Müəllif: İlahə MƏMMƏDLİ Bakı
MDB məkanında azad ticarət zonası yaradılması imkanı artıq 17 ildir, Birlik ölkələri tərəfindən müzakirə edilir. Ötən ilin mart ayından xüsusi yaradılmış işçi qrup Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış yeni sazişin razılaşdırılması üzrə danışıqların artıq yeddi raundunu keçirib. İndi işlək olan sənəd 1994-cü ildə qəbul edilib və artıq obrazlı şəkildə desək mənəvi cəhətdən köhnəlib. Həmin vaxtdan ona 20-dən çox düzəliş edilib, MDB-nin bir sıra ölkələrinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması və bir sıra başqalarının da daxil olmaq istəməsi, həmçinin, üç dövlətin (Qazaxıstan, Belarus və Rusiya) Gömrük İttifaqı yaratması ilə beynəlxalq ticarət münasibətlərinin hüquqi bazasının təkmilləşdirilməsinin vacibliyi ortaya çıxıb. Özü də son illərdə Birlik çərçivəsində qarşılıqlı münasibətlər daha da möhkəmlənib, bunun sübutu kimi, qlobal maliyyə-iqtisadiyyat böhranından çıxış mərhələsində MDB daxilində ticarət dövriyyəsinin artmasını göstərmək olar. 2008-ci ilin səkkiz ayı ərzində o, əvvəlki ilin uyğun göstəricisi ilə müqayisədə, demək olar ki, 30% artıb və ilkin qiymətləndirmələrə görə $120 mlrd təşkil edib. Təbii ki, bu göstəricilərin fonunda xarici ticarətdə rejimin sadələşməsi məsələsinin aktuallığı daha da artır.
Yeni sənəd
Son illərdə MDB ölkələri arasında ticarət münasibətlərinin hüquqi bazası yetərincə dolaşıq hala düşüb. 100-dən çox saziş bağlanıb ki, onlar da çox vaxt bir-birlərini təkzib edirlər. Yeni sazişin məqsədi bütün ticarət qaydalarını birləşdirmək və onları çağdaş iqtisadi gerçəkliklərə uyğunlaşdırmaqdır.
Bildirmək gərəkdir ki, azad ticarət zonası (ATZ) haqqında sazişin layihəsinin əsas bəndləri ÜTT-nin norma və bəndlərinə əsaslanır. Sənəd məhsulların mənşəcə mənsub olduğu ölkəsinin müəyyən edilməsi qaydalarını, sərbəst tranzit və reeksport məsələlərini, xüsusi qorunma tədbirlərini, antidempinq və kompensasiya tədbirlərini, subsidiyaların verilməsini, ticarətdə texniki maneələri, sanitariya və fitosanitariya tədbirlərini, gömrük inzibatçılığını, mübahisələrin həll edilməsi qaydalarını və ticarət münasibətlərinin başqa cəhətlərini özündə əks etdirir.
Bu ilin sentyabr ayında yeni sənədin layihəsi MDB İqtisadi Şurasının üzvləri və iqtisadiyyat nazirləri tərəfindən müzakirə olunub. Danışıqların çərçivəsində dövlət satınalmaları zamanı milli rejimin təqdim edilməsi, boru kəməri nəqliyyatı tranzitinə sərbəstliyin yayılması, sazişə əlavələrə yol verilməməsi, 2009-cu il noyabrın 20-də bağlanmış məhsulların mənşəyinin müəyyən edilməsi barədə anlaşmanın ratifikasiya prosesinin sürətləndirilməsi kimi məsələlərin həlli tapılıb. Azad ticarət zonası haqqında sazişin mətninin formalaşdırılmasının bu ilin sonuna, yəni danışıqların 21-23 dekabra nəzərdə tutulmuş növbəti raunduna kimi başa çatdırılması nəzərdə tutulur.
Hazırda saziş iştirakçıları arasında bütün fikir ayrılıqları öz həllini tapıb. Sərbəst ticarət rejimindən kənarlaşdırmaların siyahısı barədə ayrı-ayrı qeydlər var. Belə ki, Rusiya, Qazaxıstan və Belarus Ukrayna ilə ticarətdə müəyyən kənarlaşmaların olmasına təkid edirlər. İlin sonuna kimi bu məsələlər həll edilməli və razılaşdırılmış formaya çatdırılmalıdır. Sənədin MDB İqtisadi Şurasının 15 aprel 2011-ci il tarixdə Yaltada keçiriləcək növbəti iclasında imzalanması planlaşdırılır.
Azərbaycan müşahidə edir
Bəllidir ki, Azərbaycan artıq Belarus, Qazaxıstan, Gürcüstan, Moldova, Özbəkistan, Qırğızıstan, Rusiya, Türkmənistan və Ukrayna ilə azad ticarət zonası haqqında sazişə malikdir (saziş bağlanan zaman Gürcüstan MDB-nin üzvü idi). Qeyd edək ki, müzakirə olunan saziş layihəsi çərçivəsində bu ikitərəfli anlaşmaların ləğv edilməsi nəzərdə tutulur. Yeni saziş malların Birlik çərçivəsində azad hərəkət etməsinə şərait yaradılmasına, həmçinin ticarətdə məhdudlaşdırmaların götürülməsinə yönəlib. Azərbaycan özünü bu sahədən kənarda görmür, buna görə də fəal olaraq müzakirələrə qatılmağa, ölkənin maraq və mövqelərini qorumağa səy göstərir, eyni zamanda, yetərincə neytral mövqe tutmağa can atır. Baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi hökumət nümayəndə heyəti bununla bağlı olaraq MDB Hökumət Başçıları Şurasının noyabrın 19-da Sankt-Peterburqda olmuş iclasında sənəd ətrafında keçirilmiş son danışıqlarda iştirak edib.
Hökumətdən Azərbaycanın "müşahidəçi" mövqeyi tutmasının əsas səbəbi kimi bildirilir ki, bu, Rusiyanın MDB ölkələri arasında ticarət əməliyyatlarında ixrac rüsumlarının səviyyəsinin saxlanılması, amma bütün idxal rüsumlarının ləğv edilməsi barədə təklifi ilə bağlıdır. Rusiya Federasiyası yanacaq-energetika kompleksindəki gücünü nəzərə alaraq hələ Ki, ixrac rüsumlarını ləğv etmək fikrində deyil.
Azərbaycan sivil tranzit dövləti qurmaq niyyətindədir və bu, dəfələrlə prezident İlham Əliyevin çıxışlarında qeyd edilib. Buna görə də hökumətdə hesab edirlər ki, həm idxal, həm də ixrac əməliyyatlarında azad ticarət rejimindən kənarlaşmalar ola bilməz. Azad ticarət zonası haqqında indi qüvvədə olan ikitərəfli sazişlərə görə, Azərbaycanda ixracın strukturunda praktik olaraq kənarlaşma yoxdur, Rusiya və Qazaxıstana qarşı yalnız iki məhsul (tütün və denaturasiya olunmuş spirt) üzrə kənarlaşmalar var.
Bizim ölkənin hazırda MDB dövlətlərindən enerjidaşıyıcıları idxal etməsinə baxmayaraq, o, perspektivi nəzərə alaraq öz mövqeyini qoruyur. Misal üçün, hazırda Türkmənistanla Xəzərin dibindən keçəcək qaz kəmərinin çəkilməsi, həmçinin, Azərbaycan qazının başqa ölkələrə nəql edilməsi məsələləri müzakirə edilir.
Türkmənistan və Azərbaycanı birləşdirəcək və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmağa imkan verəcək Transxəzər boru kəməri çox perspektivli sayılır. Bu istiqamətlə, adətən, "Nabukko" qaz kəməri layihəsini bağlayırlar. Türkmən bazarına ABŞ-ın və Qərbin iri neft-qaz şirkətləri daxil olduqdan sonra, bu layihənin aktivləri yetərincə artıb. Bu məsələ ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün azad ticarət zonası haqqında yeni saziş üzrə ayrıca əlavə sənədin qəbul edilməsi nəzərdə tutulur və orada 1994-cü ildə qəbul edilmiş əvvəlki sazişdə olduğu kimi, neft və qaz ixracı üçün şərtlər müəyyən ediləcək ki, bu da bu bəndlə bağlı Azərbaycanın mövqeyinə təsir göstərə bilər.
Ölkəmiz həm də neftdənkənar məhsulların ixracı üzrə inhisarçı vəziyyətdə deyil ki, mümkün kənarlaşmalar Azərbaycan məhsullarının MDB ölkələrinə ixrac həcmlərinə təsir göstərsin. Buna görə də Azərbaycan hökuməti sərbəst ticarət zonası haqqında sazişin hazırlanması ilə bağlı vəziyyəti kənardan qiymətləndirməyə üstünlük verir.
Maksimum güzəştlər
Bütövlükdə, əgər 2010-cu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın MDB ölkələri ilə xarici ticarət əməliyyatlarının strukturu qiymətləndirilərsə, onda həmin müddət ərzində MDB respublikalarından $1423 mln.-luq mal idxal edilib ki, bu da ölkənin ümumi idxalının 31,33%-ni təşkil edir. MDB ölkələrindən Azərbaycana taxıl (ümumi idxalın 14,08%-i), qara metallar (10,59%), avadanlıq və mexaniki qurğular (10,48%) gətirilib. MDB ölkələrinə isə Azərbaycandan $1417 mln.-luq (ümumi ixracın 9,05%-i qədər) məhsul ixrac edilib. MDB ölkələrinə əsasən yanacaq, neft məhsulları, bitum mineralları (ümumi ixracın 57,07%-i), tərəvəz (2,58%), heyvani və bitki yağları (9,27%) və s. göndərilib.
Yəni rəqəmlər MDB ölkələri ilə ticarət əməliyyatlarının gələcək inkişafının mümkünlüyündən xəbər verir, özü də yeni saziş MDB ölkələri ilə biznes üçün müəyyən əlverişli şərait yaradır, çünki indi ticarət qaydaları sadə və anlaşıqlı olacaq. Uyğun olaraq, bu güzəştlərdən başqa ölkələr də yararlanmaq istəyirlər. Buna görə də hazırda azad ticarət zonasının layihəsinə iştirakçı ölkələrin bütün dünya üzrə bir çox ticarət tərəfdaşları maraq göstərir. Artıq Yeni Zelandiya və Vyetnam da sazişə qoşulmaq niyyətlərini bildirib.
Azərbaycan isə hələ ki azad ticarət zonası haqqında yeni sazişlə tənzimlənən tranzit münasibətləri məsələsi ilə maraqlanır ki, bu da gələcəkdə ticarət dövriyyəsinin həcmini artırmağa imkan verəcək. Hazırda Ukrayna və Belarus danışıqlar prosesində əlverişli tranzit şərtlərinin olmasına maksimum səy göstərir və Azərbaycan tərəfi onların mövqeyini hər cür dəstəkləyir.
Bildirmək gərəkdir ki, Rusiya sazişin bir sıra cəhətləri üzrə mövqelərini yumşaltmağa başlayıb. Məsələn, bir sıra mallar var ki, ya Rusyanın, ya da Ukraynanın azad, yəni gömrüksüz daşınma rejiminin tələblərinə uyğun gəlmir. Bununla bağlı Rusiya və Ukraynanın münasibətlərində iki əsas problem müşahidə olunur. Birincisi, texniki və sanitar standartları ilə bağlı məsələlərdir; çünki Rusiyanın baytarlıq xidməti dövri olaraq bu və ya başqa səbəb üzündən qida məhsullarının gətirilməsinə qadağa qoyur. Bundan başqa, bu günə kimi Rusiya Ukraynadan metal gətirilməsinə norma qoyur.
Sərbəst ticarət zonasının yaradılması istəyi onun klassik anlamda tətbiqini nəzərdə tutur. Bu isə sərhəd maneələrindən imtina etmək deməkdir. Söhbət hər iki tərəfdən gömrük rüsumlarından və gömrüklərə oxşar təsir göstərə biləcək siyasi alətlərdən imtinadan gedir.
Ekspertlərin fikrincə, mövqelərin, hər şeydən öncə, Rusiyanın mövqelərinin yumşalmasına bir neçə məqam səbəb olub. Birincisi, indiki ərzaq böhranıdır. Ukrayna böhrandan yan keçə bilib və indi Rusiyaya həm qarğıdalı, həm də şəkər sarıdan yardım edə bilər. Bunun üçün isə uzun illər boyunca ucaldılmış maneələri yıxmaq lazımdır. Başqa sözlə, Kiyev Avropa Birliyi (AB) ilə azad ticarət zonası yaradılması üzrə danışıqlar prosesini fəallaşdırıb.
Bəllidir ki, Azərbaycan da AB ilə assosiativ saziş bağlanması üzrə danışıqlar prosesindədir. Onun imzalanması AB ölkələri ilə əməkdaşlığı yeni səviyyəyə qaldıracaq. Bu, Azərbaycana Avropa ölkələri ilə vahid azad ticarət zonası yaratmağa imkan yaradacaq. Ancaq AB-nin tələbinə görə, zonada iştirak etmək üçün namizəd mütləq Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmalıdır. Azərbaycan isə bir çox başqa MDB ölkələri kimi, bu qurumun da müşahidəçisidir.
Biz artıq Avropa Birliyi ölkələrinə bir neçə min məhsul növünün gömrüksüz daxil etmək güzəştindən yararlanırıq. Amma Azərbaycan hökumətinin neftdənkənar bölmənin inkişafı və energetika marşrutlarının diversifikasiyası strategiyasını nəzərə alınarsa, Azərbaycan məhsullarının xarici ölkələrə ixracının artırılması qaçılmazdır. Uyğun olaraq, Azərbaycan tərəfinin ticarət və tranzit üçün maksimum əlverişli şərtlərə nail olmaq istəyi başadüşüləndir. MDB məkanında azad ticarət zonası haqqında yeni saziş bu planların gerçəkləşdirilməsini xeyli irəlilədə bilər.
MƏSLƏHƏT GÖR: