
TARİXİ QƏRAR
Şimali Atlantika alyansı özünü dünyanın sabitlik və təhlükəsizliyinin məhək daşı kimi təsdiq etməyə çalışır
Müəllif: Eldar PAŞAYEV Lissabon
NATO-nun Lissabon sammitinin əsas mövzuları kimi, ilk başdan Alyansın yeni strateji konsepsiyasının qəbul edilməsi, Əfqanıstandakı vəziyyət və Rusiya ilə münasibətlər sadalanırdı. Və demək olar ki, Portuqaliya görüşünü bütün bu üç istiqamətdə uğur gözləyirdi. Ən azından. formal və yaxın perspektivlərdə.
Hər şeydən öncə, Şimali Atlantika Alyansının üzvü olan 28 ölkə yaxın 10 il üzrə özləri üçün prioritet məsələləri və insanlıq tarixinin ən uğurlu hərbi-siyasi bloku adlandırılan bu qurum üçün daha inandırıcı olan mümkün təhlükələri müəyyən ediblər. Bundan başqa, müttəfiqlər öz resurslarının yenidən paylanması üçün və ya vətəndaş strukturları ilə əməkdaşlıq, ya da ümumkiber təhlükəsizliyin təşkili sahəsində daha effektiv fəaliyyət göstərməkdən ötrü NATO-da islahatlarla məşğul olacaqlar. Həmçinin, əgər lazım olarsa, Alyans planetin istənilən nöqtəsində öz maraqlarının qorunmasında, o cümlədən enerji təhlükəsizliyi kimi məsələlərdə irəli durmağa hazırdır.
Lissabonda nümayiş etdirmək lazım idi ki, Alyans "soyuq müharibə" üçün lazım olan təyinatından uzaqlaşıb və təşkilat tam mənada XXI yüzilliyin gerçəkliklərinə cavab verir. Bunu da qeyd etmək önəmlidir ki, blokun sıralarında həmrəylik mövcuddur. Sammitdə hər vəchlə qeyd edilib ki, ABŞ və NATO-nu eyniləşdirmək düzgün deyil, çünki NATO qərarların konsensus əsasında qəbul edildiyi kollektiv təşkilatdır. Bütün bunlar, NATO rəhbərliyi istəsə də - istəməsə də, təşkilat çərçivəsində Vaşinqtonla Avropa ölkələri arasında mövcud olan fikir ayrılıqlarının fonunda xüsusilə aktualdır. Özü də Avropa ölkələrinin çoxu hazırda maliyyə böhranının sonucları nəticəsində milli büdcələrinin yalnız sosial deyil, həm də müdafiə hissəsini də azaltmağa məcburdurlar.
Bir tərəfdən, ABŞ-ı işlərin bu cür getməsi razı salır, çünki Avropa ölkələri daha deyingən olmağa başlayıb. Belə ki, onlara hərbi qayğıları Vaşinqtonun çiyinlərinə qoyub, öz daxili problemləri ilə məşğul olmaq daha əlverişlidir. Amma başqa tərəfdən, Əfqanıstanda terror əleyhinə əməliyyatların aparılması üzrə əsas ağırlıq əvvəlki kimi, Amerika ordusunun və iqtisadiyyatının çiyninə düşür. Axı Əfqanıstan hazırda NATO üçün ən başlıca və ağrılı məsələ olaraq qalır.
Lissabonda qərara alındığı kimi, Şimali Atlantika alyansı gələn ildən öz qoşunlarını mərhələ-mərhələ Əfqanıstandan çıxarmağa başlayacaq. Hazırda Mərkəzi Asiya ölkəsində 150 minə yaxın NATO hərbçisi var. Qoşunların 2014-cü ilə kimi tam çıxarılması planlaşdırılır.
Proses əfqan polisinin və ordusunun ölkənin təhlükəsizliyini öz gücləri ilə təmin etməyə nə qədər hazır olmasından asılıdır. Bununla yanaşı, qeyri-sabit regionlarda NATO-nun dayaq məntəqələri saxlana bilər. Öz növbəsində, Alyans bu ölkəyə geniş beynəlxalq yardım cəlb etmək, o cümlədən, bunun üçün BMT çərçivəsində əməkdaşlıqdan da yararlanmaq niyyətindədir.
Ancaq bir çox ekspertlər, hətta NATO ölkələrinin siyasətçiləri və hərbçiləri 2014-cü ilə kimi əfqan hökumətinin, həmçinin, əfqan ordusunun və polisinin ölkədəki vəziyyətlə bağlı məsuliyyəti öz üzərlərinə götürə biləcəyinə şübhə edirlər. Bəziləri isə, hətta, ümumiyyətlə, NATO-nun Əfqanıstandakı missiyanın öhdəsindən gələ biləcəyinə inanmırlar.
Həmçinin, NATO üzrə bir çox müttəfiqlər və tərəfdaş ölkələr narazıdırlar ki, Əfqanıstanda güclü narkotrafik axınının qarşısının alnması üçün çox az iş görülür, bu axın daha sonra, demək olar ki, bütün dünyaya yayılaraq, hər şeydən öncə Əfqanıstanla qonşu ölkələrdə vəziyyəti gərginləşdirir.
Lissabon sammitinin ikinci önəmli sonucu Avropada raket əleyihinə müdafiə sisteminin yaradılmasının NATO ölkələri tərəfindən bəyənilməsi olub. Raket əleyihinə sistemlə bağlı saziş üzrə ən önəmli məqamlardan biri Rusiyanın bu məsələdə Qərb ölkələri ilə əməkdaşlığa razılıq verməsi idi. Hələ bir il öncə bu barədə, hətta ən cürətli politoloqlar belə düşünə bilmirdi və bu artıq gerçəkliyə çevrilib.
Tərəflər "raket əlyehinə müdafiə üzrə əməkdaşlıq məsələlərini müzakirə etmək və raket təhlükəsinin müəyyən edilməsi üzrə birgə komissiyanın yaradılması barədə anlaşıblar". Bundan başqa, Rusiya - NATO şurasının müdafiə nazirləri raket müdafiəsinin gələcək qaydalarının ümumi təhlili ilə məşğul olacaqlar - ilkin nəticələrin 2011-ci ilin yayında çıxarılması planlaşdırılır. Medvedevin sözlərinə görə, raket əlyehinə qalxanın yeni variantı Rusiya ilə NATO arasında tarazlığı dəyişmir, amma gec-tez Rusiyanın təkbaşına üz-üzə qalacağı qüvvələrə qarşı yönəlib.
Ümumiyyətlə, belə görünür ki, Avropanın raket əlyehinə müdafiəsi barədə həddindən artıq optimizə qapılmağa dəyməz. Birincisi, layihə hələ ki, yalnız ümumi cizgilərlə mövcuddur. İkincisi, ekspertlərin fikrincə, bu cür bahalı sistem, çətin ki, yalnız İrandan qorunmaq üçün yaradılır, bu dövlətin nə vaxt nüvə dövlətinə çevrilib-çevrilməyəcəyi də bəlli deyil.
Moskva Avropanın raket əleyhinə müdafiə sisteminə qatılmağa razıdır, amma yalnız başqa ölkələrlə eyni hüquqa malik olmaq istəyindədir. Daha sonra bəlli olub ki, Rusiya prezidenti Lissabonda NATO rəhbərliyi ilə bağlı qapılar arxasında keçirdiyi görüşdə sektorlar üzrə raket əleyhinə müdafiə ideyasını verib. Bu sistemə görə, hər bir tərəf öz sektoru üzrə təhlükəsizliyə cavab verəcək. Daha öncə isə söhbət yalnız mümkün təhlükələr barədə məlumat mübadiləsindən gedirdi. Ancaq deyilənə görə, Amerika prezidenti Barak Obama və başqa NATO liderləri texniki detalların yetərincə olmadığına istinad edərək, bu təklifi kənara qoyublar. Eyni zamanda, ABŞ-ın özündə hələ ki SNV-3 üzrə Amerika-Rusiya sazişinin gələcək taleyi hələ dəqiq bəlli deyil, əgər onun ratifikasiyası Vaşinqton tərəfindən pozulacaqsa, Moskva, yəqin ki, NATO ilə münasibətlərinin əsas məqamlarına, o cümlədən raket əleyhinə müdafiə məsələsinə də yenidən baxmaq fikrinə düşəcək.
Ümumiyyətlə, Rusiya ilə NATO-nun münasibətlərinə gəldikdə, doğrudan da Portuqaliya sammitini tarixi saymaq olar. Rusiya prezidenti Medvedev Lissabonda ən gözlənilən qonaqlardan idi və bu da çox şeydən xəbər verir. Özü də 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan hərbi münaqişəsindən sonra bu, belə səviyyədə ilk görüş idi. NATO əvvəlki kimi. Gürcüstanı dəstəkləyir, amma Rusiya ilə dost olmaqdan da imtina etmir. Bunun da, əlbəttə ki, öz səbəbləri var - hər şeydən öncə Moskva Alyansa Əfqanıstandakı terror əleyhinə əməliyyatlara yardım üçün, xüsusilə də yüklərin tranziti məsələsində lazımdır.
Həm də "soyuq müharibə"nin başa çatmasına doğrudan da şübhə etməyə gərək qalmır - NATO öz mövcudluğunun məqsədini Rusiya ilə rəqabətdə görmür. Əksinə, Moskva, az qala, Alyansın bütün ölkələri tərəfindən əsas tərəfdaş kimi nəzərdə tutulur. Bu, xüsusilə də kiberterrorçuluq, nüvə terroru, ümumiyyətlə, nüvə silahının, narkotiklərin yayılması, həmçinin çağdaş piratçılıq, iqlim dəyişməsinin sonucları, yeni münaqişələrin yaranması və başqa təhlükələrə qarşı mübarizə ilə də bağlıdır.
Maraqlıdır ki, NATO-nun Rusiya ilə bağlı bu cür barışdırıcı tonu yalnız ABŞ-ın və ya Rusiyanın Almaniya kimi avropalı dostlarının dilindən deyil, həm də həmişə ənənəvi olaraq Rusiyanı təhlükə mənbəyi kimi görən ölkələr - Polşa və Baltikyanı dövlətlər tərəfindən də səslənib. Belə ki, Polşanın indiki baş naziri Donald Tusk bildirib ki, ölkəni potensial təcavüzkardan effektiv qorumaq üçün hərbi elementi inkişaf etdirmək yetərli deyil, həm də qonşularla yaxşı münasibət qurmaq gərəkdir.
Bu barədə Litvanın müdafiə naziri Rasa Yuknyaviçene də fikir bildirib. Görünür, NATO rəhbərliyi Rusiyanın yaxın NATO-lu qonşularını əmin edə bilib ki, onların müdafiəsi zəmanətli vəziyyətdədir, həmçinin İran və Koreya Xalq Demokratik Respublikası tərəfindən təhlükə Rusiya tərəfindən potensial təhlükəyə baxanda daha aktual və realdır.
Ümumiyyətlə, hazırda NATO ölkələri adi silahların istifadəsi ilə ənənəvi təhlükələrdən az danışmağa başlayıblar. Şərqi Avropanın həmin dövlətləri daha çox Rusiya tərəfindən kibermüharibə, energetika təhlükələri kimi məsələlərlə yanaşı, ekoloji təhlükəsizlik məsələləri də narahat edir.
Bu zaman qeyd etmək lazımdır ki, Rusiyanın alyansı öz milli təhlükəsizliyinə təhlükə kimi görməməyə hazır olub-olmadığı hələ bəlli deyil. Məsələn, bir sıra Rusiya siyasətçiləri bildirirlər ki, Rusiyaya tərəfdaşlıq təklif edən NATO əslində, Moskvanın sayıqlığını azaltmağa çalışır. Aydındır ki, Rusiyanın hərbi potensialı NATO-nun hərbi potensialı ilə müqayisədə zəifləməkdə davam edir və bir çox politoloqlar hesab edir ki, NATO Moskvanı yalnız əlində hələ də ciddi nüvə silahı ehtiyatları və onları nəqletmə vasitələri olduğuna görə, bərabərhüquqlu tərəfdaş kimi sayır. Həmçinin, Rusiya Alyansa bir sıra xoşagəlməzliklər yarada bilən ölkələrə müəyyən təsirə də malikdir.
Gələcəkdə NATO-nu hansı ssenarilər - Rusiya ilə birgə Çindən qorunmaq və ya qərb dünyası üçün hansısa hələ məlum olmayan təhlükələr gözləyirmi? Bəşəriyyət kiberterrorizmin ciddi təhlükə olduğunu tam mənada anlayırmı?
Ümid edirik ki, NATO ölkələri Lissabonda qarşılarına qoyduqları məqsədləri gerçəkləşdirə biləcəklər. Axı qərarlar qəbul etmək və onları kağız üzərində qeyd etmək bir iş, önəmli məsələləri real olaraq həyata keçirmək isə tamam ayrı bir məsələdir. Amma istənilən halda, NATO baş katibinin yeni təhlükələr və təhlükəsizlik riskləri üzrə yardımçısı Cimmi Şi bildirib ki, ilk növbədə Alyansın strategiyası vəziyyətə uyğun olmalıdır.
Şişirtmədən demək olar ki, NATO blokunun mövcudluğu hazırda Atlantik okeanının hər iki tərəfində yaşayan 800 milyon insan üçün deyil, həm də bütün planetin sakinlərindən ötrü sabitliyin və təhlükəsizliyin məhək daşıdır. Buna görə də Alyans bizim boynumuza böyük məsuliyyət qoyub.
MƏSLƏHƏT GÖR: