
DÖYÜŞ MEYDANI - UKRAYNA
Böhranın əsas səbəblərindən biri də dünyada nüfuz dairəsinin bölüşdürülməsidir
Müəllif: İrina XALTURİNA Bakı
Ötən ilin əsas geosiyasi hadisəsi Ukraynada yaşandı. 2013-cü ilin sonunda keçirilən "Şərq tərəfdaşlığı" sammitində Kiyevin Avropa İttifaqı ilə Assosiativ üzvlük haqda sazişi imzalamaqdan imtinası və bunun ardınca baş qaldıran Avromaydan hərəkatı nəinki Ukraynada, ümumiyyətlə, beynəlxalq arenada növbəti 12 ay üçün həlledici oldu.
Labüd dəyişiklik
İndi Kiyevdə bir il əvvəl baş vermiş hadisələri dəhşətli döyüş filminin səhnələri kimi xatırlayırlar. Məşhur Azadlıq meydanında keçirilən aksiyalar güc strukturları ilə toqquşmalara çevrildikdə və qan axıdıldıqda məlum oldu ki, Ukrayna növbəti labüd dəyişikliklər astanasındadır. Fevralın sonlarında prezident Viktor Yanukoviç ölkədən qaçdı, hakimiyyət müvəqqəti hökumətin əlinə keçdi, müvəqqəti hökumət isə artıq martın 21-də Aİ ilə Assosiativ sazişin siyasi hissəsini imzaladı. Yeni dövlət başçısı mayın 25-də seçildi. Bu, hər kəsi qane edən fiqur - Pyotr Poroşenkodur. Lakin o dönəmdə artıq əsas hadisələr heç də Kiyevdə cərəyan etmirdi.
Rusiyanın dəstəyilə referendum keçirən Krım yarımadası səsvermənin nəticələrinə əsasən, Ukraynadan ayrılaraq Rusiyaya birləşdi. Bu, Qərbin ciddi qəzəbinə səbəb oldu. Amma fakt odur ki, Avropanın xəritəsi beynəlxalq hüquqa zidd olaraq, yenidən dəyişikliyə məruz qaldı. Ümumilikdə isə olaylar nisbətən sakit şəraitdə baş verdi. Bu, iki şeydən xəbər verirdi: ya Qərb hadisələrin bu cür inkişaf edəcəyinə hazır idi, ya da Krım digər hədəflərə çatmaq üçün "qurban verildi". Hər halda, ABŞ və Aİ Ukraynanın ərazi bütövlüyünə dəstək olduqlarını yalnız Rusiyaya sanksiyalar tətbiq etməklə göstərdilər. Doğrudur, il ərzində Ukraynanın cənub-şərqində müharibə şiddətləndikcə, Moskvaya qarşı cəza sanksiyaları da sərtləşdirildi. Hərbi əməliyyatlar isə artıq ağır silahlardan və aviasiyadan istifadə ilə həyata keçirilirdi. Bu, həmin regionlarda separatçı əhvalın yüksəlməsindən, qiyamçıların Donetsk və Luqansk "xalq respublikaları" elan etmələrindən sonra baş verdi. BMT-nin məlumatına görə, ötən il dekabrın ortalarınadək Ukraynanın şərqindəki münaqişə 4,7 min insanın həyatına son qoyub, 10,3 min nəfər yaralanıb. Ölənlərin və yaralananların arasında çox sayda dinc əhali, o cümlədən qadınlar və uşaqlar da var. Münaqişə nəticəsində bir çox infrastruktur obyektləri dağılıb, yaşayış evləri yerlə-yeksan olub, bölgədə ağır humanitar vəziyyət yaranıb. Ötən dövr ərzində sentyabrda Minskdə keçirilən görüş zamanı razılaşdırılmış sülh nizamlanması planı tez-tez pozulur, nəticədə, yeni insan tələfatları olur, dağıntılar baş verirdi.
İyulda "Malaysia Airlines" şirkətinə məxsus "Boeing 777" təyyarəsinin Ukrayna səmasında vurulması vəziyyəti daha da gərginləşdirdi. Amsterdamdan Kuala-Lumpura uçan təyyarə Donetskin 50 kilometrliyində vuruldu və nəticədə, 298 nəfər həlak oldu. Təyyarənin raketlə vurulduğu bildirilirdi. Lakin onun kimlər tərəfindən vurulduğu hələ də müəmma olaraq qalır. Qərb dövlətləri "İhuştp"in tanınmamış DXR və LXR tərəfindən vuruşan yaraqlılar tərəfindən vurulduğunu düşündüklərindən, hadisədən bir müddət sonra Rusiyaya qarşı sanksiyaları daha da ağırlaşdırdılar. Moskva və qiyamçılar isə hadisəyə görə Kiyevi təqsirləndirir.
Bir sıra sanksiyalar və sentyabrda neftin qiymətinin kəskin şəkildə ucuzlaşması 2014-cü ilin sonunda Rusiya iqtisadiyyatını kifayət qədər ağır duruma saldı. Rusiya şirkətləri və bankları Qərbin sanksiyaları ilə üzləşdi, hərbi əməkdaşlıq dayandırıldı, texnologiyalar və neft-qaz sahəsində mübadilə donduruldu, kosmik və digər sahələrdə də əməkdaşlığa son qoyuldu. Qışın ilk ayı Rusiya rublu üçün əsl "qara ay" oldu - rubl dəyərini, təxminən, 2 dəfə itirdi. Ölkədə dərhal qiymətlər qalxdı və əhali arasında təşviş başladı. Bununla yanaşı, ölkədə işsizlərin sayı sürətlə çoxalmağa başladı, əməkhaqlarının ödənməsində fasilələr yarandı. Eyni zamanda Rusiya siyasi təcrid durumuna da düşdü - o, "Böyük səkkizlik"dən kənarlaşdırıldı, "Böyük iyirmiliyin"in Avstraliyadakı sammitində isə prezident Vladimir Putin son dərəcə soyuq qarşılandı. Bütün bunlar Rusiyanın 2014-cü ildə Soçidə təşkil etdiyi və nəhəng pullar xərclədiyi Olimpiada sayəsində qazandığı imici yox etdi.
İqtisadi böhran hüquqi baxımdan fəaliyyətə yalnız 2015-ci il yanvarın 1-dən başlamış Avrasiya İqtisadi İttifaqına (Aİİ) da mənfi təsirini göstərir. Rublun dəyərdən düşməsi Kremlin ən sadiq müttəfiqlərindən olan Belarusu da əməlli-başlı qorxutdu. Bununla yanaşı, Aİİ-yə qoşulmağa hazırlaşan Qazaxıstandan da şübhəli fikirlər eşidilməyə başladı. Üstəlik, Rusiyadakı böhran bu ölkəyə əsasən Mərkəzi Asiyadan axışan milyonlarla qastarbayterə də təsirsiz ötüşə bilməzdi.
Rusiya hökumətinə gəlincə, Qərbin bu addımlarına cavab olaraq, Moskva avqustda Avropanın bir sıra ölkələrindən ət məhsulları və meyvə-tərəvəz idxalına qadağa qoydu. Bununla yanaşı, Rusiya "Cənub axını" qaz kəməri layihəsindən imtina etdi, Çin, Hindistan və Türkiyə ilə karbohidrogenlərin tədarükü üzrə dəyəri milyardlarla ölçülən razılaşmalar imzaladı. İndi yeni ilin əsas suallarından biri budur: indiki şəraitdə qarşılıqlı iqtisadi maraqlar geosiyasi fikir ayrılıqlarını aradan qaldıra biləcəkmi?
Ukrayna böhranı isə həldən çox uzaqdır. Problemin həlli üçün Minskə toplaşan elçilər kukla teatrının personajlarını xatırladırlar. Çünki kimlərin münaqişə tərəfləri olduğu, eyni zamanda münaqişənin səbəbi hələ də tam aydın deyil.
Münaqişə tərəfləri
Bütün bunlardan sonra kimləri münaqişə tərəfləri saya bilərik? Bir tərəfdə Ukraynanın mərkəzində və qərbində yaşayan əhali, digər tərəfdə cənub-şərqində yaşayan insanlar? Dinc sakinlər, həqiqətənmi, bir-birlərinə qarşı düşmən mövqeyindədirlər? Məsələn, Kiyevin əksər sakinləri bütün yayı adi həyatlarını yaşayıb, hətta hərbi əməliyyatlara fikir belə, verməyiblər. Onda, bəlkə, münaqişə tərəfləri Ukrayna hərbçilərilə "separatçı qiyamçılar"dır? Yoxsa, əslində, söhbət Rusiyanın ABŞ və Aİ ilə yaşadığı münaqişədən gedir? Bəlkə, bu münaqişədə hamı hamıya qarşıdır? Avropanın daxilində və Brüssellə Vaşinqton arasındakı problemləri, həmçinin Moskva ilə Minskin bəyanatlarının nə qədər "mehriban qonşuluğa" uyğun olduğunu nəzərə alsaq, məhz belə təəssürat yaranır. Üstəlik, bir sıra ekspertlər Rusiya ilə ABŞ arasındakı geosiyasi mübarizədən ərəb neft monarxiyalarının yararlanmağa çalışdıqlarını düşünürlər. Onlar ABŞ-ın şist nefti yataqlarının miqyaslı şəkildə işlənməsi planından heç də məmnun deyillər.
Ukrayna böhranının təzadlı xarakterini göstərən daha bir amil: Qərbin sanksiyaları, əlbəttə ki, Moskvanı ciddi şəkildə zəiflədir, amma onlar Kiyevə heç bir şəkildə kömək etmirlər. Ukrayna yeni ilə yalnız qərbpərəst deputatların çoxluq təşkil etdikləri yeni parlamentdə, 3 əcnəbinin də yer aldığı unikal Nazirlər Kabinetilə deyil, həm də artan problemlərlə qədəm qoydu. Bu problemlərin həlli yolları isə hələ məlum deyil.
Rusiyaya gəlincə, Qərb KİV-də (National Interest: "Geosiyasi dəhşət. Rusiya batsa, heppi-end olmayacaq"; The Financial Times: "Əgər hadisələrə Putinin paralel kainat prizmasından baxılsa, böhran o qədər də kədərli görünməz") qəflətən fərqli fikirlər meydana çıxmağa başlayıb. Qərb mətbuatı Rusiyanın vaxtilə tamamilə təcrid duruma salınmış SSRİ olmadığını, Rusiyada yaşanacaq iqtisadi fəlakətin Aİ üçün də ciddi problemlər yarada biləcəyini yazır.
Münaqişənin səbəbləri
Göründüyü kimi, Ukrayna böhranının daxili səbəblər prizmasından təhlili heç bir tənqidə dözmür. Bu səbəbdən, ona daha geniş anlamda, daha konkret desək, Rusiya ilə Qərb arasındakı münaqişə kimi yanaşırlar. Belə olan təqdirdə, bütün daxili səbəblər (ukraynalıların hakimiyyətdən narazılığı və s.) süni, təxribat məqsədilə yaradılmış təsir bağışlayır. Ölkənin özü isə təəssüf ki, nüfuz dairəsi uğrunda döyüşə meydan olub. Rusiya bu regionu, sanki, öz ərazisinin strateji davamı sayır. Moskva hesab edir ki, onun qlobal gücünü bərpa etməsi, Qərbin qarşısında dayana bilməsi üçün bu region çox vacibdir. Çünki əks təqdirdə Qərb Rusiyanın sərhədlərinə çox yaxınlaşacaq. Halbuki Moskva Amerikanın Polşa və Çexiyada Hava Hücumundan Müdafiə (HHM) sistemləri yerləşdirməsinə etiraz edirdi. Amma indi bu sistemlər Rusiyaya daha yaxın ərazidə - Ukraynada peyda ola bilər. Birləşmiş Ştatlar üçün isə Ukrayna əlverişli meydandır. O, Ukraynada "yerləşməklə" qonşu Moldovada özünə qarşı əlverişli əhvali-ruhiyyə yarada, müttəfiqləri olan Baltikyanı dövlətlərə və Gürcüstana dəstək verə, üstəlik, Belarusu "qərbləşdirə" bilər.
Hər halda, dekabrın sonlarında Ukrayna bloklara qoşulmama statusundan imtina edib və Rusiyanın baş naziri Dmitri Medvedevin fikrincə, bu, əslində, Kiyevin NATO-ya qoşulması üçün ərizə yazmasına bərabərdir. Medvedev hesab edir ki, Kiyevin bu qərarı onu Rusiyanın potensial hərbi düşməninə çevirir. Amma Şimali Atlantika Alyansının tamhüquqlu üzvü olmaq üçün Kiyev ərazi mübahisələrini həll etməlidir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq də Norveç televiziyasına müsahibəsində təsdiqləyib. Bu baxımdan, Ukraynanın cənub-şərqindəki münaqişə Moskvanın əlində kifayət qədər sərfəli kozıra bənzəyir. Odur ki, münaqişə zonası olan "DXR" və "LXR", əslində, heç bir tərəfə məxsus deyil - formal olaraq Ukrayna ərazisi olsa da, oraya faktiki nəzarəti Rusiya həyata keçirir. Bu, sanki, Ukraynanın Dnestryanı bölgəsidir. İstənilən anda yenidən "qaynar nöqtə"yə çevrilə biləcək bu "neytral zolaq" vəziyyətə təsir göstərmək üçün son dərəcə rahat rıçaqdır.
Ukraynanın Rusiya üçün iqtisadi əhəmiyyətini izah etmək, yəqin ki, artıq olardı. Amma o, Aİ iqtisadiyyatı üçün də böyük önəm daşıyır. Ukrayna Aİ üçün ən azı satış bazarıdır. Bundan başqa, Ukrayna son dərəcə geniş şumluq ərazilərə, vacib sənaye və infrastruktur obyektlərinə, faydalı qazıntılara malikdir. Sonuncuya, misal kimi, Donbass kömürünü göstərmək olar. Bununla yanaşı, Ukraynanın ciddi həcmdə şist qazı ehtiyatına malik olduğu da bildirilir (qiyamçı ərazilərdə). Odur ki, Rusiya və ABŞ-ın Ukraynada öz geosiyasi maraqları uğrunda mübarizə aparmaları təəccüblü deyil. Bunu hər iki ölkənin lideri də təsdiqləyib. Məsələn, ABŞ prezidenti Barak Obama STT-ə dekabrda verdiyi müsahibədə rusiyalı həmkarının "rus valyutasının kollapsı, ciddi maliyyə böhranı və iqtisadiyyatda ciddi geriləmələrlə üz-üzə qaldığını" deyib və bu üzdən Putinin "ona və ABŞ-a qalib gəlmiş şəxsə bənzəmədiyini" söyləyib. Putin isə keçirdiyi geniş mətbuat konfransında antirusiya sanksiyalarını Rusiyada hakim rejimin dəyişdirilməsinə cəhd kimi qiymətləndirdiyinə eyham vurub. O, hesab edir ki, bütün bu sanksiyalar rus ayısının "dırnaqlarını və dişlərini qoparmağa" və bununla da, onu "itaətə məcbur etməyə" yönəlib.
Amma baş verənlərə fərqli yanaşma da var. Bu versiyaya görə, Rusiya ilə Qərb arasındakı qarşıdurma daha geniş xarakterə malikdir və Ukrayna burada səbəb yox, elementlərdən biridir. Digər elementlər kimi isə Gürcüstanı, İranı, "ərəb baharı" hadisələrini, daha konkret desək, Suriyanı göstərmək olar. Bir çoxları hesab edir ki, "ərəb baharı"nın bütün qüvvəsilə hiss olunduğu Suriyada prezident Bəşər Əsədin Hüsnü Mübarək və ya Müəmmar Qəddafinin taleyini yaşamaması, hələ də hakimiyyət başında qala bilməsi məhz Putinin dəstəyinin nəticəsidir. Ukrayna hadisələri pik həddinə çatar-çatmaz Suriyanın gündəmdən düşməsi bunun daha bir təsdiqidir. Bütün diqqətlərin Ukraynaya yönəlməsindən sonra artıq heç kim Suriya probleminin həlli üçün Cenevrədə konfranslar keçirməyi, BMT TŞ-nin fövqəladə toplantısını çağırmağı lazım bilmir. Belə çıxır ki, oyunçular iki cəbhədə oynaya bilmirlər və bu, əlbəttə ki, müsbət məqamdır.
Beləliklə, Ukrayna böhranının əsas səbəblərindən biri də dünyada nüfuz dairəsinin bölüşdürülməsi, onun çoxqütblü, yoxsa birqütblü olacağı ilə bağlı çəkişmələrdir. ABŞ regionda çoxqütblülüyə heç bir halda yol vermək istəmir. Vaşinqtona ciddi rəqibə çevrilə bilməyən Moskva isə yenə də müqavimət göstərir, həyəcan içərisində müttəfiqlər axtarır, müharibədə bütün vasitələrin keçərli olduğunu düşünərək, bütün vasitələrə əl atır. Bu mənada Rusiyaya qarşı sanksiyalara yalnız Moskvanı hərbi baxımdan zəiflədəcək vasitə kimi baxılmır. Bununla göstərilir ki, atom silahı ilə vəziyyəti dəyişmək mümkün olmadığından, neft dolları kimi gücdən istifadə etmək məcburiyyəti yaranır. Məhz, bu məsələdə Rusiya ilə yanaşı, Çin, Hindistan və Braziliya da Qərbin maraqlarına qarşı çıxır. Onları Ukraynada nələrin baş verdiyi az maraqlandırır, amma onlar üçün öz regionlarında iqtisadi, deməli, həm də siyasi nüfuz uğrunda mübarizə aparmaq vacibdir. Göründüyü kimi, müharibə yalnız köhnə vasitələrlə - "odlu" silahlarla aparılmır. İndi informasiya meydanında, xüsusilə də iqtisadi alətlər vasitəsilə də müharibə gedir. Məhz bu sahədə Kremlin mövqeləri xeyli zəifdir.
Amma daha bir versiya da var - Ukraynadakı münaqişə ABŞ-a Rusiya ilə Avropa arasında iqtisadi əlaqələri kəsmək üçün də lazımdır. Bu, xüsusilə enerji sahəsində əməkdaşlığa aiddir. Çünki Rusiya ilə Avropa bir-birlərilə nə qədər sıx bağlı olarlarsa, Vaşinqtonun manevr etməsi, regionda öz maraqlarını reallaşdırması üçün imkanları o qədər məhdudlaşar. ABŞ üçün getdikcə daha çox "sərbəstliyə" meyillənən Avropanı həm enerji (şist qazı vasitəsilə), həm də ümumiyyətlə, iqtisadi baxımdan özünə cəlb etmək çox vacibdir. Vaşinqtonun Aİ ilə Transatlantik azad ticarət zonası ("iqtisadi NATO" da adlandırılır) haqqında razılaşma əldə etməyə bu qədər çalışması da bununla bağlı ola bilər. Bu arada Avropada Rusiyaya sanksiyaların tətbiqilə bağlı heç də yekdil fikir yoxdur. Bu, hələ mayda Avropa Parlamentinə keçirilən və ultrasağçı qüvvələrin yüksək nəticə göstərdikləri seçkidən sontra üzə çıxmışdı. İndi avropalılar birgə gələcəklərinə də o qədər də əmin deyillər. Amma Ukrayna böhranına reaksiya zərurəti, şübhəsiz ki, onları birləşdirib. Demək, o, bu anlamda da sərfəlidir - bu dəfə Qərb üçün.
MƏSLƏHƏT GÖR: