Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Dünya maliyyə bazarlarında və iqtisadiyyatda vəziyyət getdikcə düzəlir, amma unutmaq olmaz ki, dünyanın iqtisadi çətinlikləri sistem xarakterlidir. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə fiksal və monetar stimullaşdırıcı tədbirlərin tətbiqi iqtisadi bərpanın dayanıqlılığı və maliyyə bölməsinin sabitliyi üçün ciddi risklərlə bağlıdır. Buna görə də qısamüddətli perspektivdə yeni böhran dalğası imkanları istisna edilmir.
Bununla yanaşı, böhran dövrünün dərsləri göstərdi ki, bazarın tənzimləyiciləri dövlət və korporativ maliyyə vasitələrinə ümumi yanaşmaya yenidən baxmalı, ayrı-ayrı bazar iştirakçısı qruplarının idarəedilməsinə onların fəaliyyətinin xüsusiyyətlərinə uyğun şəkildə düzəliş etməlidir. Bank sektoru da bu məsələdə ən həssas sahə kimi, islahat və dəyişiklik baxımından pioner olmalıdır.
Mərkəzi və Şərqi Avropa ölkələrinin bank assosiasiyasının (BACEE) baş katibi İstvan LENQİL MDB, Mərkəzi və Şərqi Avropa ölklərinin bank bazarlarındakı cari vəziyyət barədə fikirlərini "Region plus"la bölüşüb.
- Böhrandansonrakı dövr üçün MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin bank bazarlarındakı durumu necə qiymətləndirirsiniz? Böhran dövründə hansı bazarlar ən çox dayanıqlılıq göstərib və sonrakı illər üçün sabitliyin təmini üzrə hansı tədbirlərin görülməsi vacibdir?
- Mərkəzi və Şərqi Avropa dövlətlərinin bank bazarlarında xarici kapitalın payı yüksəkdir. Xarici kapitalın xüsusi çəkisinin 30%-ə yaxın olduğu Sloveniyadan başqa, digər ölkələrdə bu göstərici 50%-dən 95%-ə qədər dəyişir. Bu da Qərb banklarının törəmə qurumlarından təşkil olunmuş bank bölməsinin taleyini müəyyən edir. Buna görə də bizdə bank bölməsinin sabitliyi böyük dərcədə Avropa Birliyi (AB) banklarının sabitliyindən çox asılıdır. Hazırda isə AB banklarının sabitliyi dövlət və Avropa Mərkəzi Bankı tərəfindən dəstəklənir; onlar isə məhdudiyyətsiz həcmlərdə çox ucuz pullar təqdim edir. Son nəticədə bu, bizim banklara da müsbət təsir göstərir, amma bu siyastin dəyişə biləcəyi riski də qalmaqdadır.
Bununla yanaşı, dünya maliyyə böhranının başlanmasından sonra, Mərkəzi Avropada daha fəal olan Qərb banklarının, AB hökumətinin təmsilçilərinin, nəzarət qurumlarının və Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələrinin görüşündə bizim ölkələrin bank sistemlərinin sabitliyinin təmin edilməsi üçün birgə səylər haqqında Vyana təşəbbüsü də var. Bu təşəbbüsün dəstəklənməsi üçün BVF lazım olan zaman böyük kreditlər verib; Qərb dövlətlərinin hökumətləri öz banklarını müxtəlif üsullarla dəstəkləyiblər, bizim ölkələrin hökumətləri iqtisadiyyatların sabitləşdirilməsi, əmanətlərin sığortalanmasının təmini üçün tədbirlər görüblər. Mərkəzi və Şərqi Avropa ölkələrinin bank bazarlarındakı indiki sabitlik görülmüş tədbirlərin nəticəsidir. Və mən çox əminəm ki, bu durum mənfi tərəfə yönələrsə, kənardan buna müvafiq reksiya olacaq. Bizim bankların sabitliyi AB-nin maraqlarına uyğun gəlir.
MDB ölkələrinin bazarlarına gəldikdə isə, bir neçə ölkədə, məsələn, Qazaxıstanda və Rusiyada bank sektorunun ciddi problemləri olmuşdu. Amma ümumilikdə götürəndə, MDB ölkələrinin bank sektoru böhranı pis keçirmədi.
Hazırda bankların əsas məsələsi problemli kreditlər üzrə rezervlərin yaradılmasıdır. Məsələ bundadır ki, hazırda kreditləşdirmə həcmləri əvvəlkinə baxanda xeyli yavaş artır. Çünki böhran üzündən bir çox ölkələrdə iqtisadiyyatın göstəriciləri ciddi aşağı düşüb. Bu isə o deməkdir ki, bir çox müştərilərin gəlirliliyi artıq aşağıdır. Yaranmış durumdan çıxış bir neçə il çəkə bilər. Bank göstəricilərinin artım templərinin əvvəlkinə nisbətən aşağı olacağına baxmayaraq, mən düşünürəm ki, bütövlükdə bank sisteminin sabitliyi təmin edilib. Bir sıra ölkələrdə isə kapitalın daxili yığım problemini həll etmək mümkün olarsa, bank bölməsinin yetərincə sürətli artımı gözlənilir.
O cümlədən, Azərbaycan və Qazaxıstanın problemlərindən biri çox böyük həcmdə vəsaitlərin dövlət fondları vasitəsilə maliyyələşdirilməsidir. Bu, yaxşı faktdır və vəsaitlər toplanır, amma əsas məsələ bank sektorunun bu prosesə necə cəlb edilməsi ilə bağlıdır. Əgər bütün bu vəsaitlər bank sektorundan yan keçərsə, onda onun həcmləri kiçik olaraq qalar. Mən düşünürəm ki, bu əməkdaşlıq təmin ediləcək, axı iri dövlət qurumları hər bir müştərini bankların etdiyi səviyyədə izləyə bilməz.
- Böhrandansonrakı dövr üçün rezervləşdirmədən başqa hansı tədbirləri daha effektiv sayırsınız?
- Rezervlərin yaradılması nəzarət orqanlarının vacib tələbidir. Vəziyyətdən çıxış isə bank bölməsinin başqa inkişaf modelinə - ekstensiv modeldən intensiv modelə keçid vasitəsilə mümkündür. Mənim anlayışımda intensiv inkişaf yolu ondan ibarətdir ki, bank əgər daha artıq müştəri əldə edə bilmirsə və onların sayı məhduddursa, müştərilərin hamısının bank hesabı və kredit kartı varsa, onda yeganə çıxış yolu daha çox məhsul satmaq və olan imkanlardan daha fəal istifadə etməkdir.
Bankların əsas işi daha çox hesaba malik müştərini cəlb etməkdir və məhz bunun vasitəsilə hər bir müştərinin riskini qiymətləndirmək mümkündür. Kommunal ödənişlərin, mobil rabitə operatorlarına ödənişlərin cəlb edilməməsi banklar üçün çox zərərlidir, özü də təkcə dövriyyə baxımdan deyil, həm də məlumatın olmaması baxımından zərərlidir. Məsələn, müştərinin kommunal xidmətlər üzrə ödəniş qabiliyyətinin olub-olmaması çox önəmli informasiyadır, bu cür məlumatın olmaması onlara banklar tərəfindən kreditlərin verilməsi prosesini çətinləşdirir.
- Mərkəzi banklar tərəfindən Mərkəzi və Şərqi Avropa regionunda bu gün hansı nəzarət tədbirləri görülür? Bank sistemlərinin nəzarətinə yanaşmalar sərtləşirmi?
- Dünya böhranı şəraitində mərkəzi bankların nəzarət funksiyaları saxlanılıb, amma ön plana sabitliyin saxlanılması, dəstək çıxıb, böhrana reaksiya üzrə yeni təşəbbüslər, o cümlədən, Bazel komitəsinin yeni tələbləri (Bazel-3) yaranıb. Mərkəzi və Şərqi Avropanın bu baxımdan müstəqil planı yoxdur, biz Qərbi Avropa ilə birgə irəliləyirik. Bir sıra ölkələrdə bu tələblər nəinki sərtləşdi, əksinə, xeyli yumşaldı. Mən düşünürəm ki, bu cür siyasət müvəqqətidir və mərkəzi banklar bank sisteminin normal tənzimlənməsinə dönəcək.
Bu prosesin yeganə problemi bu ola bilər ki, banklara qarşı siyasətin sərtləşdirilməsi biznesin ölkədən çıxmasına gətirə bilər. Məsələn, Xorvatiyada olduğu kimi; orada kreditlərin artımını məhdudlaşdıran kimi bu kreditlər Qərb banklarına keçdi və onlar borcu Xorvatiyadakı törəmə banklar vasitəsilə deyil, birbaşa baş ofisləri vasitəsilə verməyə başladılar. Eyni hal Serbiyada da müşahidə olundu.
Bu isə mərkəzi banklar tərəfindən tələblərin sərtləşdirilməsinin məqsədəuyğun olmamasından xəbər verir.
- ABŞ-ın ipoteka bazarında son hadisələrlə bağlı yeni ipoteka böhranının başlanma ehtimalı nə qədərdir? Bəllidir ki, Amerika bankları ipoteka kreditləri üzrə ödənişləri verə bilməyənlərin evlərini əllərindən alır. Ehtmal edilir ki, ümumilikdə, yeni böhran $134 milyarddan $154 milyarda qədər ipoteka kreditləri çantasını əhatə edə bilər.
- Bütövlükdə, maliyyə bazarlarında böyük qeyri-müəyyənlik var. Buna misal kimi Yunanıstanı göstərmək olar, orada getdikcə yeni zəif məqamlar ortaya çıxır. Mən həddindən böyük problem həcmləri gözləmirəm, amma bu, şəksiz ki, bazardakı duruma təsir göstərir. Dünya maliyyə sisteminin sağlamlaşdırımasına milyardlarla dollar pul xərclənib, amma mən istisna etmirəm ki, böyük miqyasda olmasa da, yeni böhran dalğası yaranır. Bu, bizim ölkələrə də mənfi təsir göstərə bilər.
- Belə olan halda böhrandansonrakı dövrün başlanması barədə danışmağa dəyərmi?
- Bu şərtidir. Böhranın aşağıdakı kimi tərifi var: əgər iki ardıcıl rüb üzrə ümumi daxili məhsul (ÜDM) həcmi azalırsa, bu, böhran durumundan xəbər verir. Əgər bu, müşahidə olunmursa, böhran dövrü başa çatıb. Bu baxımdan artıq 2010-cu ildə bölgənin bir çox ölkələri böhran durumundan çıxıb. Başqa məsələ isə, bu artımın nə qədər güclü və əhatəli olacağı, müxtəlif qlobal proseslərə necə təsir göstərəcəyidir. Bərpa prosesi uzanır, amma mən düşünürəm, biz artıq böhrandan çıxırıq; ola bilər ki, bu ziqzaqvaridir, amma bütövlükdə hər şey yaxşılığa doğru gedir.
- Azərbaycanın bank bölməsini necə qiymətləndirirsiniz? Mərkəz və Şərqi Avropa ölkələrindən olan banklar tərəfindən Azərbaycanın bank bazarına girməyə maraq müşahidə olunurmu?
- Bütövlükdə, ölkənin bank bölməsi özünü müsbət mənada göstərib. Doğrudur, bəzi bankların problemləri oldu, amma Azərbaycanın bank bölməsində sistem böhranı yaşanmadı. Gözlənilən sürətli iqtisadi artım nəticəsində, mən düşünürəm ki, tezliklə "böhran" sözünü, ümumiyyətlə, unutmaq mümkün olacaq.
Bizim banklarla əməkdaşlıq, əsasən, ticarətin maliyyələşdirilməsi, investisiya layihələri çərçivəsində gerçəkləşdirilir. Azərbaycanda törəmə bankların yaradılması üzrə məsləhət alınması ilə bağlı bizə müraciət hələ ki edilməyib. Qərb bankları həmişə yetərincə böyük bazar payı əldə etməyə can atır. Amma Azərbaycan şəraitində bu çox çətindir. Buna görə də Qərb bankları Azərbaycanın bank xidmətləri bazarına girməyə az maraq göstərir.
Hazırda Qərb banklarının özlərinin problemləri var və onlar həmin problemlərin həlli ilə məşğuldur, başqa bazarlara çıxış az inandırıcıdır. Amma bu məsələnin yaxın gələcəkdə, hətta ola bilər ki, gələn il aktuallıq qazana biləcəyi də istisna deyil.
- Bakıda keçirilən "Maliyyə institutları - MDB iştirakçısı olan dövlətlərin struktural modernləşdirilməsinin əsasıdır" III beynəlxalq bank konfransında müzakirə olunan mövzulardan biri MDB ölkələrinin qarşılıqlı xarici iqtisadi əlaqələrinə xidmətdə milli valyutalardan istifadə məsələsi olub. Sizin fikrinizcə, bu gün nə - milli valyutaların hesablamalarda istifadəsi, yoxsa EUR/USD nisbətinin indiki titrəməsini nəzərə alaraq, MDB məkanında vahid valyutanın tətbiqi məsələsi daha aktualdır?
- Normal iqtisadiyyatlarda bü cür titrəmələr rublun tengeyə və ya rublun manata münasibətində də olmalıdır. Mən elə məzənnə tanımıram ki, onillik üzrə qeydə alınsın. Əlbəttə, bu, iqtisadi sistemdə böyük sabitlik tələb edərdi. Doğrusu, MDB məkanından EUR/USD cütlüyünü vahid valyuta ilə əvəz eləmək pis ideya deyil, əgər bu, bazar tərəfindən dəstəklənirsə, deməli, onu inkişaf etdirmək lazımdır. Ancaq bu, qanunvericilik yolu ilə baş verməli deyil, bazar özü bu ideyanın yaşarlılığını sübut etməlidir.
MƏSLƏHƏT GÖR: