5 Dekabr 2025

Cümə, 21:34

NƏNQƏRHAR - YALNIZ BAŞLANĞIC?

Əfqanıstan NATO ilə Rusiyanın əməkdaşlığı üçün əsas meydan ola bilər

Müəllif:

15.11.2010

NATO-nun baş katibi Anders Foq Rasmussen Əfqanıstanda vəziyyətin sabitləşdirilməsində Rusiya ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı kimi çıxış edib. Söhbət Moskvaya bu ölkə ərazisindəki NATO əməliyyatlarına qoşulmaq təklifindən gedir.

Alyans rəhbərliyinin açıqlamalarından belə anlaşılır ki, Moskva ilə müvafiq razılaşma bir sıra məqamları özündə əks etdirə bilər: Rusiya vertolyotlarının Əfqanıstana göndərilməsi və əfqan pilotlara rusların təlim keçməsi; əfqan hərbçilərin rus təlimatçılar tərəfindən öyrədilməsi; Əfqanıstandakı NATO qüvvələrinin təchizatında Rusiya ərazisindən daşımaların artırılması; narkotrafikin qarşısının alınması və sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsində Moskva ilə Brüsselin effektiv əməkdaşlığı və s.

Beləliklə, alyans Əfqanıstan probleminin həllində Rusiyanın dəstəyinə marağını açıq şəkildə ortaya qoyub. Bu, Əfqanıstanda NATO-nun işlərinin getdikcə pisləşməsinin etirafı kimi də qəbul edilə bilər.

"Taliban" hərəkatı ildən-ilə güclənir (hətta aydan aya da demək olar). Təbii ki, alyans qüvvələri arasındakı itkilərin artması da bununla bağlıdır. ABŞ-ın İraq missiyasına son qoyması və bununla da Əfqanıstandakı hərbi kontingentin genişləndirilməsi də bu ölkədə vəziyyətin yaxşılaşmasına kömək etməyib. Üstəlik, bu münaqişədə iştirak edən Qərb ölkələrinin ictimaiyyəti müharibənin uzanmasından getdikcə daha ciddi narahatlığını ifadə edirlər. Belə çıxır ki, NATO son dərəcə çıxılmaz vəziyyətdə qaldığı üçün Moskvanın köməyinə müraciət edib. Rusiyanın isə Əfqanıstanla bağlı kifayət qədər acı təcrübəsi var. İndi Rusiyanın yardımı alyans üçün həqiqətən də çox yerinə düşər. Ələlxüsus da nəzərə alaq ki, Rusiya Mərkəzi Asiyanın postsovet respublikalarında geosiyasi üstünlüyə malikdir, üstəlik, Əfqanıstanın şimalında da böyük nüfuz sahibidir.

Amma Rusiya hələ alyansın təklifini qəbul etdiyini göstərəcək hər hansı addım  atmayıb. Ölkənin xarici işlər naziri Sergey Lavrov qəti şəkildə bildirib ki, Rusiya qoşunları Əfqanıstana qayıtmayacaq. Moskvada yaxşı anlayırlar ki, Əfqanıstandakı hərbi əməliyyatlarda, xüsusilə "antinarkotika reydləri"ndə iştirak taliblərə qarşı döyüş anlamına gələcək. Axı, onlar hər il tiryəkdən 400 milyon dollardan artıq qazanc götürür.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin strategiyasını tənqid etməsini də NATO-ya ünvanlamış ismarış saymaq olar. Çürkinin fikrincə, NATO-nun hazırda Əfqanıstan ərazisindəki fəaliyyəti tam effektsizdir, çünki barışmaz silahlı müxalifətlə əsas mübarizə ölkənin cənub əyalətlərində aparılır. Nəticədə yaraqlılar NATO əməliyyatlarının o qədər də sıx olmadığı digər ərazilərdə məskunlaşmaq imkanı qazanır. Silahlı müxalifətin "Rusiyanın ənənəvi təsir zonasına" yaxın şimal ərazisinə hücumlarının artması da bününla izah olunur. "NATO əməliyyatlar zonasında yaraqlıları sıxışdırmaqla, onların hərbi imkanlarını saxlamasına, şimal tərəf də daxil olmaqla, ölkənin digər ərazilərinə üz tutmasına səbəb olur", - deyə Çurkin qeyd edib.

Bununla Moskva heç bir halda yad oyunların alətinə çevrilmək niyyətində olmadığını göstərir. Amma Rusiya Əfqanıstan problemilə bağlı əməkdaşlıqdan heç də tam imtina etmir. Oktyabrın sonlarında Əfqanıstanın Pakistanla sərhədinə yaxın yerləşən Nənqərhar vilayətində narkotik alverçilərinə qarşı ilk Amerika-Rusiya birgə əməliyyatlarının keçirilməsi də bunun göstəricisidir. Qeyd edək ki, həmin əməliyyat nəticəsində 4 narkotik laboratoriyası və təxminən 1 ton heroin məhv edilib. Moskvanın bu əməliyyatda iştiraka razılaşması isə tamamilə başadüşüləndir: Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin alyansı çoxdan Əfqanıstan ərazisində narkotik alverçilərilə mübarizəni gücləndirməyə çağırmışdı. Axı bu ölkədən gələn narkotik axını daha çox ziyanı məhz Rusiyaya vurur.

Bu birgə əməliyyatın daha bir maraqlı cəhəti də var. Rusiya ilə birlikdə Nənqərhardakı narko-biznesə zərbə vurmaqla, NATO nümayiş etdirdi ki, əfqan kampaniyasının uğurlu sonuclanması naminə, hətta, rəsmi Kabilin etirazlarına rəğmən belə, Rusiya ilə sıx əməkdaşlığa hazırır. Məsələ ondadır ki, Əfqanıstan prezidenti Həmid Kərzai sözügedən əməliyyatı ölkəsinin suverenliyinə və beynəlxalq hüquqa zidd addım adlandırıb. Kərzai iddia edir ki, Rusiyanın Əfqanıstan ərazisində istənilən əməliyyatda iştirakı Kabilin maraqlarına uyğun deyil: çünki burada hələ də Sovet qoşunlarının işğalını yaxşı xatırlayırlar.

Qərbdə isə əmindirlər ki, Kərzainin narazılığı yalnız onun Əfqanıstan torpaqlarında Rusiya hərbçilərini görmək istəməməsindən irəli gəlmir. Fransanın nüfuzlu "France Soir" nəşri Əfqanıstan rəhbərliyini açıq şəkildə narkotik istehsalı və narkotrafiki müdafiə etməkdə günahlandırıb. Bu zaman ABŞ Dövlət Departamentinin martda açıqladığı illik hesabata istinad olunub. Xatırladaq ki, həmin sənəddə bildirilir ki, Əfqanıstandakı tiryək plantasiyaları hazırkı rejimdə yüksək postlar tutmuş şəxslərə yaxın adamlarındır. Hesabatda şəxsən Kərzainin adı da kifayət qədər tez-tez çəkilir.

Alyans və Əfqanıstan rejiminin fəaliyyətinin səbəbləri bu və ya digər dərəcədə aydındırsa, Rusiyanın Əfqanıstanla bağlı addımları, həmçinin NATO ilə əməkdaşlığı ciddi diskussiyalara səbəb olur. Təbii ki, Rusiya Əfqanıstanda vəziyyətin tezliklə sabitləşməsində son dərəcə maraqlıdır. Çünki bu ölkədə istehsal olunan narkotikin əhəmiyyətli hissəsi məhz Rusiya ərazisinə gətirilir. Moskvanın Əfqanıstan Silahlı Qüvvələrinə pulsuz silah-sursat verməyə razılaşmasına, həmçinin yerli polis və HHQ pilotlarına təlim keçməyə "hə" deməsinə məhz bu konteksdə yanaşmaq lazımdır. Bundan başqa, Moskva Əfqanıstan Hərbi Hava Qüvvələri üçün Birləşmiş Ştatlara  21 ədəd "Mi-17" vertolyotu satmağa da razılaşıb.

Amma Rusiyanın hədəfləri yalnız hazırki hərbi-siyasi vəziyyətlə yox, həm də iqtisadi perspektivlərlə də bağlıdır. Moskva Rusiya şirkətlərinin Əfqanıstan infrastrukturunun müasirləşdirilməsində, həmçinin su elektrik stansiyalarının bərpasında iştirakına çalışır.  Qeyd edək ki, bu planın reallaşdırılması üçün 500 milyon dollarlıq büdcə də ayrılıb. Rusiya Əfqanıstanın şimalındakı qaz yataqlarının işlənməsi layihələrinə də maraq göstərir.

Amma Moskvanı Əfqanıstanda Qərblə əməkdaşlığa sövq edən səbəblər yalnız bu ölkə ilə bağlı deyil. Şübhəsiz ki, Rusiya bunun əvəzində NATO-dan ciddi geostrateji güzəştlər tələb edəcək. Bu, güman ki, ilk növbədə alyansın Şərqə doğru genişlənməni dayandırması olacaq. 

Başqa sözlə, Rusiyanın arzusu budur ki, NATO Ukrayna və Gürcüstanı sıralarına qəbul etmək ideyasını unutsun. Brüssel bu razılaşmanın nə demək olduğunu yaxşı anlayır və görünür, Əfqanıstan probleminin tezliklə həllinə nail olmaq üçün buna getməyə hazırdır.

Odur ki, NATO-nun Əfqanıstanda Rusiya ilə oynadığı oyun buna yönəlmiş zəhmətə dəyər, çünki, ilk növbədə, taktiki xarakter daşıyır və Brüsselin "açıq qapı" siyasətindən uzunmüddətli perspektiv üçün imtinasını  nəzərdə tutmur. 

Rusiyanın bu prosesdə NATO-dan gözlədiyi daha bir güzəşt HHM sistemlərilə bağlıdır. Vaşinqtonun Çexiya və Polşada Hava Hücumundan Müdafiə sistemləri elementlərini yerləşdirməkdən imtinası Moskvanın Qərbin digər strateji layihələrinə daha loyal yanaşmasına səbəb olub. Rasmussenin "Vankuverdən Vladivostokadək" vahid raketdən müdafiə səddilə bağlı təşəbbüsünə də bu konteksdə yanaşılır.



MƏSLƏHƏT GÖR:

496