14 Mart 2025

Cümə, 11:19

STEREOTİPLƏRİ QIRARAQ

Bələdiyyə seçkisilə bağlı formalaşmış fikrin əksinə olaraq, seçki yarışı böyük rəqabət şəraitində və seçici fəallığı ilə keçdi

Müəllif:

06.01.2015

Ötən ilin sonlarında Azərbaycanda növbəti, sayca dördüncü bələdiyyə seçkisi keçirildi. Seçkinin yekun nəticəsi hələ elan olunmayıb (qanuna görə, bu, səsvermədən ən uzağı 20 gün sonra baş verməlidir). Lakin artıq seçkini baş tutmuş saymaq olar. Səsvermə nəticəsində qarşıdakı 5 il üçün 1607 bələdiyyəyə 15,035 min üzv seçilib.

Gözlənildiyi kimi, qatı müxalifətçilərin əksəriyyəti seçkidə iştirakdan imtina edib. Onların hamısı seçkinin saxtalaşdırıldığını bəyan ediblər. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə bu tənqidləri təbii qarşılayıb. "Hakimiyyətlə müxalifət arasında rəqabət hər yerdə var. Digər "gənc" demokratiyalarda olduğu kimi, bizdə də bu rəqabət daha sərt şəkil ala bilir. Bunun səbəbi bizdə demokratik seçki prosesinin nisbətən yeni olmasıdır. Digər yandan Azərbaycandakı hazırkı vəziyyəti 1990-cı illərdəki durumla müqayisə etsək, fərqin yerlə göy arasındakı qədər olduğunu görərik", - deyə MSK sədri bildirib.

Bununla yanaşı, radikal müxalifət qüvvələrinin seçkiyə qatılmaqdan imtinası seçicilərin fəallığına və seçki prosesinin ümumi atmosferinə heç bir təsir göstərməyib. Seçki kifayət qədər sakit şəraitdə keçib. İlkin qiymətləndirməyə görə, seçkidə seçicilərin, təxminən, 40%-i iştirak edib.

Ümumilikdə, qeydiyyatdan keçmiş namizədlərin, təxminən, 14 mini siyasi partiyaları təmsil edirdilər. Qalanları - 23 mindən çox şəxsin namizədliyisə müstəqil şəkildə, yaxud təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Namizədlər sırasında çoxluq hakim Yeni Azərbaycan Partiyasına məxsus idi - 40%.

Seçki Məcəlləsinə görə, namizəd partiya mənsubiyyətinin göstərilib-göstərilməməsini özü müəyyənləşdirir. Bu seçkiyə fərdi şəkildə qatılmış namizədlərin əksəriyyəti partiya mənsubiyyətlərini göstərmişdilər - onların arasında 30 partiyanın təmsilçiləri var idi. Söhbət 19 min insandan gedirdi.

Seçki prosesinin şəffaflığının təmininə ciddi diqqət ayrılmışdı. Bu məqsədlə min seçki məntəqəsində (bütün məntəqələrin 20%-i) müşahidə kameraları quraşdırılmışdı, seçki prosesinin monitorinqini isə 50 min müşahidəçi aparırdı.

Skeptiklərin proqnozlarının əksinə olaraq, bələdiyyə yerləri uğrunda rəqabət kifayət qədər yüksək olub. Doğrudur, Azərbaycanda bələdiyyə nisbətən gənc institutdur və onların cəmiyyətdəki rolu hələ Avropada olduğu səviyyədə deyil. Avropada bələdiyyə üzvü seçilmək uğrunda mübarizə bəzən daha yüksək postlar uğrunda keçirilən seçkidəkindən şiddətli olur. Bununla yanaşı, qəribədir ki, 15 mindən artıq bələdiyyə yerinə 37 mindən çox namizəd iddialı idi. Başqa sözlə, 1 yerə, təxminən, 2,5 namizəd iddia edirdi. Bu, Azərbaycan üçün kifayət qədər yüksək göstəricidir.

Belə bir fikir var ki, Azərbaycanda bələdiyyə kifayət qədər inkişaf etmiş institut olmadığından, bu seçkiyə qatılan namizədlər onu siyasətə atılmaq üçün ilk addım sayırlar. Amma məsələnin bu cür qoyuluşu ilə razılaşmamaq da olar. Azərbaycan Avropaya inteqrasiya yolunda "Köhnə qitə"nin öncül təcrübələrini mənimsəyir. Avropada isə bələdiyyə geniş səlahiyyətlərə malikdir. Məsələn, Almaniyada bələdiyyə fəaliyyətinin əsas cəhəti bilavasitə tənzimləmə və idarəetmədir. Tənzimləyici fəaliyyət ticarət lisenziyalarının verilməsini, məişət xarakterli müxtəlif müəssisələrin, kinoteatrların, teatrların və s. saxlanmasını, istehsalla məşğul olmağa icazənin verilməsini, ticarət, inşaat qaydalarının müəyyənləşdirilməsini, tikinti üçün torpaq sahələrinin ayrılmasını, ictimai yerlərdə davranış qaydalarının müəyyənləşdirilməsini, küçə yürüşlərinin, mitinqlərin, nümayişlərin keçirilməsinə icazənin verilməsini və ya onların qadağan olunmasını özündə əks etdirir. İctimai asayişin qorunması, yanğından mühafizə, sanitar nəzarət və s. də buraya daxildir.

Zaman keçdikcə Azərbaycanda da bələdiyyələr yerlərdə əhalinin sosial-iqtisadi problemlərinin həllində daha fəal rol oynamağa başlayacaq. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Milli assosiasiyaların əlaqələndiricisi Həzi Ələkbərov bildirir ki, son illərdə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə qazanıblar. Onlar fəaliyyətlərində şəffaflığa nail olub, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələr qurub, cəmiyyətdəki rollarını artırıblar. Milli assosiasiyalar bələdiyyələrə bu işdə metodiki və digər lazımi yardımı göstərib, onların fəaliyyətini koordinasiya ediblər.

Milli assosiasiyalar tərəfindən irəli sürülmüş və forumlar tərəfindən dəstəklənmiş "Bir bələdiyyə - minimum bir layihə" təşəbbüsü çərçivəsində ötən 5 ildə bələdiyyələr, təxminən, 26 min layihə həyata keçirib. Bu layihələrin ümumi dəyəri 79,8 milyon manatı ötüb. 5 ildə bələdiyyələr şəhərlərin, qəsəbələrin, kəndlərin abadlaşdırılması sahəsində müvafiq işlər görüb, sosial obyektlərə, yerli əhəmiyyətli yollara, sadə idman meydançalarına lazımi qulluq göstərib, içməli və suvarma suyu ilə təchizat sahəsində ciddi işlər aparılıb, bir sıra yerli ekoloji problemləri həll edib və s. Bələdiyyələr Quba, Qəbələ, İsmayıllı və Göygöl əhalisinin içməli su ilə təminində, Ağcabədi, Balakən, Goranboy və Cəlilabadda kənd yollarının təmirində, Xaçmazda təhsil qurumlarının binalarına qulluğun göstərilməsində, Bərdə, Kürdəmir və Tərtərin suvarma suyu ilə təminində müsbət təcrübə qazanıblar. Bakının Binəqədi və Sabunçu rayonlarında isə bələdiyyə məişət tullantılarının yığımında və daşınmasında ciddi işlər görüb. İkinci ümumrespublika forumunda "Abad məhəllə və abad kənd" təşəbbüsünün dəstək qazanması bələdiyyələrin yaşayış məntəqələrinin abadlaşdırılması sahəsindəki fəaliyyətinə əlavə impuls olub. Görülmüş işlər şəhər və rayon bələdiyyə sədrlərinin şuraları tərəfindən qiymətləndirilib, 2009-cu ildə 66 məhəllə və 48 kənd abad elan olunub. Bu şuralar 2015-ci ildə də məhəllə və kəndlərin abadlıq səviyyəsini müəyyənləşdirməyi planlaşdırır.

Bələdiyyələr tərəfindən həyata keçirilmiş əksər işlər həmin ərazilərdə yaşayan vətəndaşların sosial sifarişindən irəli gəlir. Sosial sifarişlərin öyrənilməsində "Yeni demokratiya həftəsi" böyük rol oynayır. Bu, Milli assosiasiyaların təşəbbüsüdür və Bələdiyyə Sədrlərinin İkinci Ümumrespublika Forumunda bu təşəbbüs lazımi dəstəyi alıb. Artıq ənənəyə çevrilmiş bu həftələr ərzində bələdiyyələr sakinlərlə hesabat xarakterli görüşlər keçirir, açıq qapı günləri və "qaynar xətt" təşkil olunur, ərazidə bələdiyyələrin poçt qutuları asılır. Bu tədbirlər bələdiyyələrlə vətəndaşlar arasında əlaqələrin güclənməsinə xidmət edir. Eyni məqsədlə 35 bələdiyyənin internet saytı da yaradılıb.

Yeri gəlmişkən, Bələdiyyə Sədrlərinin İkinci Ümumrespublika Forumunda xarici təcrübəyə əsasən, kiçik ərazilər və azsaylı əhalisi olan bölgələrin iqtisadi və maliyyə potensialını artırmaq üçün, birləşmək məsələsinin nəzərdən keçirilməsi tövsiyə olunub. Təşəbbüs və vətəndaşların fəallığı nəticəsində 2009-cu ildə 1654 yerli özünüidarəetmə orqanının birləşməsi 614 yeni bələdiyyənin yaranmasına imkan verib. Onlar daha güclü iqtisadi və maddi potensiala malikdirlər. Keçən il isə 204 bələdiyyənin birləşməsi 94 yeni bələdiyyənin yaranmasına səbəb olub.

Xarici təcrübənin daha yaxşı mənimsənilməsi məqsədilə Azərbaycanın 19 bələdiyyəsi Türkiyə, Çin, Latviya, Gürcüstan və Qırğızıstanın bələdiyyələrilə qardaşlıq əlaqələri qurublar. Son forumdan keçən dövr ərzində Milli assosiasiyalarla beynəlxalq təşkilatlar arasında əlaqələrin yaradılması və gücləndirilməsi sahəsində də fəallıq müşahidə olunub. Nəticədə, Avropa Şurasının yerli və regional hökumət Konqresilə, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əlaqələr qurulub.

Yeri gəlmişkən, son seçki nəticəsində ötən illərlə müqayisədə, bələdiyyələrdə gənclərin və qadınların sayının artacağı gözlənilir. Lənkəran bələdiyyəsində yer almağa əsas iddialılardan olan Gülnarə Qənbərovanın sözlərinə görə, geridə qalmış 5 ildə bələdiyyə şəhərin abadlaşdırılması, yaşıllaşdırılması, təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində böyük işlər görüb. "Şəhər bələdiyyəsinin üzvü kimi, mənim hələ də şəhər infrastrukturu ilə bağlı məsələlər narahat edir: küçələrin işıqlandırılması, kanalizasiya sistemi. Bundan başqa, küçələrin adlarının yazıldığı lövhələrlə bağlı vəziyyət də yaxşılaşdırılmalıdır. Ümid edirəm ki, ikinci müddətə bələdiyyə sədri seçiləcəyim təqdirdə, şəhərin müvafiq strukturlarının da yardımı ilə bu məsələlərin həllinə nail olacağıq", - deyə G. Qənbərova "R+" jurnalına açıqlamasında bildirib.

Dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələr əhalinin sosial-məişət problemlərinin həllində çoxdan aparıcı rola malikdir. Bu, istər şəhərlərdə, istərsə də kəndlərdə belədir. Azərbaycanın da bu təcrübəyə yiyələnməsi sadəcə zaman məsələsidir.



MƏSLƏHƏT GÖR:

613