5 Dekabr 2025

Cümə, 18:27

OPERATİV, MƏSULİYYƏTLİ, ŞƏFFAF

Vətəndaşların məmnunluğu "ASAN xidmət"in özünü doğrultduğunu göstərir

Müəllif:

13.01.2015

"ASAN xidmət"in 2014-cü il dekabrın ortalarında Sabirabadda açılan şöbəsi 2015-ci ilin yanvarından fəaliyyətə başlayacaq. Xatırladaq ki, xidmətin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Bununla da ölkədə "ASAN xidmət" mərkəzlərinin sayı 7-yə çatıb. Onlardan 4-ü Bakıda, 3-ü isə regionlarda - Gəncə, Sumqayıt və artıq Sabirabadda yerləşir. Yeni mərkəz sabirabadlılarla yanaşı, İmişli, Kürdəmir, Saatlı, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarının əhalisinə də xidmət göstərəcək. "ASAN xidmət"in xidmət dairəsi 900 mindən artıq insanı əhatə edir.

Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. Dövlət başçısı İlham Əliyevin də qatıldığı forumun məqsədi Azərbaycanda son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, "ASAN xidmət" mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılması idi. Forumda çıxış edən İlham Əliyev dövlətin könüllülərə qayğısını xüsusi vurğulayıb, gənclərin könüllü fəaliyyət zamanı təcrübə və biliklər qazandıqlarını xatırladıb, onların işini yüksək qiymətləndirib.

Könüllülər iki ay ərzində imzalanmış müqavilə əsasında "ASAN xidmət"də çalışır, müqavilə müddəti bitdikdə isə onlara xüsusi sertifikat və xasiyyətnamə verilir. Bu proses zamanı könüllülər vətəndaşlarla işləməyin yollarını öyrənir, komanda şəklində fəaliyyət göstərmək, xidmətə müraciət edən vətəndaş axınını idarə etmək və s. təcrübələrə yiyələnirlər.

 

"ASAN"a axın

"ASAN xidmət"in fəaliyyəti haqqında "R+" jurnalına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov danışıb. Onun sözlərinə görə, "ASAN xidmət" mərkəzinin fəaliyyəti şəffaflıq, məsuliyyət, rahatlıq və etik münasibət prinsiplərinə əsaslanır. Real olaraq, qurumun fəaliyyəti bu postulatlara tam uyğun gəlir; artıq müxtəlif məsələlərlə bağlı xidmətə üz tutmuş minlərlə vətəndaş dəfələrlə bunun şahidi olub. "ASAN xidmət" mərkəzinin bürokratik əngəllərin və digər maneələrin mövcud olduğu əvvəlki rəsmi strukturlarla müqayisəsi, şübhəsiz ki, sonuncuların xeyrinə deyil. Bu mərkəzlərin özündə aparılan sorğular göstərir ki, vətəndaşların "ASAN xidmət"in fəaliyyətindən razılıq əmsalı 99% təşkil edir. Yəqin ki, bu, mərkəzdə "Vətəndaş hər zaman haqlıdır" şüarının əsas götürülməsindən irəli gəlir. "Artıq "ASAN xidmət" bir çox mükafatlara layiq görülüb, asan.gov.az saytı isə NETTY 2013 Milli İnternet mükafatçıları sırasında birinci olub", - deyə İ.Kərimov qeyd edib. "ASAN xidmət" mərkəzlərinə əhali axınının səngiməməsi bu mükafatların əsaslı olduğunu təsdiqləyir. Yeri gəlmişkən, bu mərkəzlərə üz tutan insanların sayının həddindən artıq çox olmasına baxmayaraq, orada uzun-uzadı gözləmə hallarına çox nadir rast gəlinir. Basabas, nizamsızlıq kimi hallar isə "ASAN xidmət"ə, ümumiyyətlə, yaddır.

İnam Kərimovun sözlərinə görə, ümumilikdə, "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərdiyi 2 ildə onlara 3,5 milyondan artıq müraciət olunub. Bu mərkəzlərdə 10 dövlət qurumu, həmçinin bir sıra özəl təşkilat və müəssisə fəaliyyət göstərir. Hazırda "ASAN xidmət" vətəndaşlara, ümumilikdə, 230 xidmət təklif edir. Bu xidmətlər bilavasitə dövlət strukturlarının öz əməkdaşları tərəfindən göstərilir. Bu, "xarab telefon" effektini tam istisna edir. Bütün dövlət strukturları aparatının bir binaya toplaşması vətəndaşların vaxta və əsəbə xeyli qənaət etməsinə imkan verir. Vətəndaşların müraciət formaları müxtəlif olduğundan, hansı xidmətlərin daha populyar olduğuna dair statistika aparmaq kifayət qədər çətindir. Yalnız onu qeyd edək ki, "ASAN xidmət" mərkəzlərindən şəxsiyyət vəsiqəsi, ümumvətəndaşlıq pasportu, sürücülük vəsiqəsi almaq, mənzilə qeydiyyata düşmək, pensiya qeydiyyatı, vergi ödəyicisi kimi qeydiyyata durmaq mümkündür... 

Mərkəzlərdə notarius və tərcümə xidmətləri də göstərilir. Bir sözlə, "ASAN xidmət" mərkəzləri vətəndaşların ömür boyunca rastlaşdıqları əksər proseslərin asan rəsmiləşdirilməsinə kömək edir.

 

Hər yerdə "ASAN"

Regionlarda yaşayan əhaliyə xidmət göstərmək məqsədilə "ASAN xidmət"in "baş çəkmədiyi" bölgə qalmayıb. Mərkəz xüsusi avadanlıqlarla təchiz edilmiş böyük avtobuslarda səyyar xidmət göstərir. Son 1,5 ildə bu yolla 120 minədək vətəndaşa xidmət göstərilib. "Cənub" qaz dəhlizi çərçivəsində Cənub qaz kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar olaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, "ASAN xidmət"ə torpağa, digər daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi səlahiyyəti də verib. Nəticədə, səyyar "ASAN xidmət"ə 7 regiondan 5 mindən artıq müraciət daxil olub", - deyə İ.Kərimov qeyd edib. Hazırda regionlarda mərkəzin 2 avtobusu əhaliyə xidmət göstərir. Yaxın zamanlarda onların sayı artırılacaq və sonda 10-a çatdırılacaq. Bu avtobusların yaxşı fəaliyyəti, texnoloji infrastrukturla təminatı üçün bütün lazımi işlər görülüb. Dövlət strukturlarının əməkdaşlarına isə lazımi informasiya bazasına çıxış verilib.

Yeni ildən şəhərdaxili səyyar "ASAN xidmət" də istifadəyə veriləcək. O, mərkəzlərə üz tutmaq üçün kifayət qədər imkanı və vaxtı olmayan vətəndaşlar üçündür; əlillər, yaxud fiziki imkanları məhdud olanlar özləri üçün əlverişli bildikləri yerdə və məkanda bu xidmətlərdən yararlana biləcəklər. Beləliklə, "ASAN"ın fəaliyyətinin sosial orientasiyalı olması ölkə əhalisinin bütün qruplarının, o cümlədən, ən zəif təbəqələrin də hüquqlarını bərabərləşdirir. "ASAN"da göstərilən xidmətlər haqqında məlumat əldə etmək üçün mərkəzlərə üz tutmaq vacib deyil. Bunun üçün xüsusi "ASAN" zəng mərkəzi var. "108" qısa nömrəsinə zəng etməklə, bütün lazımi informasiyaları əldə etmək mümkündür. Bütün zəngləri qeydə alan xüsusi proqram göstərilən xidmətlərin şəffaflığının təmininə kömək edir. Bundan başqa, danışıqların yazılması sistemdəki bütün çatışmazlıqların, problemlərin üzə çıxarılmasına imkan verir. İnam Kərimovun sözlərinə görə, "ASAN xidmət"in fəaliyyətində bu günədək yalnız ciddi önəm daşımayan, əsasən, texniki xarakterli qüsurlar olub. Ümid edək ki, "ASAN xidmət" bundan sonra da göstərdiyi xidmətlərin keyfiyyəti və əhatəsi ilə bizi sevindirəcək.



MƏSLƏHƏT GÖR:

789