BARAK OBAMAYA ETİMAD REFERENDUMU
2010-cu ilin aralıq seçkisi 2012-ci ildə keçiriləcək prezident seçkisinə ciddi təsir göstərəcək
Müəllif: Eldar PAŞAYEV Bakı
ABŞ Konqresinə aralıq seçki Ağ ev administrasiyasına etimadla bağlı ümumxalq referendumu da sayıla bilər. Məsələ ondadır ki, ABŞ prezidenti 4 il müddətinə seçilirsə, Konqresə seçki hər 2 ildən bir keçirilir - prezident seçkisindən 1 il sonra, bir də dövlət başçısının hakimiyyətinin tən ortasında.
Məhz bu səbəbdən o, aralıq seçkisi adlanır.
Nəticədə, ölkədə özünəməxsus siyasi ənənə də yaranıb - prezidentin partiyası tamamilə başadüşülən səbəblər üzündən həmişə aralıq seçkisində Konqresdəki bir neçə yerini itirir.
Beləliklə, noyabrın 2-də ABŞ sakinləri Nümayəndələr Palatasının yeni tərkibinə (435 yerin hamısına) və Senatın 1/3-nə (senatorlar 6 il müddətinə seçilir və bu üzdən indi 100 senatordan yalnız 37-si yenidən seçilib) səs verib.
Bundan başqa, amerikalılar 50 ştat qubernatorundan 37-ni də yeni seçib.
Xatırladaq ki, 2006-cı ildə respublikaçılar demokartlara aralıq seçkisində, 2008-ci ildə isə prezident seçkisində məğlub olmuşdu. Amma 2010-cu ildə onların revanş alması üçün yaxşı imkan yarandı. Respublikaçılar bu imkandan yararlandı. ABŞ-ın Demokratlar Partiyası Nümayəndələr Palatasına nəzarəti əldə saxlaya bilmədi. Amma Senatda Obamanın partiyasının üstünlüyü var. Seçkiqabağı kampaniya dövründə Demokratlar Partiyasının strategiyası aydın idi. Partiya nümayəndələrinin ümidləri 2008-ci ilin prezident seçkisində Barak Obamaya səs vermiş seçicilərə idi. Bunlar əsasən gənclər, qadın seçicilər, həmçinin etnik azlıqların təmsilçiləridir. Obamanın komandası 2 il əvvəl seçki məntəqələrinə yaşı 30-dan az olan rekord sayda seçicinin gəldiyini xatırlayır. Bu üzdən də Obama bütün yazboyu müxtəlif kollec və universitetin tələbələri ilə görüşlərə böyük vaxt ayırmağa çalışıb.
Amma sorğular vəziyyətin demokratlar və Obamanın xeyrinə olmadığını göstərirdi. Əvvəllər Ağ evin hazırkı rəhbərini dəstəkləmiş amerikalıların xeyli hissəsi (təxminən 25%) noyabrın 2-də respublikaçılara səs verəcəyini bildirirdi.
Bununla əlaqədar olaraq, "Amerikanın səsi" Respublikaçılar Partiyasının Milli tələbə komitəsinin rəhbəri Zak Houellin fikirlərinə yer ayırmışdı: "2 il əvvəl respublikaçı olmaq utancverici idi. Bu, o qədər pis sayılırdı ki, bu haqda susmaq daha məsləhət idi. Odur ki, bir çox gənc mühafizəkar müəyyən müddətə sanki gizli fəaliyyətə keçmişdi. Bu il isə hər şey fərqlidir. İndi onlar daha fəal işləyir və mühafizəkar olmaları ilə fəxr edir".
"AP" və mtvU telekanalının apardığı sorğu göstərmişdi ki, seçki ərəfəsində Obamanın fəaliyyətini ötən ilin mayında olduğundan 16% az tələbə dəstəkləyir. Bu, kifayət qədər ciddi itkidir.
Demokratların əleyhinə olan daha bir faktor respublikaçıları dəstəkləyən seçicilərin (ağdərililər, kişilər və yaşlı nəslin nümayəndələri) böyük fəallıq nümayiş etdirməsi olub. Bu, xüsusilə partiyanın mühafizəkar əhvallı seçicilərinə aiddir.
Bunun fonunda "Çayiçmə hərəkatı" da xüsusi maraq cəlb edir. Bu hərəkat sıralarında, xüsusilə, demokratlar və Barak Obamanın siyasətindən narazı olan mühafizəkar əhvallı amerikalıları birləşdirir. Amma onların sırasında respublkaçıları sevməyələr də az deyil. "Çayiçənlər partiyası" dövlət xərclərinin və hökumətin səlahiyyətlərinin azaldılmasını istəyir.
Ekspertlər hesab edir ki, amerikalılar bu yolla Obama siyasətindən məyus olduqlarını, Ağ evin yaxın zamanlarda iqtisadi problemləri aradan qaldıracağına inanmadıqlarını nümayiş etdirir. Məsələn, prezidentin gənclər arasında dəstəyinin itirməsi də məhz bununla əlaqədardır. Hər halda, statistikaya əsasən, hazırda ABŞ-da məzunların 20%-i işsizdir.
Obamanın komandası ictimaiyyəti bütün bunların əksinə inandırmaq üçün əlindən gələni edib. CNN və NBC telekanallarının birbaşa efirində Amerika liderinin daxili siyasi məsələlər üzrə məsləhətçisi Devid Akselrod və Ağ evin mətbuat katibi Robert Gibbs bəyan ediblər ki, Obamanın prezidentliyinin ikinci müddətində əsas prioritet iqtisadi inkişafın sürətləndirilməsi, işsizliyin səviyyəsinin azaldılması (hazırda bu, təxminən 9,6%-dir) və federal büdcədəki kəsirin aradan qaldırılmasıdır (1,3 trilyon dollar). Amma görünən odur ki, sıravi amerikalılar bu vədlərə o qədər də inanmırlar.
Obama və demokratların populyarlığına səhiyyə sahəsində aparılmış islahatlar da ciddi təsir göstərib. Bu, demək olar ki, ABŞ-ın bütün prezidentləri üçün ağrılı mövzudur. Amma köklü dəyişikliklər qərarını yalnız Obama verə bilib. Dəyişiklik müntəzəm vergi ödəyicisi olub-olmamasından asılı olmayaraq, istənilən vətəndaşı nəzərə alan universal tibbi təminat sisteminin yaradılmasından gedir. Bu yenilik əksər respublikaçı tərəfindən israfçılıq adlandırılır və sıravi vətəndaşlar belə düşünən respublikaçıları dəstəkləyir. Onlar işləmək istəməyən insanların sağlamlığı üçün öz ciblərindən pul ödəmək istəmir. Amma 2010-cu il martın 21-də Obamanın bu qanun layihəsi Konqres tərəfindən təsdiqlənib.
Obama administrasiyası Buşun prezidentliyi dövründə Yaxın Şərqdə yol verilmiş yanlışlıqları da aradan qaldıra bilməyib, İraqdan qoşunların çıxarılması Vaşinqtonun xeyrinə işləməyib. Ya çoxdan gözlənilən nəticənin o qədər də qaneedici olmaması, ya da hələ də vəziyyətin qeyri-müəyyən olduğu Əfqanıstan probleminin davam etməsi buna imkan verməyib.
Seçki ərəfəsində qalmaqallı WikiLeaks saytı odun üzərinə yağ töküb. Söhbət saytın oktyabrın 23-də dərc etdiyi, təxminən, 400 sənədlik "İraq dosyesi"ndən gedir. Orada söhbət 2004-cü ilin əvvəlindən 2009-cu ilin sonunadək Amerika və NATO hərbçilərinin İraqdakı fəaliyyətindən gedir. Saytın dərc etdiyi materiallardan belə məlum olur ki, müharibə nəticəsində İraqda 109 min insan həlak olub. Onlardan 66 mini dinc sakin, təxminən, 24 mini düşmən tərəfin təmsilçiləri, 15,2 mini İraq hərbçisi, 3,8 mini koalisiya qüvvələridir. Materiallarla tanış olmuş analitiklər bildirir ki, sənədlərə əsasən, 15 mindən artıq dinc sakin protokollaşdırılmamış insidentlər nəticəsində həlak olub və tanınmamış qalıb.
Demokratların imicinə ciddi təsirini göstərən daha bir faktor Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də terror aktı törədilmiş məkanın yaxınlığında tikinti aparılması ilə bağlı qalmaqal olub. Orada məscid və islam mədəniyyət mərkəzinin inşası nəzərdə tutulurdu. Nyu-York meri Maykl Blumberq və prezident Barak Obama bu tikintinin leyhinə çıxış etmişdilər. Ştatın qubernatoru Devid Petterson, həmçinin Respublikaçılar Partiyası və demokratların Senatdakı lideri isə tikintiyə qəti etiraz edirdi.
Bütün bunlarla yanaşı, seçkidə respublikaçıların qələbə qazanması Vaşinqtonun həm daxili, həm də xarici siyasətində kifayət qədər nəzərəçarpacaq dəyişikliklərə səbəb ola bilər. Konqresdə əsas qüvvəyə çevrilən respublikaçılar qanun layihələrinin qəbuluna mane ola, bununla da Obama administrasiyasının fəaliyyətini xeyli çətinləşdirə bilər. Hər halda, ABŞ Konqresi geniş səlahiyyətlərə malikdir. Məhz konqresmenlərin federal büdcəni təsdiq etdiyi, dövlət adından borcları ödədiyi, xarici ticarəti tənzimlədiyini xatırlamaq kifayətdir. Bundan başqa, Konqres hökumət idarə və qurumlarının fəaliyyətini də tənzimləyir.
Senata gəlincə, istənilən beynəlxalq razılaşma yalnız senatorların əksəriyyətinin dəstəyini aldığı təqdirdə ratifikasiya oluna bilər.
Obama səhiyyə sahəsində islahatları reallaşdıra bilib. Amma immiqrasiya siyasətində vaxtı çatmış dəyişikliklər, ətraf mühitlə bağlı problem, iqlim dəyişikliyinin nəticələri kimi məsələlər hələ də gündəmdədir. Hazırkı administrasiyanın xarici siyasətilə bağlı bəzi məqamlar da sual altına düşə bilər: məsələn, Rusiya ilə ABŞ-ın Strateji Hücum Silahları-3 müqaviləsi.
"The Wall Street Journal" yazır ki, Konqresə seçkidə respublikaçıların qələbə qazanması Rusiyanı məyus edib: Moskva düşünür ki, bu, "yenilənmə" prinsipindən imtinaya və ikitərəfli münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər.
Yazıda Çinlə İsrailin əksinə, seçkinin nəticəsindən məmnun olduğu da bildirilir.
2010-un aralıq seçkisi guman ki, 2012-ci ildə keçiriləcək prezident seçkisinə bilavasitə təsir göstərəcək. Amerikalı ekspertlər hesab edir ki, Konqresdəki çoxluqdan istifadə edəcək respublikaçılar Ağ evin hazırkı komandasına qarşı müxtəlif araşdırmalara başlaya, bu isə Demokratlar Partiyasının namizədinə son dərəcə mənfi təsirini göstərə bilər.
"Qələbəmiz prezidentin planlarına təsir göstərəcək. Seçki göstərir ki, 2012-ci ildə Ağ ev rəhbərliyinə keçiriləcək seçkidə ciddi rəqabət yarada bilərik", - deyə "La Repubblica" qəzetinə açıqlamasında Buş administrasiyasının ən nüfuzlu təmsilçilərindən olmuş Con Bolton bildirib.
Barak Obama bacardığı qədər seçkiqabağı vədlərinə əməl edir - İraqdan Amerika qoşunlarının çıxarılması, iqtisadiyyatın bərpasına cəhdlər və s. Amma görünür, Obama və onun komandasının heç də bütün işləri amerikalıların xoşuna gəlmir, heç də bütün qərarlar gözlənilən effekti vermir. Halbuki, əksər amerikalılar problemlərin bir çoxunun Obamaya əvvəlki administrasiya dövründən qaldığını da unudur.
Bundan başqa, Obamadan lap əvvəldən çox şey gözlənilirdi. Amma bu qədər işin öhdəsindən belə qısa müddətdə heç bir prezident gələ bilməzdi.
Əksər politoloqların fikrincə, indi prezidentin demokratlarla respublikaçılar arasında moderator rolu oynamaqdan başqa çıxış yolu yoxdur. Respublikaçılar da guman ki, müəyyən dərəcədə Obamanı dəstəkləməli olacaq. Əks təqdirdə, demokratların opponentlərini kompromisə hazır olmamaqda günahlandırmaq imkanı yaranacaq.
Üstəlik, respublikaçılar anlayırlar ki, onların kiçik Corc Buşun dövründə yol verdikləri xətalar hələ amerikalıların yadından çıxmayıb.
Bilavasitə Demokratlar Partiyasının təmsilçilərinə gəlincə, onlar son zamanlardakı qərarlarını mütləq analiz etməlidir. Məsələn, KİV-də artıq Ağ ev administrasiyasında mümkün yerdəyişmələrlə bağlı xəbərlər yayılıb. Artıq yalnız seçiciləri öz tərəfinə çəkmək yox, onları qoruyub saxlamaq haqda da düşünmək lazımdır. Qeyd edilməlidir ki, 2010-cu ildə özünü nə demokratlar, nə də respublikaçılara aid edən "müstəqil" seçicilərin sayı Respublikaçılar Partiyası üçün narahatlıq yaradacaq həddədir.
Bəzi Qərb müşahidəçiləri hesab edir ki, ABŞ-ın hazırkı demokrat administrasiyası Cənubi Qafqaz, xüsusilə də Azərbaycanla bağlı siyasətinə də yenidən baxmalıdır. Məsələn, ekspertlər Semyuel Çarap və Aleksandros Petersen "The National Interest" səhifələrindəki "Avrasiyaya yenidən baxmaq şansı" adlı məqalələrində bu təkliflə çıxış ediblər.
Digər amerikalı məşhur ekspert, keçmiş İttifaqın siyasi və sosial-iqtisadi problemləri üzrə mütəxəssis Ariel Koen "Caucasus Times"a müsahibəsində bildirib ki, Vaşinqtonun postsovet məkanı ilə bağlı siyasəti ümumilikdə, Qafqaz regionu siyasəti ilə qismən iflasa yaxındır. "ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllindən kənar normallaşdırılmasına göstərdiyi cəhdlər müsbət nəticələr vermədi", - deyə ekspert qeyd edib.
Düşünmək olar ki, ABŞ-ın Azərbaycana səfir təyin etməsi Amerikanın bu siyasətindəki dəyişikliklərdən birinin göstəricisi ola bilər.
MƏSLƏHƏT GÖR:

430

