
DİQQƏT, MÜNAQİŞƏ YETİŞİR!
Rumıniyalı analitik kiberhücumlar və enerji müharibəsi haqqinda xəbərdarlıq edir
Müəllif: Almaz MAHMUD Bakı
Rumıniyalı analitik Yulian Çifu postsovet məkanındakı münaqişələr haqqında çox şey bilir. Buxarsetdəki Siyasi və İnzibati Tədqiqatlar Milli Məktəbinin professoru, Münaqişələrin Qarşısının Alınması və İlkin Xəbərdarlıq Mərkəzinin direktoru Çifu dünyanın qaynar nöqtələri ilə bağlı çoxsaylı tədqiqatların müəllifidir. Jurnalımıza müsahibəsində professor bir sıra münaqişələr haqda fikirlərini bölüşüb. Onun fikrincə, həmin münaqişələrdən bəzilərini vaxtında önləmək mümkün idi.
- Professor, ilkin xəbərdarlıq vasitəsilə münaqişələrin qarşısının alınması hallarına çoxmu rast gəlinir? Bu, baş veribsə, ona necə nail olunub?
- Belə hallar çoxdur! Konkret olaraq münaqişələrin qarşısının alındığına dair kifayət qədər nümunələr var. Yalnız coğrafi məkanı seçsəniz, orada onlarla belə hal tapmaq olar. Doğrudur, qarşısının alınması mümkün olmayan münaqişələr də var. Bu, o halda baş verib ki, xəbərdarlıqlara baxmayaraq, qərar qəbul edən şəxslərin, beynəlxalq ictimaiyyətin məsələyə vaxtında müdaxilə etməsi üçün marağı, ya vasitəsi, ya da iradəsi olmayıb. Bu sahədə iflas faktları da əldə edilmiş uğurlar qədər çoxdur. Məsələn, 11 Sentyabr hadisəsindən əvvəl də Dünya Ticarət Mərkəzinin binalarına hücum ola biləcəyinə dair xəbərdarlıqlar edilib. Lakin onlar axıradək "oxunmayıb". Bizim üçün öz səhvlərimiz və uğurlarımızdan nəticə çıxarmaq çox vacibdir.
- İndi ötən dövrlərlə müqayisədə münaqişələrin sayı azdır, yoxsa hələ də onların artması tendensiyası var?
- Burada söhbət rəqəmlərdən və faktlardan gedir. Silahlı münaqişələrin sayı azalıb. Amma başqa formalı münaqişələr də var axı. Məsələn, kiberhücumların, enerji resursları ilə bağlı problemlərin sayı artıb; bir neçə kommersiya və ticarət münaqişəsi, həmçinin, münaqişələrin sürətləndiyi digər sahələr də var. Mən əminəm ki, qloballaşan dünyada subyektlərin sayının və potensialının artdığı bir şəraitdə, maraqlar da çoxalır və onları yalnız diplomatik yolla təmin etmək çox çətindir. Odur ki, bəzən onlar təcavüz və zorakılıq forması alır. Amma bu o demək deyil ki, daha çox atəş səsləri eşidilməyə başlanıb.
- Fikrinizcə, Azərbaycanla Ermənistan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsinin qarşısını vaxtında almaq olardımı?
- Əlbəttə olardı. Amma o zaman Sovet İttifaqının, həmçinin, Sovet respublikalarının bunu etmək üçün hər hansı vasitəsi, qurumları və biliyi yox idi. Odur ki, bu baş verən zaman onlar müharibənin qarşısını tez bir zamanda ala bilmədilər. Digər tərəfdən, etiraf etmək lazımdır ki, ideoloji müharibəni hər şeydən üstün tutan Sovet İttifaqı, SSRİ dövründə mövcud olmuş köhnə və yeni münaqişələri "söndürürdü". Yenidənqurma, aşkarlıq və sovet respublikalarının milli xüsusiyyətlərinin bərpası zamanı isə bu münaqişələr yenidən baş qaldırdı və sürətlə müharibəyə çevrildi.
- İstərdik ki, postsovet məkanındakı münaqişələrlə digər problemlər arasındakı oxşarlıq və fərqlilikləri təhlil edəsiniz. Məsələn, Kosovo münaqişəsi ilə...
- Kosovo beynəlxalq ictimaiyyətin keçmiş Serbiya və Çernoqoriyada gedən müharibə zamanı soyqırım və etnik təmizləməyə reaksiya verdiyi xüsusi haldır. BMT Təhlükəsizlik Şurası Serbiya administrasiyasının Kosovo üzərində suverenliyini dayandırdı və onun idarəolunmasını öz üzərinə götürdü. Daha sonra - 2008-ci ilin fevralında Kosovo birtərəfli şəkildə müstəqilliyini elan etdi və bir sıra dövlətlər onu tanıdı. Rumıniya suveren dövlət administrasiyası ilə - Belqradla razılaşma olmadan, Kosovonun müstəqilliyini tanımaqdan imtina edib. Digər tərəfdən, müdaxilə ABŞ, NATO və beynəlxalq birlik tərəfindən ərazi ələ keçirmək istəyi ilə yox, BMT Təhlükəsizlik Şurasının durumu soyqırım kimi qiymətləndirməsi ilə bağlı idi.
Misal üçün, Cənubi Osetiya və Abxaziyada bu, belə deyil. Çünki qonşu dövlət olan Rusiya beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri güc yolu ilə öz xeyrinə dəyişmək məqsədilə Gürcüstana hücum etdi.
Bildiyiniz kimi, NATO-nun Buxarest sammitinin yekun bəyənnaməsində biz Moldova, Gürcüstan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləmişik. Eyni bəyanatı Lissabon sammitinin yekun bəyannaməsində də görmək mümkündür. Dağlıq Qarabağ münaqişəsinin xüsusiyyətlərinin də diqqətlə analiz edilməsi üçün çoxsaylı kitablar və məruzələr yazılıb.
- Qafqaz münaqişələr regionudur. Nə vaxtsa bu regionda sabitlik olacaqmı?
- Sabitlik heç də həmişə təhlükəsizlik deyil. Bəzən biz gərginliyin yatırılması və ləğvi mexanizmlərini işə salmalıyıq ki, bu sabitliyə və davamlı təhlükəsizliyə demokratik yolla nail olaq. Oyun qaydaları demokratiya, qanunilik, liderlərə inam, regionun bütün qüvvələri ilə dialoq, həm etnik, həm də dini olmaqla, bütün milli azlıqların hüquqlarının qorunmasıdır. Bunlar olmalıdır ki, regionda möhkəm sabitlik və təhlükəsizlik yaransın. Amma Qafqazdan danışarkən həm də Şimali Qafqaz yada düşür. Orada elə məsələlər var ki, daha qaranlıqdır, qısa və ortamüddətli perspektivdə o qədər də nikbinlik yaratmır. Şimali Qafqazda xüsusilə birbaşa və aydın müdaxilənin olmadığı halda təhlükələr realdır. Vəziyyət o qədər ağırdır ki, onu bir neçə cümlə ilə izah etmək çətindir. Bu da sizə yeni münaqişələrin baş qaldırması üçün şərait.
- Yeri gəlmişkən, enerji münaqişələrindən danışdınız. Barəsində bu qədər mübahisənin getdiyi "Nabukko" qaz kəməri layihəsinin perspektivi haqqında nə düşünürsünüz?
- Yaxşı perspektivlər var. Amma bunun üçün layihəyə lazım olan miqdarda qaz olmalıdır. Bu məsələdə Azərbaycan həlledici rola malikdir.
- Rumıniyanın ərazisində ABŞ-a məxsus hava hücumundan müdafiə sistemi yerləşdirilməsi məsələsinə toxunan ölkənizin müdafiə naziri Teodor Bakonski Bakıya səfəri zamanı bildirib ki, bu, Rumıniyanın təhlükəsizliyi və strateji tərəfdaşlığını gücləndirəcək. Bu halda həmin sistem kimə və nəyə qarşı yönəlib?
- Söhbət müdafiədən gedirsə, o, kiməsə qarşı yönəlməyib. Söhbət ölkənin konkret bir təhlükədən, yəni ballistik raketdən müdafiəsindən gedir. NATO-nun üzv ölkələrin ərazisinin müdafiəsində yükü öz üzərinə götürəcəyini gözləyirik. Alyans ərazisinə ballistik raketlərlə hücum etməyə çalışan istənilən dövlət onun raketlərinin kosmosda məhv ediləcəyindən xəbərdar olmalıdır. Bu, kimlərəsə hücum etmək üçün yox, hücumların qarşısının alınması üçün nəzərdə tutulmuş sistemdir. Bu, hücum silahı deyil. Bundan başqa, bu sistem ümumi nüvə silahları balansının pozulmasına, yaxud Rusiyaya qarşı da yönəlməyib. Çünki burada söhbət yalnız 10 raketdən müdafiə sistemindən gedir. Odur ki, minlərlə raketi, silahı olan Rusiyanı 10 belə raket narahat etməməlidir. Məqsəd nüvə hücumuna cavab verilməsidir və güman edirəm, Rusiya NATO üzvlərindən hansınasa qarşı hücum raketlərindən istifadə etmək fikrində deyil. Xüsusən də nəzərə alsaq ki, Rusiya ilə NATO arasında həyata keçirilən təkrar yüklənmə və tərəfdaşlıq siyasətinə raketdən müdafiə sahəsində əməkdaşlıq da daxildir.
MƏSLƏHƏT GÖR: