Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Son zamanlar dünya iqtisadi KİV-in və analitiklərin başlıca müzakirə mövzusu qızılın qiymətinin son səksən il üzrə görünməmiş səviyyədə bahalaşması məsələsi olub. Bunun əsas səbəbini investorların ucuzlaşan dollar aktivlərindən uzaqlaşması, həmçinin, Avropa və ABŞ-da iqtisadi problemlərin hələ də həll edilməməsi ilə bağlayırlar. Eyni zamanda, tamamilə aydındır ki, əlvan metalların bahalaşması spekulyativ xarakterlidir və istisna deyil ki, elə də uzaq olmayan gələcəkdə iki il qabaq ipoteka və neft bazarlarında olduğu kimi, "qızıl köpüyü" də partlaya bilər. Qızılın qiymətlərinin dəyişməsi dinamikasına maraq Azərbaycanda da göstərilir və burada hələ keçən ilin ortalarından qızıl yataqlarının istismarına başlanılıb. Bu ildən isə Mərkəzi Bank öz rezervlərinin tərkibinə bu qiymətli metalı da daxil etməyə başlayıb.
Stimullaşdırma və ya spekulyasiya?
Bütövlükdə, bu ilin başlanğıcından qızıl $269 və ya 24% bahalaşıb. Özü də bu metalın qiyməti artıq beş ildir ki, ardıcıl olaraq qalxır ki, bu da ən azından, 1920-ci ildən bu yana ən davamlı bahalaşma sayıla bilər.
Analitiklər oktyabr ayında qiymətli metalların və neftin qiymətinin qalxmasını dolların əsas dünya valyutalarına nisbətən ucuzlaşması ilə bağlayırlar. Dolların ucuzlaşması isə ABŞ Federal Rezerv Sisteminin (FRS) iqtisadiyyatın stimullaşdırılması ilə bağlı bir sıra tədbirlər görəcəyi barədə məlumatlarıyla bağlıdır. Burada söhbət FRS rəhbərliyinin bazara əlavə nağd pul emissiyası edəcyi, həmçinin, ABŞ prezidentinin komandasından əsas iqtisadi müşavirin çıxması barədə yayılmış xəbərlərdən gedir. Ekspertlərin bir qismi ehtimal edir ki, ABŞ bilərəkdən dolların məzənnə fərqini azaldır və bununla da Amerika ixracatının böyük rəqabət qabiliyyətinə nail olur. Bu, ilk növbədə, əsas rəqib valyutalar - Çin yuanı və avro ilə bağlıdır.
Maraqlıdır ki, avqust-sentyabr aylarında qızılın qiyməti ilə bağlı baş vermiş əvvəlki artım dalğası ABŞ-dan gəlmiş məlumatlarla - hazırda işsizlik səviyyəsinin 10%-ə çatdığı Amerika əmək bazarındakı mənfi proqnozlarla bağlıdır. Bu ilin başlanğıcında uzun bir dövr ərzində qiymətli metalların bahalaşmasının əsas katalizatoru rolunu Avropadakı borc böhranı oynayıb. Köhnə Dünyadan olan sərmayəçilər kütləvi şəkildə qeyri-sabit Avropa valyutasına və şirkətlərin ciddi sarsıntıya uğramış səhmlərinə daha etibarlı alternativ kimi kapitallarını qızıl aktivlərə keçirirdilər.
Ancaq qızılın qiymətinin qalxmasının başlıca səbəbi onunla bağlıdır ki, qlobal bazarda dünya iqtisadiyyatının sabitləşmə perspektivləri ilə bağlı qeyri-müəyyənlik davam etməkdədir.
Əslində, bu gün bazarda, demək olar ki, sabit artan trendə malik aktivlər yoxdur və bu, qızıl alınmasına maraq oyadır, investisiya aktivi kimi onun rolunu artırır. Bundan başqa, praktik olaraq, qızılın qalan investisiya aktivlərindən asılılığı səfır vəziyyətindədir, yəni o, yalnız dövlətlərin mərkəzi bankları və iri şirkətləri üçün deyil, həm də sadə investorlar üçün də əla diversifikasiya alətidir.
Eyni zamanda, qızılın qiymətinin bu cür durmadan artması ekspertləri ehtiyatlandırır, onların fikrincə, investorların bu cür marağı fond alverçilərinin işinə çox yarayır. Nyu-York Universitetinin professoru Nuriel Rubininin sözlərinə görə, dünya iqtisadiyyatında qızılın qiymətinin bu cür artması üçün səbəblər, məsələn, hiperinflyasiya yoxdur. Faktik olaraq, bu gün bahalı metalların qiymətinin qalxması defolt riskləri, iqtisadiyyatda azalma ehtiyatlanmaları üzündən borc aktivlərinə sərmayə yatırmaqdan çəkilməsi hesabına baş verir. Psixoloji stereotip öz işini görür, insanların çoxu hesab edir ki, qızıl ən təhlükəsiz aktivdir, təxminən, iki il qabaq da elə bu cür düşünürdülər ki, neft tarifləri heç zaman düşməyəcək, əmlak qiymətləri də həmişə artmaqda davam edəcək.
Amma təcrübə göstərir ki, bu və ya digər əmtəənin və ya fond aktivinin istənilən spekulyativ artımı gec və ya tez başa çatır, bu, çox vaxt sabun köpüyünün qəfil partlaması ilə nəticələnir. Dünya ekspertlərinin çoxu əmindir ki, qızılla da belə olacaq, fikirlər yalnız bu qiymətli metalın maksimum bahalaşacağı hədd və qızıl qızdırmasının bitmə tarixi ilə bağlı ehtimallarla haçalaşır. Belə ki, Fransanın iri korporativ və investisiya bankı "Natixis"də ehtimal edirlər ki, ilin sonuna qızılın qiyməti unsiya üçün $1,5 minlik həddi keçəcək və bundan sonra ucuzlaşma başlayacaq.
Çünki qiymətli metalların bahalaşmasına uyğun olaraq, bazarda təkliflərin də həcmi artmağa başlayır - həm dağ-mədən şirkətləri, həm də təkrar mənbələr tələbi tarazlaşdırmağa çalışır. Qeyd etmək lazımdır ki, yüksək qiymətlərin saxlanması zərgərlik məhsullarının istehsalçıları və digər yekun istehlakçılar tərəfindən tələbə mənfi təsir göstərməkdə davam edir. Nəhayət, Hind-Çinin və Cənub-Şərqi Asiya iqtisadiyyatındakı müsbət irəliləmələr ənənəvi sərmayələrin daha cəlbedici gəlirlər g?tirməyə başlayacağını ümid etməyə imkan verir. Bununla da qiymətli metalların gəlirliliyinin məhdud olması və qızılın sonrakı bahalaşmasının qeyri-müəyyən perspektivləri investorların bu aktivlərə marağının itməsinə səbəb olacaq.
Fərqli mövqelər də var. Məsələn, konsaltinq-vasitəçi şirkətlər "US Gold Corp"un və "Xiamen International Trade Futures Co"nun əməkdaşları düşünürlər ki, dünya valyutalarının "qızıl"la məcburi təminatının ləğv edilməsindən sonra, ilk dəfə olaraq qızıl özünün qlobal rezerv valyutası funksiyasını geri qaytarır. Bu proseslər geridönməzdir və analitiklərin fikrincə, "qızıl köpük" hələ Troya unsiyasına görə, $2 mindən $5 minədək aralıqda dəyişən maksimum həddinə çatmayıb.
Özü də ekspertlərin önəmli hissəsi hesab edir ki, investorların ənənəvi aktivlərdən - qiymətli kağızlardan, karbohidrogenlərdən və başqa xammal resurslarından uzaqlaşması iqtisadi böhranın dərinləşməsi və SSRİ-nin dağılmasından sonra yaranmış iqtisadi modelin resurslarının tam tükənməsi deməkdir.
Beləliklə, kapitalın dəfinəyə kütləvi yatırılmasının səbəbləri aradan qaldırılmayıb, "köpük"ün ən son partlaması isə inkişaf etmiş ölkələrin "qızıl milyard" adlandırılan əsas əhalisinin kritik yoxsullaşması zamanı baş verə bilər. Özü də bu proses artıq başlayıb, Avropa Birliyi ölkələrinin yarıdan çoxu məqsədli şəkildə öz vətəndaşlarının həyat səviyyəsini aşağı salır, pensiya yaşını və iş həftəsinin uğunluğunu yüksəldir, məzuniyyətlərin uzunluğunu və müxtəlif müavinətləri məhdudlaşdırır.
Ölçülü zənginlik
Bununla yanaşı, artıq bu ildən başlayaraq, Azərbaycanda qızılın ehtiyat kimi yığılması məsələsində maraqlı dəyişikliklər baş verib. Belə ki, ölkənin Mərkəzi Bankı (AMB) öz valyuta səbətinə yeni aktiv - qızılı da daxil edib. "Qızıl universal valyutadır, sərbəst konvertləşdirilir, daim alınır və satılır, özü də son zamanlar onun qiyməti bahalaşır", - deyə AMB başçısı Elman Rüstəmov bildirir. Bununla yanaşı, hələ ki bizim ölkə dünya bazarlarından qızıl alışı gerçəkləşdirmir, sadəcə, Azərbaycanda çıxarılmış qiymətli metalın bir hissəsini əldə edir. Özəlliklə, söhbət Gədəbəydən çıxarılmış qızıldın gedir. Keçən ilin ortalarından "Anglo-Asian Mining PLC" əməliyyat şirkəti burada sənaye istismarı gerçəkləşdirir, keçən ilin ikinci yarısından isə hasil edilən qızıl saflaşdırılması üçün İsveçrəyə göndərilir. Bu yataq 1997-ci ildə hökumətlə bağlanmış sazişə əsasən, Amerikanın "R.V.Investment Group" şirkətinin konsessiyasına verilmiş altı yataqdan biridir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2009-cu ilin iyul ayından bu ilin avqust ayına kimi Gədəbəy yatağından 1 533 kiloqram təmiz qızıl çıxarılıb, özü də 1,23 ton qızıl bu ilin səkkiz ayı ərzində hasil edilib. "Yaxın dörd il ərzində Gədəbəy yatağının genişləndirilməsi hesabına Azərbaycanda qızıl istehsalı həcmləri dörd dəfə artacaq", - bu yaxınlarda iqtisadi inkişaf naziri Şahin Mustafayev öz açıqlamasında belə bəyan edib. Bütövlükdə, 2015-ci ilə qədər bu yataqdan 300 mindən çox Troya unsiyası qızıl çıxarmaq planlaşdırılır.
İnvestorlar, təxminən, $70 mln.-a yaxın olan xərclərini çıxardıqdan sonra, Azərbaycan hökuməti qızıl ixracatından 51%-ə qədr gələr əldə etməyə başlayacaq. "R.V.Investment Group"la bağlanmış müqaviləya daxil edilmiş başqa yataqların işlənməsi də uzaq deyil. Onların sırasına "Qoşa" və "Marif" yataqları da daxildir, orada kəşfiyyat işləri artıq başa çatır. Özü də, təkcə Tovuz rayonunda yerləşən "Qoşa" yatağının ehtiyatları 5 mln ton mis və 400 min unsiya qızıl səviyyəsində qiymətləndirilir.
2006-cı ildə beş xarici şirkətlə bağlanmış müqavilə əsasında da bizim ölkənin xəzinəsinə qızıl daxil edilməsi gözlənilir. Planlaşdırılır ki, bu sazişlər çərçivəsində yaradılmış konsorsium - "Azerbaijan International Mineral Resources Operating Company" bir-iki ildən sonra "Çovdar" yatağının işlənməsinə başlayacaq . Bizim ölkənin bu layihədəki payı 30%-dir və mütəxəssilərin qiymətləndirməsinə görə, bu yatağın hər ton filizindən dörd qrama qədər qızıl əldə etmək olar. Konsorsium "Qarabağ", "Göydağ", "Dağ Kəsəmən" kimi yataqları, "Köhnəmədən" və "Kürəkçay" kimi sahələri istismar edəcək.
"Azərbaycan geoloqları tərəfindən Göy göl rayonunda yeni perspektivli qızıl yatağı aşkar edilib və belə görünür ki, o, Çovdar yatağından da zəngin olacaq", - deyə ekologiya və təbii sərvətlər nazri Hüseynqulu Bağırov bildirib. Dəqiq ehtiyatlar hələ tam bəlli deyil. Qızıl yataqlarının kəşfiyyatı Naxçıvan Muxtar Respublikasında və Daşkəsəndə də gerçəkləşdirilir. Beləliklə, yaxın bir neçə il ərzində Azərbaycanda bir neçə qızıl yatağının işlənməsinə başlanacaq və oradan çıxarılacaq qiymətli metalların bir hissəsi hökumətin sərəncamına veriləcək.
Bu proses artıq başlayıb, maliyyə naziri Samir Şərifovun sözlərinə görə, AMB qızıl yataqlarının işlənməsi üzrə bağlanmış PSA tipli sazişlər çərçivəsində əldə edilmiş qızılın bir hissəsini ehtiyat kimi götürür. "Hazırda biz həcmi 100 kiloqrama yaxın olan növbəti partiyanın alınması barədə danışıqlar aparırıq. Rezervə yönəldilmiş 99,5 kiloqramlıq ilk partiya nəzərə alınmaqla, ölkənin qızıl ehtiyatı 200 kq.-ı ötə bilər ; gələn ilin əvvəlinə kimi isə sonrakı satınalmalar nəzərə alınmaqla ehtiyat yetərincə arta bilər", - S.Şərifov vurğulayıb.
Göründüyü kimi, bu məsələdə ölkə rəhbərliyi bilərəkdən ölçülü zənginlik prinsipinə üstünlük verir və valyuta ehtiyatları portfelini kardinal şəkildə diversifikasiya etmək istəyi nümayiş etdirmir. 2010-cu ilin üç rübünün nəticələrinə görə, AMB və Dövlət Neft Fondunun (ARDNF) birgə strateji valyuta ehtiyatı $28 mlrd.-ı ötüb. Özü də ölkənin valyuta çantasının yarıdan çoxu ABŞ dollarının payına düşüb, daha 40%-ini avro, qalan hissəni isə Britaniya funtu və dünyanın başqa sabit valyutaları təşkil edir. Yəni bu gün pul ifadəsi ilə ölkənin məcmu valyuta ehtiyatlarında qızılın payı 0,003%-dir və onfaizlik paya elə də tez çatılmayacaq.
Son illərdə dünyanın mərkəzi banklarının strukturuna qızılın daxil edilməsi praktikası geniş yayılıb. Burada aparıcı kimi Cənub-Şərqi Asiyanı göstərmək olar; bu ilin əvvəlinə Hindistanın qızıl ehtiyatı 550 tonu keçib və bu gün ölkə ümumi daxil məhsulun (ÜDM), təxminən, 1,5%-ni ötür, Çin isə, demək olar ki, öz qızıl ehtiyatlarını iki dəfə artıraraq, onu 1 054 tona qədər çatdırıb.
Bu tranzaksiyalar Cənub-Şərqi Asiya dövlətləri və inkişaf etməkdə olan bütün dövlətlər üçün tendensiya halı alır və onlar gələcəkdə qızıl ehtiyatlarını artırmağı planlaşdırırlar. Dünya Qızıl Şurasının proqnozlarına görə, bu il dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qiymətli metalların təmiz alıcıları sırasına daxil olacaq.
Amma bu məsələdə Azərbaycan dünya trendinin axınını kor-koranə izləmək niyyətində deyil - AMB-nin və ARDNF-in siyasətində qızıla əsaslanma elə də önəmli yer tutmur və bizim ölkənin nə vaxtsa valyuta rezervlərinin strukturunu kardinal dəyişmək üçün dünya bazarlarından kütləvi şəkildə qızıl alacağı inandırıcı deyil. Və bu da doğrudur, "qızıl köpüyü" gec-tez partlayacaq və qiymətli metalların alınması kimi oyunlara qatılaraq, qaçılmaz tənəzzül dövründə milyardları itirməyə dəyməz.
MƏSLƏHƏT GÖR: