14 Mart 2025

Cümə, 20:58

DİPLOMATİK ÇİRKAB, YOXSA İDARƏOLUNAN SIZMA?

Wikileaks saytında yerləşdirilmiş diplomatik yazışmaların 70%-i müsəlman ölkələrinə qarşı yönəlib

Müəllif:

01.12.2010

WikiLeaks saytında yeni yerləşdirilmiş materiallara orada adı hallanan bütün dövlətlər reaksiya verdi. Amma ümumilikdə bunların hamısı ehtiyatlı reaksiyalardır: heç kəs Birləşmiş Ştatlarla münasibətləri korlamaq istəmir.

Əsas tənqid hədəfi kompyuter hakeri, WikiLeaks saytının yaradıcısı Culian Assancdır. Assanc iddia edir ki, onlar cəmi 5 nəfərdir və bu heyətlə bütün dünya mətbuatından daha çox gizli məlumat dərc ediblər. WikiLeaks mənbələrinin adını çəkmir. Odur ki, bu hadisənin arxasında hansısa nüfuzlu qüvvələrin dayanıb-dayanmadığını birmənalı şəkildə söyləmək çətindir. Bəziləri güman edir ki, bu, həqiqətən də ABŞ-ın imicini korlamağa hesablanmış "sızdırılma"dır. Digərlərinin fikrincə, əksinə, bütün bunlar Amerikanın xüsusi xidmət orqanlarının icazəsi ilə baş verir. Son versiyanın tərəfdarları daha çoxdur.

"The National Interests" bununla əlaqədar yazır: "Obama administrasiyası saytı həvəslə söyür. O, sirlərin açılmasının Amerikanın milli təhlükəsizliyinə zərbə olduğunu bildirir. Dost liderlərlə münasibətlər də təhlükə altına düşür və s. Amma bu, həqiqətənmi  belədir? Bəlkə gizli xəbərlərin sızdırılması, əslində, Amerika hökumətinin məqsədli şəkildə təşkil etdiyi intriqaların bir hissəsidir?".

Qəzet saytda guya Səudiyyə Ərəbistanının ABŞ-dan "İran adlı ilanın başını kəsməsini" istəməsi haqqında yazılmış məlumatın düşündürücü olduğunu bildirir. Bundan başqa, Misir prezidenti Hüsnü Mübarəkin İranın terroru dəstəkləməsi haqqında fikrirləri də diqqətçəkən məqamlar arasında göstərilir. "Bu əməliyyatın mənası nədir?" - deyə "The National Interests" sual edir. - "Birincisi, bu sənədlər amerikalıları sakitləşdirərək, onlara göstərir ki, hökumət hər şeyi başa düşür. Prezident Obama Kərzaini açıq şəkildə patoloji dərəcədə korrupsiyaya qurşanmış dəli adlandıra bilməz. Amma həm Obamanın, həm də onun emissarlarının belə düşündüyü aydındır. Onların İran və Şimali Koreya ilə bağlı heç bir illüziyası da yoxdur. Beləliklə, Obamanın sadəlövhlüyü və səriştəsizliyi haqqında mif dağılır. Bu, administrasiyanın məlumatların sızdırılmasını gizlində təqdir etməsi üçün ilk səbəbdir".

Amma Amerika nəşri hesab edir ki, məsələ yalnız bunda deyil. "Saytda əksər xarici liderlər haqqında aydın olan məsələlər yazılıb. Artıq uzun illərdir, Səudiyyə Ərəibstanının, həmçinin, Yaxın Şərqin digər mülayim dövlətlərinin ABŞ-la İsrailin İran mollalarına məhvedici zərbələr endirməsini arzuladığı bəllidir. Amma onlar bunu açıq şəkildə elan etməyə çəkinir. İndi bu işi onların əvəzinə WikiLeaks görüb. Eyni vaxtda Obama administrasiyası Tehrana psixoloji təzyiqi gücləndirir. Xatırladaq ki, bu günlərdə İranın atom sahəsindəki aparıcı alimlərindən biri öldürülüb. Mesajın mənası aydındır: rejimə işləyən hər kəs buna görə cavab verməli olacaq", - deyə məqalədə bildirilir.

Yazıda WikiLeaks tərəfindən dərc olunmuş materiallar, demək olar ki, rəsmi hədə kimi qiymətləndirilir: "Bu zaman guya gizli məlumatların açıqlanmasından təəssüf ifadə edilir. Bu, güclü gedişdir. Əgər bu, həqiqətən belədirsə, Obama təsəvvür olunandan daha hiyləgər imiş".

Açıqlanmış teleqramlarda adı  keçən əsas şəxsləri ciddi şəkildə analiz edən zaman, Amerika qəzetinin arqumentləri əsaslı görünür. Ümumilikdə, Assancın əlinə ABŞ-ın bütün dünyadakı səfirlik və konsulluqlarına, yaxud əksinə göndərilmiş 250 mindən artıq "sənəd" keçib. Amerikanın yazışmalarında ən çox müzakirə olunmuş ölkə İraqdır: 15 365 teleqram və hesabat. Amma jurnalımız çapa hazırlananadək açıqlanmış teleqramlar arasında liderlik İraqa yox, İrana məxsus idi. Diqqət edin: ərəblər İranın bombalanmasını istəyir, Azərbaycan, Türkiyə, hətta Rusiya da Tehrana hansısa yolla zərər verməyə çalışır. Bu, Tehranın qonşuları ilə mövqe yaxınlaşmasının olduğu vaxta təsadüf edir. Yeri gəlmişkən, Tehranın qonşuları ilə münasibətlərinin yaxşılaşdığına nümunələrdən biri də bu günlərdə Bakıda keçirilmiş Xəzəryanı dövlət başçılarının sammitində əldə edilmiş nəticədir.

Belə çıxır ki, kimlərsə region dövlətləri ilə İran arasında münasibətlərin korlanmasında çox maraqlıdır.

Jurnalımız çapa hazırlandığı dövrədək dərc olunmuş teleqramların 230-dan artığının, təxminən, 70%-də müsəlman dövlətlərinin xatırlanması da xüsusi diqqətçəkən məqamdır. Sən demə, bir-birinə qarşı intriqa aparanlar yalnız sünni və şiələr deyil. Dünyanın bir-biri ilə düşmən münasibətdə olmayan müsəlman dövlətləri arasında da belə hallar var imiş. Hətta Azərbaycanın qardaş Türkiyə ilə üz-üzə qoyulmasına cəhdlərə də rast gəlinir. Kompyuter hakeri olan Assanca hər şeydən çox bunun lazım olduğuna inanmaq çətindir.

Ümumiyyətlə, ABŞ Dövlət Departamenti və Amerikanın müxtəlif ölkələrdəki diplomatik nümayəndələri tərəfindən WikiLeaks saytına verilmiş məktub və teleqramlar arasında Birləşmiş Ştatların Türkiyədəki səfirliyindən göndərilmiş xeyli sənədə (7 918) rast gəlinir. Noyabrın 28-də açıqlanmış depeşalarda Türkiyənin adı  30 dəfə çəkilir. Onların hamısı Ankaranın qonşuları ilə münasibətlər quran zaman əsas götürdüyü etibarlılığa xələl gətirməyə qadirdir. Sual yaranır: həqiqətənmi, Culian Assanc Türkiyə hökumətinin "qonşularla sıfır problem" siyasətinin iflasa uğrayaraq "qonşularla çoxsaylı problem"ə çevrilməsində maraqlıdır?

Şimali Koreya ilə bağlı məlumatlar da diqqətçəkicidir. Sən demə? Çin Koreya yarımadasının Cənubi Koreyanın nəzarəti altında birləşmiş dövlət kimi görmək istəyir. Saytda yer almış sənədlərə əsasən, çinlilər Cənubi Koreyadan olan həmkarlarına KXDR-i buferdövlət kimi xüsusi qiymətli dövlət saymadıqlarını bildiriblər. Bununla yanaşı, yarımadanın şimalında ABŞ qüvvələrinin də olması  Pekin üçün arzuolunan deyil. Razılaşın ki, bu, Şimali Koreya ilə bu ölkənin əsas iqtisadi tərəfdaşı olan Çinin münasibətlərini pozmaq üçün yaxşı bəhanədir.

Cənubi Qafqaza gəlincə, diqqətəçəkən məqam regiondakı 3 ölkədən daha çox diqqətin yeganə müsəlman ölkəsi olan Azərbaycana yönəldilməsidir.

Azərbaycan prezidentinin mətbuat xidməti, öz növbəsində, saytda İlham Əliyevlə bağlı yer almış məlumatları təkzib edib. "Bu materiallar   əsas hədəfi Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin korlanmasına, dövlət başçıları arasında etibarın itirmlməsinə yönələn açıq təxribatdır", - deyə açıqlamada bildirilir. Mətbuat xidməti qeyd edir ki, Azərbaycan prezidentinin hətta leksikonunda WikiLeaks tərəfindən dərc olunmuş materiallardakı sözlər yoxdur, İ.Əliyev jarqon ifadələr işlətmir və heç nəyə sərt və emosional qiymət vermir.

Öz tərəfimizdən əlavə edək ki, İ.Əliyevin leksikonunda jarqonların yoxluğu, ədəbli üslubu və fikrini dəqiqliklə ifadə etməsi dəfələrlə həm onun görüşdüyü siyasətçilər, həm də əcnəbi jurnalistlər tərəfindən dilə gətirilib. Bu, saytda guya İ.Əliyev tərəfindən deyilmiş ifadələrin yer aldığı  diplomatik sənədlərin həqiqiliyini şübhə altına alır.

"Azərbaycan Respublikası qonşu dövlətlərin daxili-siyasi məsələlərinə heç zaman müdaxilə etməyib, həmişə region dövlətləri ilə mehriban qonşuluq münasibətlərinin inkişafına əsaslanan şəffaf siyasət aparıb. Azərbaycan prezidenti bütün görüş və çıxışlarında fikirlərini milli maraqlardan çıxış etməklə, açıq söyləyib. Ölkənin xarici siyasəti həmişə müstəqil, ardıcıl, məntiqi və səmimi olub", - deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.

Görünür, Azərbaycanın hələ Heydər Əliyevin rəhbərliyi dövründə apardığı xarici siyasətindəki ardıcıllıq və məntiq, qonşularla münasibətlərin harmonikliyi dünya geosiyasətinin müəyyən maraqlar güdən qüvvələrini narahat edir. Analitiklərin fikrincə, Ermənistan Rusiyanın "forpost"u, Gürcüstan isə ABŞ-ın "51-ci ştatı" adlandırıldığı halda, Azərbaycan regionda ən müstəqil xarici siyasət yürüdən ölkədir.

Elə ilk baxışdan Azərbaycan prezidentinin, məsələn, Türkiyə haqqında dediyi iddia olunan fikirlərin real vəziyyətə zidd olduğu görünür. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Türkiyənin ərazisindən keçirsə, Azərbaycan Ankaranın enerji mərkəzinə çevrilməsini necə istəməyə bilər? "Nabukko" layihəsinin əsas təchizatçısı sayılan Bakı bu boru xəttinin də Avropaya Türkiyə ərazisindən keçməklə çəkilməsinin əleyhinə deyil. Bundan başqa, Azərbaycan Gürcüstan və Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edir. Türkiyə prezidenti Abdullah Gülün də dediyi kimi, bu dəmir yolu Pekinlə Londonu birləşdirəcək. Müvafiq olaraq, Bakı Türkiyənin yalnız enerji yox, həm də nəqliyyat mərkəzinə çevrilməsinə kömək edir.

Digər yandan, dərc olunan materiallarda Azərbaycanın Rusiya ilə də münasibətlərinin pozulmasına da cəhdlər hiss edilir. Yəqin ki, məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllində son zamanlar təşəbbüsü üzərinə götürmüş Moskvaya "badalaq" vurmaqdır.

Politoloqlar WikiLeaks tərəfindən dərc olunmuş materialların ATƏT-in Astana sammiti öncəsi diqqəti Cənubi Qafqaza yönəltməsini də təsadüf saymır.

"Azərbaycana təzyiq etmək alınmadı. Əvəzində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əsas sənədin müzakirəsi zamanı əlavə problemlər yaratmaq olar. Yəqin ki, burada itlə karvan haqqında məlum məsələyə əsasən davranmaq doğru olardı. Bu konkret vəziyyət üçün bəşəriyyət hələ ki, başqa resept tapmayıb", - deyə rusiyalı politoloq Aleksey Vlasov bildirib.

Bütün bunlarla yanaşı, saytda adı çəkilən dövlətlər baş verənlərə çox ehtiyatla yanaşır. Amma bu dövlətlər də Vlasovun xatırlatdığı atalar məsəlinə uyğun hərəkət edəcəkmi - bunu zaman göstərər. Bir şey aydındır: saytın dərc etdiyi materiallardan sonra müəyyən fəsadlar ola bilər. Görünür, informasiya məkanına diplomatik çirkab atan qüvvələr də addımlarını məhz buna hesablayıb.


MƏSLƏHƏT GÖR:

539