Müəllif: Nurlanə QULİYEVA Bakı
Artıq illərdir ki, Azərbaycanın dövlət strukturları paytaxt küçələrində və ona bitişik magistrallarda tıxac problemi ilə mübarizə aparır. Lakin tıxac artıq Bakı üçün ənənəvi hala çevrilib. Bu halla mübarizə ən müxtəlif vasitələrlə aparılır. Misal kimi, küçələrin genişləndirilməsindən tutmuş, köhnə avtomobillərin utilizasiyası proqramının hazırlanmasına, minik avtomobillərinin "Avro-4" standartlarına uyğunluqla əlaqədar, idxalına məhdudiyyətlərin tətbiqinədək müxtəlif vasitələri göstərmək olar. Əlbəttə ki, bu tədbirlər paralel olaraq, digər problemləri də aradan qaldırır - ekoloji, infrastruktur və s. Amma... Bakı küçələrində tıxaclar hələ də çoxdur və ildən-ilə ölkənin avtomobil bazarının genişləndiyini nəzərə alsaq, vəziyyət getdikcə ağırlaşır. Bir tərəfdən, bu, əhalinin rifah halının yüksəldiyini göstərən ən bariz nümunələrdən biridir. Lakin digər yandan, onu şəhər infrastrukturu üçün əlavə yük də saymaq olar.
Bəs hökumətin ölkəyə gətirilən minik avtomobillərinə görə aksiz dərəcələrini artırmasına dair yeni qərarı əhalinin avtomobil almaq istəyini bir az azaldacaqmı? Hər halda, Vergi Məcəlləsinə bu məsələnin tənzimlənməsi ilə bağlı edilmiş dəyişiklik artıq qəbul olunub və bu ilin yanvarından qüvvəyə minib.
Hədəfdə "birinci əl"dir
Ötən ilin sonunda Azərbaycan Milli Məclisi (parlament) Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri təsdiqləyib. Söhbət ölkəyə gətirilən minik avtomobillərinə, istirahət və idman yaxtalarına, digər üzmə vasitələrinə görə aksiz dərəcəsinin artırılmasını nəzərdə tutan dəyişikliklərdən gedir. Yaxtalar və digər üzmə vasitələri üçün aksiz dərəcəsi qurğunun mühərrikinin hər kubsantimetrinə görə 3 manat təşkil edəcək. Avtomobil üçün də idxal aksizinin dərəcəsi maşının mühərrik həcmindən asılıdır (cədvəl.).
Bu, ötən il avtomobil bazarı həvəskarlarının maraqlarına birbaşa təsir göstərən ikinci vacib qərardır. Bundan əvvəl aprelin 1-də ölkədə "Avro-4" ekoloji standartının tətbiqinə başlanılmışdı və gətirilən avtomobillərin mütləq şəkildə bu strandarta cavab verməsi tələb olunurdu. Bu qərardan sonra Azərbaycana avtomobil vasitələrinin idxalında zəifləmə baş verib və bu zəifləmə kifayət qədər hissolunandır. Əgər 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 56 804 avtomobil vasitəsi gətirilibsə, ötən ilin analoji dövründə bu, 96 686 ədəd olub. Demək, söhbət 39,4% azalmadan gedir. Bu azalma özünü daha çox Azərbaycana Gürcüstandan minik avtomobillərinin gətirilməsi ilə bağlı statistikada göstərir. 2014-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 252,3 milyon dollar olan 16,8 min minik avtomobili idxal olunub. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu, dəyər baxımından 31,8%, kəmiyyət baxımından isə 24,4 min ədəd (59,2%) azalma deməkdir.
Ekspertlərin fikrincə, Azərbaycanın Vergi Məcəlləsinə edilən son dəyişikliklər daha çox özünü bahalı avtomobillərlə bağlı göstərəcək. Məsələn, iqtisadçı Vüqar Bayramov hesab edir ki, mühərrik həcmi 5 min kubsantimetrdən çox olan avtomobillərin qiyməti, təxminən, 10 min manat artacaq. "Xüsusilə yeni avtomobillərdə qiymət artımı gözlənilir. Mühərrik həcmi 4-5 min kubsantimetr olan avtomobillərdə qiymət artımı 6600 manatadək olacaq. Orta hesabla, belə maşınların qiyməti, təxminən, 5 min manat bahalaşacaq. Mühərrikinin həcmi 2 min kubsantimetrədək olan avtomobillərdə isə qiymət artımı cüzi olacaq - təxminən, 100 manat. Qiymət artımı müşahidə olunarsa belə, söhbət süni qiymət artımından gedəcək", - deyə ekspert qeyd edib.
V. Bayramovun sözlərinə görə, bütün bunların nəticəsində bahalı avtomobillərin satışında durğunluq müşahidə oluna bilər. Ekspert düşünür ki, ölkəyə gətirilən avtomobillərə görə aksiz dərəcəsinin artırılması nəinki avtomobil idxalını azaldacaq, həm də onun strukturunu mühərrik həcmi daha kiçik olan avtomobillərin xeyrinə dəyişəcək. "Demək, qiymət artımı böyük həcmli mühərrikə malik avtomobillərə tələbatı azaldacaq. Kiçikhəcmli mühərriki olan avtomobillərin satışında isə artım gözlənilir", - deyə V. Bayramov qeyd edib.
Yəni, məntiqlə, Bakının ensiz küçələrində irihəcmli avtomobillərin sayının artımına son qoyulmalıdır. Yeri gəlmişkən, belə avtomobillər də paytaxt küçələrində yaranan tıxacların səbəblərindəndir. Bu, idealda belədir. Lakin Azərbaycanın avtomobil bazarının xüsusiyyətlərini nəzərə alsaq, bu məsələ, güman ki, daha bir vəzifənin öhdəsindən gələcək - neftin qiymətinin ucuzlaşması fonunda dövlət büdcəsinə əlavə vəsaitlərin cəlbi təmin olunacaq.
Yol vergisi benzinə "qarışacaq"
Avtomobil sahibləri və onların sırasına qoşulanlar üçün ötən ilin sonunda qəbul edilmiş bu qanqaraldıcı qərarla yanaşı, parlament Vergi Məcəlləsinə daha bir vacib dəyişiklik edib. Qərara əsasən, avtomobil sahibləri yol vergisindən azad olunublar. Yəni, bu ildən etibarən, yol vergisi ödəyiciləri siyahısına Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazının istehsalı və ya idxalı ilə məşğul olan şəxslər daxil edilirlər. Bunadək ölkənin avtomobil yollarından istifadəyə görə yol vergisi ödəyənlər avtomobil, avtobus və digər nəqliyyat vasitələrinin sahibləri idilər.
Sənədə əsasən, Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanacaq. Bundan başqa, idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi isə Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilib, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz vergisi daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanacaq. Azərbaycanda istehsal edilən neft məhsullarından yol vergisinin hesablanması və ödənişinə nəzarəti vergi orqanları, idxal edilən məhsullara görə verginin hesablanmasını isə gömrük orqanları həyata keçirəcək.
Bu qərar, bir tərəfdən, avtomobil sahiblərinə sərf edir. Çünki bu halda onlar avtomobilin texniki baxışdan keçirilməsi zamanı maşının mühərrik həcminə əsasən hesablanan yol vergisindən azad olunur. Lakin praktiki olaraq, dəyişikliyin tətbiqindən dərhal sonra ortaya növbəti sual çıxıb: bu, ölkədə benzinin qiymətinin bahalaşmasına səbəb olmayacaq ki? Ekspertlərin fikrincə, yanacağın qiymətində artım baş verərsə belə, bu, çox cüzi olacaq. "Aİ-92" markalı benzinin qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini nəzərə alsaq, güman ki, müvafiq qərar qəbul ediləcək.
Bununla yanaşı, dünyada neftin qiymətinin ucuzlaşması fonunda avtomobil sahibləri daha çox ölkədə yanacağın qiymətində eniş gözləyirdilər. Lakin dekabrın sonlarında Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bu gözləntilərin əbəs olduğunu açıqlayıb. O, ən azı, SOCAR tərəfindən istehsal olunan "Aİ-92" markalı benzinin qiymətində ucuzlaşma olmayacağını bildirib. S.Qasımovun fikrincə, bu halda "neftin qiymətinin artdığı dövrlərdə benzinin bahalaşdırılması məntiqli olardı". Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın benzin satışından əldə etdiyi gəlir o qədər də çox deyil. Bundan başqa, bu gəlirlərin bir hissəsi vergi ödəmələrinə yönəldilir. Hazırda Azərbaycanda "Aİ-92" markalı benzinin qiyməti 0,70 manatdır.
Benzinin ölkəyə idxal olunan digər markalarının ("Premium Evro-95" və "Super Evro-98") qiymətində ucuzlaşma ehtimalı haqda da danışan Süleyman Qasımov bu qiymətin dövlət tərəfindən tənzimlənmədiyini, lakin yanacağın ölkəyə daşınması xərclərinin də nəzərə alınmalı olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycanda istehlak olunan benzinin ümumi həcmində "Aİ-95" və "Aİ-98" markalı yanacağın payı, təxminən, 10% təşkil edir. Onlardan istehsal və xidmətlər sahəsində, demək olar ki, istifadə olunmur.
Onu da qeyd etmək lazımdır ki, dünyada neftin qiymətinin ucuzlaşması fonunda qonşu Gürcüstan "SOCAR Georgia petroleum" neft məhsullarının qiymətini gündən-günə aşağı salır.
MƏSLƏHƏT GÖR: