25 Noyabr 2024

Bazar ertəsi, 23:55

UĞUR STRATEGİYASI

"Bakielektrikşəbəkə" təkmilləşir və təkmilləşdirir

Müəllif:

15.11.2010

İstənilən şirkətin, müəssisənin və təşkilatın uğurunun əsasında rəhbərlik tərəfindən fəaliyyətin başlanğıcında düzgün seçilmiş inkişaf strategiyası dayanır. Bir qayda olaraq, bu cür proqramlar həm qısamüddətli layihələri, həm də uzunmüddətli və sabit artıma yönəlmiş layihələri əhatə edir. Bu baxımdan 5 il görülən işlərə yekun  vurmaq və gələcək perspektivləri qiymətləndirmək üçün özünəməxsus rəmzi dövrdür. Bütün bakılılar üçün çox önəmli olan bir şirkətin - «Bakıelektrikşəbəkə» ASC-nin fəaliyyətə başladığı gündən məhz bu müddət keçir. 

2006-cı ildə paytaxtın elektrik şəbəkəsinin idarəsini öz əllərinə götürən ASC-nin rəhbərliyi bilirdi ki, Bakı sakinləri elektrik təchizatı sahəsində köklü və önəmli dəyişikliklər gözləyirlər, onlar qışda elektrik təchizatında yaşanan daimi kəsilmələrdən, küçələrin gecələr qaranlıq qalmasından, ən əsası isə «Bakıelektrikşəbəkə»dən əvvəl işləyən xarici şirkətin problemlər barədə dediyi mənasız bəhanələrdən bezmişdilər. Buna görə də elektrik şəbəkəsinin idarəetmə strategiyası hər şeydən öncə mövcud çatışmazlıqların təcili aradan qaldırılmasına, daha sonra isə sabit təchizata və təkmilləşdirilməyə yönəldilmişdi. 

Və bu gün artıq müəyyən mənada demək olar ki, 5 il qabaq qarşıya qoyulmuş əsas məqsədlərə çatılıb - Bakıda elektrik çatışmazlığı problemi yoxdur, onun təchizatında tez-tez kəsilmələr baş vermir, daha önəmlisi isə, ümid var ki, gələcəkdə vəziyyət yalnız getdikcə yaxşılaşacaq. 

 

Yenidənqurma və inkişaf 

Keçən 5 il ərzində «Bakıelektrikşəbəkə» ASC-nin elektrikpaylama şəbəkəsinin gücü demək olar ki, 53%, yəni  4808 MVA-a qədər artıb ki, bu da paytaxtın elektriklə təchizatının kefiyyətinə təsir göstərib. Axı Bakı son illərdə inanılmaz yüksək sürətlə inkişaf edir, yeni yüksək mərtəbəli yaşayış kompleksləri tikilir, yeni müəssisələr işə salınır, körpülər, yollar tikilir və bütün bunlar şəbəkə üçün əlavə yüklənmələr yaradır. İlin sonuna qədər şəbəkənin gücünü 4560 MVA-a qədər artırmaq  planlaşdırılır. 

«Bakıelektrikşəbəkə» ASC-nin başçısı Baba Rzayevin sözlərinə görə, görülən işlər ölkə başçısı İlham Əliyevin paytaxtın elektrik təchizatının yaxşılaşdırılması üzrə verdiyi tapşırıqlar çərçivəsində gerçəkləşdirilib.  Bu məqsədlə şəbəkənin infrastrukturunun  yeniləşdirilməsi üzrə tapşırıqlar uğurlu şəkildə yerinə yetirilir, cari ilin 9 ayı ərzində görüləqn işlər barədə hesabatdan buna əmin olmaq mümkündür. Belə ki, 110/35/6 kilovoltluq "Badamdar" yarımstansiyasının yenidən qurulması üzrə işlər görülür, bu yarımstansiya Bakının mərkəzi hissəsinin, xüsusilə də dövlət əhəmiyyətli obyektlərin elektriklə təchizatında böyük önəm daşıyır. 

Artıq stansiyada transformatorlar daha güclüləri ilə əvəz edilib. «Müşviq» və «Dağlıq» yarımstansiyalarında da yenidənqurma işləri görülür. 110 kilovoltluq şəbəkəyə daxil olan 110/35/10 kilovoltluq «Liman» yarımstansiyasında da yenidənqurma işləri görülür, «İçərişəhər» yarımstansiysında da işlər davam edir. Bakının Binəqədi və Qaradağ rayonlarında yerləşən «Bənəqədi» və «Dərnəgül-2» yarımstansiyalarında yüklənmənin azaldılması üçün «Xocasən» yarımstansiyası tikilir və bu ilin sonuna onun istismara verilməsi planlaşdırılır.  Paytaxtın böyük hissəsini elektrik enerjisi ilə təchiz edən 227 saylı yarımstansiya tam yenidən qurulub. Yenidənqurmanın gedişində yarımstansiya  tamamilə yeni tipli elektrik avadanlığı ilə təchiz edilib. 110 kilovoltluq YBNZ-1, YBNZ-2, "Günəşli", "Bakıxanov", "Radiozavod", "Həzi Aslanov", MKZ yarımstansiyalarında əsaslı təmir və profilaktika işləri görülüb. Bütövlükdə, bu ilin 9 ayı ərzində 110 kilovoltluq gücə malik 20 yarımstansiya cari, 5 yarımstansiyada əsaslı təmir edilib, 26 stansiya isə «açar təhvili» ilə işə salınıb. 110 kilovoltluq hava xətlərinin 30 km-də təmir işləri gerçəkləşdirilib. 

35 kilovoltluq şəbəkənin də çox sayda yarımstansiyaları yenidən qurulub və yeni «Dağüstüpark», «Nardaran-1»  və s. yarımstansiyaları tikilib. Bütövlükdə, səksən ədəd 35 kilovoltluq yarımstansiyada təmir və profilaktika işləri görülüb, 15-də əsaslı təmir işləri aparılıb, 75-i «açar təhvili» təmir edilib, tarsformatorların izolyasiyası gerçəkləşdirilib.  100 km  uzunluğunda 35 kilovoltluq hava xətləri təmir edilib, bununla bağlı 8,1 ton həcmində yeni xətlər və 45 km uzunluğunda yeni kabellər çəkilib. 

Analoji işlər 0,4, 6 və 10 kilovoltluq şəbəkələrdə də görülür. Bütün bunlar əlbəttə ki, «Bakıelektrikşəbəkə»nin payız-qış dövründə yaxşı xidmətinə imkan yaradır, ASC bu dövrə xüsusi qayğı ilə hazırlaşır. Belə ki, soyuq mövsümə hazırlıq işləri çərçivəsində paytaxtın 7 rayonunda 30 transformator daha güclüləri ilə əvəz olunub, yaşayış binalarına elektrik verilməsi yaxşılaşdırılıb. Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində şəhərətrafı rayonlara və qəsəbələrə böyük diqqət yetirilir. Oralarda görülmüş yenidənqurma və infrastrkturun bərpası işləri hesabına elektrik şəbəkəsində itki həcmlərini azaltmaq mümkün olub. 

Yeri gəlmişkən, itkilərin həcminin azaldılması məqsədi ilə  istehlak edilən elektrik enerjisinin hesablanmasının təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulub.  «Azərenerji»dən alınan elektrik enerjisinin dəqiq hesabatının aparılması üçün yarımstansiyalarda avtomatlaşdırılmış hesabat sistemi «Elster metronika» quraşdırılıb, abunəçilərin köhnə sayğacları isə elektron sayğaclarla əvəz edilib. Beləliklə, şəbəkənin texniki itkisi  4,1%-ə endirilib, istehlak edilən elektrik enerjisinin haqqının yığılma səviyyəsi isə yetərincə yüksəlib. 

Başqa sözlə deyilsə, 2010-cu ilin 8 ayı ərzində  2008-ci ilin müvafiq dövrünə baxanda 370,9 mln kVt/saat, 2009-cu ilin müvafiq dövrünə baxanda isə 56,6 mln kVt/saat az enerji alınmasına baxmayaraq, enerji haqqının yığımı  2008-ci ilə baxanda 20,4 mln manat və 2009-cu ilə baxanda 14,9 mln  manat artıb. Bundan başqa, aşağı gərginlikli şəbəkədə görülən işlərin hesabına bu ilin 8 ayı ərzində əhalidən yığım həcmi 78,8 mln manat təşkil edib ki, bu da 2008-ci ilin müvafiq dövrünə baxanda 45% və ötən ilin müvafiq dövrünə baxanda isə 10% çoxdur. 

Yeri gəlmişkən, 2006-cı ildən bu yana 600 min sayğac quraşdırılıb. Bir daha yada salaq ki, «Bakıelektrikşəbəkə» yalnız elektron tipli sayğac quraşdırır ki, bu da elektrik enerjisinin düzgün hesabatını aparmağa imkan verir. Çünki mexaniki sayğaclara  nisbətən elektron tipli sayğaclara «barmaq etmək» çətindir. 

 

Xoşbəxt gələcək

Ancaq qeyd etmək lazımdır ki, Bakı sürətli templərlə inkişaf edir və deməli, «Bakıelektrikşəbəkə»nin abunəçilərə xidmətinin keyfiyyətini dəstəkləmək və yaxşılaşdırmaq üçün yeni həllər, yeni layihələr lazımdır. Bu məqsədlə ASC-nin informasiya sistemi tamamilə yeniləşdirilib, onun operativliyi və funksionallığı gücləndirilib. 

Bununla yanaşı, bildirmək gərəkdir ki, şəbəkənin fasiləsiz və effektiv işinin təmin edilməsi üçün yeni texnologiyalar kadr heyətinin hazırlığını tələb edir. Bunun üçün 2007-ci ildə «Bakıelektrikşəbəkə» öz əməkdaşlarının bir hissəsini staj keçmək üçün MDB ölkələrinin və Türkiyənin qabaqcıl təhsil məkzələrinə yollayıb. 

Bildirmək gərəkdir ki, şəbəkənin rəhbərliyi öz mütəxəssislərinin ixtisasının yüksəldilməsinə  diqqət ayırır, bununla bağlı olaraq ASC-nin Tədris Mərkəzində artıq 610-dan çox insan kurs keçib, onların 266-sı mühəndis-texniki işçilərin sırasına, 344-ü isə işçi heyətə aiddir.  Dünyanın aparıcı energetika şirkətlərinin işi ilə yaxından tanış olmaq üçün  25 nəfər ingilis dili kursundan keçib. Bundan başqa, elektrik sayğaclarının quraşdırılması və enerji istehlakının uçotunun aparılması üçün hətta səyyar kurslar da təşkil edilib. 

Xüsusilə də «Bakıelektrikşəbəkə»nin yeni əməkdaşları məcburi tədrisdən keçirilir, yeri gəlmişkən, yeni işçilər yalnız namizədlərin peşə qabiliyyətini və biliklərini qiymətləndirən xüsusi qəbul komissiyasının bəyənməsindən sonra işə götürülürlər. Özü də energetiklərin sıralarına qoşulmaq istəyənlər yetərincə çoxdur. Çünki şəbəkə rəhbərliyi öz əməkdaşlarının sosial durumuna xüsusi diqqət ayırır, buna misal kimi, şirkət üzrə orta maaşın 20% artırılması barədə əmri göstərmək olar. Qeyd etmək lazımdır ki,  2010-cu il üzrə əmək haqqı və ona bərabər ödənişlər üzrə fondun məbləği 21 869,5 min manat təşkil edib.

«Bakıelektrikşəbəkə» bu gün yetərincə uğurlu, dayanıqlı müəssisədir. O, təkcə  bakılıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etməkdə qalmayıb, həmçinin öz fəaliyyətindən mənfəət də götürür ki, bir neçə il bundan qabaq bu barədə heç düşünmək belə mümkün deyildi. 

Belə ki, «Deloyt end Tuş» auditor şirkətinin hesablamasına görə, 2007-09-cu illərdə şirkətin xalis gəliri 63 mln 776,119 min manat təşkil edib, 2007-2010-cı illər üzrə isə bütövlükdə  75 mln 931,66 min manata bərabər olub. Bu müddət ərzində ASC Dövlət Sosial Müdafiə Fonduna  15 mln 450,6 min manatlıq sosial sığorta ödənişi edib. 

Başqa sözlə, əminliklə demək olar ki, paytaxt elektrik şəbəkəsinin inkişafı üzrə 5 il qabaq seçilmiş inkişaf strategiyası özünü tamamilə doğruldub və onun uzun illər dayanıqlı mövcudluğu üçün əsas yaradıb. 


MƏSLƏHƏT GÖR:

468