14 Mart 2025

Cümə, 21:39

BİR DAHİNİN İKİ TAMAŞASI

Hacıbəyov incilərinin yüzillik yubileyi müxtəlif səhnələrdə təkrarsız tamaşalarla gerçəkləşdirilib

Müəllif:

01.12.2010

Teatr bu gün heç də həmişə ruhi konsentrasiya yeri sayılmır; sirr deyil ki, əvvəllər səhnədə heç cür yol verilməyən şeylər indi yaşamaq uğrunda mübarizə adı altında mümkün olur. Ən kədərlisi də odur ki, bu cür güzəştlərə artıq öyrəşirik. Haqqında danışacağımız tamaşalar isə bu deyilənlərin tam əksinədir. Söhbət  iki premyeradan gedir - böyük Üzeyir bəyin yubileyi ilə  bağlı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında qoyulmuş "O olmasın, bu olsun" versiyasından və Musiqili Komediya Teatrında oynanılmış "Ər və arvad" əsərindən. 

Onların birincisi Kukla Teatrının monotamaşasıdır və xalq artisti Yaşar Nurinin oynadığı baş rol - Məşədi İbad çox təsirli alınmışdı. Hacıbəyov nəğmələrinin parlaqlıq verdiyi işıqlı bir tamaşa idi.

Həmişə klassikaya müraciət edilməsi ona zərər vurmaq təhlükəsi doğurur. Amma burada da hər şey yenə də peşəkarlıqdan asılıdır. 

Tamaşa İçərişəhərin sabahı ilə başlayır - günün belə başlanması çoxçalarlıdır - faytonla, dəvə ilə, xurcun və küplərlə, balaca eşşəklə səhnə açılır/. Hiss olunur ki, quruluş sevgi və ləzzətlə, əsərə heyranlıq hissi ilə verilib. Qala divarlarından bir hərarət gəlir - yavaş-yavaş gözdən itərək rahatlıq əhvalı yaradır. Və bütün bunlar əlvan geyimlərin və Üzeyir bəyin çağlayan şaqraq və nikbin musiqisinin fonunda baş verir. 

Bu versiya daha "fərdiləşmişdi" və hər şeyin başlanğıcı bir aktyordan - Yaşar Nuridən qaynaqlanırdı. Belə gözəl Məşədi İbad heç zaman olmamışdı - hər şeyi yerli-yerində idi. Bu, həmişə, adətən, yazığımız gələn qoca və köhnə adam deyildi, tamaşanın başlandığı andan həsəd yaradan birisi idi. Hər replikadan sonra ona hörmətimiz artırdı, çoxdan tanıdığımız biri olduğu halda, heyrətamiz dərəcədə yeni və necə deyərlər, şip-şirin idi.  Sonsuza qədər köklənmiş və səhnə yoldaşlarına impuls verən, onları yönəldən və diqtə edən hal əhli idi. 

Bir çox məşhur aktyorlar tərəfindən çoxdan biçim verilmiş bu əsərdə yenilik üçün çox az yer qalıb. Bəzən adama elə gəlir ki, heç yer qalmayıb. Amma qəfildən gözçıxaran narıncı şalvarda sevimli birisi peyda olur, ora-bura, sandıqdan-sandığa gedir, müxtəlif küçələri gəzir, mənalı zarafatlar edir. Yaşar Nuri, obrazın dar çərçivəsinə baxmayaraq, tamamilə təbii idi. İri qarnı da (adam Məşədi İbadı arıq təsəvvür edə bilmir), keçəlliyi də özününküdür, gerçəkdir, qəhrəmanı kimi məxsusi saçını qırxdırmışdı. Hətta tamaşanın əvvəlində titrəyən səsi də dissonans sayılmırdı və yaxşı idi, axı Məşədi İbad heç də Laskala səviyyəli tenor ola bilməzdi.

Onu canlı olaraq səhnəyə kuklaların arasına yerləşdirmək ideyası da özlüyündə parlaq ideya idi. Maraqlıdır, dünya üzrə bunun oxşarı olubmu? Bu sualla tamaşanın quruluşçu rəssamı Lətifə  Quluzadəyə müraciət etdik. "Belə bir təcrübə var, canlı aktyorlar kuklalarla birgə çıxış edir - bu, dəfələrlə olub, o cümlədən, bizim teatrda da. Yəni aktyorları kuklalar əvəz edir, bir-birlərini əvəzləyirlər. Bu tamaşanın bənzərsizliyi məhz bütün yükün bir aktyora həvalə edilməsindədir. Bu, quruluşun yeniliyidir",- deyə Lətifə xanım vurğulayıb.

Onun rejissoru Elşad Rəhimzadə 15-dən çox tamaşanın müəllifidir, çox sayda beynəlxalq teatr festivallarının iştrakçısıdır. Bu qeyri-adi ideya məhz onun beyninin məhsuludur. İdeyanın gerçəkləşdirilməsini müşahidə etdikcə, düşünürsən: bünövrə çox güclü qoyulub, hər dəfə yeni ideyalar adamı heyrətləndirir. Qoçu Əsgər və onun əlaltısı inadkar ifadələri, pişton-patronları və igidlikləri ilə heç də qorxulu deyillər. Gözlənilən müvazinətli oyunçuluq əvəzinə,  peşəkar, akademiklikdən tam uzaq və tamamilə heyrətamiz bir teatrla qarşılaşırıq. Pyesin doğru səhnə həlli fantaziyanı harasa bağlanması deyil, açılmasıdır. Bunu hələ çox öncələr Tovstonoqov deyib. Elə geniş açmaq lazımdır ki, heç nəyə, heç bir səhnədə ifadəlilik baxımından qənaət edilməsin. İstər "Hamamın içində" mahnısının  altında keçən hamam qonaqlığı olsun, istərsə də sərt davanın getdiyi süfrə səhnələri olsun. 

Qeyd etmək lazımdır ki, tamaşa rekord qısa müddətə - 15 günə qoyulub. İki həftə müddətə bu cür iş görməyin özü belə heyrətamiz məsələdir. Təbii ki, bu, sadə iş deyil - kuklalara alışmaq, onlarla ünsiyyət qura bilmək və müxtəlif "çəki dərəcəsi"ndə ola-ola bu əlaqəni inandırıcı etmək çətin məsələdir. Bununla bağlı qeyd etmək lazımdır ki, Yaşar Nurinin oyununa söz ola bilməzdi. Onun kuklalarla "əlaqəsi" mükəmməl idi, "səhnə tərəfdaşları"nın cansız olması hiss edilmirdi, bir yana baxanda, kuklalar heç Yaşar Nurinin "yerlisi" də deyildi. Və bu məqamda kuklaların yaradıc?sının, bu "təbiilik"in müəllifinin ünvanına bir neçə kəlmə xoş söz deməmək də olmur. Tamaşanın kuklaları teatrın sifarişi ilə tanınmış Rusiya rəssamı,  Sankt-Peterburqda yaşayan "Qızıl maska" mükafatı laureatı Tatyana  Melnikova tərəfindən hazırlanmışdı. Tamaşa üçün hazırlanmış 28 marionetin müəllifi məhz o idi. "Süleymani" sədaları altında qocafəndi rəqs edən bu əcaiblərə baxanda, layihəyə rejissor yanaşmasının  əsaslı olduğunu, işə məhz bu sənətin gerçək mütəxəssislərini cəlb etdiyini anlamaq olur. Bu cür yanaşma sevindirir və ümid verir. 

Həllin orijinallığına gəldikdə, Lətifə  xanım bildirir: "Kinonu təkrarlamaqdan qorxurduq, klassik "qəlib"dən qaçmaq çox önəmli idi, çünki əgər şedevr təkrarlanırsa, artıq şedevrlikdən çıxır. Bütün kuklalar da yeni cür düzəldilib. "Məşədi İbad" mənim köhnə arzumdur və o, gerçəkləşdi". 

Tamaşanın sərhəddən kənarlara çıxmağa da şansı böyükdür - Şərqi əks etdirir, müdrik və həqiqətpərəstdir. Şərq tilsim kimidir, yavaş-yavaş, təmkinlə sehrləyir. Elə də anlaşılmayan qlobalizmin ortasında Günəş şüası kimi işıqlandırır. Orijinallığı ilə cəlb edir - getdikcə daha çox cəzb edir, bəzən dözülməz dərəcədə cazibədar olur, özünə çəkdikcə çəkir. 

Musiqili Komediya Teatrında göstərilmiş "Ər və arvad" indiki mövsümün ikinci tamaşasıdır. Birinci kimi, bu tamaşa da Mədəniyyət Nazirliyinin  sifarişi ilə qoyulub, eyni zamanda, həm Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyi, həm də pyesin  və teatrın özünün də 100 illiyi ilə bağlıdır. Maraqlıdır ki, əsası 1910-cu ildə qoyulmuş Musiqili Komediya Teatrı öz fəaliyyətinə məhz bu tamaşa ilə başlayıb və orada Azərbaycan səhnəsinin əfsanələri - H.Sarabski, Ə.Ağdamski, M.Terequlov oynayıb. Rejissor isə Hüseyn Ərəblinski olub və müəllifin özü dirijoluq edib. Tamaşa haqqında heyranlıq bildiriən "Kaspi" qəzeti o zaman yazırdı: "Gözəl tamaşadır. Səbirsizliklə ikinci dəfə göstərilməsini gözləyəcəyik". Tamaşa isə o vaxtdan bu yana bir də qoyulmamışdı.

Yada salaq ki, bu, Azərbaycan peşəkar musiqisinin banisinin ilk musiqili komediyasıdır və Azərbaycanda bu janrın ilk nümunəsidir. "Ər və arvad" tamaşası Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" komediyalarının da daxil oluğu musiqili trilogiyasının ilkidir. 

Bu önəmli tamaşa yüzillik fasilədən sonra, Musiqili Komediya Teatrının səhnəsinə qayıdıb. Bakı tamaşaçıları onu teatrın baş rejissoru Yusif Əkbərin quruluşunda görə bildilər. Musiqi redaktoru Sərdar Fərəcov, dirijor Nazim Hacıəlibəyov, rəssam Eldar Qurbanov olub. Baş rollarda Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, İlham Namiq Kamal oynayıblar. Həmçinin, Yaşar Nuri də tamaşada iştirak üçün xüsusi dəvət almışdı. 

Birinci tamaşada Kərbəlayi Qubad rolunu oynamış Mirzəağa Əliyevdən sonra bu obrazı canlandırmaq işi yetərincə məsuliyyətlidir. "Məşədi İbad"dan fərqli olaraq, burada Yaşar Nuri qısqanclıqla oynayır, geniş açılmır, amma bununla belə, üzdən təmkinli görünməsinin özündə də bir sarsıdıcı qüvvə var. O, hamını buna əmin edir. 

Ümumiyyətlə, gözəl ansambl yaranmışdı, demək olar ki, ulduzlar paradı idi. Eyni tapşırığı yerinə yetirən şəxsiyyətlər spektri hiss olunurdu. Məsələn, Afaq Bəşirqızını götürək. Biz bu gün çox şeyə - dəqiq olmayan diksiyaya, rolun təsvirinin olmamasına və s.-yə alışmışıq. Afaq xanım isə tamamilə nə etdiyini bilir, həmişə təbiidir. Müdriklik etmir və heç nəyi qarışdırmır, sadəcə, səhnədə necə yaşamasını bilir. Və yaşayır!

Namiq Kamal da gözəl oynayıb... Coşğun bir həssaslıqla özünü rola vermişdi. Onu tanımaq olmurdu, böyük nəticələr əldə etmişdi. Daim gülüş doğuran Arif Quliyevi də unutmaq olmaz, öz aktyorluq qabiliyyətini bir dəqiqə də boş qoymurdu - jestlərlə, bədən hərəkətləri ilə, mimika ilə oynayırdı. Halbuki ona verilən obraz bir qədər arxa plan roluna bənzəyirdi. Artistlik və musiqi duyumunu heç bir məşqlə əldə etmək mümkün deyil. Aktyorun qabında ya nəsə var, ya da yoxdur, bunu öyrənmək mümkün deyil. Gerçək aktyor cəsarəti isə yalnız tərəfdaşlarla əlaqə nəticəsində yox, həm də tamaşaçı zalı ilə əlaqə nəticəsində yaranır. Bəzən adama elə gəlir ki, zalı güldürə bilmək insan əlaqələrinin ən elementar səviyyəsidir, amma  buna nail olmaq özü çox çətindir. 

Yaşar isə hətta baş qəhrəman olmasa belə, o qədər ifadəli oynayırdı ki, mütləq tamaşanın energetik mərkəzinə çevrilir, hamını təsir altına salan emosional  fon yaradır. Ona heç gülməli süjet də lazım deyil, sadəcə, qəribəlik varsa, onda ən adi şeylərdən başlayaraq, hər şey komik məkanın təsiri altına düşür. 

Məqaləni yazarkən onun xəstəliyinin ağırlaşması barədə xəbər gəldi. Özünü işlə həddindən artıq yükləyirmiş. Teatrdan kənardakı fasiləsiz tele və kinoçəkilişlər,  yaradıcılıq görüşləri, müsahibələr onu üzüb.  Həkimlər də deyir ki, səbəb "ifrat yorulmadır". Biz tamaşaçılar isə həmişə əl çalırıq və anlamırıq ki, qarşımızda əsl qəhrəmanlıq gerçəkləşir. Qoy, Allah köməyi olsun və bu dəfə də hər şey yaxşı qurtarsın, aktyorun özü də deyir ki, həmişə "bəxti gətirir".


MƏSLƏHƏT GÖR:

472