
PARLAMENT VAR, İNDİ QALIR HÖKUMƏT
Ekspertlərin proqnozlarına görə, qırğızıstan parlamentində koalisiyanın yaradılmasına edilən ilk cəhd iflasa uğrayacaq
Müəllif: Vlad SİMONOV Bişkək
Axır ki! Qırğız dilində Joqorku Keneş adlanan ölkə parlamentinin ilk iclası seçkidən düz, 1 ay sonra baş tutdu. Oktyabrın 10-da parlament seçkisi keçirildi, noyabrın 10-da isə 5 partiyadan olan 120 nəfərə deputat mandatı verildi. Vəsiqə və döş nişanlarının yeni deputatlara Mərkəzi Seçki Komissiyasının sədri təqdim etdi.
Bir çoxları dərindən nəfəs aldı və rahatlandı, digərləri üçün isə bu, sürpriz oldu.
Qeyd edək ki, Qırğızıstanın yeni parlamentinin ilk iclası 3, ya da 4 dəfə təxirə salınmışdı. İclasın keçirilməsinə parlamentə düşə bilməyən partiyaların məhkəmə iddiaları imkan vermirdi. Nəhayət, prezident Otunbayeva öz videogündəliyində noyabrın 9-da parlamentin iclasının keçiriləcəyinə dair ümidini yox, sanki vədini əks etdirən görüntüsünü yerləşdirdi. Amma bu dəfə də alınmadı. İclas yalnız ikinci gün baş tutdu.
Baş verənlər həqiqətən də qəribədir. Səhər tezdən hökumətin mətbuat xidmətinə zəng edirəm: "Salam. İclas nə vaxtdır?". Cavab: "Allah bilir". Heç 3 dəqiqə də keçmir, mənə zəng vururlar: "Təcili xəbər var! Olacaq. Ayın 9-da!".
Deputatları isə "sürpriz" gözləyirdi. Hökumət evinin binası (yeni parlamentin iclasları orada keçiriləcək. Parlamentin köhnə binası 120 nəfər üçün darısqaldır) insanlar tərəfindən mühasirəyə alınıb. Onlar kifayət qədər aqressivdir. Aralıda dayanmağa çalışıram. Onlar əraziyə bütün girişləri bağlayıb. "Keçmiş Bakiyevçiləri buraxmayacağıq" deyirlər. Kostyum və qalstukda olan hər kəs isə onlar üçün "keçmiş bakiyevçilər"dir. Eyni cür geyinmiş telereportyorlardan biri heç kəsi inandıra bilmir ki, keçmiş məmurlardan deyil.
Qəzəbli qadınlar sabiq ombudsman Tursunbay Bakirə hücum çəkir. Nə isə qışqırırlar və yalnız "Söz verirsən?" sualını eşitmək və anlamaq olur. Sən demə, mitinqçilər aprelin 7-də həlak olanların yaxınları və həmin gün yaralanmış şəxslərdir.
Deputatların çoxu bu və ya digər yolla binaya daxil ola bilir. Foyedə onları kraxmallı süfrələrlə bəzədilmiş masalar, tünd kofe və tər bişirilmiş çörək ətri ilə siqaret tüstüsünün qarışmış qoxusu qarşılayır. Heç kəs bir-birinə salam vermir. Hətta qəribədir. İclas zalı boşdur. Babanov gəlir. Onun ardınca pioner dəstəsi kimi cərgə ilə düzülmüş fraksiyasının üzvləri. 20-dək tam yeni deputat, amma artıq parlamentin korifeyləri. Hamısı "respublikaçı"dır. Yerlərini tuturlar.
Tekebayev sürətlə, az qala, gözə görünmədən şütüyüb-keçir. Təmkin və əzəmətlə tez-tez qol saatına baxan Kulov ("dəmir Feliks" boş yerə "Ar-namıs" fraksiyasının başına keçməyib) da öz yerini tutur.
Zal donub. Təntənəli mərasim başlayır. MSK sədri Akılbek Sarıyev çox yorğun halda - xarici görünüşü elədir ki, sanki yuxuludur - hər kəsə vəsiqə, döş nişanı və qızılgül təqdim edir. Roza Otunbayeva isə mandatların təqdim olunması mərasimində iştirak etmir. Toplantıya bir neçə saat sonra qatılan prezident parlamentin ilk iclasında çıxış da edir.
Sanki Otunbayevanın çıxışını onu əvvəllər Bakiyev üçün yazmış şəxs hazırlayıb - eyni cümlələr, ifadələr, sözlər. Dövlət başçısı növbəti dəfə - amma bu dəfə parlamentin tribunasından - bildirir ki, mövcud şəraitdə parlament seçkisinin keçirilməsi çox çətin idi. İndi prezidentin səlahiyyətləri bir qədər azalıb. Amma yenə də onun bacardığı məsələlər var. Məsələn: "Hörmətli deputatlar, noyabrın 27-dək hökumət hökmən formalaşdırılmalıdır", - deyə dövlət başçısı parlamentarilərə müraciətində bildirib.
İki həftə vaxt var. İşləmək lazımdır. Bəs parlamenti kim idarə edəcək? Bu işi partiyalardan hansı görəcək? Onların heç biri say üstünlüyünə malik deyil və qüvvələr, demək olar ki, bərabərdir. Otunbayeva Konstitusiyaya əsaslanaraq, sosial-demokratlar fraksiyasına (QSDP parlamentdə deputatlarının sayına görə, ikinci partiyadır) çoxluğu formalaşdırmaq və baş nazir postuna namizədi irəli sürmək tapşırığını verir.
Əsas intriqa da bundadır. Bütün liderlər anlayır ki, "dostluq" etmək lazımdır. Amma kiminlə və hansı şərtlərlə? Hələlik QSDP ilə əməkdaşlığa yalnız respublikaçılar razılıq verib. Amma qərarların qəbulu üçün bu, kifayət deyil. Digər fraksiyaların liderləri ilə bir çox məsələlərə dair fikir ayrılıqları var. Parlament seçkisi göstərdi ki, sosial-demokratlara xalqın dəstəyi kifayət qədər deyil. Digər tərəfdən, prezident koalisiyanın formalaşdırılmasını aprel inqilabında fəal iştirak etmiş partiyaya tapşırır. Otunbayeva bu işi dərhal "Ata-Jurt" və ya "Ar-Namıs"a həvalə etsəydi, bunu dövlət başçısının tərəfdarları və ictimaiyyət başa düşməyə bilərdi.
Beləliklə, ekspertlərin proqnozlarına görə, koalisiyanın yaradılmasına ilk edilən cəhd iflasa uğrayacaq.
Vaxt getdi və əgər 15 gün ərzində hökumət formalaşdırılmasa, dövlət başçısı parlamenti buraxmalı və yeni seçki təyin etməlidir. Fraksiya liderləri intensiv danışıqlar aparır. Görünür, heç kəs güzəştə getmək istəmir. Hər kəs özünü baş nazir kürsüsündə, yəni, faktik olaraq, ölkənin birinci şəxsi qismində görür.
İnsanlar isə hələ ki dərindən nəfəs alır və rahatlaşırlar: nəhayət, toplandılar. Amma kompromatlar müharibəsindən, intriqa və qalmaqallarla keçən seçkiqabağı kampaniyadan, həmçinin, rəsmi nəticələrin elan olunması üçün belə uzun müddətin sərf olunmasından sonra çoxları yeni parlamenti ciddi qəbul etmir.
Güc strukturları üçün kazarma şəraiti hələ ki ləğv olunmayıb.
Amma artıq müəyyən işartılar da var. Donor qurumlarından olan xarici qonaqlar artıq Qırğızıstana ayaq açıb. Həm Dünya Bankı, həm yaponlar... hamı ölkəyə, ilk növbədə, maliyyə yardımı göstərməyə hazırdır. Hər halda, Qırğızıstanda siyasi böhran hələ ki aradan qalxmayıb. Adi insanlar isə yalnız yaşamaq istəyir. Ərzaq günü-gündən bahalaşır. Ölkənin şimalında əla növ undan bişirilən çörəyin biri 41 soma (təxminən, 90 sentə) satılır. Sürücülər son dərəcə narazıdır - yanacağın qiyməti 1 həftədə 3-cü dəfə, özü də, yalnız bahalaşmaya doğru dəyişib. Miqrasiya əhvalı da durmadan artır. Minlərlə insan Qırğızıstanı tərk edir.
Bu vəziyyətdən ölkəni yeni baş nazir və onun kabineti çıxarmalıdır.
Bu ağır yük parlamentdəki beşlikdən hansının üzərinə düşəcək?
MƏSLƏHƏT GÖR: