Müəllif: Abbas AXUNDOV Bakı
Azərbaycan hökuməti 1999-cu ildən bəri əhalinin banklarda əmanətləri üzrə ödənilən faizlərdən gəlir vergisinə edilən güzəşt sistemində dəyişiklik edib. Ötən ilin son günlərində Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul etdi. Əmanətçilərin böyük əksəriyyəti üçün güzəştlər bəzi düzəlişlər olmaqla, qüvvədə qalır.
Necə hesablanmalı?
Beləliklə, "depozit" moratoriumu ləvğ edilib. İndiyədək depozitdən gəlir vergisi maksimum üç ilə tətbiq edilirdisə, indi dəyişikliklərə əsasən, müvəqqəti çərçivələr kənarlaşdırılıb. Bununla bərabər, vergi güzəştləri şamil ediləcək dividendlərin məbləğinə də məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, 500 manat həcmində depozitdən əldə edilən gəlirə 10%-lik vergi tətbiq olunmayacaq. Nəzərə alsaq ki, depozitlər üzrə orta dərəcə ildə 10% təşkil edirsə, əmanətçilər gəlirləri üçün zərərsiz olaraq bankda 5 min manata qədər saxlaya bilərlər. Tutaq ki, əmanətçi bankda 20 min manat saxlayır və ildə 2 min manat həcmində ödənilən faizlərdən gəlir əldə edir. İndi Məcəlləyə edilən dəyişikliyə görə, gəlirin 500 manat hissəsi vergidən azad edilir, uyğun olaraq əmanətçi üçün vergi 1500 manat məbləğdən tutulacaq və 150 manat təşkil edəcək (vergi dərəcəsi 10% təşkil edəcək). Nəticədə, əmanətçi ildə 2 min manat deyil, 1850 manat əldə edəcək. Bununla yanaşı, əmanəti müxtəlif banklara bölərək, gəlir vergisindən azad olmaq mümkündür. Deməli, əmanətçi 20 min manatı müxtəlif banklarda 5 min manat olmaqla, dördhissəli əmanətə bölə bilər və vergi ödəmədən onların hər biri üzrə 500 manat həcmində faizdən gəlir əldə edə bilər.
Daha doğrusu, əmanətçi çox istəyərsə, hətta iri məbləğdə pulu elə bölə bilər ki, gəlir vergisindən xilas olsun. Məsələn, bu dəyişikliklər qəbul edilərkən, Azərbaycanda 43 bankın əmanət qəbul etmək hüququ var idi. Və bir əmanətçinin bu bankların hər birinə 5 min manat depozit yerləşdirdiyini fərz etsək, onun 215 min manata qədər məbləğdə əmanət güzəştlərindən yararlana bildiyini görərik. Qeyd etmək lazımdır ki, verginin yeni mexanizmi təkcə 2015-ci ildə bağlanan müqavilələrə deyil, həm də artıq qüvvədə olanlara da şamil ediləcək. Eyni zamanda, vergi ancaq builki və sonrakı ilin depozitindən əldə olunacaq gəlirin hissəsindən tutulacaq. Çünki 2014-cü ilin sonuna kimi vergi güzəştlərinin müddəti qüvvədə idi. İstisna deyil ki, bank əmanətlər üzrə gəlirdən tutulan verginin ödənilməsində agent qismində çıxış edəcək. Beləliklə, vətəndaşların vergi ödəyicisinin eyniləşdirmə nömrəsi almasına ehtiyac qalmayacaq.
Nə gözləməli?
Güzəştlərin qismən ləvğ edilməsi təkcə əhali üçün deyil, bankirlər üçün də yenilik idi. Hətta demək olar ki, gözlənilməz oldu. Yeni qanuna uyğunlaşmaq, proqram təminatında dəyişikliklər və digər işlərin yerinə yetirilməsi üçün bankirlər, təxminən, iki-üç ay möhlət istədilər. Dividendlərin yeni hesablanma mexanizminin tətbiqi bir çox suallar doğurdu. Xüsusən, bu uzunmüddətli müqavilələr bağlanılan əmanətçilərlə bağlı məsələyə aiddir ki, müddətin bitməsi ilə əlaqədar bu il müqavilənin şərtlərinə uyğun olaraq dividendlər tam ödəniləcək. Bundan başqa, əmanətlər üzrə dividendlərin hər ay və ya hər gün hesablanan müxtəlif növləri var. Vergiqoymanın bu və ya digər növ əmanətlərlə necə həyata keçiriləcəyi hələ sual altında qalır. Bununla bərabər, bank cəmiyyətinin bir hissəsi əmanətlər üzrə faizlər qismində vətəndaşlara gəlir vergisinin tətbiq edilməsini təbii hal hesab edir. "Bu cür vergi dünyanın hər bir yerində yığılır. Azərbaycan vergi sisteminin təkmilləşdirilməsi üçün fəal iş aparır. Vergi Məcəlləsinə edilən bu dəyişikliklər bir daha göstərir ki, ölkə dünya maliyyə sisteminin inteqrasiya yolu ilə gedir", - deyə "Bank VTB"nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlyov hesab edir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini və eyni zamanda, "AGBank" ASC-nin müşahidə şurasının sadri Çingiz Əsədullayev Vergi Məcəlləsinə düzəlişlər zamanı təklif edib ki, banklar əmanətçilərini itirməmək üçün əmanətlər üzrə dərəcələri artıracaq.
"İndi əmanətlərin sığortalanan hissəsinin azalma tendensiyasını müşahidə edirik. İnsanlar əmanətlərini sığortalamaqdansa, daha çox qazanmağa üstünlük verirlər, yəni 9%-dən yuxarı dərəcə üzrə olan bank depozit məhsullarına üstünlük verir. Banklar onların resurs bazasını formalaşdıran əmanətçiləri itirməməyə çalışacaq və dərəcələri elə qaldıracaq ki, əmanətçilər əlavə gəlir hesabına vergi ödənişindən zərər hiss etməsinlər", - deyə Ç. Əsədullayev qeyd edib. O, həm də bildirib ki, hazırda Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunda (ADİF) belə bir variant müzakirə olunur ki, əmanətlərin sığortalanması zamanı (hazırda 9% təşkil edir) faiz dərəcəsi üzrə məhdudiyyət aradan qaldırılsın. Bu variantda əmanətlərin sığortalanmasının yeganə şərti depozitin 30 min manata qədər olmasından ibarətdir.
Əmanətlər üzrə dərəcələrin mümkün artması imkanları kreditlərin bahalaşmasına da gətirib çıxara bilər. Bu isə Mərkəzi Bankın dərəcələrin azalmasına istiqamətlənmiş siyasəti ilə ziddiyyət təşkil edir. Yuri Yakovlev verginin tətbiqi ilə depozitlər üzrə faiz dərəcələrinə ciddi təsir göstərəcəyinə şübhə edir. "Bir sıra hallarda ayrı-ayrı banklar xüsusi kampaniyalar çərçivəsində dərəclərin artmasına əl ata bilər. Lakin ümumi tendensiya və Mərkəzi Bankın faiz dərəcələrini aşağı salmaq istiqamətindəki siyasətini nəzərə almaqla, tətbiq edilən vergi artıma gətirib çıxarmayacaq", - deyə o, bildirib. Bundan başqa, onun sözlərinə görə, əmanətlər üzrə dərəcələrin mümkün artma ehtimalı kreditlər üzrə dərəcələrə təsir göstərməyəcək.
"Bazarda belə dəyişikliklər gözlənilmir. Kredit dərəcələri Azərbaycanın bank bazarında ümumi tendensiya çərçivəsində azalmağa davam edəcək", - deyə o, bildirib. Lakin bir sıra mütəxəssislər narahatlıqlarını ifadə edərək bildirirlər ki, əmanətçilərin dividendlərini azaldan verginin işləməsi, saxlanılması və hətta depozitlər üzrə dərəcələrin azalması şərtlərində fiziki şəxslərin bir hissəsi, sadəcə olaraq, vəsaitlərini bankdan götürə və hər hansı bir investisiya alətinə yatıra və ya xaricdə əmanətlərə üstünlük verə bilər. Yuri Yakovlev bu fikri təkzib edir. "Vergi Məcəlləsinə edilən dəyişikliklər əhalinin əmanətlərinin banklardan çıxarılmasına gətirib çıxarmayacaq. Çünki 10% səviyyəsində vergi kritik hesab olunmur. Bu, istər əmanətçi, istərsə də bank üçün kiçik itkidir. Əlbəttə, bəzi müştərilər hesab edə bilərlər ki, ən yaxşısı əmanətlərini geri götürməkdir. Amma böyük əksəriyyət əmanətini saxlayacaq, depozit qoymağa davam edəcək və bu vergiyə biznesin ayrılmaz hissəsi kimi vərdiş edəcəklər", - deyə o, bildirib.
Bank dairələrində qeyd edildiyi kimi, hazırda əmanətçilər tərəfindən heç bir ciddi reaksiya müşahidə edilmir.
İqtisadi təsir
"Hazırda əmanətlər üzrə faiz dərəcəsi 9,6% təşkil edir ki, bu da kifayət qədər yüksək dərəcədir". Mərkəzi Bankın sədri (AMB) Elman Rüstəmov belə hesab edir. Onun sözlərinə görə, bu yaxınlarda parlamentdə "2015-ci ilin dövlət büdcəsi haqqında" qanunun müzakirəsi gedişində deyilmiş, cari ildə əhalinin bank əmanətləri üzrə gəlirlərinin 0,5 mlrd. manat olacağı gözlənilir. "Bu, kifayət qədər ciddi rəqəmdir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır", - deyə o, bildirib. Qeyd edək ki, 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin banklardakı əmanətləri üzrə dividendləri 450 mln. manat təşkil edib. Ölkədə hər min nəfərə 473 əmanətçi düşür. Əhalinin adambaşına düşən əmanətinin məbləği 745 manat, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatıb.
Bu arada Vergilər Nazirliyində qeyd edilir ki, güzəştlərin qorunması və onların mexanizmlərinin dəyişiklikləri vətəndaşların və bankların risklərdən qorunması ilə bağlı qəbul edilib. Vergirlər nazirinin birinci müavini Natiq Əmirovun qeyd etdiyi kimi, güzəştlərin bu mexanizmlə təqdim olunması Azərbaycan dövlət büdcəsinə ildə 5-6 mln. manat əlavə gəlir gətirəcək. "Hökumət yeni mexanizm tətbiq etmədən vergi güzəştlərini sadəcə olaraq ləvğ etsəydi, dövlət büdcəsinə 60 mln. manat həcmində əlavə gəlir daxil olardı", - deyə N. Əmirov qeyd edib.
Azərbaycanın dövlət büdcəsinin 2015-ci ildə gəlirləri 19,438 mlrd. manat həcmində proqnozlaşdırlır. Daha doğrusu, hökumətin manevri nəticəsində əldə olunan gəlirlər büdcəni ancaq 0,03% doldura bilər. Deməli, bu vergi büdcəni doldurmaq istəyi ilə deyil, daha çox ölkə iqtisadiyyatında müasir dünya standartları üzrə gələcək islahatlarla bağlıdır.
DÜNYA TƏCRÜBƏSİ
Depozit gəlirlərinə vergi bir çox ölkələrdə tətbiq edilir. Rusiyada vergi 35% dərəcəsi üzrə yüksək faiz gəliri (Rusiya MB-nin depozit dərəcəsi və uçot dərəcəsi arasında fərq kimi xüsusi formula əsasında hesablanır) olan əmanətlərə tətbiq edilir. Ukraynada vergi dərəcəsi gəlirin 20%-ni təşkil edir. Depozit gəlirinə, həmçinin Böyük Britaniya, ABŞ, Kanada, Almaniya və digər ölkələrdə vergi qoyulur. Lakin onların əksəriyyətində dərəcələr ölkənin regionundan, əmanətin həcmindən və digər amillərə görə seçilir. İsveçrədə vergi tutulmur, amma o, əmanətçi üçün vergi cənnəti olmur. Çünki ölkələrlə əmanətçilər haqqında digər dövlətlərdən informasiyanın təqdim olunmasına dair müqavilə imzalayır.
MƏSLƏHƏT GÖR: