
"XEYİR ƏMƏLLƏR ŞÖHRƏT NAMİNƏ EDİLMİR…"
Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov "Vətən Övladı" qızıl medalına layiq görülüb
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədovun mükafatlar kolleksiyasına "Azərbaycan dünyası" beynəlxalq jurnalının və "Dədə Qorqud" milli fondunun "Vətən övladı" qızıl medalı da əlavə edilib. Medalı rəssama S.Bəhlulzadə adına incəsənət qalereyasında fərdi sərgisinin açılışı zamanı təqdim ediblər. Tanınmış rəssamı təbrik etməyə gələnlər arasında çox sayda mədəniyyət xadimləri var idi və onların sırasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq rəssamı Tahir Salahov, bəstəkar Xəyyam Mirzəzadə, kinorejissor Şamil Nəcəfzadə, aktyor Bəhram Bağırzadə və başqaları da yer almışdı. Sərgiyə baxmağa gələnlər sırasında Türkiyənin ölkəmizdə rəsmi səfərdə olan müdafiə naziri Vəcdi Könülün xanımı Sevim Könül də olub.
Yeri gəlmişkən, heç də hamı bilmir ki, Azərbaycanın əməkdar rəssamı, Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov Azərbaycanda ilk fərdi qalereyanın qurucusudur. Onun əsərlərini Bakıda, Moskvada, Sankt-Peterburqda, Almaniyada, İsveçrədə, ABŞ-da, Avstraliyada, Polşada, Türkiyədə, Belçikada və dünyanın bir çox başqa ölkələrində də görmək olur. IV "Artfair" sərgisi zamanı rəssamın şəkilləri Salvador Dalinin, Xuan Mironun, Xuan Qrisin, Maks Papartanın əsərləri ilə yanaşı nümayiş etdirilib. Azərbaycan rəssamının əsərləri İlham Əliyevin, Vladimir Putinin, Abbas Abbasovun, Süleyman Dəmirəlin, İosif Kobzonun, Valter Şvimmerin, Ajda Pekkanın, Elçin Orucovun, Monika Beluççinin və çox sayda başqa tanınmış şəxslərin də şəxsi kolleksiyalarında saxlanılır. Yeri gəlmişkən, həmyerlimizin yaradıcılığı italyan aktrisaya o qədər xoş gəlib ki, Beluççi Sakit Məmmədova öz portretini sifariş verməyi qərara alıb. Portreti naturadan işləmək üçün rəssam yaxın zamanlarda İtaliyaya yolanacaq.
- Sakit müəllim, sizin məhz hansı işiniz Monika Beluççinin kolleksiyasına daxil olub?
- Bu, "Balerina" kompozisiyasıdır. Monikanın xoşuna bir neçə iş gəlmişdi. Ən çox xoşuna gələn kətan üzərində işlənmiş "Çılpaq qadın" əsəri idi, onu satın almaq istəyirdi. Amma onu məyus etməli olduq, əsər çoxdan başqa adama satılıb və rahatlıqla onun evində "məskunlaşıb". Mən də Monika Beluççiyə başqa işimi - "Balerina"nı hədiyyə etmək qərarına gəldim.
- Bizə bəllidir ki, sizin işlərinizdən biri - Roma papası II İoann Pavelin portreti Vatikan muzeyində saxlanır. Bu şəklin yaranma tarixindən danışın...
- Doqquz il qabaq mən İtaliya rəssamları ilə birgə dünyanın ən prestijli şəkil qalereyası olan Florensiya şəkil qalereyasında sərgiyə qatılmışdım. Özünüz fikirləşin, qızıl medala layiq görüldüm. Onda həmin qalereyanın rəhbərliyi mənə II İoann Pavelin porterini çəkməyi təklif etdi. Etiraf edim ki, mən heç vaxt italyanlar tərəfindən bu cür etibar gözləmirdim.
Təbii ki, Roma papasının özü sağlamlıq durumu və yaşı üzündən oturub şəklini çəkdirə bilməzdi. Amma sifarişçilər mənə Roma papasının müxtəlif vaxtlarda, müxtəlif rakurslardan çəkilmiş fotoalbomunu göndərdilər. Demək olar ki, iki ay mənim üçün vacib olan bu sifariş üzərində işlədim. Nəticədə, ölçüləri 1,70 m.-in 1,20 m.-ə olan bir rəsm əsəri alındı. Yeri gəlmişkən, şəkildə mən II İoann Pavelin masasının üzərində dörd müqəddəs kitabın rəsmini çəkdim və ən yuxarı "Quran"ı qoydum. Çünki bu, fanilər üçün göndərilmiş son kitabdır. Portret başa çatandan sonra italyanlar onu papaya Florensiya qalereyasının adından bağışlamaq istədilər, amma mən bundan imtina etdim. Niyə bir azərbaycanlının fırçasından çıxmış əsər italyanların adından bağışlanmalıdır? Mən məqamı gözləməyi və əsəri öz ölkəmin adından təqdim etməyi qərara aldım. Portret Azərbaycan prezidenti İlham Əliyevin Vatikana səfəri çərçivəsində Roma papasının özünə təqdim edildi.
- Siz rəssam olmaq istədiyinizi nə vaxt anladınız?
- Həmişə rəsm çəkmişəm. Amma bu fikrə düşəndə doqquz yaşım var idi. Mən Neftçala şəhərində doğulmuşam, hər şeylə maraqlanan, bir yerdə durmayan uşaq olmuşam. Şəkil çəkməyi sevirdim. Valideynlərim mənim incəsənətə marağımı gördülər və məni şəhər Pioner evindəki rəsm dərnəyinə yazdırdılar. Rəsm sənətinin ilk əlifbasını mən öz müəllimimdən, istedadlı rəssam Adil Hacıyevdən almışam. Təbii ki, orta məktəbi qurtaranda peşə seçimi üzərində çox düşünməli olmadım. 70-ci illərin sonlarında mən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil oldum və oranı əlaçı kimi bitirdim. Sonra təhsilimi Leninqradda (indiki Sankt-Peterburq - müəl.) İ.E.Repin adına Rəssamlıq Akademiyasında davam etdirdim. İndiyə kimi öz müəllimim rəssam Yevsey Yevseyeviç Moiseyenkonu xeyirxahlıqla xatırlayıram!
- Sizin işlər çox sayda qalereyaları və özəl kolleksiyaları bəzəyir. Öz əsərlərinizdən ayrılmaq ağır deyil?
- Öz əsərimdən ayrılmazdan öncə mən rəsmi kimin əlinə verəcəyim barədə məlumat toplayıram. Axı əsərlər böyüyüb başqa evə köçən qızlar kimidir. Və hər bir valideyn onlara görə narahat olur və istəyir ki, uşaqlar yaxşı, alicənab ailəyə düşsün. Onlar kimi mən də istəyirəm ki, rəsmlərim onlara qiymət verən və anlayan evlərdə yaşasınlar. Bizim ölkəmiz həmişə istedadlarla zən-gin olub - adları bütün dünyada məşhur olan rəssamlarımız, heykəltəraşlarımız, ifaçılarımız, idmançılarımız var. Mən bizim incəsənətin və idmanın "fərdi" növlərində uğur qazandığımızın, "kollektivlər"də isə uduzmağımızın səbəblərini izah edə bilərəm. Məsələ bundadır ki, bizim xalq kollektivizm hissinə malik deyil. Təəssüf ki, biz həmrəy olmağı öyrənə bilmirik. İstedadlı insanları qiymətləndirməyi və qorumağı öyrənməliyik. Elə etmək lazımdır ki, onların heç nəyə ehtiyacı olmasın, ağıllı və layiqli rəhbərin dəstəyini həmişə hiss etsinlər. Özü də mənim fikrimcə, bir vaxt öz rəssamlıq məktəbi ilə şöhrətlənmiş Avropa nəzərəçarpacaq dərəcədə zəifləyib, solmağa başlayıb. Bilmək istəyirsiniz niyə? Çünki insani dəyərlər dəyişib, insanlar öz köklərini itiriblər, kosmopolit olublar. Amma Şərqdə hələ də öz xalqlarının ənənələrinə və adətlərinə indiyə qədər hörmət edirlər və xatırlayırlar.
- Deyirlər ki, əsl rəssam psixoloq olmalıdır ki, insanların əhval-ruhiyyəsini kətan üzərinə köçürə bilsin. Siz bu iddia ilə razısınızmı?
- Əlbəttə. Mənə elə gəlir ki, yaxşı rəssam insanda onun müsbət xüsusiyyətlərini taparaq göstərməlidir. İşə başlamazdan öncə mən öz gələcək qəhrəmanım ilə ünsiyyət qururam, söhbət edirəm, ancaq bundan sonra fırça ilə işə başlayıram. Ümumiyyətlə, məndən ötrü, məsələn nazirlə çoban arasında heç bir fərq yoxdur. Onların hər ikisini Tanrı yaradıb və mahiyyətcə ikisi də eynidir. Məndən soruşanda ki, kimlərin rəsmini çəkməyə üstünlük verirsən, cavab verirəm ki, gözəl qadınların və ağıllı kişilərin. Bütün qadınlar eyni dərəcədə gözəldir.
Belə ki, mənim gözəlliyə xüsusi münasibətim var. Mən son illərdə Azərbaycanda çox populyar olan gözəllik müsabiqələrini sevmirəm. Çox sayda gənc və uzunayaqlı qızların arasından birini - ən gözəlini seçirlər. Maraqlıdır, onun gözəlliyini hansı meyarlarla ölçürlər? Boyuna görə? Gözlərinin rənginə görə? Yaxşı, qoy belə olsun, amma onun intellekti, dünyanı qavraması necə olsun? Məndən ötrü daxili gözəllik daha böyük önəm kəsb edir. Çox vaxt yararsız, ləyaqətsiz ömür sürmüş heyranedici gözəlin incə cizgiləri qocaldıqdan sonra zalım maskaya çevrilir. Elə də olur ki, o qədər də diqqəti çəkməyən qız ləyaqətli və şərəflidir, xeyirxahdır. İllər keçdikcə, belə qız üzündən nur yağan əsl gözələ çevrilir.
- Bəllidir ki, portret çəkərkən rəssam bir ən vacib, şəkli canlandıran və ona həyat verən cizgini tutmalıdır...
- Gerçəkdən, portretdə belə tək cizgi çox önəmlidir, bir qayda olaraq, medal kimi onun da iki tərəfi olur. Fırçanın bir hərəkəti ilə insanın alçaq təbiətli olmasını da, təmiz və qürurlu olmasını da təsvir etmək olar.
Məndən tez-tez soruşurlar ki, taleyə inanırammı? Əlbəttə, inanıram, amma hesab edirəm, xalq arasından "alın yazısı" kimi tanınan bədbəxt taleyi əməklə silmək və bununla da taleyi "yenidən yazmaq" olar. Tanrı rəhmlidir!
Təbiətcə mən zəhmətkeşəm. Həyat prinsipim "işsiz bir gün də olmasın". Bircə gün belə emalatxanada işləməyəndə çox əsəbi oluram, hər şey əlimdən düşür. Gücümü yalnız iş zamanı bərpa edirəm. Məndən ötrü iş sanki ruhi tarazlığı bərpa edən və ruha sakitlik gətirən xüsusi bir ritualdır.
- Sizin əsərlərin fəlsəfi mənası varmı?
- Çoxunda var. Mən mənalı rəsm çəkməyə çalışıram. Məsələn, "Bilyard" adlı bir rəsmim var. Süjet sadədir - gənc oğlan və qız bilyard oynayır. Sadə oyun vasitəsilə mən qadın və kişi başlanğıcların əbədi mübarizəsini və qarşılıqlı münasibətini təsvir etməyə çalışmışam. Və ya "Metro" rəsmim. Metropolitenin zalı iki hissəyə bölünüb. Bir tərəfdən sərnişindolu qatar gəlir, o biri tərəfdən isə gedir. Birinci qatar doğumu, ikincisi isə ölümü əks etdirir.
"Eskalator" triptixinin də mənası eynidir. Sağ "pilləkən" insanları torpağa gətirir, sol pilləkən isə onları kənara aparır. Ortada isə fanilərin girməsi qadağan olunan yol var. O, yalnız bu dünyanı tərk edib Tanrı məhkəməsinə çıxanlar üçün nəzərdə tutulub. Ümumiyyətlə, inanc və ruh mövzusuna tez-tez müraciət edirəm. Axı mən özüm inanclı adamam və hesab edirəm, xeyirxah əməlləri şöhrət və tərif naminə deyil, yalnız Tanrı adına etmək lazımdır.
MƏSLƏHƏT GÖR: