çörək-bulka məhsulları həm də keyfiyyətli qablaşdırılmalıdır, üzərində  istehlakçı üçün gərək olan bütün məlumatlar verilməlidir, norma və standartlara riayət edilməklə satılmalıdır», - deyə İİN-dən bildiriblər. 

İstisna edilmir ki, bu müəssisələrin kadr potensialı üçün ayrıca hazırlıq tələb olunur, çünki yuxarıda deyildiyi kimi, onlarda çağdaş texnologiyalara uyğun avadanlıq quraşdırılmalıdır. 

Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondunda (SKMF) iri çörək zavodlarının yaradılması üzrə artıq 17 təklif mövcuddur. Fondun icraçı-direktoru Şirzad Abdullayevin sözlərinə görə, təkliflər beş iqtisadi rayon üzrə daxil olub. Aran iqtisadi rayonunun sahibkarlıq subyektlərindən dörd investisiya təklifi, Quba-Xaçmaz regionundan üç, Gəncə-Qazax və Abşeron iqtisadi rayonlarının isə hər birindən bir təklif gəlib. Bakı sahibkarlarından isə səkkiz təklif daxil olub. 

Onun sözlərinə görə, 17 investisiya təklifinin toplam məbləği 27,3 mln manat təşkil edir ki, bunun da 17,6 mln manatı fondun güzəştli kreditlərinin payına düşür. Tender təkliflərinin qiyməti 500 min manatdan 4,2 mln manata qədər, SKMF kreditlərinə tələb isə 230 min manatdan 2,8 mln manata qədər dəyişib. 

Bir sözlə, bu layihənin gerçəkləşdiriləcəyi  gün  elə də uzaqda deyil. Deməli, ümid etmək olar ki, bazarda yeni, iri rəqiblərin peyda olması ilə Azərbaycanda satılan çörəyin keyfiyyəti nəzərəçarpacaq qədər yüksələcək. Bunun ardınca başqa ərzaq məhsulları istehsalçıları da gələcək. Axı boş yerdən demirlər ki, çörək hər şeydən öndədir../.


MƏSLƏHƏT GÖR:

554