14 Mart 2025

Cümə, 20:58

RUHİ YETKİNLİK MUSİQİSİ

Bakıda II Beynəlxalq Uşaq Muğam Festivalı başa çatıb

Müəllif:

15.10.2010

Azərbaycan, Hindistan, Özbəkistan, Türkmənistan və Türkiyədən olan on beş muğam ifaçısı II Beynəlxalq uşaq muğam festivalının finalında çıxış edib. Gənclər və İdman Nazirliyinin (GİN) və "Kainat" gənclik mərkəzinin təşkilati dəstəyi ilə keçirilən müsabiqənin yekun konserti oktyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində baş tutub. 

Artıq on altı ildir ki, keçirilən müsabiqədə yaşı 16-ya kimi olan istedadlı gənc ifaçılar iştirak ediblər. Qran-pri "Şahnaz" muğamının virtuoz ifasına görə, 15 yaşlı Bakı məktəblisi Səma Sultanovaya verilib. I yeri 13 yaşlı türkiyəli Dilşad Gücüm əldə edib, II yeri hindistanlı Sumitra Rinqa Çiriar və azərbaycanlı Təbriz Həsənzadə bölüşdü-rüblər. Münsiflər heyəti III yeri Özbəkistandan olan məktəblilər Nadir Ruziyevə və Davlat Saidova, həmçinin, türkmən ifaçısı Dovran Annamamedova verib. Münsiflər heyətinin qərarı ilə müsabiqənin finalında qalib gəlmiş gənc istedadlara fəxri tərifnamələr və qiymətli hədiyyələr də təqdim olunub. Münsiflər heyətinin tərkibi də çoxmillətli idi, oraya festivalın bütün iştirakçı ölkələrinin təmsilçiləri daxil olublar. 

Yeri gəlmişkən, iştirakçıların Gənc Tamaşaçılar Teatrının səhnəsində keçirilmiş yekun konsertində yalnız nömrələr və kompozisiyanın adı səsləndirilib. Münsiflər heyəti müğənninin adını və onun təmsil etdiyi ölkəni yalnız səsvermədən sonra bilib. Beləliklə, təşkilatçılar müsabiqənin obyektiv və ədalətli  keçməsinin qeydinə qalıblar. 

Münsiflər heyətinin sədri Ağasəlim Abdullayevin sözlərinə görə, bu uşaqlar arasında seçim etmək çox çətin olub. Çünki onların hamısı inanılmaz dərəcədə istedalıdırlar, ona görə də münsiflər heyəti doğru seçim etməyə çalışıb. Qeyd edək ki, xarici qonaqlar muğamları öz tərzlərində ifa ediblər. Axı muğam heç də ənənəvi musiqi deyil. Bu, hər şeydən öncə milli və beynəlmiləl düşüncə tərzidir. Muğam sənətini bilən insana musiqi incəsənətinin bütün qapıları açıqdır. 

On altı yaşına qədər olan uşaqlar arasında ilk beynəlxalq muğam festivalı keçən il Bakı islam mədəniyyəti paytaxtı elan edilən zaman da keçirilmişdi. Onda bu müsabiqəyə beynəlxalq status yalnız Özbəkistandan olan gənc ifaçıların iştirakı ilə şamil edilirdi. Bu il müsabiqəyə Özbəkistanla yanaşı, Türkmənistan, Türkiyə və Hindistandan gəlmiş istedadların qatılması ilə layihənin coğrafiyası yetərincə genişləndi. 

Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva muğam sənətinin təbliği və qorunması sahəsində şəksiz xidmətlərə malikdir. Məhz onun təşəbbüsü ilə Bakıda Benəlxalq Muğam Mərkəzinin bünövrəsi qoyulub. O, iki il qabaq tikilib, mərkəzdə artıq beynəlxalq muğam müsabiqəsi və elmi simpozium keçirilib. Bu da muğamın təbliği və daha yeni beynəlxalq üfüqlərə çıxmasının möhkəm bünövrəsini qoyub. 

Öz çıxışlarının birində Mehriban xanım qeyd edib ki, "məhz muğam bizim övladlarımızda köklərə bağlılıq, milli qürur, emosional zənginlik, qayğıya və qayğıkeşliyə maraq, muğamın detallarında olan kimi dolğunluq hissi tərbiyə edə bilər". Birinci xanımın sözlərinə görə, "muğam hansısa genetik koddur". Muğama köklənərək, əvvəlcə yaşadığınız kimi yaşamağa davam etmək mümkün deyil: insan onun bir çox nəsillərin təcrübəsi üzərində qurulmuş fəlsəfi konsepsiyasını ya qəbul edir, ya da heç etmir. Muğam bizim ruhumuzu astral dünyanın yüksək qatlarına çıxarır, sonra bizləri təmizləyərək, işıqlandıraraq və yüksəldərək yenidən fani dünyaya qaytarır. 

Sənətşünaslıq doktoru, Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun şöbə müdiri, professor Rafiq İmraninin fikrincə, muğamın musiqi dili beynəlmiləldir və o, bütün bəşəriyyət üçün anlaşıqlıdır. Min illərdir ki, müxtəlif xalqların məişətində və şüurunda yer tutmuş muğam incəsənəti  Yer kürəsinin milyarddan artıq insanı üçün ümumi mədəniyyət sərvətidir. Bu baxımdan, bu yüksək incəsənətin insanlıq üçün önəmi böyükdür. 

Muğam incəsənəti insanın estetik inkişafına və psixologiyasına böyük təsir göstərir. O, bəzən əyləncəli, bəzən də ciddi olur, insanı materiya və varlığın mənası bar?də düşünməyə vadar edir. Muğamın ahəngdar dili bizim əcdadlarımızın yüzillərlə cilalanmış və müəyyən lad ilə sıx bağlı olan qədim musiqi dilidir. Bu lad, hər şeydən öncə, muğam dinləyicisinin olduğu məkanda düşüncə və əhval  ladıdır. Muğam, hətta bu musiqi barədə heç nə bilməyən hazırlıqsız dinləyici ilə belə ilk görüşdə onu qəlbinin dərinliklərinə qədər nüfuz edir.     

Yeri gəlmişkən, "muğam" sözü "muq-maq" (alov) sözündən yaranıb və kahin-maq anlamını verir. Tarixdən bəllidir ki, maqlar tanrı Ahura-Mazdaya həsr edilmiş mahnıların mahir ifaçıları idilər. İslam dininin yaranmasından sonra bu rolu sufilər oynamağa başladılar. Muğam incəsənətinin orta yüzilliklərdə inkişafında sufilərin böyük rolu olub. "Muğam" (makam) sözü ərəb dilindən tərcümədə an, yer mənasını verir, həmçinin, ekstaz halında olan insana Tanrının böyüklüyünü dərk etməyə imkan verən ruhi təkmillik pilləsidir. 

Sufilər və muğam ifaçıları arsında ümumi qəbul edilmiş "hal" termini mövcuddur. "Hal"a daxil olan muğam ifaçıları ilahi musiqi obrazları yaradırlar ki, onun təsiri altında insan istər-istəməz ruhən təmizlənir və təkmilləşir. Sufilər isə bu halda əsrarəngiz musiqi səsləri və ritm altında ekstaz anları yaşayırlar, onların ruhu dünya faniliyindən təmizlənir və göylərin vergisini qəbul etməyə hazır olur. 

Başqa incəsənət janrlarından fərqli olaraq on iki klassik muğam dəstgahı, sayı 460-a çatan şöbə və guşələr insan duyğularının tam çalarlarını əks etdirir. Muğamlar öz təsirinin gücünə görə insanın, musiqinin və kainatın  sintezinə bərabər tutulur. 



MƏSLƏHƏT GÖR:

464