14 Mart 2025

Cümə, 21:51

KOREYANIN "SİNİR SAVAŞI"

Koreyanın Şimalı ilə Cənubu arasında ehtirasların növbəti gərginləşməsinin sonucları ən təhlükəli və gözlənilməz ola bilər

Müəllif:

01.12.2010

Koreya yarımadası rayonunda vəziyyət kəskin gərginləşib. Şimali  Koreya noyabrın 23-də Sarı dənizin demilitarizasiya zonasında Cənubi Koreyanın Yonpxendo adasına artilleriya atəşi açıb. 

Şimali  Koreya artilleriyası, təxminən, 1300 adamın yaşadığı adaya 50 mərmi yönəltmişdi. Adada çaxnaşma  başlamışdı. Sakinlərin bir qismi bunkerlərdə gizlənmişdi, qalanları isə qayıqlarla materikə çıxmağa cəhd etmişdi. İki dəniz piyadası ölmüşdü və daha 16 insan yaralanmışdı. 

Cənubi Koreya hakimiyyəti olaya dərhal reaksiya verdi. Qoşunlar yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi, atəş rayonuna  "F-16" reaktiv qırıcıları yola salındı. 

Pxenyan isə buna cavab olaraq, Cənubi Koreya hakimiyyətinə yaxın regionda hərbi manevrlər keçirilməsinə etiraz yollayıb və manevrlərin provakasiya hazırlığını  ört-basdır etmək üçün keçirildiyini bildirib. 

Dünya ictimaiyyəti, əsasən, Seulun tərəfini saxlamışdı, amma sonra məlum oldu ki, Cənubi Koreyanın keçirdiyi təlimlər zamanı Koreya Xalq Demokratik Respublikasının (KXDR) sərhədləri yaxınlığında bir neçə yaylım atəşi səslənib ki, bu da şimallıları hücuma təhrik edə bilərdi. 

İşə diplomatiya qarışıb. Gözlənildiyi kimi, ön plana Pekin və Vaşinqton çıxdı. Çin tərəflərə artıq dekabr ayında danışıqlar masası arxasına keçməyi təklif etdi ki, buna da Seul və daha sonra Tokio müttəfiqləri ABŞ kimi yekdilliklə "yox" dedi. 

Ağ evdə Çinin öz sərhədlərində ABŞ-la sıx müttəfiqlik münasibətlərinə sahib vahid Koreya dövlətinin yaranmasına imkan verməyəcəyini gözəl anlasalar da, Pekini öz tərəfinə çəkmək istəyən Vaşinqtonun səyləri də dalana dirəndi. 

Vaşinqtonda həm də anlayırlar ki, Şimali Koreyada atom silahının olması nəzərə alınarsa, açıq müharibədə vəziyyəti Seulu xeyrinə dəyişmək elə də sadə olmayacaq, Əfqanıstanda və İraqda böyük uğurların olmadığı bir durumda, beynəlxalq koalisiyanın formalaşdırılması da yetərincə problemlidir. 

Buna görə də Vaşinqtonun Pxenyana qarşı beynəlxalq sanksiyalar rejimini sərtləşdirməyə, qarışıq diplomatik üsullara əl atmağa üstünlük verdi. Özü də bu məsələdə uğur yalnız Çinin açıq dəstəyi vasitəsilə mümkündür, çünki Pekin Pxenyanın eşitdiyi yeganə oyunçudur. 

Məhz buna görə də ABŞ   KXDR-ə yox, Çinə təzyiq göstərməyə üstünlük verdi, buna paralel olaraq, Cənubi Koreyaya qarşı müttəfiqlik öhdəliklərinə sadiqlik nümayiş etdirdi. Məhz artilleriya atəşinin ertəsi günü ABŞ Dövlət Departamenti öz bəyanatında açıqca Çinə bölgənin əsas oyunçusu rolunu ayırmışdı. 

Çinə xoş gəlmir ki, Şimali Koreya nüvə ölkəsidir və bu, bölgədə, ilk növbədə, Yaponiya ilə nüvə silahlanması yarışına səbəb ola bilər, Çin iqtisadiyyatı üçünsə sabitlik ən önəmli şərtdir. Deməli, Şimali Koreyanın küncə sıxışdırılması da Pekin üçün əlverişli deyil. Əks halda, Pxeynan nəzarətdən çıxa bilər ki, bu da böyük kataklizmlərə gətirər.  

Bununla belə, analitiklərin heç də hamısı iki Koreyanın birləşməsinin ABŞ-ın özünün də istədiyinə əmin deyil. Amerikalılar Koreyanın iki hissəsi arasındakı qarşıdurmadan adanın cənub hissəsində yeni hərbi bazaların yerləşdirilməsi üçün bəhanə kimi istifadə edə bilərlər, amma əgər iki hissə birləşərsə, Seul üzərində nəzarət vasitələri aradan çıxar. 

Amma bununla yanaşı, Ağ ev yalnız diplomatiya ilə kifayətlənmir. Cənubi Koreya sahillərinə "Corc Vaşinqton" aviadaşıyıcısı yönəldilib və o, dördgünlük ABŞ-Koreya hərbi dəniz manevrlərinə qatılıb. Onların məqsədi gizlədilmirdi - bu, Şimali Koreya hakimiyyətini başa salmaq məqsədi güdən qüvvə nümayişi idi. 

Ancaq bir çox ekspertlər və diplomatlar xatırlardırlar ki, bu cür tədbirlər keçmişdə də ciddi nəticələr verməyib. Pxenyan bu xəbərdarlıqları son dərəcə sərt ifadələrlə cavablandırdı. Oxşar reaksiya Pekindən də gəlib. 

Ən pisi isə odur ki, Seul da Pxenyanı qisasla hədələyir. Cənubi Koreya prezidenti Li Men Bak millətə müraciətində insanların həlak olmasına görə üzr istəyib və xəbərdarlıq edib ki, qonşunun əməlini cəzasız qoymayacaq: Pxenyana yeni provakasiyaları baha başa gələcək. 

"İnterfaks" xəbər verir ki, Li Men Bakın sözlərinə görə, o, dörd nəfəri - hücum zamanı həlak olmuş ada sakinlərini qoruya bilmədiyinə görə tam məsuliyyət daşıyır. 

O, həmçinin əlavə edib ki, indiki şəraitdə Pxenyan, çətin ki, "hərbi avantürizmdən və nüvə proqramından əl çəksin". "Bizim tərəfin dözümü və mərhəməti davam etdikcə, bu, daha iri provakasiyalara səbəb olacaq. İndən belə biz Şimalı bunların bahasını müvafiq qiymətlə ödəməyə məcbur edəcəyik", - deyə prezidentin sözlərini  "İTAR-TASS" yayıb.

Cənubi Koreya lideri Seulun gələcəkdə KXDR-dən gələ biləcək mümkün provakasiyalara məhz necə cavab verəcəyini dəqiqləşdirməyib. Amma hadisələr əlverişsiz davam edərsə, gərginliyin indiki artımı gerçəkdən real tammiqyaslı münaqişəyə çevrilə bilər. Axı "sinir savaşı"nın dəqiq sərhədini heç kim bilmir. 

Cənubi Koreyada hakimiyyətdə KXDR-lə yaxınlaşmaq siyasətini çoxdan ləğv etmək istəyənlər konservatorlardır.

Cənubluların əvvəlki lideri Kim Te Çjun tərəfindən şimala qarşı başlanmış "Günəş istisi" kursu artıq rəsmi Seulun ürəyinə yatmır. Durumu dərinləşdirən başqa amil KXDR-in güc strukturlarının təmsilçilərinin daxili mübarizədə rejimin liberallaşdırılmasına və ölkənin ehtimal edilən gələcək lideri Kim Çon Inın loyallığına çalışanlara üstün gəlmək istəyi ola bilər. 

Ancaq siyasət "göz əvəzinə göz" prinsipi ilə qurulmağa başlayarsa, nəticələr ən təhlükəli və gözlənilməz ola bilər. 



MƏSLƏHƏT GÖR:

384