14 Mart 2025

Cümə, 20:57

XATIRLASINLAR DEYƏ…

Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr edilmiş sərgi keçiriilb və kataloq təqdim edilib

Müəllif:

01.11.2010

Bakıda "Xalq Bank" ASC tərəfindən təqdim edilən "Xalqın sərvəti" layihəsi çərçivəsində  Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadənin sərgisinin açılışı olub və  fırça ustasına həsr edilmiş əlvan kataloq təqdim edilib.  

Layihə xalqın mədəni irsinin qorunması məqsədi dəyişir. "Xalq Bank"ın planlarına Azərbaycan mədəniyyətində, rəssamlığında, musiqisində və elmində əvəzsiz izlər qoymuş incəsənət xadimlərinə həsr edilmiş kataloq və kitabların nəşri daxildir. 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu layihənin gerçəkləşdirilməsi milli incəsənətin təbliğatı və inkişafında böyük önəm daşıyır. Xalq rəssamı, Azərbaycanın Dövlət Mükafatı laureatı Böyükağa Mirzəzadə Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli təmsilçiləri siyahısında öncül yerlərdən birini tutur. Onun işləri rəssama yalnız bizim ölkədə deyil, onun sərhədlərindən də kənarda şöhrət gətirib. 

"Dirijor Niyazi", "Balerina Rəfiqə Axundova", "Akademik Məmməd Arif", "Aşıq Ələsgər", "Şəmsi Bədəlbəylinin portreti", neft mövzusunda kompozisiyalar milli təsviri incəsənətin qızıl xəzinəsinə daxil olub. Sərginin açılışına ictimaiyyətin və mədəniyyətin çox sayda təmsilçiləri qatılıblar; onlardan çoxu B.Mirzəzadə ilə şəxsən tanış olub. 

Böyük Azərbaycan rəssamının xatirəsini yad etməyə gələnlər arasında İncəsənət Akademiyasının rektoru, əməkdar incəsənət xadimi Ömər Eldarov, Rüstəm İbrahimbəyov, Rafiq Hüseynov və başqaları olub. 

 

Su, qəpik-quruş, həyat 

Böyükağa Mirzəzadə böyük ailədə böyüyüb və doqquz uşaq arasında ən böyüyü olub. Kiçik Böyükağanın ata-anası sadə, oxumamış insanlar olublar. Hələ erkən yaşlarından onlar oğlanı "gələcək pul qazanan" adlandırıblar. Böyükağanın atası işdə aldığı zədə nəticəsində görmə qabiliyyətini qismən itirmişdi; anası isə 41 yaşında vərəmdən dünyasını dəyişib. Aradan bir az keçmiş, ailə başçısı evi dolandırmaqda çətinlik çəkdiyinə görə, yenidən evlənməyə məcbur olub. 

Analıq yaxşı qadın çıxdı və uşaqlara sanki analarını əvəz elədi. Böyükağa məşhur "Sovet" (indiki N.Nərimanov küç.) küçəsində böyüyüb. Həmin dövr oralar bandit rayonu sayılırdı, orada hər adam irəli gedə bilməzdi. Hələ üstəlik, Mirzəzadələr ailəsi həm də ağır yaşayırdı. Ailəyə hansı yollasa yardım etmək üçün oğlan hələ uşaq olarkən qəpik-quruş qazanmaq üçün qonşulara su daşıyırdı. Bəzən o, bazarda alverçilərə kömək edirdi. Ruzi qazanıb çörək alırdı və sevinə-sevinə evə gətirirdi. 

Yaxşı oxumurdu, çünki çörəkpulu qazanmaq lazım idi. Ailəyə kömək eləmək üçün şikəst ata qonşu mağazanın qarşısında küçəni süpürürdü. 

Rəssamın xatirələrinə görə, atası gözəl insan sayılırdı - savadsız olsa da, ağıllı və nəzakətli insan idi. Təmiz adam olduğuna görə, hamı ona hörmət bəsləyirmiş. O, tez-tez oğlunu sakitləşdirirmiş və deyirmiş ki, gələcəkdə onu böyük uğurlar gözləyir. 

İncəsənət Məktəbinə Böyükağa təadüfən düşüb. Qonşu uşaqlar gənc Mirzəzadəni özləri ilə İncəsənət Məktəbinə aparıblar. Necə deyərlər, tək getməmək xatirinə. Onun dostları Muxtar Cəfərov və Mikayıl Abdullayev həmin dövrdə bu məktəbdə oxuyurmuşlar və pis şəkil çəkmirmişlər. Məhz onlar Böyükağanı dilə tutublar ki, məktəbi atıb, İncəsənət Məktəbinə daxil olsun. Qələmlə albomda çəkilmiş natura rəsmləri aralarında Əzim Əzimzadənin də olduğu müəllimlərə xoş gəlib və məktəbə qəbul edilib. Gənclər düşünürdülər ki, Böyükağanın atası onun səhərlər dərsə getdiyini bilməyəcək. Amma valideynləri onun İncəsənət Məktəbinə daxil olduğunu biləndə çox sevindilər. 

 

Çoxçalarlı başlanğıc 

Tələbə olarkən, o, bütün günü məktəbdə qalırdı. Hətta yeməyi və yuxunu da unudurdu. Onu hər şey maraqlandırırdı. Yeri gəlmişkən, o vaxt yoxsul ailələrin uşaqlarına pulsuz boya və molbertlər, həmçinin layiqli geyim almaq imkanı verən talonlar verirdilər. 

Gələcək xalq rəssamı məktəbi əlaçı qurtardı və bundan sonra təhsilini Moskvada davam etdirməyi qərara aldı. Rus dilini yaxşı bilməyən gənc üçün bu, əsl qəhrəmanlıq idi. Çətinliklərə baxmayaraq, Böyükağa İncəsənət Akademiyasına daxil ola bildi. Mirzəzadə "əla" qiymətlərlə oxuyurdu. 1941-ci ildə o, duyğu və təəssüratlarla dolu halda evə tətilə qayıdır. 15 gündən sonra isə müharibə başlayır. Tələbə institutu bitirə bilmədi, amma onu cəbhəyə də götürmədilər; deyibmişlər ki, rəssamlar arxa cəbhədə də lazım olar. 

Böyükağa təbliğat plakatları və transparantlar çəkib, klub və zabitlər evlərinin interyerlərini işləyib, döyüşdə fərqlənmiş əsgərlərin rəsmlərini çəkirdi. Qələbədən sonra kişiləşmiş Mirzəzadə Bakı İncəsənət Məktəbinə müəllim gəlir. Məktəbdə Mikayıl Abdullayev və Əliağa Məmmədov ilə birgə bütün təhsil sistemini kökündən dəyişməyi qərara alırlar. Tələbələrin rəsm təsəvvürünün formalaşmasının əsasına onlar çalar başlanğıcı, rəng və həcm formasının vəhdəti prinsipini daxil edirlər. Əslində, bu prinsip indi də qorunur. Onun şagirdlərinin böyük hissəsi hazırda Azərbaycan rəsm məktəbinin böyük qolunu təşkil edir.

Həyatının son günlərinə kimi pedaqoji fəaliyyətlə məşğul olan Böyükağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri işləyib, Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub və onun yaradıcılıq emalatxanasının rəhbəri işləyib. Onun müxtəlif mövzularda rəsm, qrafika, səhnə qrafikası əsərləri həmişəlik bizim incəsənət tarixinə daxıl olub. 

Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyində və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, həmçinin, başqa muzeylərin ekspozisiyalarında təqdim edilib.  Böyükağa Mirzəzadə tərəfindən ustalıqla portret janrında yaradılmış əsərlər bütünlüklə tarixi şəxslərin və onun çağdaşı olan insanların daxili aləminin, xarakterinin və mənəvi zənginliyinin əksidir. 

Böyükağa Mirzəzadənin fırçasından çıxmış natürmortlar və rəsmlər böyük emosional təsirə malikdir; insanı Vətənə və təbiətə sevgiyə çağırır, yüksək peşəkarlıqla və təkrarsız milli çalarla seçilir. Onun əsərləri çox nəsillərin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynayıb. 

Böyükağa Mirzəzadə özünü gözəl teatr rəssamı kimi də təqdim edib. Görkəmli usta tərəfindən Azərbaycan teatrının bir çox tamaşaları üçün müxtəlif incəsənətlərin sintezi ilə yaradılmış dekorasiyalar mütəxəssislərin yüksək qiymətini əldə edib.



MƏSLƏHƏT GÖR:

634