24 Noyabr 2024

Bazar, 19:02

SƏNAYE SIÇRAYIŞI

Son on ildə Azərbaycan regionun əsas iqtisadi mərkəzinə çevrilib

Müəllif:

06.01.2015

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Sənaye ili" adlandırılan və artıq sona çatan 2014-cü ilin nəticələrinə baxanda hökumət tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun modernləşdirmə və diversifikasiya üzrə həyata keçirilmiş tədbirlərin uğurunu qeyd etmək olar. Bu kurs xüsusi ilə ölkənin regionlarında müxtəlifyönümlü infrastruktur və sənaye bazasını formalaşdıran son on ilin səmərəli sosial-iqtisadi dəyişikliklərinin məntiqi davamı oldu. Son bir neçə il ərzində həyata keçirilən yeni sənayeləşdirmə strategiyası isə artıq 2020-ci ilə qədər sənayenin tərəqqisini keyfiyyətcə yeni səviyyəyə qaldırmalıdır.

"Ötən on il ərzində Azərbaycan iqtisadiyyatının həcmi üç dəfə artıb: dünyada az sayda ölkələr var ki, kifayət qədər kiçik müddət ərzində bu qədər yüksək artımına imza atmağı bacara bilir, - deyə baş nazirin müavini Əli Əhmədov ötən il dekabrın sonunda keçirilən "İnkişafın 10 ili: 2004-2014" konfransında bildirib. - Mən ölkəmizin sənaye sıçrayışını tam əminliklə XXI əsrin ilk onilliyinin iqtisadi möcüzəsi adlandırıram".

Son on ildə həyata keçirilən sənaye layihələrinin həcmi, həqiqətən də, təsiredicidir. Dövlət sərmayə proqramı vasitəsi ilə dəstək alan layihələr ölkənin ənənəvi sahələrinə ikinci nəfəs verdilər - aqrar sənayesi, neft-kimya sənayesi, əlvan metallurgiya, maşınqayırma, tikinti materiallarının istehsalı, mövcud olan istehsalatın modernləşdirilməsi və təkmilləşdirilməsi. Bu müddət ərzində ölkədə ənənəvi sahələrin genişləndirilməsi ilə bərabər bir sıra yeni sahələr də formalaşdırılıb.

"İlk milli rabitə peykinin buraxılması ilə kosmik sənayenin formalaşmasına start verilib və hazırda bu proses aktiv şəkildə davam edir, yeni peyklərin buraxılmasına hazırlıq gedir, - deyə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. - Kifayət qədər dinamik şəkildə müdafiə sənayesi, alternativ energetika və enerjiyə qənaət edən texnologiyaların istehsalında istifadə olunan müəssisələr də inkişaf edir. Gəmiqayırma zavodunun istismara verilməsi ilə bizim sənaye kompleksimiz tamamilə yeni və ixracın artırılması üçün kifayət qədər perspektiv komponent əldə edib".

Son bir neçə ildə müasir texnologiyalar əsasında yaradılan və ixrac əvəzləməsini nəzərəçarpacaq dərəcədə artıran yüzlərlə iri sənaye müəssisələri açılıb. Müqayisə üçün - əgər on il bundan əvvəl ÜDM-in strukturunda qeyri-neft sektorunun payı 37% idisə, bu gün bu rəqəm 60% təşkil edir. Və bu müsbət dinamika yerli ixracatda yüksək əlavə dəyərə malik məhsulunun xüsusi çəkisini nəzərəçarpacaq dərəcədə artırmaqla, keyfiyyətli dərəcədə bütün iqtisadiyyatın strukturunu dəyişdi. 

Nəzərdən keçirilən islahatlar mərhələsinin ölkənin iqtisadi sıçrayışı üçün əhəmiyyətini - müstəqillik zamanı ölkənin iqtisadiyyatına yatırılan sərmayələrin 200 mlrd. dollardan, təqribən, 90%-nin son bir neçə on ilə düşməsi faktı təsdiqləyir. Kiçik və orta sahibkarlıq sahəsi də daim diqqətdə qalıb: 2004-2014-cü illərdə təxminən 25 min kiçik və orta sahibkarlıq subyekti 1,5 mlrd. manat həcmində güzəştli kredit alıblar. Bu kontekstdə təəccüblü deyil ki, artıq altıncı ildir dalbadal davam edən böhran proseslərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı olaraq inkişaf edir. Bundan əlavə, 2004-cü ildə respublikaya Cənubi Qafqaz iqtisadiyyatının, təxminən, yarısı düşürdüsə, bu gün ölkənin payı 78%-dən artıqdır. Bununla bərabər, yaradılan "Azərbaycan 2020: gələcəyə baxış" ortamüddətli inkişaf konsepsiyasında qeyri-neft iqtisadiyyatının intensiv inkişafının yeni strateji kursu müəyyənləşdirilib. Xüsusi ilə, ÜDM-in ümumi strukturunda qeyri-neft istehsalatının payı 80%-ə yaxınlaşmalıdır, yəni qeyri-xammal istehsalatı yaxın 5 il ərzində ÜDM-in həcmin ikiqat artırılmasında mühüm rolunu oynamalıdır. Bu müddətə Azərbaycan Dünya Bankının təsnifatı üzrə "yüksək ortagəlirli", BMT-nin təsnifatına görə isə "yüksək insan inkişafı səviyyəli" ölkələr qruplarında yüksək sıralara qalxmağı planlaşdırır.

Azərbaycan hökumətinin yaxın perspektivdə sənaye siyasətinin mexanizmləri və taktikası nədən ibarətdir?

"Müasir dövlətlərin sənaye siyasətinin əsas təməlləri rəqabətə dözümlülük, elmitutumlu istehsalat, texnoloji effektivlik və ekoloji təhlükəsizlik prinsipləri üzərində qurulur, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. - Çoxsaylı infrastruktur layihələri, iqtisadiyyatın diversifikasiyası və makroiqtisadi stabilliyin təminatı üzrə səylər, həmçinin özəl sahibkarlığa və sərmayə fəallığına dövlət dəstəyi ölkəmizdə müasir sənaye bazasının formalaşması üçün təsirli alətlərə çevrilib. İndiki mərhələdə dövlətin əsas prioriteti qismində yeni sənayeləşdirmə və qeyri-neft ixracının artırılması göstərilib".

Bu məqsədə çatmaq üçün ölkədə istehsalat güclərinin prinsipial olaraq yeni konsentrasiya mexanizmləri tətbiq olunur: bir neçə müxtəlif profilli sənaye parkları və biznes-inkubatorları formalaşıb və onların qarşısına müxtəlif məqsədlər qoyulub. Belə ki, texnoparklar ilk növbədə iri zavodların və fabriklərin lokallaşdırılması, həmçinin xarici bazarlara məhsulların tədarük edilməsi məqsədilə kütləvi istehsalatın yaradılması üçün nəzərdə tutulub. Texnoparklar hökumətin sənaye siyasətinin əsas elementinə çevriliblər: son illərdə aktiv olaraq Sumqayt və Balaxanı sənaye parkları fəaliyyət göstərir, həmçinin Yüksək texnologiyalar parkı və Kimyəvi texnopark yaradılır. Təsadüfi deyil ki, "Sənaye ili"nin keçirilməsi üzrə tədbirlər planında Gəncədə və Mingəçevirdə yeni sənaye parklarının yaradılması da nəzərdə tutulurdu.

Biznes-inkubatorların məqsədi bir qədər fərqlidir. Burada İKT sektoru və internet-xidməti sahəsinin inkişafı üçün layihələri sınamaq və azseriyalı elmtutumlu istehsalat və tətbiqi araşdırmaların yaradılması nəzərdə tutulur. Bu yaxınlarda isə ölkədə sənaye triadasının növbəti komponentinin formalaşmasına başlanılıb - sənaye məhəllələrinin yaradılması. Texnoparklardan və biznes-inkubatorlardan fərqli olaraq, onlarda kiçik və orta sahibkarlığın istehsalat və servis strukturların lokallaşdırılması planlaşdırılır. Söhbət təmir və servis xidmətləri ilə məşğul olan şirkətlər, eyni zamanda tikinti materialları istehsalı edən kiçik sexlər, mühəndis təşkilatları, kiçikseriyalı tikiş və ayaqqabı istehsalı və s.-dən gedir. Bu proses artıq başlayıb və ötən ilin oktyabr ayında sənaye məhəllələrinin yaradılması barədə dövlət başçısının sərəncamı imzalanıb. Onlardan biri Neftçala rayonunda yaradılması nəzərdə tutulur. 

İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri tərəfindən yaradılan Azərbaycanın sənaye inkişafının ortamüddətli strategiyasında qabaqcıl xarici təcrübə nəzərə alınıb. Xüsusi ilə Yeni Zelandiyada tətbiq olunan biznes-strukturların və sərmayədarların hüquqlarının qorunması praktikası, Honkonqun tikintiyə icazələrin verilməsi sahəsində təcrübəsi, İslandiyanın elektrik şəbəkəyə qoşulması sahəsində təcrübəsi, Gürcüstanın mülkiyyət hüquqlarının qeydə alınmasında təcrübəsi, Malayziyanın kreditlərin verilməsi məsələsində təcrübəsi, Sinqapurun ixrac-idxal əməliyyatlarında təcrübəsi, Yaponiyanın müəssisələrin bağlanılması məsələsində təcrübəsi diqqət mərkəzindədir. 

Ayrıca diqqət Cənubi Koreyanın xüsusi iqtisadi zonaların, texnoparkların və effektiv elmi-istehsalat strukturlarının yaradılmasında zəngin təcrübəsinin öyrənilməsinə yönəlib. Koreya iqtisadiyyatının fərqi sənaye və bank komponentlərini özündə ehtiva edən şaquli şəkildə inteqrasiya olunmuş meqa-holdinqlərin formalaşması olub. Bu təcrübənin Azərbaycanda tətbiq edilməsi üçün əsaslar mövcuddur: holdinq çoxsahəli strukturlar artıq bir neçə ildir ki, ölkənin iqtisadi landşaftın əsas elementi sayılır. Əmin olmaq olar ki, yeni sənayeləşdirmə proqramının həyata keçirilməsi sərmayələri və nou-haunu ölkənin qeyri-neft sektoruna yatırılmasına kömək edəcək və bununla da, rəqabətə davamlı və ixraca yönəlmiş iqtisadiyyat formalaşacaq.

Nazirliklər və idarələrin nəzəri işləri, həmçinin son illərdə müasir sənayenin inkişafı üzrə qazanılmış təcrübə geniş sənəddə öz əksini tapıb. Sənəd yaxın 6 il üçün ölkənin sənayeləşdirilməsi məqsədilə konkret tədbirləri özündə əks etdirir. Söhbət ötən ilin son günlərində ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"ndan gedir.

Dövlət proqramının bir sıra əsas maddələri effektiv normativ mexanizmlərin hazırlanmasını, yeni biznes fəaliyyəti formalarının inkişafını nəzərdə tutur. Məsələn, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi digər nazirlik və qurumlarla birlikdə bu il ərzində sənaye sahəsində investisiyaların təşviqi mexanizmini və müvafiq qanun layihəsini hazırlamalıdır. Sənaye sahəsini tənzimləyən mövcud qanunvericiliyin təkmilləşdirilməsinə yönələn təkliflər də hazırlanmalı, sənaye kvartalları yaradılması və fəaliyyətini tənzimləyəcək qanun layihəsi işlənməlidir. 2015-ci ildə ətraf mühitə zərər vuran sənaye obyektlərinə nəzarətin gücləndirilməsinə yönəlmiş qanunlara dəyişikliklərin hazırlanması da nəzərdə tutulub. Bundan başqa, yerli brendlərin yaradılması, bazarlarda onların irəli çəkilməsi, milli ixtiraların dəstəklənməsi və patent hüquqlarının qorunması üçün kompleks tədbirlər işlənib hazırlanmalıdır. Qarşıdakı 6 ildə korporativ idarəçilik standartlarının tətbiqi genişləndiriləcək, sənayenin müxtəlif sahələrində assosiasiyalar formalaşdırılacaq. Bu il ərzində sənaye avadanlıqları və texnikasının lizinqinin təşviqi üzrə təkliflər də hazırlanmalıdır.

Dövlət proqramına əsasən, 2015-ci ildə sənayenin inkişafı üzrə təkliflər paketi işlənməlidir: buraya yerli xammallarla işləyən yeni müəssisələrin start up-layihələrinə dəstək, enerji baxımından qənaətedici və ekoloji baxımdan təmiz texnologiyaların tətbiqi, həmçinin neft maşınqayırması üzrə təkliflər daxildir. Eyni zamanda yüksək texnologiyalar müəssisələrinin effektiv fəaliyyətinin təmini üçün məhsuldarlığın artırılması, kadrların ixtisas dərəcəsinin yüksəldilməsinə yönəlmiş bir sıra tədbirlər görüləcək.

Yeni dövlət proqramında sənaye infrastrukturunun inkişafı üçün bir sıra konkret addımların atılması da nəzərdə tutulur. Məsələn, 2019-cu ildə Gəncədə və Mingəçevirdə yeni texnoparklar işə salınacaq, 2015-2017-ci illərdə isə Sumqayıt kimya-sənayesi parkında və Balaxanı sənaye parkında infrastruktur işləri başa çatdırılmalıdır. 2015 və 2016-cı illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi infrastrukturun formalaşdırılması işini başa vurmalı, Yüksək texnologiyalar parkını istismara verməlidir. Ümumilikdə isə 2015-2020-ci illərdə ölkədə sənaye klasterləri yaradılmalı, sənaye kvartalları istismara verilməlidir.

Əminliklə demək olar ki, Dövlət proqramının bütün maddələrinin reallaşdırılması ölkənin qeyri-neft sektoruna investisiyaların və nou-haunun cəlbinə kömək edəcək, bununla da, ölkədə rəqabət qabiliyyətli, ixraca yönəlmiş iqtisadiyyat formalaşacaq.



MƏSLƏHƏT GÖR:

692