14 Mart 2025

Cümə, 21:51

BAKI İRƏLİLƏYİŞİ

Artıq 2011-ci ildə xəzər dənizinin hüquqi statusu müəyyənləşə bilərYİŞİ

Müəllif:

01.12.2010

Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran rəhbərləri Xəzərin hüquqi statusunu müəyyənləşdirə bilməsələr də, Bakı görüşü bu sahədə aparılan ən məhsuldar danışıqlar sayıla bilər. Xəzəryanı dövlət başçılarının üçüncü sammitinin iştirakçıları uzun illərdir konsensusa gələ bilmədikləri məsələlərlə bağlı çoxlarının gözləmədiyi razılıq əldə etdilər.

Bakı sammitinin vacib nəticəsi kimi, dənizin təhlükəsizliyinə dair razılaşmanı göstərmək olar. Bu, Xəzəryanı dövlət başçılarının imzaladığı sayca ikinci böyük aktdır. İlk böyük sənəd 2003-cü ildə Tehranda dəniz sərvətlərinin qorunmasına dair imzalanmış çərçivə konvensiyası idi.

Yeni sənəddə sahilyanı dövlətlərin üzərinə bir sıra öhdəliklər qoyulur. Söhbət ümumi təhlükələr - terror, kütləvi qırğın silahlarının yayılması, narkotiklərin qeyri-qanuni dövriyyəsi və s. qarşı mübarizədən gedir. Sənədə əsasən, Xəzərdə təhlükəsizlik yalnız sahilyanı dövlətlərin işidir. Sahilyanı qonşular müvafiq dövlət orqanlarına 3 ay ərzində  Xəzərdə milli sektorların hüdudlarının müəyyənləşdirilməsi, həmçinin bu hövzədə nərə balığına ovun qadağan olunması ilə bağlı 5 illik moratoriumun elan olunması üçün lazım olan sənədlərin hazırlanmasına dair tapşırıqlar veriblər

Tərəflər Bakı razılaşmasını irəliləyiş kimi qiymətləndirib və artıq növbəti sammitdə Xəzərin hüquqi statusunun razılaşdırılmasının mümkünlüyünü bildiriblər.

"İmzalanmış sənədlər Xəzər hövzəsində əməkdaşlığın inkişafının çox vacib mərhələsidir. Bu, hələ ki, razılaşdırılmamış məqamlar, həmçinin dənizin hüquqi statusu ilə bağlı mümkün qədər tez imzalamağa çalışdığımız sənəd ətrafında razılıq əldə olunması baxımından da vacibdir", - deyə sammitə ev sahibliyi edən Azərabycan prezidenti İlham Əliyev bildirib.

Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin məsələyə münasibəti belə olub: "Heç cür razılıq əldə edə bilmirik: biri deyirdi, 38 millik zona olmalıdır, başqası deyirdi 25 və ya 10, 20. Amma ekspertlərlə danışdıq və qərara gəldik ki, 24-25 millik zona olmalıdır. Bu, irəliləyişdir".

İran prezidenti Mahmud Əhmədinejad daha konkret danışıb. O, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi prosesini 2011-ci ildə yekunlaşdırmağı təklif edib. Əhmədinejad Xəzəryanı ölkələri birgə gəmiçilik şirkəti yaratmağa, mədəniyyət və turizm sahələrində daha sıx əməkdaşlıq etməyə çağırıb.

Rusiya prezidenti Dmitri Medvedev də dənizin statusu və bölünməsi ilə bağlı razılaşmanın Rusiyada keçiriləcək növbəti sammitdə əldə olunacağına ümidini ifadə edib. Qeyd edək ki, həmin toplantı gələn il keçirilə bilər.

Yeri gəlmişkən, Bakıda Xəzərdə təhlükəsizliklə bağlı imzalanmış razılaşma regiona üçüncü qüvvənin buraxılmasına qəti etiraz edən Rusiya üçün xüsusi hadisədir. "Xəzərdəki vəziyyətə görə, məsuliyyəti yalnız biz daşıyırıq. Yalnız biz, başqa heç kəs", - deyə Medvedev bildirib: "Əks təqdirdə bizim əvəzimizə bu işi Xəzərə heç bir aidiyyatı olmayan, amma öz iqtisadi və siyasi məqsədlərinə çatmaq üçün burada peyda olmağa çalışan başqa dövlətlər görə bilər".

Rusiya prezidenti qonşuları Xəzər dənizi regionunda nəqliyyat dəhlizinin yaradılması prosesini sürətləndirməyə çağırıb. Söhbət Xəzəri Qara və Azov dənizlərilə birləşdirəcək kanalın tikintisindən gedir. O, bütün nəhəng enerji layihələrinin ilkin olaraq, "Xəzər beşliyi" arasında müzakirə olunması və onunla bağlı ümumi razılaşmanın əldə edilməsi təklifini də irəli sürüb.

Rusiya KİV-in məlumatına görə, Moskvanın Xəzəryanı dövlət başçılarının birgə yekun bəyanatına Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması ideyasını salmaq cəhdi uğursuz olub. Rusiya lideri regionda iqtisadi və ekoloji balansı dəyişdirəcək istənilən qərarın yalnız bu təşkilatın razılığından sonra qəbul edilməsini lazım bilsə də, onun həmkarları bu təşəbbüsü dəstəkləməyib.

Rusiyanın "Kommersant" qəzetinin RF hökumətindəki mənbəsi bildirib ki, Moskva bu təşkilatı regionda inteqrasiya proseslərinin katalizatoru kimi düşünüb: "O, "Xəzər MDB-si və ya Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının özünəməxsus analoqu olmalı idi".

Beləliklə, Bakı sammiti bir daha göstərdi ki, Rusiya Xəzər regionunu mili maraqlarında prioritet məkan sayır və ABŞ-ın, Avropanın buraya buraxılmaması üçün əlindən gələni edəcək.

Moskvanın Transxəzər qaz kəmərini əsas təhlükə sayması təsadüf deyil. Axı o, Türkmənistan qazını Avropa İttifaqının lobbiçilik etdiyi Nabucco boru xəttinə çıxarmalıdır. Üstəlik, Türkmənistan qazının Rusiyaya nəqlinin azaldığı bir vaxtda Aşqabad Qərbin dəstəklədiyi nəql marşrutlarına qoşulmağa daha çox meyllənib. Bakı sammitinin yekununda keçirilən birgə mətbuat konfransında Transxəzər qaz kəmərinin inşasına hazır olduğunu bəyan edən yeganə şəxs də Türkmənistan başçısı Qurbanqulu Berdıməhəmmədov olub. Amma o, hesab edir ki, enerji boru xətlərinin inşası məsələsini yalnız həmin layihənin iştirakçıları həll etməlidirlər.

"Neft və qaz boru kəmərlərinin çəkilişi yalnız keçəcəyi sektorların məxsus olduğu tərəflərin razılığı ilə, ekoloji təhlükəsizliyə dair bütün məsələlərə əməl olunmasıyla reallaşdırılmalıdır", - deyə, Q.Berdıməhəmmədov bildirib. Bununla da o, bir daha təsdiqləyib ki, Türkmənistan, ilk növbədə, Bakının razılığını almalıdır. 

Bunun üçün isə dənizin sektorları bölünməsi məsələsində üzüyolalıq tələb olunur.

Prezident İlham Əliyev bildirib ki, Bakı qonşularının Xəzər dənizinin neft-qaz resurslarını tranzit etməsi üçün öz müasir infrastrukturunu onalar təklif etməyə hazırdır. Təbii ki, bu, Türkmənistan və Qazaxıstan prezidentlərinə ünvanlanıb. Xüsusilə ona görə ki, Aşqabad Avropaya ildə 40 milyard kubmetrədək qaz nəql etməyə hazır olduğunu açıqlayıb.

Maraqlıdır ki, sammitin səhərisi gün Türkmənistan baş nazirinin müavini Baymurad Xocaməhəmmədov Aşqabadın Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi məsələsində əksər sahilyanı dövlətlərin dəstəyini aldığını açıqlayıb. Baxmayaraq ki, dənizin statusu ilə bağlı məsələ hələ tam həllini tapmayıb.

Rusiya ilə İran güman ki, baş nazirin müavininin qeyd etdiyi çoxluğa daxil deyil. Baxmayaraq ki, İranla bağlı hazırkı geosiyasi vəziyyətdə dəniz qonşularının Tehrana dəstəyi son dərəcə vacibdir. İran prezidentinin azərbaycanlı həmkarı ilə görüşün sonunda region dövlətlərinin münasibətində xarici siyasi aspektə diqqət çəkməsi də təsadüf deyil. Əhmədinejad jurnalistlərlə söhbətində bildirib ki, "Bakı ilə Tehranın beynəlxalq problemlərlə bağlı mövqeləri tam üst-üstə düşür". 

"Biz həmişə birlikdə olacaq, bütün təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik", - deyə Mahmud Əhmədinejad qeyd edib. O, İranla Azərbaycanın "region və Xəzərlə bağlı da eyni mövqeyə malik olduğunu" söyləyib. Bütün bunları nəzərə alsaq, İranın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyini yumşaltması da kifayət qədər real görünür.

Xəzər mövzsundan danışan zaman regionun daxilindəki fikir ayrılıqlarını qeyd etməmək də olmaz. Dənizin hüquqi statusunun hələ də qeyri-müəyyən qalması da bununla bağlıdır. Bakı təklif edir ki, Azərbaycan, Rusiya və Qazaxıstan arasında dənizin dibinin bölüşdürülməsi bu ölkələr arasında əldə edilmiş ikitərəfli razılaşmalar əsasında həyata keçirilsin. "Ümid edirəm, bu yaxşı təcrübə əsas götürüləcək və statusun müəyyənləşdirilməsində öz rolunu oynayacaq", - deyə İ.Əliyev sammitdə bildirib. O, Azərbaycanla Rusiya, Azərbaycanla Qazaxıstan, həmçinin Qazaxıstanla Rusiya arasında dənizdəki milli sektorların bölünməsinə dair ikitərəfli razılaşmaların olduğunu da xatırladıb.

Qeyd  edək ki, 1998-ci ildə Rusiya ilə Qazaxıstan, 2001-ci ildə Rusiya ilə Azərbaycan, həmin ilin noyabrında isə Qazaxıstanla Azərbaycan arasında analoji razılaşmalar imzalanıb. 2003-cü ildə bu 3 dövlət "Xəzərin dibinin orta xətt üzrə milli sektorlarla bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli sazişə imza atıb.  Bu sənəd üçtərəfli formatda, Xəzərin akvatoriyasının 60 faizə yaxınının hüquqi statusunu qanuniləşdirib. 



MƏSLƏHƏT GÖR:

512