
KOR DALAN
Dağlıq Qarabağda sülh, yoxsa müharibə sualı 2015-ci ildə də açıq qalır
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
2014-cü il Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyişlər baxımından nəticəsiz oldu. Hələ bir neçə il əvvəl dalana dirənmiş danışıqlar prosesini 2014-cü ildə də bu vəziyyətdən çıxarmaq mümkün olmadı. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun sülh prosesini canlandırmaq üçün səylər göstərmədiyini söyləmək də olmaz.
Başa çatan il ərzində Azərbaycan və Ermənistan prezidentləri 3 dəfə görüşdülər: Soçidə, Uelsdə və Parisdə. Bu görüşlərin təşəbbüskarları və moderatorları müvafiq olaraq, Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın dövlət başçısı Fransua Olland idilər. Amma bu görüşlər əsasən qoşunların təmas xəttində vəziyyətin son dərəcə gərginləşməsinin ardından keçirildi və müvafiq olaraq, danışıqlarda əsas diqqət miqyaslı hərbi əməliyyatların bərpasının önlənməsinə yönəldildi.
Bu təhlükə kifayət qədər real idi. Başa çatmaqda olan il müvəqqəti atəşkəsin elan olunduğu təmas xəttində gərginliyin artması ilə yadda qaldı. İl ərzində cəbhə bölgəsində atəşkəsin pozulması halları çoxaldı, tərəflər arasında lokal hərbi toqquşmalar oldu, ölənlərin və yaralananların sayı artdı, ağır texnika və aviasiyanın da istifadəsilə, daha miqyaslı hərbi təlimlər keçirildi. Bütün bunların kulminasiyası Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq, həyasızcasına Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlər keçirdiyi zaman baş verən bir hadisə sayıla bilər. Söhbət Azərbaycan hərbçilərinin mövqelərinə yaxınlaşan erməni hərbi vertolyotunun vurulmasından gedir. Vurulan vertolyot Ağdam rayonu ərazisində tərəflərin təmas xəttindəki zonaya düşdü, vertolyotdakı 3 heyət üzvü isə həlak oldu. Bununla əlaqədar, başladılan erməni təbliğatı, rəsmi şəxslərin Azərbaycanın "aqressivliyi"lə bağlı hay-küyü, hərbi vertolyotun guya silahlı olmaması, "təlim uçuşu" keçirməsi haqda absurd "izahlar"ı isə dünyada elə də ciddi əks-səda doğurmadı. Amma təəssüf ki, beynəlxalq birlik Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsinin qanunsuz, təxribat olduğunu söyləməkdən də yayındı.
Diplomatik əlaqələrə gəlincə, onu da konstruktiv adlandırmaq çətindir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin epizodik əlaqələri məhsuldarlığı ilə yadda qalmadı. Tərəflər hələ ki, müzakirə olunmalı vacib məsələlərin dairəsini, danışıqların gündəliyini müəyyənləşdirə bilmir. Bu il regiona bir neçə səfər etmiş Minsk Qrupunun həmsədrləri atəşkəs rejiminin möhkəmləndirilməsi, snayperlərin təmas xəttindən çəkilməsi və ya vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması tipli lokal təşəbbüslərlə kifayətləniblər.
Azərbaycan XİN-i münaqişənin həlli üzrə baza prinsiplərinin müəyyənləşdirilməsi ətrafında bitmək bilməyən mübahisələrdən "substansiyalı", yəni detallı danışıqlara keçilməsini, sülh razılaşmasının mətni üzərində işə başlanılmasını dəfələrlə təklif edib. Axı, lazımi konkretlik məhz ümumi sülh razılaşması zamanı meydana çıxacaq - atılacaq addımların ardıcıllığı, onların müddəti, nəzarət mexanizmi və s. Yəni bu zaman tərəflər münaqişənin həlli üzrə real "yol xəritəsi" əldə edəcəklər.
Əgər əvvəllər Minsk Qrupunun həmsədrləri Bakının bu təklifindən bir qədər qaçırdılarsa, başa çatmaqda olan 2014-cü ildə onlar bu məsələyə daha anlayışla yanaşmağa başlayıblar. Məsələn, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Fransanın dövlət başçısı Fransua Olland münaqişə tərəflərini ümumi sülh razılaşması üzərində işə başlamağa çağırıb. Bundan başqa, ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısında Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezirin qəbul etdikləri birgə bəyanatda deyilir: "Tərəflərin fikir ayrılıqlarını aradan qaldırması, etimadı bərpa etməsi və öz öhdəliklərini yerinə yetirərək münaqişənin yekun həllinə gətirib çıxaracaq danışıqlar prosesinə başlaması üçün fürsət yaranıb. Onların münaqişənin hərtərəfli həlli üçün ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış, xüsusən Paris görüşündə müzakirə olunmuş prinsip və elementlərin əsas kimi götürülməsini qəbul etmələri gözlənilir. Həmsədr ölkələrin himayəsi altında ümumi sülh razılaşması üzrə danışıqlara mümkün qədər tez başlanılmalıdır".
Bu bəyanatın qarşısında Ermənistan prezidenti Serj Sarqsyan susmağa üstünlük verib. Əvəzində onun xarici işlər naziri Edvard Nalbandyan israrla bildirir ki, hələ prinsipial məsələlərlə bağlı razılıq yoxdur və bu üzdən ümumi sülh razılaşması üzərində işə başlanılması tezdir. Belə olduqda ortaya sual çıxır: erməni tərəfi Azərbaycanın, indisə münaqişənin həllində vasitəçilik edən ölkə başçılarının və XİN rəhbərlərinin təklifindən niyə boyun qaçırır?
Cavab sadədir: müvafiq sənəd üzərində işə başlanılması üçün həmsədrlər onun layihəsini ortaya qoymalıdırlar. Rusiya, ABŞ və Fransanın ürəyi ermənilərlə olsa da, onlar bu layihədə beynəlxalq hüquq normalarından imtina edə, Ermənistanın işğalını qismən də olsa belə, leqallaşdıracaq maddələr sala bilmirlər. Onlar vaxtilə Ermənistanın etirazlarına rəğmən, məlum Madrid prinsiplərini də "yeniləməli" olmuşdular. Ermənistana himayədarlıq edən fövqəldövlətlərin görə biləcəkləri maksimum iş Azərbaycanı işğal altındakı torpaqların boşaldılması işində güc tətbiqindən çəkindirmək, İrəvanla dialoqu davam etdirməyə razılaşdırmaqdır. Onlar Bakının sonda yorulacağını, bezəcəyini, yaxud Azərbaycan hökumətini zəiflədəcək hər hansı hadisənin baş verəcəyini, nəticədə, Bakının möhkəm sülh naminə "könüllü" şəkildə ərazisini güzəştə gedəcəyini gözləyirlər. Yalnız bu halda, formal da olsa, beynəlxalq hüququn eroziyasından qaçmaq mümkün olacaq. Axı, münaqişə tərəflərinin razılaşdırdıqları bütün məsələlər qanunidir.
Amma bu gözləntilər əbəsdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Bakı heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində "ikinci erməni dövləti"nin yaradılmasına imkan verməyəcək. Azərbaycanın hərbi büdcəsinin getdikcə artması, artıq Ermənistanın dövlət büdcəsini 2, hərbi büdcəsini isə 8-9 dəfə üstələməsi də göstərir ki, Bakı sülh prosesinin nəticə verəcəyinə inamını tam itirməsə də, işğal altındakı ərazilərinin hərbi yolla boşaldılması variantını da istisna etmir və müvafiq olaraq, buna hazırlaşır.
Ermənistan isə bizim arxamızca sürünür və hərbi paritetin saxlanması getdikcə çətinləşir. Çünki Ermənistan iqtisadiyyatı can verir. Rus rublunun ardınca, erməni dramı da dəyərini kəskin şəkildə itirib. Hakimiyyətə yaxın olan bir qrup, oliqarxlar və onların tör-töküntüləri istisna olmaqla, əhali yoxsullaşır. Rəsmi məlumata görə, ölkədə sayı sürətlə azalan əhalinin yarısı yoxsulluq həddində yaşayır. Erməni siyasətçilər və ekspertlər etiraf edirlər ki, artıq ölkədən, xüsusilə həmsərhəd bölgələrdən insanlar sürətlə köçüb gedirlər. Miqrantları isə başa düşmək olar. Onların Ermənistanı tərk etməsinin səbəbi tək yoxsulluq deyil. İndi ermənilər yaxın gələcəkdə vətənlərində hansısa müsbət dəyişikliklərin baş verəcəyinə inanmırlar. Çünki 2008-ci il tənəzzülündən hələ də özünə gəlməyən Ermənistan iqtisadiyyatı indi həm də durğunluq dövrünü yaşayır. Onsuz da cüzi olan xarici investisiya axınının tamamilə "qurumaq" təhlükəsi var. Zəngin və nüfuzlu erməni diasporunu isə Serj Sarqsyanın korrupsiyalaşmış, mafioz hakimiyyəti çoxdan məyus edib. Bu üzdən də diaspor ölkəyə maliyyə dəstəyini ildən-ilə azaldır. Bundan başqa, Rusiya və Ukraynada yaşanan maddi-iqtisadi böhran bu ölkələrdə çalışan erməni miqrantlarının Ermənistana pul köçürmələrinin kəskin şəkildə azalması ilə nəticələnib.
Bu arada Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) məcburi-könüllü üzvlüyündən də nə ciddi siyasi, nə də iqtisadi dividendlər əldə edib. Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini dilə gətirən Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin israrı ilə İrəvan Aİİ-yə qoşulmaq haqda razılaşmada Dağlıq Qarabağın aidiyyətinin olmadığını etiraf etmək məcburiyyətində qalıb. Beləliklə, ermənilərin Dağlıq Qarabağda qurulmuş və tanınmamış separatçı rejimin hiylə ilə Aİİ-yə daxil edilməsi planı biabırçı fiaskoya uğradı.
Bundan başqa, dünyada enerji daşıyıcılarının qiymətinin sürətlə ucuzlaşması fonunda Rusiyanın Ermənistana satdığı qaz və neft məhsullarının qiymətindəki endirim əhəmiyyətini itirib. Rusiyanın ciddi maliyyə böhranı yaşadığı bir vaxtda rus investisiyalarına, güzəştli kreditlərə ümid olmaq da mümkün deyil. Amma İrəvan artıq patronunun iradəsinə qarşı çıxmaq, Aİİ-yə üzvlük qərarına yenidən baxmaq iqtidarında deyil. Çünki İrəvan cəsarətli bəyanatlarına rəğmən, tərifli ordusunun Azərbaycan Silahlı Qüvvələrinə təkbaşına sinə gərməyə qadir olmadığını yaxşı anlayır.
Üstəlik, son zamanlar ermənilərdə Moskvanın indiyədək dəyişməz olan dəstəyilə bağlı da müəyyən şübhələr yaranıb. Rusiyanın Türkiyə ilə yaxınlaşması (Rusiya prezidenti Vladimir Putinin Ankaraya bu yaxınlarda etdiyi səfər bu yaxınlaşmanın bariz göstəricisidir) onlarda ötən əsrin əvvəllərində Leninlə Atatürk arasında bağlanmış müqavilələrin assosiasiyasını yaradıb. Xatırladaq ki, bugünkü Ermənistanın sərhədlərini müəyyənləşdirən həmin Qars və Moskva müqavilələri ermənilər tərəfindən hələ də qəbul olunmur və qəzəblə qarşılanır.
Krımın Rusiya ilə birləşməsindən və Donbassda baş verənlərdən sonra Qərb paytaxtları separatçılığa, Avropada sərhədlərin güc tətbiqilə dəyişdirilməsinə göz yummaq fikrində deyillər. Bu mənada Krım presedenti Qərbin ermənilərə dəstəyini nəinki artırmayıb, əksinə azaldıb. Üstəlik, Bakı mütəmadi olaraq ABŞ və Avropa İttifaqının qarşısında ikili standartlar məsələsini qaldırır, Rusiyaya və separatçılara qarşı sərt sanksiyaların tətbiq olunduğu halda, Ermənistana və Qarabağ separatçılarına maliyyə dəstəyinin göstərilməsi, səfərlər edilməsi məsələlərini gündəmə gətirir. Azərbaycan Birləşmiş Ştatlardan və Avropa İttifaqından Avropadakı bütün analoji münaqişələrə qarşı sərt münasibət tələb edir. Bakı hesab edir ki, qonşu dövlətlərin ərazisinin güc tətbiqilə ələ keçirilməsi, işğal altında saxlanılması məsələsində beynəlxalq hüququn gələcək eroziyasının qarşısı alınmalıdır.
Bütün bunların fonunda Ermənistan rəhbərliyi "dərin müdafiə"yə çəkilib. İndi o, sadəcə zaman-zaman yersiz bəyanatlar səsləndirməklə məşğuldur. Prezident Serj Sarqsyanın və onun xarici işlər naziri Edvard Nalbandyanın bu günlərdə verdikləri açıqlama bu qəbildəndir: guya BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı məlum 4 qətnaməsinə Ermənistan əməl edib, lakin onların tələbləri Azərbaycan tərəfindən pozulub. Bu cür diplomatik-informasiya "kəşfi" yalnız gülüş doğurur. Çünki bu, tamamilə qeyri-adekvat bəyanatdır. Ermənilər ümid edirlər ki, qondarma "soyqırımı"nın 100 illiyilə əlaqədar süni beynəlxalq acıma atmosferində, həmçinin gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunları dövründə hərbi sahədə vəziyyətin ağırlaşmasından qaçmaq mümkün olacaq. Payızda keçiriləcək parlament seçkisi ərəfəsində isə erməni "strateq"lərin fikrincə, Bakı işğal altındakı torpaqlarının azad edilməsi üçün hərbi varianta əl atmaz. Amma ermənilərin hesablamaları 2015-ci ilin ilk yarısı üçün haradasa əsaslıdırsa, danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanda keçiriləcək seçkiyə ümid etmək əbəsdir. Azərbaycanın istər hakimiyyət, istərsə də müxalifət cəbhəsindəki siyasi partiyaları və ictimai liderləri üçün işğal altındakı ərazilərin azad edilməsi hər şeydən üstündür. Odur ki, sülh, yoxsa müharibə sualı 2015-ci ildə də açıq qalır.
Bu fikrin ənənəvi ritorika olmadığını, real vəziyyəti əks etdirdiyini göstərən daha bir amil: Amerikanın beynəlxalq münasibətlər şurası "Global Conflict Tracker" proqnozunda 2015-ci il üçün 34 geosiyasi risk arasında Azərbaycanla Ermənistan arasındakı müharibəni də göstərib. Bu nüfuzlu təşkilat 2200-dən artıq hökumət məmuru, xarici siyasət üzrə ekspert və alim arasında sorğu aparıb. Sorğuda məqsəd 2015-ci ildə bu və ya digər hadisənin ABŞ-a yaratdığı risklərin, onların Amerikanın maraqlarına mümkün təsirlərinin qiymətləndirilməsidir. Bu cür proqnozlar müharibə riskinin artdığını göstərir, lakin hökm sayılmır. Azərbaycan və Ermənistan liderləri iradə nümayiş etdirərlərsə, məsələlərə real yanaşarlarsa, Minsk Qrupu çərçivəsində vasitəçiliklə məşğul olan fövqəldövlətlər prinsipiallıq və inadkarlıq nümayiş etdirərlərsə, danışıqlar prosesində irəliləyiş mümkündür və buna nail olmaq lazımdır.
MƏSLƏHƏT GÖR: