26 Noyabr 2024

Çərşənbə axşamı, 00:27

İKİNCİ NƏFƏS

Ardnş "azərkimya"nın zavodlarını modernləşdirir və yeni neft-kimya texnoparkı yaradır

Müəllif:

01.12.2010

Son illər ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyəti ənənəvi xammal hasilatı və daşınması sahələrindən çox kənarlara çıxıb. Hazırda bu meqaholdinqin xaricdəkii törəmə müəssisələri bir sıra qonşu ölkələrdə  neft terminallarını, kimya komplekslərini, yanacaqdoldurma və qazpaylayıcı şəbəkələri idarə edir. Azərbaycan prezidenti İlham Əliyev apreldə "Azərkimya" Dövlət şirkətinin müəssisələrinin ARDNŞ-ə verilməsi barədə sərəncam imzaladıqdan sonra, ölkənin kimya kompleksinin inkişafı ikinci nəfəs qazanıb. 

  

Köklü dəyişiklik  

Ötən yüzilliyin ortalarında yaradılmış "Azərkimya"nın müəssisələrinin əksəriyyətinin fəaliyyəti, əsasən, ARDNŞ-in vahid texnoloji prosesləri ilə bağlı olub, çünki bu qurum yerli kimya sənayesi üçün əsas təchizatçı və bəzi məhsulların əsas alıcısı idi. Amma hazırda ARDNŞ-ə miras qalmış və əsasən də Sumqayıtın sənaye zonasında yerləşən kimya müəssisələri, əsasən, texniki baxımdan sıradan çıxıb və mənəvi cəhətdən köhnəlib. Onların böyük bölümünün neftin və ağır karbohidrogen fraksiyalarının emalına hesablanması problemi bir qədər də dərinləşdirib. Çağdaş kimya kompleksləri isə istisna olaraq, yalnız qaz əsasında qurulur ki, bu da çox vaxt köhnə və perspektivli texnologiyaların konvervasiyasını çətinləşdirir. 

Bununla belə, ölkənin neft hasilatı və kimya komplekslərinin, onların birləşmələrinin ARDNŞ-in vahid inzibati rəhbərliyi altında birləşdirilməsi sayəsində, bütün emal zəncirinin texniki yeniləşməsinə Avropa Birliyinin (AB) ekoloji normativlərinə və keyfiyyət standartlarına riayət edilməsi ilə  iri sərmayələr cəlb edilməsi imkanı yaranır ki,  bu da məhsulun rəqabət qabiliyyətini yüksəldir. Bütün bunlar nəticədə yüksək səviyyəli əlavə dəyər payına malik son məhsulların əldə edilməsinə, sahəni rentabelli və daha çox ixraca yönəlmiş səviyyəyə çıxarmağa şərait yaradır. "Azərkimya" üçün önəmli olan daha bir məsələ isə effektiv bazar idarəetməsi mexanizminin və çağdaş korporativ menecmentin tətbiq edilməsidir. 

"İki nəhəng qurumun birləşdirilməsindən nisbətən qısa zaman keçməsinə baxmayaraq, kimya kompleksinin fəailyyətində həm istehsal həcmlərinin artımı, həm texnologiyaların yeniləşdirilməsi, həm də yeni ixrac istiqamətlərinin tapılması baxımından köklü dəyişikliklər edilib.  Hazırda "Azərkimya" hazır məhsulun çıxması üzrə 42%-lik rekord göstərici nümayiş etdirir, əvvəllər isə bu göstərici 26-27%-i ötməyib", - deyə bu yaxınlarda ARDNŞ prezidenti Rövnəq Abdullyaev bildirib. Onun sözlərinə görə, artıq köhnəlmiş müəssisələrin sökülməsi və Sumqayıtın sənaye zonasında region üzrə ən iri olacaq kimya texnoparkının tikilməsi üzrə işlərə başlanılıb. Bunun üçün kimya sahəsində çağdaş texnologiyalara malik olan Avropa və Amerika şirkətləri ilə danışıqlara başlanılıb. 

Bir sıra obyektiv səbəblər üzündən "Azərkimya"nın sovet dövründən qalmış müəssisələrindən bəziləri bərpa edilməyəcək, son illər ərzində onların bəzilərinin işi tam dayandırılıb, başqaları isə layihə gücünün ondabiri səviyyəsində işləyib.  Bu zavodların bəziləri, məsələn, bu yaxınlarda investisiya müsabiqəsinə çıxarılmış "Sumqayıtsuperfosfat" ASC-nin bizim ölkədə xammal bazası yoxdur və ARDNŞ üçün önəmli maraq daşımır. Amma köklü yenidənqurma olmadan başqa zavodların fəaliyyətini bərpa etmək mümkündür. Bu yaxınlarda "Azərkimya" mütəxəssisləri səthi aktiv maddələr zavodunda ötən ildən işini dayandırmış elektroliz istehsalının fəaliyyətini bərpa ediblər. Beləliklə, maye xlor və kaustik soda ilə  yanaşı, xlor-oksid də alınıb ki, bununla da bu xammalın ARDNŞ-nin neft-qazçıxarma idarələri və ölkənin bir sıra başqa müəssisələri üçün göndərilməsi bərpa edilib. 

Ancaq "Azərkimya"nın istehsalat şəbəkəsinin modernləşdirilməsi üzrə ARDNŞ-nin əsas işi "Etilen-polietilen" zavodunun və onunla bağlı istehsalın inkişafına yönəldiləcək. Səkkiz il qabaq avadanlığın bir hissəsinin çağdaşlaşdırılması və burada Yaponiya istehsalı olan "EP-300" buxar generator qurğusunun işə salınması ilə zavodun ixrac imkanları yetərincə artıb və yerli kimya sənayesinin bu bayraqdarı uzun illər boyunca Sumqayıtın bütün kimya kompleksinin işlək qalmasına imkan yaradıb. Zavodda bu yaxınlarda başa çatmış əsaslı təmir nəticəsində "EP-300" kompleksinin və onun davamı olan "Polimir-120"nin bütün texnoloji zəncirinin işi bərpa olunub. Qarşıda isə yeni susoyutma sisteminin yaradılması və azot-oksigen qurğusunun tikintisi durur - bu günlərdə ARDNŞ bu layihələr üzrə podratçı seçilməsinə tender elan edib. 

Yeni aqreqatlar və xətlər işə salındıqca, burada prinsipcə tam yeni xammal növlərinin, o cümlədən, neftin əvvəllər heç işlənməmiş fraksiyalarının emalı nəzərdə tutulur. Bundan başqa, yeni istehsalat sahəsinin - polipropilen kompleksinin  və qazpaylayıcı qurğunun tikintisi planlaşdırılır. Bu qazpaylayıcı vasitəsilə butan-butilen fraksiyasını tam hidrogenləşdirdikdən sonra, nafta ilə birgə EP - 300 qurğusunda emal etmək mümkün olacaq, bu da istehsal edilən məhsulun çeşidlərini genişləndirməklə yanaşı, həm də istehsal həcmlərində tullantıların azaldılmasına və xammalın tam emalı hesabına genişləndirməyə imkan verəcək. 

""Etilen-polietilen" zavodunun modernləşdirilməsi proqramı iki mərhələdə gerçəkləşdiriləcək: birici mərhələdə polietilen istehsalı ildə 350 min tona qədər artırılacaq, o cümlədən, 120 min ton polipropilen məhsulu istehsal olacaq. Daha sonra yeni qurğunun işə salınması ilə polietilen istehsalı daha 150 min ton artırılacaq, polipropilen istehsalı isə ildə 200 tona çatdırılacaq. Özü də məhsulun 95%-i ixrac üçün nəzərdə tutulub və Avropaya, Türkiyəyə, Çinə və MDB ölkələrinə göndəriləcək", - deyə "Azərkimya"nın baş mühəndisi Firudin Mustafayev bildirir. 

Amma artıq bu gün "EP-300"ün tam iş günü rejiminə keçməsi ilə kimya məhsullarının, o cümlədən, polietilenin istehsalını və ixracını bərpa etmək mümkün olub. Belə ki, bu yaxınlarda "Etilen-polietilen" zavodu Rusiyanın "Nijnekamskneftexim" ASC-nin sifarişi ilə ilk butadien-butilen fraksiyası partiyasını yola salıb. İlin sonuna kimi Nijnekamska, həmçinin, propilen xammalı partiyası da göndəriləcək. ARDNŞ-nin planları sırasına "Nijnekamskneftexim" ASC ilə sistemli əməkdaşlıq qurmaq daxildir. Əldə edilmiş anlaşmalar nəticəsində xammal və yarımfabrikat təchizi çeşidləri genişləndiriləcək, müəssisələrin xarici bazarlara birgə çıxışı gerçəkləşdiriləcək. Buna paralel olaraq, ARDNŞ başqa Rusiya müəssisələri Başqırdıstanda yerləşən "Sterlitamakski nefteximiçeski zavod" (SNXZ) ASC ilə də əməkdaşlıq qurur. 

SNXZ təmsilçiləri Azərbaycandan polietilen, mütləqləşdirilmiş izopropil spirti və müxtəlif qatranlar almağa maraq göstərib. SSRİ vaxtında da Rusiya kimya zavodları, ənənəvi olaraq, Sumqayıt müəssisələrindən xammal alırdılar, görüdüyü kimi, ARDNŞ menecerlərinin səyləri son iyirmi ildə itirilmiş qarşılıqlı faydalı münasibətlərin bərpasına yönəlib. "Azərkimya"nın potensial tərəfdaşları sırasında tanınmış alman şirkəti "BASF" da görünməkdədir və bu şirkətin təmsilçiləri bu yaxınlarda Sumqayıtda danışıqlar aparıblar və yaxın perspektivdə "Azərkimya" üçün daha rasional və tullantısız texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılmasına "BASF"- ın  yardım imkanları barədə müzakirələr aparıblar. 

 

Yeni layihələr 

Bununla belə, ARDNŞ mütəxəssisləri "Azərkimya" müəssisələrinin modernləşdirilməsinin əsas istiqaməti kimi Azərbaycan neft-kimya müəssisələrinin texnoloji proseslərinin Türkiyənin "Petkim Neft-Kimya Holding A.S." kimya kompleksinin işinə inteqrasiyada görürlər, bu qurumun səhmlərinin nəzarət zərfi ARDNŞ-ə məxsusudur. ARDNŞ-nin Türkiyədə neft-kimya istehsalının inkişafı üzrə planları İzmir yaxınlığındakı Alaqa qəsəbəsində neftayırma zavodunun tikintisi layihəsi üzərində cəmlənib. "ARDNŞ iki aktivinin - Sumqayıtda yerləşən "Azərkimya" müəssisələrinin və Türkiyənin kimya kompleksi zavodlarının idarə edilməsində sinergetik effekt əldə etməyə çalışır. Bunun üçün hər iki kompleksin kooperasiyası üzrə birgə plan hazırlanır", - deyə ARDNŞ vitse-prezidenti Muxtar Babayev bildirir, o, "Azərkimya"nın fəaliyyətinin və onun ARDNŞ-lə birləşdirilməsi prosesinin əlaqələndiricisi təyin edilib. 

Bunu etmək çətin olmayacaq - "Petkim" holdinqinin zavodları 70-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilib, onlar texnoloji baxımdan "Azərkimya"nın müəssisələrinə uyğun gəlirlər, həmçinin, neft və onun ağır fraksiyalarının emalı ilə bağlıdırlar. Həm də "Petkim" artıq çoxdan Sumqayıtdan müxtəlif xammallar və yarımfabrikatlar alır, hazır məhsullarının xeyli hissəsini də Azərbaycana göndərir. Öz növbəsində, Türkiyə kimyaçıları tərəfindən toplanmış təcrübə Azərbaycanda da tətbiq ediləcək. 

İki ay bundan öncə, "Petkim" holdinqinin avtomatika və energetika üzrə mütəxəssis qrupu "Etilen-polietilen" zavoduna baş çəkib və yekunlarına görə bir sıra sazişlər bağlanıb. Yaxın zamanlarda Türkiyədən bir partiya elektron nəzarət ölçü cihazları gətiriləcək və onlar "EP-300"ün mərkəzi idarəetmə pultunun və elektrik yarımstansiyasının analoq-mexaniki əsaslı avadanlığını əvəz edəcək. Türkiyə mütəxəssisləri "EP-300"ün qazpaylayıcı, kompressor, istilik mübadiləsi və soyuducu sistemlərini müasirləşdirə bilər və qurğu bundan sonra xammal kimi yalnız birbaşa qovulmuş benzini, yəni naftanı deyil, həm də  C-4 fraksiyasını da işlədə biləcək ki, bu da müəssisənin məhsuldarlığını bir xeyli artıracaq. 

Ölkəni kimya istehsalı potensialının artırılmasında ARDNŞ-nin fəaliyyətinin prinsipcə yeni bir istiqaməti paytaxtın Qaradağ rayonunda yeni qaz emalı kompleksinin və neftayırma zavodunun tikintisi olmalıdır. Bu müəssisələrin layihəsi hələ iki il qabaq "Azərkimya" İB-nin sifarişi ilə Britaniyanın  "Nexant" konsaltinq şirkəti tərəfindən hazırlanmağa başlanıb. Məsləhətçi şirkət neft-kimya kompleksinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasını başa çatdırıb, avadanlıqların, nəzərdə tutulan xammalın texniki parametrlərini, istehsal ediləcək kimyəvi məhsulların çeşidlərinin və satışların artırılması imkanlarını müəyyən edib. Bütün sənədləşmənin bu ilin sonuna kimi baxılmaq üçün ARDNŞ-ə verilməsi gözlənilir. 

"Nexant" tərəfindən təklif edilən layihə üç fazadan ibarətdir və  iyirmiyə yaxın kimya obyektinin tikintisini nəzərdə tutur. Yeni neft-kimya kompleksi ildə 20 milyard kubmetrə qədər qazın dərin emalını nəzərdə tutur, bu güc mərhələ-mərhələ iki dəfə artırılacaq. İlk növbədə, Qaradağ rayonunda yerləşəcək qazpaylayıcı qurğunun tikintisi nəzərdə tutulur. Burada qazdan emal olunmuş xammal xüsusi boru kəməri ilə bütün kompleksin "mərkəz"inə - etilen propilen zavoduna veriləcək. 

Daha sonra emal çərçivəsində xammal başqa obyektlərə -  polietilen və polipropilen, benzol və polestirol, həmçinin, başqa polimer materialların istehsalı üzrə qurğulara veriləcək. "Nexant", həmçinin, gübrə, ilk öncə azot gübrəsi istehsalı üzrə müəssisənin, elektrik stansiyası və dəniz suyunda içməli su istehsal edən qurğunun tikintsini, həmçinin, dünya səviyyəli avtomobil yanacağı və sürtkü yağları istehsal edəcək çağdaş neftayırma zavodunun inşasını da layihələndirib. Birinci fazanın gerçəkləşdirilməsi dörd ilə hesablanıb, bütün kompleksin istifadəyə verilməsi isə 2018-2019-cu illərdə mümkün olacaq. 

Təbii ki, bu nəhəng planların gerçəkləşdirilməsi böyük yatırımlar hesabına başa gələ bilər: böhrandan əvvəl 2008-ci ildə "Azərkimya" potensial sərmayəçi tərəfdaşlar axtarışında olaraq, daha çox layihəni xarici kommersiya banklarının hesabına inkişaf etdirməyi, həmçinin, kreditləri kimya kompleksinin son məhsulları hesabına ödəməyi düşünürdü, burada kreditor, kimya məhsulunun istehsalçısı və iri alıcı arasında əməliyyatlar zənciri gerçəkləşdirilməli idi. 

ARDNŞ-nin bu gün oxşar sxemə əl atacağı və ya maliyyələşdirmənin böyük bölümünü öz üzərinə götürəcəyi dəqiq bəlli deyil. Amma istənilən halda, ARDNŞ-nin beynəlxalq nüfuzu və belə iri kapital tutarlı layihələrin gerçəkləşdirilməsi üzrə təcrübəsi Qaradağ kimya kompleksinin maliyyədəşdirilməsi üçün dövlət və ya xarici kreditlərin cəlb edəlməsi məsələsini yetərincə yüngülləşdirib. 


MƏSLƏHƏT GÖR:

552