24 Noyabr 2024

Bazar, 03:04

UĞUR TOPÇUSU

Əliağa Şıxlinskinin adı Azərbaycan tarixinə Vətənə xidməti, şücaəti və qəhrəmanlığı ilə yazılıb

Müəllif:

06.01.2015

"Döyüş meydanında həlak olmalı olan mənim kimi əsl döyüşçüyə əməliyyat masasında uzanaraq ölümünü gözləmək yaraşmır". General Əliağa Şıxlinskinin ölümündən bir müddət əvvəl dediyi bu fikri lovğalıq saymayın. Kifayət qədər ciddi adam olan Şıxlinski Fəxri xiyabanda dəfn olunmaq istəmədiyini deyərək, Çəmbərəkənd qəbiristanlığında, sevimli həyat yoldaşının yanında torpağa tapşırılmasını vəsiyyət etmişdi. Onun son sözlərində bir vacib həqiqət var idi - olduqca cəsur bir gənclik yaşamış Şıxlinski uzun ömür sürmüşdü. Demək olar ki, bəxt daim onun yanında olub.

Bu il Azərbaycan Prezidenti İlham Əliyev general Əliağa Şıxlinskinin 150 illik yubileyinin qeyd olunmasına dair sərəncam imzalayıb. 2015-ci ilin aprelində tanınmış hərbçi, alim, general-leytenant Əliağa İsmayıl ağa oğlu Şıxlinskinin anadan olmasının 150-ci ildönümü tamam olur.

 

Şıxlinskinin olduğu yerlər

Əliağa Şıxlinski 23 aprel 1865-ci ildə Yelizavetpol quberniyasının Qazax qəzasının Kiçik Qazaxlı kəndində doğulub (hazırda Qazax rayonunun Aşağı Salahlı kəndi). O, mülkədar ailəsində dünyaya gəlib. Xatırladaq ki, Şıxlinskilər haqqında tarixi mənbələrdə ilk qeydə hələ 1537-ci ildə rast gəlinib. Bu soyad qədim zadəgan nəslinə mənsubdur. Onun anası Şahyəmən xanım məşhur şair Molla Vəli Vidadinin nəvəsi olub.

1876-cı ilin avqustunda Əliağa Şıxlinski Tiflisdə sonradan Kadet korpusu adlandırılan hərbi gimnaziyaya daxil olur, 1883-cü ildə orada təhsilini başa vurur. 1 sentyabr 1883-cü ildə Sankt-Peterburqda yunker Mixaylovskinin artilleriya məktəbində hərbi xidmətə başlayır. Məktəbi bitirdikdən dərhal sonra 11 avqust 1886-cı ildə Əliağa Şıxlinski podporuçik rütbəsi ilə Qafqazda, Aleksandropol şəhərində (hazırda Gümrü) dislokasiya olunmuş 39-cu artilleriya briqadasına göndərilir. O, xidmətə 5-ci batareyada başlayır, sonradan 2-ci batareyaya köçürülür, oktyabrın sonlarında isə briqada təlim komandasına müəllim təyin olunur. Bununla da, Şıxlinski kiçik topçu zabitlərin, yəni unter-ofiserlərin hazırlığına başlayır. 23 noyabr 1887-ci ildə poruçik rütbəsi alır, 1891-ci ilin aprelində ilk mükafata layiq görülür - 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni.

15 iyul 1894-cü ildə Ə. Şıxlinski ştabs-kapitan olur, sentyabrda briqada təlim komandasının rəhbəri təyin edilir. 1895-ci il fevralın 1-dən 1-ci batareyanın böyük zabiti kimi çalışmağa başlayır. 1896-cı ilin fevralında 3-cü dərəcəli Müqəddəs Anna ordeninə layiq görülür, 1898-ci il iyulun 19-da isə kapitan rütbəsinə yüksəlir. 1899-cu ilin iyunundan 1900-cü ilin fevralınadək müvəqqəti olaraq 1-ci batareyanın komandiri səlahiyyətlərini icra edir.

1900-cü ilin əvvəllərində Əliağa Şıxlinski Şərqi Sibirdə xidmət etmək qərarına gəlir. Fevralın 17-də kapitan Ə.Şıxlinskinin Əlahiddə Zabaykalye artilleriya divizionuna köçürülməsinə dair əmr imzalanır. Bu diviziyada Şıxlinski 1-ci batareyaya böyük zabit təyin olunur. Divizion 2 batareyadan ibarət idi: 1-ci batareyaya polkovnik V.Engelman, 2-cisinə isə podpolkovnik Səməd bəy Mehmandarov rəhbərlik edirdi. Zabit çatışmazlığı ilə əlaqədar olaraq, Şıxlinski 2-ci Şərqi-Sibir artilleriya parkında (döyüş sursatlarının saxlanıldığı arxa cəbhə bölüyü) müvəqqəti olaraq komandir səlahiyyətlərini icra edir. Əlahiddə Zabaykalye artilleriya divizionunda Şıxlinski Çin yürüşündə iştirak edir, yürüşdə fərqləndiyinə görə 1 may 1901-ci ildə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla mükafatlandırılır.

1901-ci ilin mayından 1902-ci ilin martınadək 1-ci batareyanın komandiri və divizion komandiri səlahiyyətlərini icra edən Əliağa Şıxlinski 1902-ci ilin may-iyun aylarında müvəqqəti olaraq 2-ci batareyaya komandirlik edir. İyulda o, bu batareyanın böyük zabiti təyin olunur. Elə həmin ilin avqustundan 1903-cü ilin oktyabrınadək 2-ci batareyanın komandiri olan Şıxlinski bu postda 6 aylıq məzuniyyətə və Sankt-Peterburqda təhsil almağa yollanmış S.Mehmandarovu əvəzləyir.

 

Port-Artur

"1904-cü il oktyabrın 13-dən 17-dək 3 nömrəli fortun artilleriya müdafiəsini uğurla təşkil etdiyinə görə - tabeçiliyində olan yarımbatareyanın sayca üstün olan düşmənə qarşı döyüşləri zamanı, tuşlayıcılar çatışmadığından çox vaxt özü topları düşmən mövqelərinə tuşlayıb, düşmənin artilleriyasını susdurub və yapon piyadalarının mövqelərimizə həmlələrini dəf edib". Bu sözlər Əliağa Şıxlinskinin Rus-yapon müharibəsində aldığı 4-cü dərəcəli Müqəddəs Georgiya ordeninin təltif sənədində yazılıb. O, bu mükafatı batareyanın böyük zabiti olaraq alıb. Sənəddə söhbətin getdiyi liman isə məşhur Port-Arturdur. Onun qəhrəmanlığından dəfələrlə ədəbiyyatda, filmlərdə, bəhs olunub.

İmperatorun bu döyüşün "qısamüddətli və qalibiyyətli" olacağını zənn etməyinə rəğmən, bu, dəhşətli bir müharibə oldu. Onun dəhşəti hətta "tuşlayıcılar çatışmadığından..." ifadəsindən belə, görünür. Bir neçə gün fasiləsiz davam edən döyüşlərdə Şıxlinski inanılmaz dərəcədə dözümlülük nümayiş etdirmişdi. Döyüşlərdə Şıxlinski ayağından yaralanmış, tibbi ləvazimatların və qeyri-steril döyüş şəraiti üzündən vəziyyəti ağırlaşsa da, amputasiyadan qaçmaq mümkün olmuşdu. Həmin günlərdə də bəxt bu cəsur insanın yanında oldu. Əslində, Şıxlinskinin həmin batareyaya rəhbərlik etməli olmadığını çox az adam bilir. Hadisələr elə yöndə inkişaf edirdi ki, Şıxlinski, yəqin ki, evindən min kilometrlərlə uzaqda, başqa torpaqlarda həlak olmalı idi. Lakin atıcı-artilleriya diviziyasına komandanlıq edən polkovnik Səməd bəy Mehmandarov Şıxlinskini batareyaya müvəqqəti komandir təyin edir. Rütbəsi Şıxlinskiyə bu postu daimi əsaslarla tutmaq imkanı vermirdi.

Burada söhbət qətiyyən dostbazlıqdan, yerlibazlıqdan getmirdi. Əgər qeyri-peşəkarın vəzifəyə təyin olunması əsgərlərin və təyinatı həyata keçirən şəxsin öz həyatı bahasına başa gələ bilərdisə, burada hansı dostbazlıqdan söhbət gedə bilərdi? Mehmandarov Şıxlinskini Qafqazda xidmət çəkdiyi dövrdən yaxşı tanıyırdı, üstəlik, bundan 4 il əvvəl Şıxlinski batareyaya müvəqqəti komandanlığı yüksək səviyyədə həyata keçirmişdi.

"Laperov dağında (3 nömrəli fortun arxa cəbhəsində) batareya komandiri kapitan Əliağa İsmayıl ağa oğlu Şıxlinski ağır yaralanıb. Bütün qafqazlılar kimi, cəsarətli şəxs olan Şıxlinski Kinçjouda, Yaşıl və Canavar dağlarda gedən döyüşlərdə iştirak edib, avqustun 1-dən isə fasiləsiz olaraq Laperov dağlarındakı mövqedə olub. Oradan komandir istehkamlara gedən yolları atəşə tutub, hücum dəstələrinin dəf olunmasına kömək edib, düşmənin səhra artilleriyası ilə mübarizə aparıb". Bu, həmin günlərdə Port-Arturda nəşr olunan "Novıy kray" qəzetində dərc olunmuş məqalədən bir parçadır. Yeri gəlmişkən, Port-Artur Rusiya İmperiyası üçün biabırçı nəticə ilə bitmiş müharibənin yeganə şərəfli səhifəsidir. Müharibə nəticəsində korrupsiya canına işləmiş, lap əvvəldən başıpozuqluğun hökm sürdüyü imperiya donanması bütün su döyüşlərində məğlubiyyətə uğrayır. Sonralar orada kütləvi oğurluqların olduğu üzə çıxır. Məhz bu üzdən donanmanın gəmiləri lazımi səviyyədə təchiz edilməyibmiş. Müharibə imperatorun məyusluğuna səbəb olur və son olaraq, 1905-ci ildə inqilab baş verir.

 

Şıxlinskinin qəhrəmanlığı və peşəkarlığı

Qeyd etmək lazımdır ki, sözügedən döyüşdə iştirak Əliağa Şıxlinskinin geniş tərcümeyi-halından yalnız bir epizoddur. Daha sonra o, general olaraq Birinci Dünya müharibəsində iştirak edib, Qərb cəbhəsində artilleriya kadrları hazırlayıb, artilleriya hazırlığı üzrə bir neçə kitab yazıb. Hərbi sahədə xidmətlərinə görə o, 1917-ci ildə general-leytenant rütbəsi alıb, sentyabrda isə onuncu orduya komandan təyin olunub.

Çarizmin devrilməsilə imperiyada yaranan anarxiya şəraitində o, tərəflərdən heç birinə dəstək verməyərək istefaya gedir. Şıxlinski vida məktubunda yazırdı: "17 ay ərzində Qərb cəbhəsi ordusunda artilleriya müfəttişi postunu tutdum. Bu postda Vətənə artilleriya sahəsində xidmətimin 31-ci ili tamam oldu. 10-cu orduya komandan təyin olunsam da, mənə doğma olan silahı, bəlkə də, birdəfəlik tərk edirəm. Xüsusilə köməkçilərimlə, bu sahədəki yaxın əməkdaşlarımla vidalaşmaq ağırdır... qərargah və ober-zabitləri, rəisləri, tabeliyimdə olan bütün məmurları ürəkdən salamlayıram və təşəkkür edirəm. Bütün əsgərlərə təşəkkürümü bildirirəm".

Şıxlinski Azərbaycan Demokratik Respublikasının yaradılmasında da son dərəcə fəal iştirak edib. O, 1918-ci ildə Qafqaz İslam ordusunun heyətində Bakını düşmənlərdən azad edib. 1920-ci ilin aprelində XI Qızıl Ordu inanılmaz say üstünlüyünə malik olduğu üçün Bakıda bolşevik hakimiyyətini quran zaman isə Mehmandarov və Şıxlinski haqqında digər zabitlərlə birlikdə, güllələnmə hökmü çıxarılıb. O, bu dəfə də yalnız bəxt sayəsində sağ qalıb. Bu dəfə onu Azərbaycan Sovet Xalq Komissarlığının rəhbəri Nəriman Nərimanov xilas edib. Nərimanov Leninə məktub yazaraq, hər iki zabitin müdafiəsinə şəxsən qol qoyub.

Şıxlinskinin qəhrəmanlığı və peşəkarlığı haqqında tanınmış hərbi tarixçi Yevgeni Barsukov yüksək fikirlər söyləyib. Rusiyada və Azərbaycanda Əliağa Şıxlinski haqqında sənədli filmlər çəkilib. O, Aleksandr Stepanovun "Port-Artur" hərbi romanında da əsas personajlardan biridir. Bu gün Şıxlinskinin qeyri-adi tərcümeyi-halını oxuyan zaman insanda elə təəssürat yaranır ki, bu igid, ağıllı insanı qəhrəmanlıqlar göstərməsi üçün tale özü qoruyub.

Şıxlinski 1943-cü il avqustun 18-də dünyasını dəyişib.



MƏSLƏHƏT GÖR:

646