14 Mart 2025

Cümə, 21:47

ODEYY TAKSİ... MİN GET!

Azərbaycanda bu nəqliyyat növü ciddi sistem və qiymət islahatları astanasındadır

Müəllif:

01.11.2010

Ola bilər ki, oktyabr ayı şəhər sakinlərinin yadında Bakıya "London Taxi TX- 4" markalı ilk taksilərin, həmçinin,  "Daewoo Lacetti", "Daewoo Nexia", "Chevrolet" avtomobillərinin gətirilməsi ilə yadda qalacaq. Məsələ təkcə Bakı taksilərinin tezliklə öz nəqliyyat vasitələrini sarı rəngdən bənövşəyi rəngə keçirəcəyi ilə bağlı deyil. Azərbaycan taksisi həm qiymət siyasəti, həm də bu nəqliyyat vasitəsi tərəfindən sərnişinlərə göstərilən xidmət qaydalarına aid olan ciddi islahatlar astanasındadır. İndən belə bütün Azərbaycan üzrə dəqiq təsdiqlənmiş ödəniş şəbəkəsinə malik 3 000 ədəd "bənövşəyi taksi" işləyəcək. Əgər bu qədər avtomobil ölkənin bu növ ictimai nəqliyyata olan ehtiyacını ödəməsə, onda "bənövşəyi taksilər" yenə də gətiriləcək.  

Dövlət başçısı İlham Əliyev londonsayağı "keb"lərlə "Azadlıq" meydanında tanış olub. Azərbaycan taksisinin keyfiyyət səviyyəsinin qaldırılması üzrə işlər də məhz ölkə prezidentinin tapşırığı əsasında görülməyə başlanılıb. Qeyd edilib ki, London avtomobillərindən 12-si taksi kimi işlədilmək üçün nəzərdə tutulub. Avtomobillərlə tanış olan dövlət başçısı sükan arxasına keçərək, "TX-4" modelli maşını sürüb. 

Yeni ingilis maşınlarının Bakıda  rəsmi təqdimatı oktyabrın 15-də gerçəkləşdirilib və "London Taxis International" şirkətinin rəsmi təmsilçisi Naycel Valters mərasimdə iştirak edib. Öz çıxışında o, London taksisinin tarixindən danışıb, avtomobillərin özü, servisi və xidmətləri haqqında müfəssəl məlumat verib. Öz çıxışını aşağıdakı sözlərlə bitirib: "Bizim ailəyə xoş gəlmisiniz!". Ehtimal etmək olar ki, London taksiləri Bakı küçələrində şəhərin əsl ekzotikası və gözəlliyinə çevriləcək. 

Burası maraqlıdır ki, "London Taxis International" 1997-cu ildə "TX" seriyalı "keb"lərin buraxılışına başlayıb. Bu avtomobillərin son  "TX-4" seriyası "Avro-4" ekoloji normalarına uyğun gəlir. Çünki çağdaş təhlükəsizlik sistemi ilə təchiz edilib, uşaq kreslosu, uşaq və əlil arabalarının minib-düşməsi üçün qurğusu var. Avtomobilin arxa tərəfindən qabaq-qabağa yerləşmiş oturacaqlarda 5 sərnişin yerləşə bilir. Bu avtomobillər şəhər daxilində yüksək manevr imkanlarına malikdir. Sürücünün oturduğu hissənin avtomobilin qalan hissəsi ilə şüşə arakəsmə ilə təcrid edilməsi sərnişinlər üçün komfortlu şərait yaradır. 

Avtomobillərdə sayğac quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün çağdaş texnologiya əsasında işləyən zəng mərkəzi "Call Center" yaradılıb. Bütün sutka ərzində işləyən dispetçer mərkəzi böyük sayda avtomobilləri effektiv idarə edə bilir, avtomobillərin yerini, sürətini, yanacaq sərfini və mühərrikin iş durumunu on-layn rejimdə nəzarətdə saxlayır. Mərkəz sifarişi 40 saniyə ərzində qəbul edirək emal edir, 90 saniyə ərzində isə sifariş yerinə yaxın olan avtomobil müəyyən edilir və 7-8 dəqiqə ərzində hadisə yerinə yola salınır. 

Təklif edilən çağdaş xidmət növləri sırasında taksidən istifadə edən hər bir sərnişinin qəza halında 3 min manatlıq sığortası və "itmiş əşyaların axtarışı" xidmətinin fəaliyyət göstərməsidir. Hər bir avtomobildə sürücülər üç növbədə işləyirlər. Onlar "London Taxis International"ın mütəxəssislərinin rəhbərliyi altında sürücülük və davranış etikası kursu keçiblər ki, bu da müştərilərə yüksək xidmət səviyyəsi təmin etməyə imkan verir. 

İngilis taksiləri, sözün bütün mənalarında, qeyri-adi avtomobillərdir. İstehsalçı tərəfindən nəzərdə tutulmuş, istismar müddəti 10-12 il, sürmə uzunluğu 800 000 km.-dir və bu, sərt fasiləsiz istismar rejimi üçün nəzərdə tutulub. Real olaraq ingilis "keb"ləri milyon kilometrdən çox yol gedir, 25 ildən çox işlək vəziyyətdə qalır. 

Həmçinin, bütün dünya üzrə ekologiya uğrunda mübarizə yeni mərhələyə daxil olur və buna görə də bu yaxınlarda "London Taxis International" ingilis hökumətini qorxudaraq, bütün  dünyada məşhur bu taksi markasının istehsalını dayandıra biləcəyini vurğulayıb. Əsas səbəb isə şirkətin "Avro-5" normativlərinə keçməsi üçün əlavə sərmayələr tələb etməsi olub. Bunun üçünsə ingilis "keb"lərinə hibrid güc qurğusu lazımdır ki, bu da beş milyon funt-sterlinq tələb edir və "LTI"nin  bunun üçün sərbəst vəsaiti yoxdur. Bu gün "London Taxis International"nin konveyerindən çıxmış taksinin qiyməti 25 000-35 000-dir və illik buraxılış həcmi 2 500 avtomobildən çox deyil. "LTI"nin fikrincə, yeni mühərrik avtomobilin qiymətini 12000 artıracaq ki,  bu da tələbatın azalmasına və şirkətin iflasına gətirəcək. Buna görə də şirkət rəhbərilyi hökumətindən yardım və öz avtomobillərinin başqa ölklərə satılmasına icazə istəyiblər. 

 

Vahid pəncərə 

Və bu məşhur maşınlar Bakını da bəzəyəcək. Yeri gəlmişkən, taksi avtomobillərin unifikasiyası xəbəri Bakı sakinləri tərəfindən yetərincə müsbət qarşılanıb, söhbət və müzakirələr üçün yeni mövzu verib. Çoxsaylı internet-forumlarda vətəndaş daşınması sahəsinə tətbiq edilən bu yeniliyin müsbət və mənfiləri haqqında qızğın müzakirələr gedib. Bəziləri hesab edirlər ki, Azərbaycan taksisi çoxdan islahata ehtiyac duyurdu və taksiçilərin fərdi avtomobillərlə özəl fəaliyyətinə, nəhayət ki, son qoyulacaq. Başqaları belə hesab edirlər ki, artıq yeni avtomobillərlə təyinat yerinə təhlükəsiz şəkildə, qorxmadan  getmək mümkün olacaq. 

Üçüncü qisim insanlar isə yeniliyə mənfi münasibət göstərirlər. Bu cür düşünənlərin sayı çox olmasa da, onlar bu fikirdədirlər ki, taksidə "bir pəncərə" prinsipi bu xidmət sektorunun yeni taksi parkını idarə edəcək bir özəl şirkət tərəfindən inhisarlaşmasına səbəb olacaq. Şəksiz ki, bu, yerində edilmiş iraddır. Amma onu da unutmaq olmaz ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin çoxunda ictimai nəqliyyat sahəsi bir qurum tərəfindən idarə edilir. Bu, taksi xidməti sahəsində qiymət hərc-mərcliyindən qaçmağa yardım edir və hər şeydən öncə vətəndaşların təhlükəsizliyinə təminat verir. Bunları nəzərə alan ekspertlər təklif edirlər ki, prosesin bazarın inhisarlaşdırılmasına səbəb olmaması üçün bütün istəyənlərə beynəlxalq tələblərə uyğun taksi xidməti göstərməyin texniki şərtlərini açmağı təklif edirlər. 

Taksi sürücülərinin özləri də yeniliyi birmənalı qarşılamırlar. Onların bəziləri hesab edirlər ki, yeni qaydalar taksi idarəetməsini nizama salar, London tipli yeni avtomobillərdə olan və sərnişinləri sürücüdən ayıran arakəsmə isə taksi sürücələrini soyğunçulardan qoruyar, taksi sürücülərinin hücuma məruz qalması halları az olmayıb. 

Taksi sürücələrinin yeganə ehtiyat etdiyi şey onlar üçün müəyyən ediləcəyi dəqiq maaşın az ola biləcəyidir. Sərnişinlərə fərdi qaydada taksi xidməti göstərənlər isə ümumiyyətlə, hansısa bir yeniliyin əleyhinədirlər, çünki Azərbaycana yeni taksi avtomobillərinin gətirilməsi fərdi taksilərin fəailyyətinə tam qadağanla nəticələnə bilər və onlar gəlir mənbələrini itirə bilərlər. 

Azərbaycan Nəqliyyat Nazirliyində etiraf edirlər ki, taksi idarəçiliyində yeni sistemin tətbiqi ilə özəl daşınmaya son qoyulacaq. Əgər fərdi daşımaçı gerçəkdən taksi işlətmək istəyirsə, o, yazılı yararlılıq imtahanından keçməli və öz avtomobilini ölkənin bütün paytaxt və regional taksilərinin rənginə boyamalıdır. 

Nəqliyyat Nazirliyində hesab edirlər ki, sərnişinlərin özəl taksilərlə daşınması məsələsini qaydaya salmağın vaxtı çoxdan çatıb, çünki onun ətrafında həddindən çox problem yaranıb. Özəl taksilərin bazarların və vağzalların ətrafında cəmləşməsi həddindən çox problemlər yaradır və etiraf etmək lazımdır ki, bütün bunlar yetərincə zövqsüz görünür. "Taksi yalnız vətəndaşları daşımaq üçün deiyl. Sürücü, ən azı, iki dil bilməlidir və şəhəri tanımalıdır. Bunlar fərdi taksi daşıyıcılarının işini tənzimləyən yeni normativlərdir. Köhnə avtombillərdə gedirlər, qaydalara əməl etmirlər, yol tarifini özləri müəyyən edirlər. İndi taksi sürücüsü olmaq çətin deyil: köhnə "Jiquli"ni,  təxminən,  $2-3 minə almaq olur ki, buna da bütün Azərbaycan əhalisinin pulu çatır. Şahmat xanalı işarəni istənilən avtomobil mağazasında $8-ə almaq olar. Özü də bunun üçün sürücüdən doğrudan da taksidaşıyıcısı olub-olmasını sübut edən lisenziya tələb edilmir. Ən aşağı investisiyalı biznesdir.Yeni qaydalar vəziyyəti kökündən dəyişməlidir. Yeni taksi parklarının yaradılması nəzərdə tutulur və oraya işə yazılı imtahan vermiş sürücülər götürüləcək. Dövlət avtomobil müfəttişliyinin işi də xeyli artacaq. Şahmat xanalı plafon xüsusi siqnal sayılacaq. Onun qanunsuz daşınması ciddi cəzalandırılacaq", - deyə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bu sahədəki mövcud durumu şərh edərək bildirib. 

Fəaliyyət üçün dövlət lisenziyası almış taksilərdən birinin sürücüsü isə bunları söyləyir: "Dövlət himayəsi altında işləyən taksilər bəzən siqaret çəkmək və ya bir stəkan çay ismək üçün maşını saxlamağa yer də tapmırlar, fərdi taksiçilər o saat ilişirlər.  Fərdi taksiçilər gəlirli yerləri öz aralarında sektorlara bölüblər, onlar da şəhər avtomobil dayanacaqlarının sahiblərinin himayəsi altında işləyirlər. Hətta Dənizkənarı bulvar zonası da bölünüb ki, bu da dövlət lisenziyası ilə işləyən taksiçilərin qəzəbinə səbəb olur. Həm də aydın deyil ki, maşını saxlamaq üçün 1 manat verdiyin "dayanacaqçı" kimə tabedir. İçərişəhərdə və hava limanında isə tamamilə fərqli durumdur, bütün taksi sahibləri dayanacaqların çek əsasında işləməsinin və lazımi avadanlıqla təchiz edilməsinin tərəfdarıdır. Pərakəndə dayanacaqlar keçmişin qalığıdır və özü də bu yerlər dəfələrlə fərdi taksiçilər arasında döyüş meydanına çevrilib", - deyə peşəkar taksi sürücüsü bildirir. 

 

Bir bayraq altına 

Yada salmaq lazımdır ki, hələ 2006-cı ildə Nəqliyyat Naziriliyinin kollegiya iclasında taksilərin unifikasiyası məsələsi müzakirə edildi. Bu tədbirdə məqsəd bu sahədə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması idi. Eyni zamanda  bu, vergidən yayınan fərdi taksiçilərin fəaliyyətinə son qoya bilərdi. Və indi anlaşılır ki, müvafiq qurumların sərt nəzarət əli taksi idarəsi sistemini qaydaya salmalıdır. Axı taksilərin hansı rəngdə - sarı və ya bənövşəyi rəngdə olmasından, ayırıcı plafonlu olub-olmamasından, çağırışla gəlməsindən və ya yolda saxlanmasından asılı olmayaraq, bütün ölkələrdə taksi şəhər nəqliyyatının sərnişələrin və yükün lazımi nöqtələrə sürətli, bütöv, təhlükəsiz və rahat  daşınmasını  təmin etməlidir. 

Bütövlükdə, bir ictimai nəqliyyat növü kimi taksini istehlakçıları xidmət kateqoriyasına aid eləmək mümkündür. Gerçəkdən, yerli taksi ilə bağlı nə baş verir? Elə gedişin qiymətini danışmağa başlayan andaca da taksinin bütün "gözəllikləri" ortaya çıxır. Məsələn, əgər siz metronun "İçərişəhər" stansiyasının yanında taksi tutmusunuz və " "8-ci kilometr" qəsəbəsinə qədər getmək istəyirsinizsə, gediş haqqı 10 manat təşkil edəcək, amma əgər yaxşı danışa bilsəniz, qiyməti 8 manata da endirmək olar, nadir hallarda 6 manata da getmək olar. Sual yaranır: gedişin qiyməti hansı meyarla hesablanır? 

Ümumiyyətlə, taksilərin tarifləşdirilməsi xüsusi diqqət tələb edən məsələdir. Sovet dövründə biz bilirdik ki, gedişin haqqı bir qayda olaraq sayğacla hesablanırdı. 1988-ci ildə 1 kilometrin gedişhaqqı 20 qəpik idi. Özü də ilkin və son nöqtələr arasında məsafənin qiyməti taksi yola düşməzdən qabaq hesablanır. Bu cür yanaşma sərnişin üçün əlverişli idi, yolun qiyməti yoldakı vəziyyətdən asılı deyildi, sürücülərə isə optimal sürətlə və optimal marşrutla getmək əlverişli idi. Bu cür yanaşmanın çatışmazlığı ondan ibarət idi ki, tıxac saatlarında işləmək sürücülərin ziyanına idi, amma SSRİ zamanında isə tıxaclar, demək olar ki, yox idi. Tarifləşdirmənin başqa variantı isə dəqiqə və ya sayğacdakı kilometrə görə hesablanmadır. Amma ekspertlərin fikrincə, bu variantlarda isə taksi sürücüsü tərəfindən möhtəkirlik imkanı çoxdur. Bilmək lazımdır ki, taksidə gedişin qiyməti adamların sayından və yükdən asılı deyil, əlavə pul yalnız boşdayanmaya və yük yerindən artıq yerləşdirilmiş yüklərə görə alınır.

Nəqliyyat Nazirliyi də Azərbaycanda vahid tarifləşmə sistemini sayğacların vasitəsi ilə tətbiq etmək niyyətindədir. İlkin məlumatlara görə, sərnişin yeni tipli taksiyə minən kimi 2 manat ödəyəcək. İlk üçkilometrlik yol bu məbləğə daxil olacaq. Bundan sonra sonrakı hər üç kilometrə görə əlavə olaraq 70 qəpik ödənəcək. "Bu, hələlik, ilkin hesablamadır, ola bilər, onlara müəyyən dəyişiklik ediləcək. Amma hələlik məhz bu göstəricilərə istinad etmək mümkündür", - deyə Nəqliyyat Nazirliyinin təmsilçisi bildirib. Vergi ödəyən və lisenziyası olan taksiçilər bu cür köhnə yeniliklərin əleyhinə deyil. Onlar bildirirlər ki, bu məntiqlidir, çünki fərdi taksi sahibləri tərəfindən qiymətlərin qaldırılması bu gün yalnız sərnişinləri narazı salmır. Bəs bunun əleyhinə kimlərdir? Təbii ki, yenə də fərdi taksi sürücüləri. 

Qeyd etmək lazımdır ki, istehlakçıya bütün hallarda lisenziyalı taksidən istifadə etmək əlverişlidir, çünki təhlükəsiz və etibarlıdır. Axı taksi parklarının əməkdaşları məcburi şəkildə texniki baxışdan keçirilirlər, üzərlərində yollayış vərəqləri olur.      

Bildirmək gərəkdir ki, peşəkar taksi işçisi olmazdan qabaq sürücü qiyməti müddətindən asılı olaraq 30 manatdan 60 manata kimi dəyişən lisenziya almaqla yanaşı, peşəyə yararlılıqla bağlı müvafiq imtahan da verir. Lisenziyalı taksi sürücülərinin əksəriyyəti şəhərin bütün küçələrinin yerini və adını gözəl bilən yüksək kateqoriyalı peşəkarlardır. Dövlətə işləmək sürücülərin özünə də əlverişlidir, çünki o, pensiyaya zəmanət verir, yol polisi, nəqliyyat müfəttişləri tərəfindən edilən iradları, həmçinin yollarda tez-tez baş verən fors-major halları azaldır. Əgər yeniliklərdən sonra dövlət taksi sürücülərinə müəyyən edilmiş sabit əməkhaqqı ödənəcəksə, bu ictimai nəqliyyatda işləmək daha caziədar olacaq. 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin başçısı Namiq Həsənovun sözlərinə görə, ölkədə taksinin dəqiq sayını heç kim bilmir, çünki lazımi olan statistika aparılmır. Durumu gözə yarı qiymətləndirəndə demək olar ki, hazırda Bakının küçələri ilə ən azı 30 min fərdi avtomobil taksi kimi işləyir. 

 

Məxsusi yeniliklər 

Beləliklə, vətəndaşların taksi ilə daşınma sisteminə hansı yeniliklər ediləcək? Namiq Həsənov bildirir ki, ilk növbədə, Azərbaycanda taksilər üçün vahid rəng tətbiq ediləcək. "Artıq yeni layihə hazırlanıb və ona görə bütün taksilər eyni rəngdə olacaq. Əvvəlcə bu cür taksilər Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə fəaliyyət göstərəcək, sonra  regionlarda da bu, tətbiq ediləcək. Paytaxt taksiləri öz rənginə görə region taksilərindən seçiləcək. Bütün avtomobillər müxtəlif markalı olacaq. Taksilər üçün vahid rəng tətbiq ediləndən sonra fərdi taksi sürücülərinin vergidən yayınmasına da son qoyluacaq. Bununla yanaşı, bu yenilik nəqliyyat müfəttişliyinin əməkdaşlarının işini sadələşdirəcək. Əvəlcə yollardan sürücüləri qanunsuz daşıma gerçəkləşdirən sovet istehsalı olan avtomobillər çıxarılacaq. Daha sonra başqa xarici maşınların növbəsi çatacaq", - deyə o vurğulayıb.

Bundan başqa, Nəqliyyat Nazirliyi Bakıda peyk naviqasiyasından istifadə edərək nəqliyyatın idarə edilməsi üçün intellektual sistemin yaradılması çərçivəsində kadrların hazırlanması üzrə müsabiqə elan edilib. İntellektual sistemin yaradılması gələn ilin fevral ayına başa çatacaq. Sistem Bakıda sərnişin nəqliyyatının tənzimlənməsi və idarə edilməsi məqsədi ilə yaradılır. Sistemin çərçivəsində avtobusların dayanması üçün 639 meydança (cib) və 140 taksi dayanacağı yaradılması düşünülür. Artıq 375 yeni dayanacaq hazırdır, 289-nun yaradılması planlaşdırılır, 42 dayanacağın yeri dəyişdiriləcək, 10-u isə ləğv ediləcək. Bu işlər yol polisi və Koreya  mütəxəssisləri ilə birgə görülür, onlar intellektual sistemin hazırlanması prosesində iştirak edirlər. Bu sistem həm də 150 yeni elektron işıqforun yaradılmasını nəzərdə tutur. 

Bu sistemin yaradılması çərçivəsində 450-yə yaxın yenitipli avtobus dayancağı nəzərdə tutulur, orada yerləşmiş elektron tablolar peyk vasitəsilə avtobusların hərəkətini və marşrutunu izləməyə imkan verir. Həmçinin, dayanacaqda quraşdırılmış tablo və kameralar vasitəsilə dayanacaqların yerləşməsinin effektivliyinin, onun yararlılığının və əhalinin istifadəsinin monitorinqi aparılacaq. 

Yeni taksilər Azərbaycana bu ilin sonunda və ya 2011-ci ildə gətiriləcək.

 

İdeal taksi

Bəs görəsən, ideal taksi necə olur? Onun mövcudluğunu avtomobil parkı, sükan arxasında oturan, sərnişinin həyatına və təzlükəsizliyə cavabdeh peşəkarlar müəyyən edir. Bundan əlavə isə həmişə etibarlı və yaraşıqlı avtomobillərin olması önəmlidir. Yaxşı taksinin daha bir vacib faktoru işçi heyətin yüksək səviyyəsi, əməkdaşların nəzakəti və diqqətli olmasıdır. Tamamilə təbiidir ki, avtoparkın yaxşı durumda olmasının əsas şərti maşınların vaxtında təmir edilməsidir. 

İngilis "keb"lərinin misalında yaxşı taksiləri nəzərdən keçirək. Londonda fərdi daşıma üçün artıq dörd yüz ildir ki, lisenziya polis tərəfindən verilir və onun yararlılıq müddəti üç ildir. Lisenziyaya nömrəli jeton əlavə edilir, avtomobilə isə lisenziyanın nömrəsi və bir dəfəyə daşıya biləcəyi sərnişin sayı yazılmış xüsusi lövhə olur. 

Bu lisenziya müştəriləri küçədən götürməyə icazə verir. Heç də bütün taksi şirkətlərinin bu cür imkanı yoxdur - taksi sifarişini telefonla təşkil etmək daha ucuz düşür. Bu "keb"lərin heç biri küçədə sizin üçün saxlamaz, çünki bunun üçün böyük cərimə kəsilir və lisenziyanı geri alırlar. Daşıma üçün hüquq əldə etməkdən ötrə təkcə böyük pullar ödəmək yetərli deyil, həm də Londonu və onun ətrafını tanımaq üzrə mürəkkəb imtahandan keçmək lazımdır. London kebmenlərinin əksəriyyəti şəhəri elə yaxşı tanıyırlar ki, hətta GPS-naviqator xidmətlərindən istifadə etməyi belə düşünmürlər -  London taksilərinin cəmi 2-3%-də bu qurğu var. 

Nyu-York taksilərinin çoxunu sarı rənglə boyayırlar, bəzən ona ağ-qara şahmat xanaları da vururlar, avtomobilin damına isə lisenziya nömrəsi yazılmış gecə işıqlanan lampa yerləşdirilir. Parlaq işıq hələ XX yüzilliyin əvvəllərində ilk dəfə taksi kimi işlədilmək üçün nəzərdə tutulmuş avtomobillər istehsalını təşkil etməyi qərara almış "Yellow Cab" şirkəti tərəfindən seçilib. Səbəb sadədir: sarı taksilər uzaqdan yaxşı görünür. XX yüzilliyin 60-cı illərindən Nyu-York taksilərinə dispetçer idarəli radioəlaqə quraşdırılıb. Amma bu sərnişinlərin çoxsaylı şikayətlərinə səbəb olub, çünki çağırış üçün ünvana tələsən taksilər küçədə əl edənləri götürə bilmirdilər. 

Hazırda sarı taksilərin, ümumiyyətlə, dispetçeri yoxdur: bu taksilər istisna olaraq, sərnişinləri küçədən götürmək üçün nəzərdə tutulub və çağırışa getməyə ixtiyarları yoxdur. Sarı taksilərdən başqa Nyu-Yorkda həmçinin "kar-servis"lər - avtomobil servisləri var, bunlar sifarişlə, yəni çağırışla yüngül daşımalar gerçəkləşdirən şirkətlərdir. Kar-servislərin sürücüləri və dispetçerləri adətən radio-əlaqədən istifadə edirlər. Onların sayğac istifadə etməyə haqları yoxdur. Bundan başqa, onların maşınlarının damında taksilərə xas olan lampalar ola bilməz. 


MƏSLƏHƏT GÖR:

634