5 Dekabr 2025

Cümə, 22:24

HEÇ NƏYİ DƏYİŞMƏYƏN SƏSVERMƏ

Kişinyov siyasi dalandan çıxış yolları axtarır

Müəllif:

15.12.2010

Dekabrın 10-da Moldova Konstitusiya Məhkəməsinin (KM) sədri Dmitri Pulbere noyabrın 28-də keçirilmiş növbədənkənar parlament seçkisinin həm əsas, həm də əlavə siyahıları üzrə səslərin 10 gün ərzində yenidən hesablanacağını bəyan edib. Onun sözlərinə görə, KM bu qərarı qəbul edən zaman 2 məqama əsaslanıb: rəqəmlərdəki qeyri-dəqiqlik və yekun protokolların surətlərindəki düzəlişlər. Pulbere bildirib ki, bu yanlışlıqlar rəqiblər  tərəfindən üzə çıxarılıb və onların MSK-nın saytında yerləşdirilmiş orijinal protokollardakı rəqəmlərdən fərqli olduğu sübuta yetirilib. 

Bununla yanaşı, əvvəlcə seçki nəticəsində Moldova parlamentinə 4 partiyanın düşdüyü elan edilmişdi: Kommunist Partiyası (MRKP), Demokrat Partiyası (DP), Liberal Partiya (LP) və Moldova Liberal-Demokrat Partiyası (MLDP).

Qeyd edək ki, Moldovada artıq 2 ildir, siyasi böhran hökm sürür. Bu dövrdə heç bir partiya hakimiyyətdə yerini möhkəmləndirə bilmir. Kommunistlər hakimiyyəti itirib, opponentləri isə onu əldə saxlaya bilmir. Bu üzdən ölkədə  2 dəfə növbədənkənar parlament seçkisi keçirilib.

2009-cu il aprelin 5-də baş tutan parlament seçkisində kommunistlər qələbə qazanmışdılar. Parlamentdəki 101 yerdən 60-nı məhz KP (onun lideri Vladimir Voronin 2001-2009-cu illərdə Moldova prezidenti olub) əldə etmişdi. Həmin vaxt parlamentə 3 müxalifət partiyası da düşə bilmişdi. Amma yeni parlament ölkə prezidentini seçə bilmədi və qanunvericiliyə uyğun olaraq... buraxıldı.

İyulun 29-da ölkədə növbəti dəfə parlament seçkisi keçirildi. Nəticədə, Demokrat, Liberal və Liberal-Demokrat partiyalarının, həmçinin, bu dəfə minimum səs toplayaraq parlamentə düşə bilmiş "Bizim Moldova" alyansının iştirakı ilə "Avropaya inteqrasiya uğrunda alyans" adlı koalisiya formalaşdırıldı. Nəticədə, sentyabrın 2-də MRKP-nin lideri V.Voronin prezident vəzifəsindən istefa verdi. 2009-cu il sentyabrın 25-də yeni hökumətin tərkibi təsdiqləndi və ona Liberal-Demokrat Partiyasının rəhbəri Vlad Filat başçılıq etməyə başladı. Amma hakim koalisiyanın prezident seçmək üçün səsi çatmadığından, dövlət başçısının səlahiyyətləri parlamentin spikeri, Liberal Partiyanın sədri Mixay Gimpuya verildi.

Moldova hökuməti siyasi böhrandan çıxmaq üçün sentyabrın əvvəlində prezident seçkisi mexanizminin dəyişdirilməsi üçün referendum keçirmək qərarına gəldi. Amma seçici fəallığının aşağı olması üzündən onun nəticəsi tanınmadı.

Bütün bunlar bu il noyabrın 28-də Moldovada növbəti dəfə növbədənkənar parlament seçkisinin keçirilməsinə səbəb oldu. Amma bu da ölkədəki qüvvələr nisbətinə ciddi təsir göstərmədi. Hakim koalisiyanın möhkəm olması üçün ona, ən azı, 61 mandata sahib çıxması lazımdır. Prezident seçmək üçün məhz bu qədər deputat səsinə ehtiyac var.

Dekabrın əvvəlində bir çox KİV-də kommunistlərlə Marian Lupunun rəhbərlik etdiyi Demokrat Partiyasının sol-mərkəzçi koalisiya yaratdığına dair xəbərlər yayıldı. Bunu kommunistlərin lideri Voronin  təsdiqləsə də, cəmi 1 gün sonra demokratlar kommunistlərlə birliyə getmələri haqda deyilənləri təkzib etdi. Marian Lupunun sözlərinə görə, onlar koalisiya yaradılmasına dair danışıqları davam etdirir.

Bildirilir ki, hələ 28 noyabr seçkisinədək 2 partiya arasında mümkün əməkdaşlığa dair müəyyən söhbətlər aparılıb. Xatırladaq ki, demokratların hazırkı lideri vaxtilə Kommunist Partiyasının üzvü olub. Lakin sonradan bu partiyadan ayrılan Lupu DP-yə rəhbərliyə başlayıb.

Amma hətta bu iki partiya ittifaq yaratsa belə, bu, cəmi 57 səs edir (42 kommunist, 15 demokrat). Demək, yenə də hökumət və parlament rəhbərlərini seçmək mümkün olsa da, yeni prezidentin seçimi mümkün deyil.

Bununla yanaşı, Moldovadakı vəziyyətə təsir göstərən 2 xarici amil də var. Bu, Rusiya və Rumıniyadır.

Kişinyovda koalisiyanın yaradılmasına dair danışıqların ən qızğın vaxtında Moldovaya Rusiya Prezident Administrasiyasının başçısı Sergey Narışkin səfər edib. Əksər müşahidəçilərin fikrincə, Narışkinin səfərinin əsas məqsədi Moldovada kommunistlərin iştirakı ilə hakim koalisiyanın yaradılması olub. Moskvada əmindirlər ki, kommunistlər xarici siyasətlərində Rusiyaya daha meyillidirlər və müvafiq olaraq, Kreml əvvəlkitək məhz bu partiyaya dəstək verir. Digər maraqlı məqam ondan ibarətdir ki, bəziləri  Moldovada kommunistlərin hakimiyyəti məhz Rusiyadan uzaqlaşmaq və Qərbə tərəf istiqamət götürmək istədiyi üçün itirdiyi qənaətindədir.

"Mənim Moldovaya qısamüddətli səfərim ölkələrimiz arasında ikitərəfli münasibətlərlə bağlıdır. Biz Moldovanın çətin sosial-iqtisadi durumda olduğunu, növbədənkənar parlament seçkisinə gətirib-çıxarmış siyasi böhranın səbəblərini anlayırıq. Görürük ki, ortada dövlətçilik, suverenlik, geosiyasi istiqamət axtarışı problemi var. Başa düşürük ki, bu problemləri yalnız güclü və iş qabiliyyətinə malik hökumət aradan qaldıra bilər. Bu problemlərin Rusiya və Moldova arasında strateji tərəfdaşlıq kontekstində həllini də istərdik", - deyə Narışkin bildirib.

Məlumata görə, son zamanlar Voronin Moskvaya mütəmadi səfərlər edib, orada Putin və Medvedevlə görüşlər keçirib. Demokrat Partiyası da parlament seçkisindən bir il əvvəl "Vahid Rusiya" ilə əməkdaşlıq sazişi imzalayıb. Marian Lupunun "Gimpunun antirusiya təşəbbüsləri"ndən uzaqlaşması da "şübhəli" görünür.

Təbii ki, S. Narışkin Kişinyovda DP rəhbərliyi ilə də danışıqlar aparıb. Bəzi məlumatlara görə, onun bu görüşündə moldovalı oliqarx Vladimir Plaxotnyuk da iştirak edib. Qeyd edək ki, o, əvvəllər kommunistlərlə dostluq edirdi, indi isə DP-nin deputatlığa namizədlər siyahısında ikinci şəxs olub. Bəzi məlumatlara görə, kommunistlərlə demokratların mümkün ittifaqı halında Plaxotnyuk baş nazir postunu, Lupu prezident, Voronin isə parlamentin spikeri vəzifəsini tutacaq. Bununla yanaşı, hökumət üzvlərinin əksəriyyəti Kommunist Partiyasının üzvləri olacaq. Digər versiyaya görə, Voronin Lupunun prezidentlik iddiasından əl çəkməsini vacib sayır. Narışkinin Kişinyov səfərinə qayıdaraq qeyd edək ki, müşahidəçilərin əksəriyyəti onun səfərinin nəticəsinin aydın olmadığını düşünür və bunun səbəbini MRKP-nin mövqeyində axtarır.

Moldovadakı proseslərə təsir imkanı olan digər vacib xarici amil Rumıniyadır. Bir müddət əvvəl bu ölkənin başçısı Trayan Besesku "Romania Libera" qəzetinə müsahibəsində ölkəsi ilə Moldovanın yaxın 25 ildə birləşməsini istisna etməyib. Rumıniya liderinin fikrincə, hadisələrin belə gedişi Moldovanın demokratikləşməsi üçün stimul ola bilər və  ölkənin Avropa İttifaqına inteqrasiyasını daha da sürətləndirərdi.

Besesku onu da bildirib ki, onun ölkəsi Moldova ilə sərhədlər haqqında razılaşmanı heç zaman imzalamayacaq: çünki "Molotov-Ribbentrop" paktını qanuniləşdirmək olar.

Xatırladaq ki, sözügedən paktın nəticələrindən biri - 1917-ci ildən 1940-cı ilədək Rumıniyanın nəzarətində olmuş Bessarabiyanın SSRİ-yə qaytarılmasıdır.

Bundan başqa, Besesku Moskvaya da inanmır. Rusiyanın Dnestryanı bölgədə ordu saxlaması, Sevastopoldakı Hərbi Dəniz Donanması bazasının fəaliyyət müddətini 2042-ci ilədək uzatması onun Moskvaya inamını daha da azaldıb. Rumıniya prezidentinin fikrincə, Dnestryanı bölgədən Rusiya qoşunlarının çıxarılması Moskvanın keçməli olduğu "test"dir.

Bu yerdə Dnestryanı münaqişənin Moldovadakı bütün daxili və xarici qüvvələr üçün test olduğu qeyd edilməlidir. Bu testdən "nə şiş yansın, nə kabab" prinsipi ilə necə keçilməli olduğunu isə hələ ki heç kəs bilmir. Bunun yolunu bilən varsa belə, həmin ssenarinin reallaşdırılmasının mümkünlüyünə əminlik yoxdur.

Liberal-Demokrat Partiyanın lideri, Baş nazir Vladimir Filat isə hesab edir ki, son seçkidən əvvəl mövcud olmuş "Avropaya inteqrasiya uğrunda alyans" koalisiyasının yaradılma şansları yüksəkdir. O, güman edir ki, LDP, DP və LP birləşərsə, prezidenti seçmək üçün kommunistlərdən 2 səs "qoparmaq" olar.

Hadisələrin bu cür inkişafında isə Qərb çox maraqlıdır. Xüsusilə ABŞ-ın Moldovadakı səfirliyinin bəyanatında bildirilir ki, Vaşinqton ölkənin siyasi elitasının effektiv və yekdil hökumətin formalaşdırılması istiqamətində səyləri davam etdirəcəyinə ümidlidir. Səfirliyin açıqlamasında deyilir ki, ABŞ məhz belə hökumətin demokratik islahatlar, iqtisadi sabitlik proqramını davam etdirəcəyini, Qərblə qarşılıqlı münasibətlərin müsbət inkişafını təmin edəcəyini düşünür.

Moldovada Qərb siyasətinin əsas yayıcılarından biri Mixay Gimpu sayılır. Yeri gəlmişkən, o, hətta MDB-nin bir müddət əvvəl Moskvada keçirilmiş sammitinə qatılmaqdan da imtina etmişdi. Birlik isə Moldova prezidenti səlahiyyətlərinin icraçısını "ölüm ayağında olan qarı" adlandırır.

Kommunistlərlə demokratların mümkün ittifaqına gəlincə, Qimpu bu halda partiyasının koalisiyanın prezidentliyə namizədliyinə qətiyyən dəstək verməyəcəyini bildirib.

Aydındır ki, Moldova KM-nin səslərin təkrar sayılması haqda qərarı ilk növbədə kommunistlərə sərf edir. Onların fikrincə, seçki çoxsaylı pozuntularla keçib və bu, kommunistlərin qazandığı səsin 10%-nin "yoxa çıxması" ilə nəticələnib.

O da qeyd olunmalıdır ki, yeni parlamentin prezidenti, nəhayət, seçmək şansı hələ də qalır. İstənilən koalisiya formalaşacağı təqdirdə, prezidentliyə namizəd hər kəsin hörmət etdiyi neytral şəxs olarsa, onun Moldova prezidenti seçilmək şansları da olacaq.



MƏSLƏHƏT GÖR:

471