Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Son zamanlarda dünya valyuta bazarlarında aparıcı valyutaların katirovkalarının volatilliyi bütün dünyada beynəlxalq miqyasda "valyuta müharibələri"nin başlanması qorxusunu doğurur. Bu qorxular onunla bağlıdır ki, aparıcı inkişaf etmiş ölkələr tərəfindən gərəyindən artıq likvidliyin yaradılması formalaşmaqda olan bazar ölkələri üçün ciddi problemlər yaradır, çünki onların bazarlarına yetərincə spekulyativ kapitalın axmasına rəvac verir.
Dolların zəifləmə təhlükəsi
Noyabrın 3-də ABŞ Federal Rezerv Sistemi aktivlərin alınması üzrə $600 mlrd həcmində yeni proqram ("miqdar yumşaldılması" proqramı) barədə açıqlama verib. Burada söhbət hər ay $75 mlrd məbləğində uzunmüddətli xəzinə istiqrazlarının alınmasından gedir.
Buna paralel olaraq Rusiya Beynəlxalq Valyuta Fonduna (BVF) risklərin sığortalanması sisteminin yaradılmasını təklif edib, burada sığortaçı kimi dövlət və ya bazar iştirakçıları çıxış edə bilərlər. Bu sistem Cənubi Koreya tərəfindən təklif edilmiş qlobal maliyyə təhlükəsizliyi şəbəkəsinə alternativ ola bilər, şəbəkənin yaradılmasında məqsəd kimi böhran yaranması anında və ya onun əlamətləri aşkarlandıqda maliyyə resurslarına operativ çıxışı təmin etmək nəzərdə tutulur. O cümlədən, Seul ölkələrə apardıqları iqtisadi siyasət sahəsində tələblər qoymadan kredit xəttinin ayrılmasını nəzərdə tuturdu.
Noyabrın 11-də "Böyük İyirmilik"in Seulda keçirilmiş sammitinin gündəliyində duran əsas məsələlərdən biri də valyuta bazarının problemləri olub. Çin Xalq Respublikasının (ÇXR) Ticarət Nazirliyi tərəfindən yayılmış məruzədə bildirilib ki, məhz Amerika valyutasının artan zəifliyi dünya iqtisadiyyatını "valyuta müharibələri"nə sürükləyir və ixracatçı ölkələr üçün əlavə təhlükələr doğurur.
"Dolların davam etməkdə olan ucuzlaşması Yaponiya, Cənubi Koreya və Tailand kimi ölkələrin daxil olduğu qrupu bu yaxınlarda valyuta intervensiyası gerçəkləşdirməyə, bununla da "valyuta müharibələri"ni gücləndirməyə vadar edib. Görünür ki, ortamüddətli perspektivdə dolların məzənnəsinin ucuzlaşması davam edəcək və bununla da aparıcı valyutalar arasında rəqabəti qızışdıracaq, bu isə şirkətlər üçün riskləri gücləndirəcək", - deyə məruzədə bildirilir. Məruzə müəllifləri həmçinin ehtiyat edirlər ki, "dünya iqtisadiyyatında hazırda müşahidə edilən aşağı artım, həmçinin aparıcı sənaye ölkələri tərəfindən öz maraqlarına əsaslanan makroiqtisadi kursun qəbul edilməsi dünya ticarətində proteksionizmi gücləndirəcək".
Başqa tərəfdən, ABŞ Çini ixrac naminə yuanın məzənənsini süni şəkildə aşağı salmaqda günahlandırır. Çin isə bildirir ki, Amerikanın ucuz pullar və likvidliyin şişirdilməsi siyasəti dolların ucuzlaşmasına və bütün dünya üzrə iri pul axınlarına səbəb olur ki, nəticədə dünya maliyyə sisteminin sabitliyi pozulur.
Dünya Bankının (DB) prezidenti Robert Zellik də hesab edir ki, valyuta məzənnələrindəki problemlər lazım olan səviyyədə həll olunmazsa, proteksionizmin güclənməsinə səbəb ola bilər. O, "Böyük İyirmilik"i bunun əvəzinə diqqəti iqtisadi artımın dəstəklənməsinə cəmləməyə çağırıb, çünki qlobal artım şəraitində valyuta düzəlişləri asan keçəcək.
"G20"nin Seul sammitinin nəticələri üzrə dünya ticarətinin canlanmasına yönəlmiş birgə sazişə qol çəkilib və ölkələr dünya üzrə iqtisadi artım potensialının təmin edilməsi üzrə müəyyən tədbirlər görülməsi barədə anlaşıblar. Belə tədbirlərdən biri gələn il Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində dünya ticarətinin liberallaşması üzrə danışıqların Doha raundunun başa çatdırılmasıdır.
Bundan başqa, sammit iştirakçıları proteksionizm və ticarət məhdudlaşdırmaları ilə mübarizə barədə də razılaşıblar. Həmçinin qətnaməyə görə, işçi qrupun üzvləri likvid bank rezevlərinin artması hesabına dünya maliyyə və bank sistemlərini möhkəmləndirmək, "Bazel-3" islahatları çərçivəsində rezervlərin keyfiyyətinin yaxşılaşdırmaq niyyətindədirlər.
Azərbaycanın məzənnə siyasəti
Başqa ölkələr tərəfindən milli valyutaların ucuzlaşması siyasətinin əksinə olaraq Mərkəzi Bank (AMB) oktyabrın 28-dən başlayaraq manatın dollar qarşılığında nisbətinin möhkəmləndirilməsi siyasətini gerçəkləşdirir. MB-də bu durumu izah edərək bildiriblər ki, dünya valyuta bazarında ABŞ dollarının ucuzlaşması ölkə daxilində məzənnənin formalaşması mexanizminə transmissiya effekti göstərir. Amma daxili valyuta bazarında tələb və təklif manat-dollar cütlüyünün məzənnəsinin formalaşmasına təsir göstərən əsas amillərdir. Mərkəzi Bank 2010-cu ilin sonuna qədər qalan müddət ərzində milli valyutanın kursunun sabit qalması siyasətini yürüdür.
Özü də 2011-ci ildə də MB analoji siyasəti dəstəkləmək, məzənnə siyasətini ölkə daxilindəki durumdan və qlobal mühitdən asılı olaraq gerçəkləşdirməyə sadiq qalmağa hazırlaşır. "Məzənnə siyasətinin gerçəkləşdirilməsi zamanı əsas diqqət inflyasiya proseslərinə və ölkənin rəqabət qabiliyyətinin saxlanmasına yönəldiləcək", - deyə MB-dən bildiriblər.
MB təmsilçiləri sanırlar ki, məzənnənin inflyasiyaya təsirini araşdıran zaman nominal effektiv məzənnənin dəyişməsinə, yəni ikitərəfli deyil, çoxtərəfli məzənnəyə diqqət yetirmək gərəkdir. 2010-cu ilin 9 ayı ərzində neftdənkənar bölmə üzrə nominal effektiv məzənnə 3% möhkəmlənib. Bu da öz növbəsində inflyasiya idxalını məhdudlaşdırıb, həmçinin tərəfdaş ölkələrdəki inflyasiya proseslərinin sürətlənməsinin və taxıl bitkilərinin qiymətinin artımının mənfi təsirlərini müəyyən mənada neytrallaşdırmağa imkan verib.
Dünyanın bir çox ölkələri hazırda fəal şəkildə milli valyutanın dəyərini aşağı salmaq yolu ilə ixracı və iqtisadi artımı stimullaşdırmağa başlayıblar. Ancaq MB-də bu tədbirlərin təmin edilməsini yalnız məzənnə siyasəti ilə bağlamağı doğru saymırlar - bununla həmin prosesə yalnız müəyyən qədər dəstək vermək mümkündür. MB tərəfindən gerçəkləşdirilən məzənnə siyasəti ölkə iqtisadiyyatının strukturuna uyğun olaraq, ixracatın genişlənməsinə və iqtisadi artımın sürətlənməsinə xidmət edir, yəni ölkənin rəqabət qabiliyyətinin müdafiəsini nəzərə alır. Bunun nəticəsində manatın əsasən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Belarusun payına düşən neftdənkənar bölmə üzrə real effektiv məzənnəsi 1,1% azalıb.
Daha öncə Milli Bankın (MB) başçısı Elman Rüstəmov qeyd etmişdi ki bu gün ölkənin valyuta bazarında xarici valyuta təklifləri ona tələbatı yetərincə üstələyir: "Bu amili nəzərə alaraq, AMB manatın məzənnəsinin möhkəmləndirilməsi məqsədi ilə strelizasiya gerçəkləşdirir və hazırda bazarda milli valyutanın möhkəmləndirilməsi istiqaməti onun ucuzlaşdırılması istiqamətindən daha inandırıcıdır". Onun sözlərinə görə, məzənnənin dəyişməsi ölkədə ümumi makroiqtisadi durumun dəyişməsindən asılı olacaq, amma devalvasiyadan söhbət belə gedə bilməz, amma bu siyasət inflyasiya artımına təsir göstərəcək və ölkənin valyuta bazarında xarici valyutanın artıqlığına səbəb ola bilər. Qeyd edək ki, 9 ayın nəticələrinə görə, MB artıq valyuta bazarından $1 mlrd.-a yaxın vəsait alıb və ilin sonuna kimi bu göstərici iki dəfəyə qədər arta bilər. Elman Rüstəmov gizlətmir ki, Azərbaycanda 2011-ci il üzrə proqnozlaşdırılan inflyasiya səviyyəsi 5% olaraq qalacaq. Bu fikir taxılın və onunla bağlı məhsulların qiymətinin dünya bazarlarında bahalaşması ilə bağlı olaraq inflyasiya idxalının səviyyəsinin həddindən yüksək olması ilə əsaslandırılır, sözügedən təsir artıq bu ildən hiss edilir.
Bununla yanaşı, etiraf etmək lazımdır ki, MB tərəfindən dünya böhranının dərinləşməsi dövründə nümayiş etdirilən davranış və görülən tədbirlər hətta "valyuta müharibələri" başlasa belə, milli valyutanın məzəmnəsinin sabit qalacağı barədə rahat olmağa imkan verir. Bunun sübutu kimi onu göstərmək olar ki, dünya maliyyə böhranı şəraitində ölkələrin çoxu devalvasiya və defoltla üz-üzə qaldığı halda Azərbaycanda manatın məzənnəsi sabit qaldı.
İqtisadiyyatın diversifikasiyası sabitliyə əsas zəmanətdir
Bununla yanaşı, bank bölməsinin ekspertləri əmindirlər ki, dünya kataklizmi qarşısında bir dəfə ən yüksək dayanıqlıq nümayiş etdirmiş Azərbaycan bu dəfə də özünü qoruya bilər. Bank mütəxəssisi Cəlal Qasımovun fikrincə, manatın sərbəstdönərli valyuta səbətinə, o cümlədən dollara bağlı olmasına baxmayaraq, Azərbaycan, çətin ki, "valyuta müharibələri"nə qoşulsun. Buna görə də bir çox başqa ekspertlər kimi o da bu fikirdədir ki, dünya bazarlarındakı təhlükə daha da genişlənərsə, bu, hamı üçün pis olacaq. "İstənilən müharibənin zərəri həmişə xeyrindən çox olub. Bu gün yetərincə resursa malik olan Azərbaycan "valyuta müharibələri"nin istənilən effektindən bizim iqtisadiyyata dəyə biləcək zərəri hesablamaq və bundan asılı olaraq müvafiq tədbirləri görmək imkanındadır. MB qızıl-valyuta rezervlərinin böyük həcmini nəzərə alaraq məzənnənin kəskin sıçrayışlarından qaçmaq üçün lazım olan zaman intervensiyaya gedə bilər. Ən başlıcası isə dünya valyuta bazarlarında volatilliyin və fors-major hallarının olmamasıdır, bu gün bizim milli valyutanın bahalaşması isə normal prosesdir", - deyə ekspert vurğulayır.
Başqa bank eksperti Rəsul Cəlilov isə hesab edir ki, dünya valyuta bazarlarındakı indiki durum təbiidir. "Hər bir ölkə ixracatı artırmaq yolu ilə ixrac həcmlərini stimullaşdırmağa, buna görə də öz məhsulunun qiymətini aşağı salmaq üçün süni şəkildə valyutasını ucuzlaşdırmağa çalışır. Və bu gün ABŞ, Avropa Birliyi (AB) və Yaponiyaya istehsalı, ixracatı stimullaşdırmaq və işsizliyi azaltmaq üçün zəif dollar, avro və yena əlverişlidir", - deyə o vurğulayıb.
Bununla yanaşı, iqtisadçı Əli Məsimli hesab edir ki, bu gün tarazlaşdırılmış manat siyasətinin yürüdülməsi, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutasına nisbətən onun rəqabət qabiliyyətinin dəstəklənməsi çox önəmlidir. Onun fikrincə, "Bu gün neftin qiymətinin artması prosesi davam etdiyindən bu, neft ixracatçısı olan ölkələrin, o cümlədən Azərbaycanın milli valyutalarının bahalaşmasına səbəb olur, belə olan halda yaxın perspektivdə manatın dollara nisbətən məzənnəsinin möhkəmlənməsi qaçılmazdır. Amma bu o demək deyil ki, prosesi nəzarətdən çıxarmaq lazımdır, bu, Azərbaycan iqtisadiyyatına böyük zərər vura bilər. Buna görə də MB bu prosesi tənzimləməlidir və manatın məzənnəsinin həddindən yüksəlməsinə yol verməməlidir", - deyə ekspert vurğulayır.
Ə.Məsimlinin fikrincə, hökumətin məhz belə siyasət yürüdəcəyinin ehtimalı böyükdür. Çünki əgər manat çox bahalaşarsa və dolların məzənnəsi həddindən ucuzlaşarsa, bu, idxalı stimullaşdıracaq, yəni ölkəyə xaricdə istehsal edilən məhsulların gətirilməsi artacaq. İxracat isə bundan zərər çəkə bilər. "Buna görə də manatın həddindən bahalaşmasından qaçmaq üçün rəqabət qabiliyyətli məzənnə siyasətinin aparılması vacibdir, əks halda bu, ya bir sıra xidmət və malların bahalaşmasına səbəb olacaq, ya da ki, yerli istehsal ucuz xarici mallar qarşısında öz rəqabət qabiliyyətini itirəcək və bazarı tərk etməli olacaq", - deyə Ə.Məsimli vurğulayır.
Valyuta bazarında dünyanın ardınca
Yuxarıda deyildiyi kimi, valyuta bazarında müharibələr heç də onun bütün iştirakçıları üçün əlverişli deyil. Buna görə də bu təhlükəyə qarşı tədbir görməyə dünyanın bir çox ölkələri hazırdır. Belə ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bütün dünya iqtisadiyyatına təklif edib ki, real sektoru ümumi orientirə çevirsinlər. O, həmçinin dünyanın aparıcı ölkələrinin liderlərinə təklif edib ki, dövlətləri əsas iqtisadi prinsipləri əks etdirən və bazara daha çox istiqamətlənmiş valyuta sistemləri yaratmağa stimullaşdırsınlar. Barrozu valyutaların rəqabət devalvasiyasından çəkinməyə də çağırıb.
Yeri gəlmişkən, Fransa maliyyə naziri Kristin Laqard Seulda keçirilmiş G20 sammitində dünya iqtisadiyyatının dayanıqlı artımının təmin edilməsi məqsədi ilə beynəlxalq valyuta sistemində islahatlar aparılması haqqında məsələ də qaldırıb. Nazir hesab edir ki, cari qeyri-sabitlik və volatillik göstərir ki, sistemin islahata ehtiyacı var. Bu zaman, onun sözlərinə görə, islahat heç də bir valyutanın başqası ilə əvəz edilməsi demək deyil. "Valyuta müharibələri"ndən imtina edilməsi barədə razılaşma "Böyük İyirmilik" maliyyə nazirlərinin və mərkəzi bank başçılarının Cənubi Koreyanın Kendju şəhərində keçirilmiş görüşündə əldə edilib.
Azərbaycan hökumətinin yaxın dörd il üzrə proqnozları da neftdənkənar sektorun inkişaf proseslərinin sürətləndirilməsi vasitəsilə ölkənin dayanıqlılığını dəstəkləmək istəyini təsdiq edir. Hökumət 2014-cü ilə qədər ümumi daxil məhsulda (ÜDM) neft sektorunun payını 2009-cu ildəki 47%-dən 38%-ə qədər azaldılmasını proqnozlaşdırır ki, bu da "iqtisadiyyatın uğurla gerçəkləşdirilmiş diversifikasiyası" hesabına mümkündür. Bunu daha öncə iqtisadi inkişaf naziri Şahin Mustafayev də bildirmişdi. ÜDM-də neftdənkənar bölmənin payı 45%-dən 53%-ə qədər qalxacaq. Bununla yanaşı, neftdənkənar ÜDM-in artım tempi 2011-ci ildə 7,2% səviyyəsində proqnozlaşdırılır, sonrakı üç il ərzində isə orta hesabla 8% olacaq.
Nazirin sözlərinə görə, bu artımın təmin edilməsi üçün Azərbaycan prezidentinin tapşırığı ilə ölkənin özəl bölməsinin inkişafı üçün qanunvericilik bazasının və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, xüsusilə də kiçik və orta sahibkarlıq sahəsində dövlət dəstəklənməsi tədbirlərinin genişləndirilməsi, maliyyə, infrastruktur, məsləhət, informasiya təminatının yaxşılaşdırılması, xarici və yerli investisiyaların, çağdaş texnologiyaların və idarəetmə texnologiyalarının cəlb edilməsi, həmçinin yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalı nəzərdə tutulur.
Azərbaycan hökumətinin proq-nozlarından da görünür ki, 2011-ci ildə və sonrakı 3 il ərzində diversifikasiya vasitəsilə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini yetərincə yüksəltmək nəzərdə tutulur. Artıq bu ilin doqquz ayı ərzində neftdənkənar bölmə yalnız iqtisadi artım templərinə görə deyil, həm də ölkə ÜDM-də tutduğu paya görə, neft bölməsini geridə qoyub. Bu müddət ərzində ölkə ÜDM-nin artımı 4,1% təşkil etdiyi halda, neftdənkənar bölmə 5,2% artıb.
Başqa sözlə, əgər valyuta bazarında müharibə başlayarsa, Azərbaycan "neytrallığını" qorumağı bacarar və maliyyə çəkişməsinin nəticələrindən özünü qoruya bilər.
MƏSLƏHƏT GÖR: