25 Noyabr 2024

Bazar ertəsi, 23:38

ÜMUMİ QAZAN

İnvestisiya fondları Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün yeni mənbələr olacaq

Müəllif:

15.11.2010

Son illərdə dünyanın bir çox ölkələrində, xüsusilə də inkişaf etməkdə olan bazarlarda səhmdar və pay investiisiya fondları (SİF və PİF) daha çox populyarlıq qazanmağa başlayır. Bu kollektiv sərmayə formaları ənənəvi bank qoyuluşlarına üz tutmadan əmanətləri artırmaq imkanı təqdim edir. Bu cür fondların yaradılması üzrə qanunvericilik imkanları bizim ölkədə artıq on ildən çoxdur ki, mövcuddur, bu yaxınlarda isə  Milli Məclis  "İnvestisiya fondları haqqında" yeniləşmiş qanun qəbul edib. 

 

SİF & PİF

Son illərdə, bütün dünyada müxtəlif növ investisiya fondları özəl investorlar arasında çox populyar alətə çevrilib. Özü də bu, təkcə fond bazarında uzun müddət müşahidə aparan və pay fondlarının fəaliyyəti haqqında yetərincə biliyə malik olanlar arasında deyil, həm də sayı sürətlə artan varlı ortastatistik vətəndaşların priorietinə çevrilib. Bu, əsasən, dünya maliyyə bazarlarında baş verən dəyişikliklərlə - bank əmanətləri üzrə faizlərin azalması, əmlak bazarında müsbət dinamikanın olmaması, aparıcı dünya valyutalarının məzənnəsinin qeyri-sabitliyi ilə bağlıdır. Qlobal iqtisadi böhran dövründə güclənmiş bu və ya digər amillər  əmanət sahiblərini öz pullarını qorumaq və artırmaq üzrə yeni üsullara həssas edib. 

Xaricdə müxtəlif tipli SIF və PIF-lər pərakəndə özəl kapitalların bir yerə toplanmasında və daha sonra iqtisadiyyatın prioritet istiqamətlərinə yönəldilməsində böyük rol oynayıb. Bu formalar  daha çox offşor zonalarda inkişaf edib, oralarda investisiya fondları mənfəət vergisindən və kapital vergisindən azad edilib, bəzi hallarda isə aktivlərin dəyərinin artımından azad olunub. İnvestisiya fondlarının xalis aktivlərindən vergitutma da həddindən aşağı dərəcə ilə gerçəkləşdirilir. 

Pay investisiya fondları, yəni PIF-lər nədir? Əslində bu, çoxsaylı sərmayəçilərin vəsaitlərinin birləşdirilməsi və onların idarəedici şirkətin etibarlı idarəsinə verilməsidir. Öz növbəsində, PİF-lər müştərilərdən cəlb edilmiş vəsaitləri fond bazarlarının qiymətli kağızlarına və başqa maliyyə alətlərinə yatırırlar, bununla da gəlirlilik və etibarlılıq baxımından optimal saydıqları aktivlər arasında seçim edərək etibar edilmiş kapitalı idarə edirlər. Bir qayda olaraq, investisiya fondlarına vəsait yatıran müştərilər konkret investisiya fondunun ümumi çantasının həmtəsisçisinə çevrilir. Fondun xalis aktivlərinin qiyməti mütəmadi olaraq dəyərləndirilir və beləliklə, fondun bir səhminin və ya payının cari qiyməti müəyyən edilir. Sonra müəyyən zaman kəsiyində bu əməliyyatların gəlirləri müştərilər arasında  pay hissəsinə uyğun bölünür. 

Dünya praktikasına görə, PIF-lər üç tipə bölünür. Açıqtiplilər - bunlar öz paylarını hər iş günü alıb-satmalıdırlar və öz aktivlərini yüksək likvidlikli formalarda, məsələn, dövlət qiymətli kağızlarında saxlamağa məcburdurlar. Daha sonra isə intervaltiplilər gəlir - onlar fondun qaydalarında müəyyən olunmuş zaman dövründə, amma bir ildən gec olmayaraq, payların satınalınmasını və satışını gerçəkləşdirirlər. 

Nəhayət, qapalı investisiya fondları - onlar payları fond yaranan zaman satırlar və bir qayda olaraq, bu qurum işini başa çatdırana qədər onu geri almırlar. Amma PİF-lərin bütün tiplərinin əsas oxşar bir cəhəti də var ki,  bank depozitlərindən fərqli olaraq, onların dəqiq müəyyən olunmuş gəlir faizi dərəcəsi yoxdur. Yəni bu cür investisiya fondlarının pay yiyələri ildə 60-80%-ə qədər gəlir də əldə edə bilərlər, əlverişsiz bazar konyukturası halında zərərə də düşə bilərlər.

İnvestisiya sahəsində oxşar fəaliyyət fondlarının digər tipi - ixtisaslaşmış (səhmdar) investisiya fondları (SIF) tərəfindən də gerçəkləşdirilir. Bu qurumların fərqli cəhəti fəaliyyətlərinin daha sərt qanunvericiliklə tənzimlənməsidir, o cümlədən, onlar öz aktivlərini investisiya risklərinin diversifikasiyası üzrə formalaşdırmalıdırlar. SIF fondları bir qayda olaraq, müxtəlif investorlar, onların müştərisi olan hüquqi şəxslər, yəni "well-informed investors" (yaxşı məlumatlı investorlar) tərəfindən sərmayə qoyuluşları üçün nəzərdə tutulub. 

 

Köhnə qanunun yeni həyatı 

Maraqlıdır ki, bizim ölkədə hələ 1999-cu ildən investisiya fondlarının inkişafı üçün qanunvericilik bazası yaradılıb.  Ancaq ötən onillik ərzində qısa müddətdə mövcud olmuş "Siqma" çek-investisiya fondunu çıxmaqla, ölkədə nəzərəçarpacaq sayda belə qurumlar yaranmayıb. Azərbaycan sahibkarlarının bu istiqamətdə fəallığının aşağı olması fondların işi barədə ilk milli qanunvericiliyin çox sərt yanaşması ilə bağlıdır. Demək olar ki, investisiya fondlarının fəaliyyətinin bütün istiqamətləri - həm təşkilati-hüquqi formalar, həm portfellərin strukturu, həm iştirakçıların sayı, həm də sərmayələşdirmə imkanları üzrə liberallaşdırma tələb olunurdu. 

"Həm də 1999-cu ildə investisiya fondları haqqında qəbul olunmuş qanun  bugünün tələblərinə cavab vermir. Keçən müddət ərzində qiymətli kağızlarla əməliyyatlar, həmçinin, Azərbaycanın fond bazarının fəallığı yetərincə artıb. Buna görə də çağdaş gerçəkliklərin nəzərə alınması ilə yeni hüquqi çərçivələrə ehtiyac yaranıb", - deyə Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə vurğulayır. 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən işlənmiş "İnvestisiya fondları haqqında" qanun layihəsinin üçüncü oxunuşu və qəbulu oktyabrın 22-də Milli Məclisin üçüncü çağırış üzrə son iclasının gedişində gerçəkləşdirilib. Beləliklə, yeni qanun bizim ölkədə investisiya fondlarının təşkili, idarə edilməsi və ləğv olunması  prinsiplərini, qayda və normalarını, həmçinin bu qurumların fəaliyyəti üzərində dövlət tənzimləməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsinin işlənməsi zamanı dünyanın 30-dan çox ölkəsinin təcrübəsi öyrənilib, həmçinin, qlobal böhran dövründə maliyyə bazarlarında yaranmış bütün çətinliklər, həmçinin, Avropa Komissiyasının tövsiyələri də  nəzərə alınıb. 

O cümlədən, investisiya fondları haqqında qanunda nəzərdə tutulur ki, SİF-də, ən azı, üç qurucu - hüquqi və ya fiziki şəxslər olmalıdır. Onlar başqa fəaliyyətlə məşğul ola, törəmə müəssisələr yarada bilməz. Öz səhmlərindən başqa, qiymətli kağızlar buraxmağa, öz aktivlərinin 10%-dən artıq və 3 aydan çox müddətə borca girməyə icazə verilmir. 

PİF-lərin yaradılması zamanı onların təmiz aktivlərinin ölçüsünə tələbi  nəzarət qurumu müəyyən edir. Özü də bir şəxs bu qurumda 50%-dən yüksək paya sahib ola bilməz. Fondların fəaliyyəti lisenziyalaşdırılır, xarici investisiya fondları və  ya onların nümayəndəlikləri yalnız nəzarət orqanının icazəsi ilə fəaliyyət göstərə bilər. Sənəddə, həmçinin, ölkə ərazisində offşor fondların fəaliyyət məsələsi də nəzərə alınıb, xüsusilə də bu, pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə rejiminin pozulmasını istisna etmək məqsədi daşıyır. 

Qanunun yeni redaksiyası investisiya fondlarının fəaliyyətinə bir sıra yeniliklər gətirib. Belə ki, son zamanlara qədər qüvvədə olan qanunvericiliyə görə, bizim ölkədə investisiya fondları yalnız səhmdar cəmiyyət formasında yaradıla bilərdi. Yeni qanunda isə onların pay fondları şəklində də yaradılmasına icazə verilir. Qanun, həmçinin, daha optimal və dəqiq lisenziyalaşdırma prosedurunu müəyyən edib. O, iki mərhələdə həyata keçiriləcək: birinci mərhələdə potensial investisiya fondu qurucuları fondun yaradılmasının məqsədəuyğunluğuna icazə almaq üçün QKDK-yə müraciət edəcəklər. Bu müraciətə baxılma müddəti 60 gündür. İkinci mərhələdə dövlət qeydiyyatından keçdikdən sonra, yaradılmış investisiya fondu hüquqi şəxs bir ay müddətində QKDK-yə müracit etməlidir və bu dəfə birbaşa lisenziya tələb etməlidir. 

Bütövlükdə, qanun investisiya fondlarının fəaliyyəti sahəsində mövcud qaydaların  maksimum liberallaşmasını nəzərdə tutur ki, bu da qiymətli kağızlar bazarında təklifləri və əməliyyatların həcmini genişləndirməyə imkan verəcək, həmçinin, yeni alətlərin və potensial investorlar üçün daha əlverişli şərtlərin yaranmasını stimullaşdıracaq. Bir sözlə, yeni qanunun qəbul edilməsindən sonra, Azərbaycanda müxtəlif tipli investisiya fondlarının yaradılmasına potensial investorların marağı yetərincə artıb. 

"QKDK bizim ölkədə ilk investisiya fondlarının yaradılmasında maraqlı olan bir sıra investorlarla ilkin danışıqlara başlayıb. Təkliflər üzrə ilkin ərizələr hələ daxil olmasa da, artıq müəyyən layihələr var. Özü də investisiya fondlarının yaradılmasına yalnız yerli investorlar deyil, həm də müəyyən xarici şirkətlər də maraq göstərir", - deyə bu yaxınlarda QKDK sədri Rüfət Aslanlı vurğulayıb. 

Çağdaş qanunvericilik bazasının olması, şəksiz ki, ölkədə yeni alətlərin inkişafı üçün böyük önəm daşıyır. Amma xarici investiya fondlarının dəvət edilməsi üçün daha ciddi təbliğat işi qurmaq lazımdır - özü də ən başlıcası, Azərbaycan üçün nisbətən ənənəvi olmayan sərmayələşdirmə formalarına ölkənin geniş sahibkarlıq dairələrini cəlb etmək olar. 


MƏSLƏHƏT GÖR:

566