Müəllif: İlahə XƏLİLOVA Bakı
Bu yaxınlarda Azərbaycanda maliyyə sektorunun əsas alətlərindən biri olan fond bazarının 10 illik yubileyi qeyd edilib. Bir qayda olaraq, yubileylərdə tərif nitqləri səsləndirilir, amma bugünkü kapital bazarının şəksiz nailiyyətləri ilə yanaşı, mövcud problemlər toplusunu da unutmaq olmaz.
Daşınmaz əmlak bazarında olduğu kimi, birjalar da son qlobal iqtisadi böhranın girdabına cəlb edilmişdi. Səhmlərin qiymətinin əhəmiyyətli dərəcədə düşməsi, faktik olaraq, dünyanın hər yerində maliyyə çətinliklərinə səbəb olmuşdu. İqtisadiyyatın real sektorlarına baxanda böhran birjalara daha tez gəlmişdi. Və bazarlar da xeyli öncə möhkəmləndi.
Gənc olmasına baxmayaraq, Azərbaycan fond bazarı formalaşma və möhkəmlənmə ilə bağlı olan cari daxili proseslərlə yanaşı, yaranmış xarici problemləri yoluna qoymağa da cəhd edərək, qlobal inteqrasiyanın bütün "gözəlliklərini" hiss etməyə macal tapıb.
İslahatlar davam edir
Bu gün Azərbaycan iqtisadiyyatının sabitliyi heç kimdə şübhə doğurmur - son dünya böhranı göstərdi ki, o, müxtəlif sarsıntılara qarşı davamlıdır. Ölkənin suveren reytinqləri müsbət istiqamətə dəyişir və "Fitch" agentliyinin reytinqinə görə, ilk dəfədir ki, investisiya təyinatı qazanıb. Bütün bunlar Azərbaycanın kapital bazarının potensialının yetərincə yüksək olduğunu düşünməyə əsas verir.
Əgər birja statistikasına baxılarsa, fond bazarının 10 il ərzində necə artmasını görmək olar. Məsələn, əgər 2001-ci ildə bütün alətlər üzrə birjanın dövriyyəsi cəmi 88 min manat olmuşdusa, artıq 2008-ci ildə 9,5 milyard manatlıq zirvəyə çıxılmışdı. Doğrudur, 2009-cu ildə dövriyyə 3 milyard manatdan bir az yüksək olan səviyyəyə qədər düşüb. Bu, 2009-cu ilin birinci yarısında Azərbaycandan xarici sərmayələrin çıxmasına səbəb olmuş qlobal proseslərdən qaynaqlanmışdı - investorlar tərəfindən dövlət istiqraz bazarından $250 milyon çıxarılmışdı ki, bu da ümumi bazarın 60%-i demək idi; bank bölməsindən isə $ 1,7 milyard çıxmışdı ki, bu da valyuta aktivlərinin 20%-nə bərabər idi.
"Amma ölkədə qəbul edilmiş adekvat və qabaqlayıcı tədbirlər hesabına bu, yalnız azacıq şəkildə qiymətli kağızlar bazarında özünü göstərib", - deyə maliyyə naziri Samir Şərifov vurğulayır.
Kapital bazarları, yalnız şirkətləri əlavə maliyyələşdirmə ilə təmin etməyə xidmət etmir, həm də ucuz və uzunmüddətli maliyyə resurslarına çıxış imkanı yaradır ki, bu da böhrandansonrakı dövr üçün çox önəmlidir.
Hal-hazırda Azərbaycanda kapital bazarının aktiv fəaliyyəti üçün baza elementləri, qanunvericilik, kompleks ticarət və maliyyə vasitəçiləri üçün infrastruktur mövcuddur. Həmçinin, bazarda tələb və təklifin institusionallaşdırılması üçün ilkin amillər var ki, bu da xüsusilə son illərdə biznes və təsərrüfat subyektlərinin gəlirinin yüksək artım templəri ilə izah edilir.
Digər tərəfdən, son illərdə ölkədə iş aktivliyi yüksək templərlə artır ki, bu da qlobal kapital bazarlarına daxil olmağa hazır şirkətlər toplusu formalaşdırmağa imkan verir. Nəticədə, bu, böyük investisiya resurslarının olmasına ehtiyac yaradır. Bütün bu məqamlar Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı üçün ilkin əsas yaradır. Və bugünün əsas vəzifəsi yaranmış imkanları nəticəyə çevirmək, kapital bazarını fəal işə salmaqdır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının sözlərinə görə, bunun üçün qanunvericiliyin və bazar infrastrukturunun təkmilləşdirilməsi, maliyyə sabitliyi üçün tənzimləyici potensialın gücləndirilməsi, risklər arasında balansın təmin edilməsi, qiymətli kağızlar bazarında tələb və təklifin stimullaşdırılması üzrə işlər görülür. Həmçinin, bu zaman əsas diqqət maarifçilik işlərinin aparılmasına verilir.
Hazırda bu istiqamətlərin hər biri üzrə tədbirlər planı həyata keçirilir və diqqətəlayiqdir ki, beynəlxalq qurumlar bizə kömək etməyə hazırdırlar.
Gəlirlilik çoxdur və maraq yüksəkdir
Beynəlxalq təcrübəyə əsasən, ölkələrin fond bazarları dövlət özəlləşdirmə proqramlarına bağlı olaraq yaranıb və bunda məqsəd dövlət müəssisələrinin "xüsusi əllər"ə düşmüş səhmlərinin emissiyasını və təkrar bazarını təmin etmək olub. Uyğun olaraq, fond bazarı, əsasən, "təkrar" bazardan ibarət olmalıdır, amma Azərbaycanda oxşar proseslər hələ ki müşahidə edilmir.
Lakin dövlət mülkiyyətində olan səhmlərin özəlləşdirilmə miqyaslarının genişləndirilməsi müəssisələrin özlərinin və milli kapital bazarının dəstəklənməsi üçün yetərincə güclü stimul ola bilər. Belə olan halda, müəssisə bir sərmayəçidən deyil, bazar iştirakçılarından asılı olacaq və beləliklə, dövlət müəssisələrinin şəffaflığını təmin etmək mümkün olacaq.
Eyni zamanda, dövlət qiymətli kağızlar bazarının üstünlük təşkil etməsi üzündən, bu maliyyə aləti həcmində cüzi dəyişikliklər bütün bazara təsir göstərir.
2010-cu ilin ilk 9 ayı ərzində dövlət qiymətli kağızlar bazarı illik hesabda 2,59 dəfə azalaraq 1026,508 milyon manata düşüb. Bu azalma Maliyyə Nazirliyinin dövlət istiqrazları ilə bağlı əməliyyatların, demək olar ki, yarıbayarı, repo əməliyyatların isə 2,99 dəfə azalması ilə müşayiət olunub, əqdlərin sayı isə uyğun olaraq, 2,38 dəfə və 1,33% azalıb.
Bu ilin ilk 9 ayı ərzində də korporativ bazarda artım meyli davam edib və bu, əsasən, istiqraz emissiyasının artması ilə bağlı olub. Korporativ qiymətli kağızlar bazarı ötən ilin eyni dövrünə baxanda 23,75% artaraq 314,669 milyon manat təşkil edib. Bu, korporativ istiqrazlar üzrə əməliyyatların həcminin 2,46 dəfə artması ilə bağlı olub, əqdlərin miqdarı isə 2,3 dəfə artıb.
Digər tərəfdən, son illərdə qiymətli kağızlar bazarının yerli iştirakçılarının maliyyə potensialı artır, investisiya portfeli $12 mln.-a çatan kredit qurumları mövcuddur. Fond birjasının investorları arasında xarici iş adamları da peyda olmağa başlayıb ki, bu da Azərbaycanın "kağız" bazarına artan diqqəti göstərir.
Lakin dövlət istiqrazlarının alıcı dairəsinin genişləndirilməsi onlarca əməliyyatın artmasına təsir göstərmir, bu da öz növbəsində inflyasiya templərinin aşağı düşməsi nəticəsində həmin alətlərin gəlirliliyinin azalması ilə bağlıdır. Belə ki, 2010-cu ildə Maliyyə Nazirliyi tərəfindən emissiya edilmiş dövlət qısamüddətli istiqrazların gəlirliliyi 1,4 - 4% arasında dəyişir, halbuki bu, 2008-ci ildə illik 11%-i ötmüşdü. Buna baxmayaraq, QKDK sədri Rüfət Aslanlı sanır ki, 2010-cu ildə dövlət istiqrazlarının gəlirlilik dərəcələri üzrə müəyyən artım müşahidə olunur. O cümlədən, dövlət qısamüddətli istiqrazları üzrə artım 2010-cu ilin sentyabr ayından başlayıb. 35 günlük istiqrazlar üzrə gəlirlilik 1,15%-dən 1,46%-dək, 364 günlük istiqrazlar üzrə isə artım 2 dəfədən çox təşkil edərək 3%-ə yaxın olub. R. Aslanlı, həmçinin, bildirir ki, dövlət qısamüddətli istiqrazların gəlirliliyinin artımı dövlət istiqrazlarına tələbatı artırır.
Problem və öhdəliklər
Korporativ bazarın fəal inkişafını ləngidən amillərdən biri də çox vaxt yerli şirkətlərin aşağı faizlərlə sərbəst maliyyə vəsaitləri əldə etməyin mümkün olduğu qiymətli kağızlar bazarının üstünlükləri barədə tam keyfiyyətli məlumata malik olmamasıdır. Bundan başqa, emissiya haqqında qərar qəbul edəndə şirkət potensial sərmayəçilərin onun maliyyə-təsərrüfat göstəriciləri barədə məlumat almaq imkanına malik olacağına hazır olmalıdır. Təəssüf ki, ölkənin heç də bütün şirkətləri buna hazır deyil.
Hazırda Azərbaycanda emissiya olunmuş qiymətli kağızların 99%-i sertifikatsız, yəni təsdiq olunmamış formadadır ki, bu da təşkil olunmuş bazarlarda onlarca fəal ticarətə imkan verir. Qeyd etmək lazımdır ki, hətta böyük tarixə malik bazarlarda qiymətli kağızları setrifikatsızlaşdırmaq prosesi çox uzun sürür ki, bu da həmin bazarların inkişafına müsbət təsir göstərmir.
R. Aslanlının sözlərinə görə, Azərbaycanda mövcud bazar institutlarının rolunun və mövqeyinin təkmilləşdirilməsi yolu ilə fəaliyyətin effektliyinə və təhlükəsizliyinin təmininə yönəlmiş bir sıra islahatların keçirilməsi planlaşdırılır. Peşəkar kadr potensialına, effektiv operativ idarəetmə sisteminə, adekvat maliyyə resurslarına malik, sərmayəçilərə və emitentlərə kompleks maliyyə xidmətləri təklif edən investisiya şirkətlərinin formalaşdırılması məqsədi ilə tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulur.
Həmçinin birjanın institusional inkişafına, onun ticarət sisteminin təkmilləşdirilməsinə böyük diqqət göstərilir.
Ötən il uzaq terminallardan olan brokerlərlə ticarət aparılması imkanı təşkil edilib. Bu il əsas öhdəliklər sırasına ticarət sisteminin modernləşdirilməsi, birja ilə brokerlər arasında elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi və ticarət proseslərinin sürətləndirilməsi üçün ticarət sisteminin Milli Depozitar Mərkəzi sisteminə inteqrasiyası daxildir. Buna paralel olaraq, istifadəçilərə təqdim olunan başqa servislərin də keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər görülür, bunların sırasına birja əqdləri üzrə hesablaşmalar, birja məlumatının açıqlanması kimi servislər də daxildir.
Milli Depozitar Mərkəzdə işin səmərəli aparılması üçün "vahid pəncərə" prinsipi tətbiq edilib ki, bu da prosedurların gerçəkləşdirilmə vaxtını yetərincə azaldıb. Hazırda ticarət infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə qiymətli kağızların ticarət infrastrukturunun Mərkəzi Bankın milli ödəniş sisteminə inteqrasiysı proqramı üzərində iş gedir və ehtimal edilir ki, 2011-ci ilin ortalarına qədər bu proses artıq başa çatacaq.
Bütövoükdə, əminliklə demək olar ki, qlobal böhranın yaratdığı problemlər artıq arxada qalıb. Buna görə də indi fond bazarının sonrakı inkişafına yönəlmiş tədbirlərin keçirilməsi üçün əsl vaxtdır. O cümlədən, lazım olan infrastrukturu yaratmaq, fond bazarının səmərəliliyini təmin etmək, maliyyə bazarının potensial iştirakçılarını artırmaq, maliyyə bazarında tətbiq edilən alətlərin sayını genişləndirmək, həmçinin, kollektiv sərmayələr mexanizmini inkişaf etdirmək lazımdır.
Bununla bağlı, xüsusi ümidlər hazırda parlament müzakirəsində olan "İnvestisiya fondları haqqında" qanun layihəsinin qəbul edilməsinə yönəlib. QKDK-nin rəsmi şəxsləri düşünürlər ki, Azərbaycanda investisiya fondlarının yaradılması ölkənin fond bazarında institusional dəyişikliklərə və bazarın dərinləşdirilməsinə gətirəcək. Məhz investisiya fondları bazara yeni alətlərin çıxmasına səbəb olur ki, bu da fond bazarında təklifləri genişləndirməyə imkan verir.
Bu cür imkanlar sərmayəyə ehtiyac duyan şirkət və korporasiyaların bazara daxil olmasını stimullaşdırır və bu da öz növbəsində, onlardan böyük şəffaflıq, öz fəaliyyətini beynəlxalq standartlara gətirmək tələb edir. İnvestisiya fondlarının yaradılması, həmçinin, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının - brokerlərin, dilerlərin, reyestr saxlayıcılarının işinin fəallaşmasına imkan yaradacaq və xidmətlərin bazarın tələblərinə uyğun göstərilməsinə səbəb olacaq; başqa sözlə, əməliyyatların həcmi artdıqca, tranzaksiya xərcləri də azalacaq.
Buna görə də QKDK qiymətli kağızlar bazarının tənzimlənməsi üçün yeni nəsildən olan qanunun işlənməsinə başlayıb ki, bu da çağdaş standartlara uyğun gələcək. Bu cür qanunun qəbul edilməsi Azərbaycanın qiymətli kağızlar bazarının optimal qanunvericilik bazasını formalaşdırmağa, maliyyə alətlərini, qiymətli kağızlar bazarı iştirakçılarının hüquq və öhdəliklərini, qiymətli kağızlar bazarında tənzimləyicinin rolunu müəyyən etməyə imkan yaradır.
İstənilən halda, ekspertlər əmindirlər ki, bu gün ölkənin fond bazarında defolt halların olmaması, dövlət və korporativ qiymətli kağızlar seqmentində müsbət dinamikanın müşahidə edilməsi Azərbaycan kapital bazarının xoş gələcəyindən xəbər verir.
Bu həm Qafqazda ilk təmsilçiliyini açan "Young & Rubicam" üçün, həm də şəbəkənin beynəlxalq təcrübəsinə, "Young & Rubicam"ın unikal alətlərinə və yeni ixtiralarına çıxış imkanı əldə edən "ADVERT" agentliyi üçün də önəmli hadisədir.
Bu artıq çox illərdir, "Young & Rubicam"ın müxtəlif regionlarda şəbəkənin inkişafı üçün və ya kommunikasiya biznesinin yeni sahələrində özü üçün tərəfdaş seçərkən şirkətin inkişafı üzrə yürütdüyü "Best alone, better together" strategiyasına daha bir bariz nümunədir.
"Young & Rubicam" agentliyi 1923-cü ildə Reymond Rubikam tərəfindən yaradılıb və dünya üzrə kreativçinin yaratdığı ilk reklam agentliyi olub. Hazırda o, dünya üzrə kreativ həllərin işlənməsi, istehlakçı araşdırmalarının aparılması və marketinq kommunikasiyaları üzrə aparıcı reklam-informasiya agentliklərindən biridir. Agentlik 98 ölkədə 195 ofisə malikdir.
"Young & Rubicam" çox şeyi dünyada ilk dəfə edib: ilk rəngli televiziya reklamı, reklam agentliyində ilk araşdırma şöbəsi, müştəri üçün işlənmiş ilk veb-sayt, kabel televiziyasının imkanlarından yararlanmış ilk agentlik, Rusiya və Çində ilk beynəlxalq reklam agentliklərinin açılması "Young & Rubicam"a məxsusdur.
Bütün dünya üzrə agentlikdə 15 mindən çox adam işləyir. Agentliyin qlobal strategiyasının ən önəmli dəyərlərindən biri onun yaradıcılıq azadlığına can atmasıdır, bu, layihələrə gerçək uğur gətirir: hələ əvvəllər Reymond Rubikam demişdi ki, iş yalnız müştəriyə deyil, həm də agentliyə xoş gəlməlidir, onda gerçək kreativ doğulur.
"Biz əminik ki, "Young & Rubicam" və "ADVERT"in birgə səyləri Azərbaycanda reklam biznesinin kreativ hissələrinin inkişafına təkan verəcək. Bizim əməkdaşlıq bizim müştərilərin Azərbaycan bazarında uğuruna zəmanət olmalıdır. Biz şirkətin inkişafının əsas məqsədini məhz bunda görürük ", - deyə "Y&R INC." şirkətinin (Nyu-Yorkdakı baş ofisi) Qlobal Baş Direktoru Hamiş MakLennan bildirib. "Bizim Azərbaycan bazarına marağımız təsadüfi deyil. İqtisadiyyatın inkişafına canatma, siyasi sabitlik, zəngin mədəniyyət, ənənələrə sadiqlik, Azərbaycanın dünya birliyinə belə sürətli inteqrasiyası - bütün bunlar həm sərmayə yatırmaq, həm də birgə yaradıcı və məhsuldar əmək üçün yetərincə cəlbedicidir", - deyə Hamiş MakLennan əlavə edib.
"Rusiya, Ukrayna və Qazaxıstanda "Young & Rubicam" agentliyinin uğurlu inkişaf təcrübəsinə malik olduğumuza görə, Qafqazda da əməkdaşlığımızın uğuruna inanırıq. "ADVERT" agentliyi artıq "Young & Rubicam"ın bir sıra beynəlxalq şəbəkə müştəriləri ilə uğurla işləyir ki, bu da bütövlükdə kreativin və servisin yüksək səviyyəsindən xəbər verir", - deyə Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycanda şirkətlər qrupunun prezidenti Yuri Paşin bildirir.
"Azərbaycanda kreativ hələ qədim çağlardan mövcuddur: buna bütün dünyanın bildiyi sübut kimi, Qobustanın qayaüstü rəsmlərini göstərmək olar. Bu gözəl mədəniyyəti, sadəcə, inkişaf etdirmək lazımdır. "Young & Rubicam" kimi qlobal şəbəkənin təcrübəsi və vasitələri hesabına Azərbaycanın qədim mədəniyyəti çağdaş beynəlxalq təcrübə ilə zənginləşərək, öz kreativ inkişafında daha bir addım atır", - deyə "BANNER" şirkətlər qrupunun başçısı Mehrac Mahmudov bildirir.
MƏSLƏHƏT GÖR: