14 Mart 2025

Cümə, 10:40

SEÇİM EDİLDİ

Azərbaycan seçicisi sabitliyə səs verdi

Müəllif:

15.11.2010

Azərbaycan Milli Məclisindəki (parlamentdəki) 125 yer uğrunda  690 namizəd mübarizə aparırdı. Onların arasında 13 partiya, 5 siyasi blok, həmçinin müstəqil namizədlər də var idi.

Hələ seçki ərəfəsində keçirilən sosioloji sorğular hakim Yeni Azərbaycan Partiyasının qalib  gələcəyini göstərirdi. Səsverməyə 3 gün qalmış "Rəy" Monitorinq Mərkəzi növbəti sorğunun nəticəsini açıqlamışdı və sorğuya əsasən, respondentlərin 42,2%-nin hakim partiyaya səs verəcəyi məlum olmuşdu. Yerdə qalan partiya və blokların hamısına rəyi soruşulanların yalnız 4%-i səs verəcəyini bildirmişdi. Onlardan 1,7%-i "AXCP"-"Müsavat", 0,9%-i "Qarabağ", 0,5%-i "İslahat", 0,2%-i isə "Demokratiya" blokuna səs verəcəyini açıqlamışdı. Respondentlərin 11,9%-i isə seçkidə müstəqil namizədlərə dəstək verəcəyini bildirmişdilər.

"Amma bu rəqəmlər yekun rəqəmlər deyil. Çünki Milli Məclisə seçki mojaritar sistem üzrə keçirlir və seçici səsvermə zamanı yalnız namizədin partiyalılığına deyil, həm də onun şəxsi keyfiyyətlərinə diqqət edir", - deyə "Rəy"in ekspertləri bildirirdilər. 

Təsadüfi deyil ki, rəyi soruşulanlar arasında kimə səs verəcəyini dəqiqləşdirmiş şəxslərin 1/3 faizli, namizədinin hansı bloka daxil olduğunu bilmirdi.

 

Lehinə və əleyhinə

İstənilən halda, seçici öz seçimini etdi. 2010-cu il noyabrın 7-də Azərbaycanın səsvermə hüququ olan vətəndaşlarının 50 faizdən artığı seçki məntəqələrinə gəldi. Seçkinin nəticəsi isə sürpriz olmadı.

Sosioloqların proqnozlaşdırdığı kimi, 4-cü çağırış parlamentdə üstünlüyü Yeni Azərbaycan Partiyası özündə saxlayıb. ANS telekanalının hesablamasına görə, yeni parlamentdə mandatların 72-si və ya yerlərin 57,6%-i hakim partiyaya məxsusdur və bu, əvvəlki parlamentlə müqayisədə 5,6% çoxdur. 

Digər siyasi partiyaları, həmçinin müxalifət partiyalarını təmsil edən deputatların sayı isə azalıb. Əvvəlki parlamentdə onların sayı 20 idisə, 4-cü çağırış Milli Məclisdə bu rəqəm 12-yə enib. 

Həm də yeni parlamentdə "radikal müxalifət" adlanan qüvvələr 1 yerə belə, sahib çıxa bilməyib.

Amma müstəqil deputatların sayı artıb: əvvəlki parlamentdə onların sayı 37 idisə, indii bu rəqəm  41-ə çatıb. 

Budəfəki parlamentdə qadınların sayı da artıb. Bundanəvvəlki Milli Məclisdə xanım deputatların sayı cəmi 14 nəfər idisə, son seçkidə onlar kişilərdən daha 5 deputat kürsüsü "qopara" biliblər.

Hakim partiyanın qələbəsi "Parlament-2010" elektron monitorinq koalisiyasının elektron səsverməsi, həmçinin "ELS" müstəqil tədqiqatlar mərkəzi tərəfindən keçirilmiş exit poll zamanı da özünü göstərib.

Beləliklə, seçicilərin iradəsi növbəti 5 il üçün qanunverici orqanın tərkibini müəyyənləşdirib və bu, növbəti dəfə, cəmiyyətdəki sosial və siyasi əhval-ruhiyyəni analiz etməyə şərait yaradır.

 

Onlar nədən ibarətdir?

Birincisi, Azərbaycan seçicisi hakim partiyanı dəstəkləməklə, ölkədə siyasi sabitliyə səs verib. Bunu hətta müxalifətdə olan eks-prezident Ayaz Mütəllibov da etiraf edib: "Azərbaycana sabitlik lazımdır. Çünki başqa cür alınmır. Tarix sabitliyin pozulmasının nəyə aparıb çıxartdığını göstərib. Bizim ümumi problemimiz var və bunu hər kəs anlamalıdır". 

Mütəllibov sabitliyin Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib olduğunu da söyləyib.

İkincisi, əhalinin sosial rifahı seçkinin nəticəsində öz əksini tapıb. Əgər 2005-ci ildə müxalifətin radikal qanadı sosial problemlər haqda danışmaqla parlamentdə bir neçə yer əldə edə bilmişdisə, 2010-cu ildə bu namizədlərin arqumentləri işə yaramadı - iqtisadi reallıqlar onların hökumət əleyhinə təbliğat aparmasına imkan vermədi.  Çünki hazırkı dövlət büdcəsinin səviyyəsi, adambaşına düşən ümumi daxili məhsulun həcmi, yeni açılan iş yerlərinin sayı, vətəndaşların gəlir və xərclərinin səviyyəsi, həmçinin digər iqtisadi göstəricilər adi insanların həyatına və müvafiq olaraq, siyasi seçiminə təsirsiz ötüşə bilməzdi.

Statistika və müstəqil sosial tədqiqatlar göstərir ki, əgər əvvəllər insanlar gəlirlərinin böyük hissəsini qidaya xərcləyirdisə, indi onlar ölkədən kənarda dincəlməyə, avtomobil, mebel, elektrotexnika və s. almağa da imkan tapır. Üstəlik bu, o zaman baş verir ki, Avropanın ən inkişaf etmiş ölkələrində qlobal iqtisadi böhranın yaratdığı sosial təlatümlər hələ də davam edir. Yəni indi Azərbaycanda siyasi sabitliyə iqtisadi sabitlik də əlavə olunub.

"Rəy" MM-in respondentlərə həm də "Növbəti bazar günü prezident seçkisi keçirilsəydi, kimə səs verərdiniz?" sualı ilə müraciət etməsi də təsadüf deyil. Məlum olub ki, seçicilərin 82,2%-i səsini hazırki prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə verərdi.

Sorğu göstərib ki, İ.Əliyev dövlət strukturları və institutlarına olan inam baxımından da liderdir: əhalinin 75%-i prezidentə inanır. Ötən ilin dekabrı ilə müqayisədə bu rəqəm demək olar ki, dəyişməyib.

Üçüncüsü, "Rəy" MM-in elə həmin sorğusu göstərib ki, digər siyasi bloklardan fərqli olaraq, hakim partiya seçicilərin diqqətini öz namizədinə cəlb etməyə nail olub. Hər halda, respondentlərin təxminən 47%-i daha çox YAP-ın namizədlər siyahısı ilə tanış idi. "AXCP-Müsavat" blokunun namizəd siyahısı ilə rəyi soruşulanların yalnız 6%-i tanış olduğu halda, digər bloklarla bağlı vəziyyət isə daha da pis idi. Baxmayaraq ki, seçkiqabağı kampaniya dövründə bütün namizədlər üçün bərabər pulsuz efir vaxtı ayrılmış, onların hər birinə yerlərdə namizədlərlə görüş imkanı yaradılmış, platformalarını qəzetlərdə, internet resurslarında nəşr etdirmək  imkanı verilmişdi.

Sorğu onu da göstərib ki, siyasi blokların tərkibi seçiciləri o qədər də maraqlandırmayıb: respondentlərin 67,2%-i səs verməyə hazırlaşdıqları blokun tərkibinə hansı siyasi partiyaların daxil olduğunu bilmirdi. 

Nəzərə alsaq ki, respondentlərin təxminən 60%-i siyasətlə maraqlanmır, bu, heç də sürpriz sayılmamalıdır.

 

Ziddiyyətli qiymətləndirmələr

Bütün bunlarla yanaşı, bir sıra beynəlxalq müşahidəçilərin seçkinin nəticəsinə dair ilkin qiymətləndirməsi ciddi səs-küyə səbəb olub. Onların qiymətləndirmələrindəki ziddiyyətlər Azərbaycanın Xarici İşlər Nazirliyini məsələyə qarışmağa məcbur edib. "İnterfaks-Azərbaycan"ın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov seçkini ATƏT-in İnsan Haqları və Demokratiya İnstitutu Ofisinin direktoru Yanes Lenarçiç ilə müzakirə edib.

E. Məmmədyarov bildirib ki, seçkinin nəticələrinə dair Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in sözügedən ofisi tərəfindən verilmiş birgə bəyanatında bir sıra ziddiyyətlər var. O, eyni bəyanatda elementar fərqlərin olduğunu Lenarçiçin nəzərinə çatdırıb: bir tərəfdən, seçki məntəqələrinin 90%-də səsvermə müsbət qiymətləndirilir, digər tərəfdən isə seçki günü ciddi pozuntulardan danışılır.

Azərbaycanda ABŞ Dövlət Departamentinin seçkiyə verdiyi qiymət də "təəccüb və təəssüflə" qarşılanıb. "Trend" agentliyinin XİN-ə istinadən verdiyi məlumata görə, Dövlət Departamenti Azərbaycanda noyabrın 7-də keçirilmiş parlament seçkisinin "beynəlxalq standartlara uyğun keçmədiyini" bəyan edib. Qurum bu rəyini açıqlayarkən ATƏT, /DİİHO, AŞPA, ATƏT PA və Avropa Parlamentinin qiymətləndirməsinə istinad edib. "Amma həmin sənəddə Dövlət Departamentinin verdiyi qiymətə uyğun fikrə rast gəlinmir", - deyə Azərbaycan XİN-in press-relizində bildirilir.

Nazirlik bildirir ki, beynəlxalq təşkilatların yaydığı informasiyada bir sıra çatışmazlıqlarla yanaşı, seçkinin dinc, debatlar şəraitində keçdiyi, mütün müxalifət partiyalarının prosesdə iştirak etdiyi, müşahidəçilərin seçki məntəqələrinin 90%-də səsvermənin gedişini müsbət qiymətləndirdiyi vurğulanır. Bu, ümumilikdə seçkinin əhalinin etibarını qazandığını göstərir.

Bununla yanaşı, Azərbaycan hökuməti demokratik, ədalətli və şəffaf seçkinin təşkilinin dövlətin əsas məqsədlərindən biri olduğunu vurğulamağı özünə borc bilir. Hökumət hesab edir ki, MSK və digər müvafiq qurumlar bəzi çatışmazlıqlarla bağlı ciddi araşdırma aparır, baş vermiş hər hansı pozuntu ilə bağlı ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası artıq seçki prosesində yol verilmiş pozuntularla bağlı təhqiqata başlayıb. Jurnalımızın bu nömrəsi çapa hazırlanarkən komissiya 3 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız elan edib. Azərbaycan Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, dairə seçki komissiyalarının protokollarına seçki günündən sonrakı 20 gün ərzində baxılacaq və onlar Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

Türkdilli dövlətlərin Parlament Assambleyasının müşahidə missiyası isə Azərbaycanda keçirilmiş parlament seçkisinin demokratik şəraitdə keçirildiyini bəyan edib. "Seçki beynəlxalq norma və standartlara uyğun keçib", - deyə "Türkiyə-Azərbaycan" parlament dostluq qrupunun rəhbəri Mustafa Kabakçı müşahidə missiyasının fəaliyyətinin yekununa dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bütün namizədlərə bərabər şərait yaradıb və bu, demokratik seçkinin keçirilməsinə kömək edib.

Kabakçı bəzi cüzi pozuntular haqda da danışıb. O, həmin pozuntuların "vaxtında aradan qaldırıldığını və seçki prosesinin demokratikliyinə xələl gətirmədiyini" vurğulayıb.

MDB müşahidə missiyası da Azərbaycan Seçki Məcəlləsinə edilmiş dəyişikliyi yüksək qiymətləndirib, parlament seçkisinin şəffaf keçdiyini elan edib. "Müşahidəçilərin sırasına müxalifətdən olan təmsilçilərin də daxil edilməsi seçki prosesinin demokratikliyinin göstəricisidir. Onlar səslərin sayılması prosesində iştirak edib", - deyə missiyanın rəhbəri Sergey Lebedev bildirib. O, qeyd edib ki, Azərbaycan seçicisinə 5 - 8 namizəd arasında deputatını seçmək imkanı yaradılıb: "Əlbəttə ki, bəzi texniki pozuntular da olub. Amma müşahidəçilərmizin dünən gəzdikləri 3 min məntəqədə belə pozuntulara çox az rast gəlinib".

Lebedev bildirib ki, MDB-dən olan müşahidəçilərin əksəriyyətinin qiymətləndirməsi onların Qərbdən olan həmkarlarının qiymətləndirməsilə üst-üstə düşür.

Seçki prosesinə GUAM müşahidəçilərinin qiyməti də eyni olub. Onlar prosesin ədalətli və azad keçdiyini açıqlayıb. "Azərbaycanda keçirilmiş parlament seçkisi beynəlxalq öhdəliklərə, demokratik seçki standartlarına, həmçinin ATƏT və AŞ-nin öhdəliklərinə uyğun təşkil olunub. Proses yerli qanunvericilik, MSK-nın qayda və prosedurlarına da tam uyğun olub", - deyə "Trend"ə açıqlamasında GUAM missiyasının başçısı, təşkilatın baş katibi Valeri Çeçelaşvili bildirib.

İstənilən halda, son söz seçicinindir. 

Azərbaycan ictimaiyyətindəki əhval-ruhiyyə isə göstərir ki, seçicilər seçkinin nəticəsinə etiraz etmək fikrində deyil.



MƏSLƏHƏT GÖR:

379