Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Ukrayna böhranı dünya enerji xəritəsinin yeni konturlarını cızır. Avropanın Rusiyanın qaz bazarında böyük üstünlüyündən xilas olmaq səyləri - yeni təzahür deyil. Moskvada da anlayırdılar ki, qaz sektorunun sabit inkişafı üçün yeni bazarlar lazımdır. Lakin şaxələndirmə istiqamətində atılan bu səylər Qərb və Rusiya qarşıdurmasında daha da gücləndi.
Moskva üçün alternativ bazar Cənub-Şərqi Asiyaya çıxmaqla, Çin ola bilərdi. Nəticədə, 2014-cü ilin may ayında Moskva və Pekin Çinə qazın tədarükünə dair müqavilə imzaladı. Müddəti 30 il təşkil edən müqaviləyə görə, Çin ildə 38 mlrd. kubmetr qaz idxal edəcək. Ümumilikdə, müqavilənin qüvvədə olduğu müddətdə Çinə ümumi dəyəri 400 mlrd. dollar məbləğində, təxminən, 1 trln. kubmetr qaz tədarük ediləcək. Qazın nəqli üçün Çinin şərq hissəsinə çıxmaqla, "Sila Sibiri" boru kəmərinin tikintisi nəzərdə tutulub. Resurs bazasının hazırlanması və boru kəmərinin tikintisi 55 mlrd. dollara başa çatacaq.
Bu müqavilənin şərtləri 10 ildən artıq müzakirə olunurdu və Rusiya ilə Qərbin münasibətlərinin kəskinləşdiyi dövrdə bu müqavilənin imzalanması, çətin ki, təsadüf idi. Bundan savayı, bir qədər sonra Rusiya və Çin birinci üçün daha üstün olan qərb marşrutu üzrə qazın tədarükünə dair memorandum imzaladı. Bununla da, Rusiya göstərmək istəyir ki, onun qazının alıcıları həmişə kifayət qədər olacaq, amma Avropa özünü qazla necə təchiz edəcək - bu, hələ böyük bir sual altındadır. Ona da diqqət yetirmək lazımdır ki, bu sənədlə istər özünə münasib qiymət ilə, istərsə də sərfəli marşrut üzrə müqavilə bağlayan Çin böyük fayda əldə etdi. Rusiya üçün isə bu müqavilə ancaq gələcəkdə dividendlər gətirə bilər - yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi planında.
Müqavilə əvvəllər qazın qiymətinə edilən endirim ləğvi ilə əlaqədar Moskva ilə Kiyevin qaz savaşının məhz ən qızğın dövründə imzalandı. Belə ki, həmin dönəmdə Rusiyanın Ukraynaya satdığı "mavi" yanacağın 1000 kubmetrinin qiyməti 268 dollardan 485 dollara yüksəldi. Ukraynanın yeni hökuməti qazın bu qiymətlə ödənişindən imtina etdi. Nəticədə isə bu borcun 3,2 milyard dollar həddindən (Kiyevin məlumatına görə) 5,3 milyard dollara (Moskvanın məlumatı) çatmasına gətirib çıxardı.
Nəticədə, "Qazprom" Ukraynanı öncədən ödəniş rejiminə keçirdi ki, bu da tədarükün tamamilə dayanmasına gətirib çıxardı. Lakin Kiyev 2014-cü ilin sonuna kimi, demək olar ki, Rusiyanın qazı olmadan keçinə bildi. Ölkə qazı Polşa, Slovakiya və Macarıstandan idxal edirdi. Bununla belə, Rusiya qaz nəhənginin Avropaya tranzit üzrə tədarük olunan qazdan Ukraynanın sanksiyalaşdırılmamış şəkildə götürəcəyi, daha sadə dillə desək, öz ehtiyacları üçün oğurlayacağına dair əndişələri heç cür özünü doğrultmadı. Daha doğrusu, Kiyev razılaşmanın bütün şərtlərini yerinə yetirən tranzitor qismində özünü göstərə bildi. Rusiya-Ukrayna qaz dilemması Moskvada iki ölkə lideri Vladimir Putin və Pyotr Poroşenkonun oktyabr görüşündən sonra həllini tapdı. Bu görüşdə Rusiya Ukraynaya qazın qiymətində 100 dollar endirim edərək, "mavi" yanacağın hər min kubmetrinə görə 385 min dollar istəyib. Həmçinin 4,5 mlrd. dollara düşən borc bu qiymətlə də hesablandı. Bununla bərabər, Kiyev ilin sonuna kimi bu borcun 3,1 mlrd. dollarını ödədi, qalan məbləğ isə Stokholm arbitraj məhkəməsinin təhqiqat predmeti olaraq qalır. Maraqlıdır ki, Kiyev qazı məhz dekabrda almağa başladı və kiçik həcmlərlə əldə edərək, göstərdi ki, qışı Rusiya qazı olmadan da keçirə bilər.
Rusiya-Ukrayna qaz mübahisəsinin tənzimlənməsində hamıdan daha çox maraqlı olan Avropa Birliyi qış qabağı, nəhayət ki, rahat nəfəs ala bildi. Digər tərəfdən Brüssel "Cənub axını" layihəsinin reallaşdırılmasını dayandırdı. Belə ki, bu layihə Bolqarıstana və Cənubi Avropanın digər ölkələrinə çıxmaqla, Qara dənizin dibi ilə qazın Avropaya çatdırılmasını nəzərdə tuturdu. Rusiya AB-yə birbaşa alternativ marşrut idi, halbuki Brüsseldə hesab edirdilər ki, qazın tədarük marşrutundan asılı olmayaraq, əsas tədarükçü Moskva olmalıdır. Deməli, tədarüklərin də diversifikasiyasına dair heç bir söz də ola bilməz. Nəticədə isə Brüssel "Qazprom"un artıq 5 mlrd. dollar yatırdığı layihənin işlərinin davam etdirilməsini Bolqarıstana qadağan etdi. Boru kəmərinin çəkilməsinin qadağan edilməsi üçün əsas üçüncü enerji layihəsi oldu. Bu layihəyə görə, qaz tədarükçüləri bu qazın tədarük olunduğu nəqliyyat infrastrukturunun ancaq 50%-nə sahib ola bilər. Nəticədə, Rusiya prezidenti Vladimir Putinin dekabrda Türkiyəyə səfəri çərçivəsində layihənin dayandırılması haqda açıqlama verdi.
Prinsipcə, "Cənub axını" ancaq bir məqsədi güdürdü - AB-yə qaz tranzitorları sırasından Ukraynanı çıxarmaq. Rusiya Almaniyaya çıxmaqla "Şimal axını" layihəsini artıq reallaşdırırdı. Bu da Ukrayna qaz-nəqliyyat sistemindən böyük həcmdə qaz apardı. "RusEnergy" informasiya-konsaltinq şirkətinin tərəfdaşı Mixail Krutixinin fikrincə, Rusiya hökuməti "Cənub axını"nın (Şimal axınını da) tikintisini "ancaq bir məqsədlə - Ukraynanı Moskvanın siyasi kursunu izləmək istəmədiyi üçün cəzalandırmaq" məqsədilə təşkil etmişdi. "Layihə Rusiyada ancaq bir qrup üçün kommersiya mənası daşıyırdı - o da tikinti podratçılarının. Mövcud güclər Avropada müqavilələrin həyata keçirilməsi üçün "Qazprom"a lazım olduğundan artıq iki dəfə çoxdur", - deyə M. Krutixin "R+"a bildirib.
Məlum olduğu kimi, Ukrayna qaz - nəqliyyat sisteminin (QNS) gücü ildə girişdə 288 mlrd. kubmetr və çıxışda 178 mlrd. kubmetr təşkil edir. Onun 140 milyardı Avropa ölkələrinə, daha doğrusu, "Qazprom"un 2014-cü ildə AB-yə ixrac etdiyi qədərdir. Lakin Rusiya təkidli şəkildə tranzit əməliyyatlarından Kiyevin kənar edilməsini nəzərdə tutan yeni layihələr irəli sürməklə, Ukraynanın mövcud güclərindən istifadə etmək istəmir. "Qazprom" 2019-cu ildən sonra, yəni qüvvədə olan nəqliyyat müqaviləsinin müddəti bitdikdən sonra, AB-yə qazın nəqlini hətta Ukraynanın QNS-i üzərindən dayandırmaqla hədələyir.
AB-nin "Cənub axını"ından imtina etməsindən sonra Rusiya boru kəmərini türk-yunan sərhədinə çıxmaqla Türkiyəyə çəkmək qərarına gəldi. Bu haqda Putinin Türkiyə səfəri zamanı da məlumat verilmişdi. Səfər çərçivəsində yunan sərhədinə çatdırılmaqla, Qara dənizin dibi ilə Türkiyə istiqamətində illik 63 milyard kubmetr ötürücülük gücünə malik olan qaz boru kəmərinin tikintisi ilə bağlı anlaşma memorandumu imzalanıb. Anlaşmaya əsasən, nəql olunacaq qazın 14 milyard kubmetri Türkiyə üçün nəzərdə tutulub, qalan həcm isə Avropaya tədarük olunmaq üçün planlaşdırılıb. Bununla bərabər, Rusiya AB-də qaz boruları tikmək niyyətində deyil. O, hesab edir ki, qazı Türkiyə-Yunanıstan sərhədində yaradılacaq xabdan maraqlı olan ölkələr özləri alacaqlar. Lakin M. Krutixin hesab edir ki, sərhəddə qazın satışı infrastrukturun yaradılmasına çəkilən xərcləri ödəməyəcək. Qaz borusunu Avropaya daşımaq cəhdləri isə yenidən üçüncü enerji paketinə uyğun məsələ olacaq. Bir növ Çinlə qaz müqaviləsində olduğu kimi, "Türkiyə axını" ilə variant Ankaraya daha çox üstünlük verir. Türkiyə, qarşıdakı illərdə Azərbaycandan, gələcəkdə isə Türkmənistan, İraq və İrandan qazın tədarükünü nəzərə alaraq, böyük qaz xabına çevrilmək şansı əldə edir. Və bu şərtlərdə məhz Türkiyə istər istehlakçılara, istərsə də qaz tədarükçülərinə öz şərtlərini diqtə edə bilər.
Hərçənd Rusiya və Türkiyənin razılaşması Azərbaycan qazının Avropaya tədarük layihələrinin reallaşdırılması ilə bağlı Azərbaycanda bəzi mütəxəssislərin narahatlığına səbəb olsa da, bunu çox ciddi qəbul etməyə dəyməz. Rusiya ilə Qərb arasında siyasi ziddiyyətlərin dərinləşdiyi şəraitdə müqavilələrin razılaşdırılması, "Türkiyə axını"nın tikintisi və buraxılması çox vaxt apara bilər. Türkiyə əlavə bonuslar üçün cari vəziyyətdən maksimum istifadə edəcək.
Bir sıra Rusiya şirkətləri və banklarına qarşı maliyyə sanksiyaları tətbiqinin nəzərə alınması ilə bu proses daha da dərinləşəcək. Bu da onların uzunmüddətli kreditlərə çıxışını məhdudlaşdırır. Axı, "Qazprom" Çinə qaz tədarükü üçün "Sila Sibiri" boru kəmərini də tikməlidir. Bundan başqa, Türkiyə Moskva ilə yeni qaz kəmərinə dair danışıqlardan dərhal sonra, Trans-Anadolu qaz kəmərinin (TANAP) prioritet statusu haqda da açıqlama verdi.
Bu mərhələdə Avropa bazarlarına daha böyük çıxış imkanına Azərbaycan qazı malikdir. Çünki cari ildə Cənub Qaz Dəhlizi üzrə tikinti işlərinə start veriləcək. TANAP və Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı tələb olunan sazişlər imzalanıb. TANAP-ın tikintisinin podratçıları və Avropada qazın alıcıları müəyyənləşdirilib.
2014-cü ilin sentyabrında Bakıda Cənub Qaz Dəhlizinin (CQD) bünövrəsi qoyulub, CQD üçün əsas mənbə olan "Şahdəniz" yatağının işlənməsinin Mərhələ-2 üzrə işləri sürətlə davam edir. Bütün proses qazın Avropaya nəqlinin 2019 - 2020-ci illərdə başlanmasına yönəlib.
Avropada Azərbaycan qazının vacibliyini anlayırlar. Təsadüfi deyil ki, "Cənub axını"nın bağlanılmasından sonra Aİ Azərbaycana TANAP-ın güclərinin genişləndirilməsi ilə əlaqədar müraciət edib. Düzdür, Azərbaycanın energetika naziri Natiq Əliyevin fikrincə, bunun üçün resurs bazası lazımdır. Çünki TANAP-ın birinci mərhələdə planlaşdırılan ötürmə gücü "Şahdəniz" yatağının işlənməsinin Mərhələ-2 çərçivəsində qazın nəqlinə hesablanıb.
"Qazın həcmi çox olarsa, SOCAR öz hasilatını artırsa, bir neçə il ərzində ildə 5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılan "Abşeron" yatağının işlənməsinə başlanılsa və imzalandığı sazişlər üzrə yeni layihələr həyata keçirilsə, o zaman qaz kəmərinin ötürmə gücünün genişləndirilməsi barədə danışmıq olar", - deyə o, qeyd edib.
N. Əliyev vurğulayıb ki, TANAP-ın genişləndirilməsi ilə bağlı planlar var: "Gələcəkdə bu kəmərin gücünün artırılması mərhələli şəkildə əlavə kompressor stansiyaların və digər infrastrukturun tikintisi ilə ildə 23-24 mlrd. kubmetr, sonradan isə ildə 31 mlrd. kubmetrədək çatdırmaq mümkün olacaq. Bəzi məlumatlara görə, biz TANAP-ın gücünü ildə 65 mlrd. kubmetrə qədər artıra bilərik. Lakin tək bir istək kifayət deyil, bu qərarlar üçün qaz resursları da lazımdır".
Bununla bərabər, Azərbaycanın Avropanın qaz bazarına daha bir marşrutu var - AGRİ layihəsi (Azerbaijan - Georgia - Romanian Interconnector). 2010-2011-ci illərdə nəzərdə tutulan layihə uzun müddət kölgədə qaldı, çünki əsas diqqət TANAP-a yönəlmişdi. Lakin dekabrın ortasında ("Cənub axını"nın bağlanmasından və "Türkiyə axını"n elan olunmasından sonra) məlum olub ki, Britaniyanın "Penspen" mühəndis şirkəti AGRİ səhmdarlarına layihənin yekun texniki-iqtisadi əsasnaməsini təqdim edib. Onun SOCAR və Gürcüstanın neft və qaz korporasiyasının, Macarıstanın "MVM" və Rumıniyanın "Romgaz" da daxil olduğu səhmdarların ümumi toplantısında baxılması 2015-ci ilin yanvar-fevral ayında gözlənilir.
AGRİ layihəsi Azərbaycan qazının qaz kəmərləri vasitəsi ilə Gürcüstanın Qara dəniz sahilinə çatdırılmasını və orada xüsusi terminalda mayeləşdirilməsini nəzərdə tutur. Sonradan maye qaz tankerlərlə Rumıniyanın Konstansa limanına tədarük ediləcək və qazaoxşar vəziyyətə çatdırılacaq, sonra Avropa qaz boru şəbəkəsinə salınacaq. Hər il AGRİ çərçivəsində 8 mlrd. kubmetr maye qaz ixrac olunacaq.
AGRİ layihəsinin canlanması mübarizənin bu kifayət qədər gərgin şərtlərində Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün qazın yeni mənbələrinin axtarılması ilə bağlı işlərin başlanması yolunda yeni təkan ola bilər.
Bu arada, Avropa ölkələrinin özləri yeni birləşdirici qaz kəmərlərinin layihələndirilməsi istiqamətində səyləri nəzərəçarpacaq dərəcədə artırıblar. Xüsusilə Yunanıstan, Rumıniya və Bolqarıstan ildə 3-5 milyard kubmetrin "şaquli qaz dəhlizini" tikməyi planlaşdırırlar. Bunun üçün mənbələrdən biri TAP qaz kəmərindən olan Azərbaycan qazı olacaq.
Yəni Avropa qaz bazarında Azərbaycanın rolu daha da artacaq. Bundan əlavə, məhz Azərbaycan Türkmənistan, gələcəkdə isə Orta Asiya qazının Avropaya tranzitini təmin edə bilər. Düzdür, bunun üçün əvvəlcə Transxəzər qaz kəmərinin tikintisi məsələni həll etmək lazımdır.
Bu istiqamətdə də Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Həştərxanda baş tutan Xəzəryanı dövlətlərin sammitində etdiyi bəyanatını xatırlamaq olar.
O, bildirib ki, Transxəzər boru kəmərlərin tikintisi onun ərazisi üzərindən keçdiyi dövlətlərin suveren haqqıdır və buna görə də yalnız onların razılığı ilə həyata keçə bilər.
Yeri gəlmişkən, "Statoil" payını alan Malayziyanın "Petronas" şirkətinin "Şahdəniz" layihəsinə daxil olması təsadüfi deyil. Malayziyalı şirkət Xəzərin Türkmənistan sektorunun ən fəal operatorlardan biridir. Ümumilikdə, ötən ilin nəticələri əsas oyunçuların energetika strategiyasında çoxlu suallar doğurur. Bir çox proseslər daha da qlobal miqyasları əhatə edən Rusiya ilə Qərbin qarşıdurmasından asılıdır. Ona görə də, burada əsas məsələ enerji resurslarının bazarında siyasi proseslərin konyunkturundan asılı olmayan yerini tutmasıdır.
Bu mənada Azərbaycanın mövqeyi daha möhkəmdir - ölkə müvafiq mərhələdə Avropaya enerji tədarükünün diversifikasiyasının əsas mənbəyi sayılır. Yaradılan Cənub Qaz Dəhlizi infrastrukturu gələcək bir neçə illərdə İran, İraq, Orta Asiya, Yaxın Şərq də daxil olmaqla, digər perspektivli hasilat regionlarından qazın nəqli üçün də istifadə oluna bilər.
MƏSLƏHƏT GÖR: