24 Noyabr 2024

Bazar, 16:28

ÖZÜNƏNƏZARƏT VACİBDİR

Ümumdünya səhiyyə təşkilatı qadın sağlamlığına diqqət yetirməyə çağırır

Müəllif:

15.10.2010

Oktyabrın əvvəlindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ənənəvi və hər il keçirilən "Beynəlxalq döş xərçəngi ilə mübarizə aylığı"na başlayıb.  ÜST tərəfindən keçirilən tədbirin məqsədi qadınları öz sağlamlıqlarına nəzarət etməyə, vaxtında həkimə getməyə, müayinədən keçməyə və mütəmadi olaraq mamoqrafiya etdirməyə yönəltməkdir. Bu, onkoloq-həkimlərə döş xərçəngini tam sağaltmağın mümkün olduğu ilkin mərhələdə aşkar etməyə imkan verər. Qadınlara isə bu, həyatlarını qorumaqda yardımçı olar. Bəllidir ki, hər il onlardan 10 milyonu döş xərçənginə tutulur. 

ÜST ekspertlərinin məlumatına görə, 2010-cu ildə bu göstərici 15 milyona qədər artacaq. İldə 6 milyondan çox qadın döş xərçəngindən ölür. Azərbaycanda qadınların ölümünə səbəb olan xəstəliklər sırasında döş xərçəngi mədə xərçəngi və  bağırsaq xərçəngindən sonra üçüncü yeri tutur. Ölkədə 8 000-dən çox onkoloji xəstə qeydə alınıb və bunlardan 1 300 qadına döş xərçəngi diaqnozu qoyulub. 

İldən-ilə bu xəstəlikdən ölüm göstəricisi artır. Məhz buna görə ÜST-nin təşəbbüsü dünyanın bütün dövlətlərində dəstək görür. Məsələn, İsraildə artıq üç ildir, yaşadığı yerlərdə bu və ya başqa səbəb üzündən mamoqrafiya müayinəsindən keçə bilməyən qadınların istifadə edə bildiyi yerlərdə səyyar rentgen avadanlığı quraşdırırlar. ABŞ-da döş xərçənginin profilaktikası mərkəzləri fəaliyyət göstərir və istənilən amerikalı qadın oraya gələrək həkimlə söhbət edə, xəstəliyə tutulma riskini öyrənə, mamoqrafiyadan keçə bilər. Böyük Britaniyada döş xərçənginə qarşı mübarizəyə həsr edilmiş sağlamlıq günləri keçirilir, həmin günlərdə qadınlar profilaktika və xəstəliyin müalicəsi barədə təcrübə mübadiləsi apara və müalicə üsulları üzrə məlumat ala bilər. 

Rusiyada döş xərçənginin ilkin diaqnostikası və profilaktikası üzrə sosial proqram fəaliyyət göstərir, proqram çərçivəsində həkimlər üçün ixtisaslaşmış konfranslar, regionların baş mütəxəssislərinin iştirakı il əhali üçün "qaynar xətlər" təşkil edilir. KİV vasitəsilə qadınlar xəstəlik barədə dolğun məlumat alırlar. Tibb müəssisələrində qadınları özünümüayinə üsulları ilə tanış edən, mütəmadi həkim nəzarətindən və vaxtında mamoqrafiya müayinəsindən keçməyə çağıran plakatlar və vərəqlər yayılır. 

Kompleks yanaşma çərçivəsində xəstəliyin ilkin diaqnostikası ilə birgə qadınlar Qərbi Avropa səviyyəsinə uyğun gələn keyfiyyətli dərman terapiyası alırlar, həmçinin xəstələrin reabiltasiyası üzrə tədbirlər də keçirilir. ÜST-nin döş xərçənginin profilaktikası üzrə təşəbbüsünü dünyanın çox ölkələri dəstəkləyir. Milli özəlliklərdən asılı olmayaraq hər bir qadına çatdırılası bir əsas ideya var: "Döş xərçəngi hökm deyil, sadəcə, diaqnozdur". 

 

Yaxşı xatırlamaq 

Statistika belədir: döş xərçəngi qadınların bədxassəli şişləri arasında birinci yerə çıxıb. Hər il onların milyonunda döş xərçəngi aşkarlanır. Onların yarısı dünyasını dəyişir. Bu xəstəliyə tutulma son 20 il ərzində 40% artıb və artıma doğru təhlükəli meyil davam edir. Özü də onun gəncləşməsi daha təhlükəlidir. Bütün dünya üzrə yaşı 30-a qədər olan 100 000 qadın arasında 28,5 min döş xərçənginə tutulma halına rast gəlinir. 

Döş xərçəngi necə yaranır? Normal orqanizm hüceyrələri yalnız lazım olanda artır. Amma bir sıra hallarda onlar nəzarətsiz parçalanmağa başlayır, nəticədə, şiş adlandırılan toxuma kütləsi yaranır. Əgər yenidən yaranmış hüceyrələr normal olursa, bu cür şiş xosxassəli sayılır, əgər hüceyrələr sağlam hüceyrələrin xüsusiyyətlərini itirirsə, onda şiş bədxassəli sayılır. 

Hər bir bədxassəli şiş və ya xərçəngin öz mənşəyi var, belə ki, döş xərçəngi məhz döş vəzinin hüceyrələrindən yaranır. Başqa şişlər kimi döş xərçəngi də ətraf toxumalara doğru böyüyür. Bundan başqa, şiş hüceyrələri qan və limfa vasitəsilə başqa orqanlara və toxumalara da düşə bilir, orada yeni şişlər və metastaz baş verir, bu prosesin özü şişin metastazlaşması adlanır. 

Azərbaycan Tibb Universitetinin onkoloji klinikasının baş həkimi, tibb elmləri doktoru Nəsimi Qasımov "Region plus"a bildirib ki,  araşdırmalar göstərir ki, kənd qadınları bu patologiyaya az tutulurlar. Uyğun olaraq, xəstəliyin artmasına şəhər həyatının şərtləri, urbanizasiya səbəb olur. Bununla yanaşı, həyatıboyu qadınların döş xərçənginin inkişafına təsir edən hormonal status dəyişir. Məsələn, gənc yaşlarında bu xəstəlik qanda estrogenlərin yüksək səviyyəsi nəticəsində yarana bilər. Xəstəliyin bu cür gedişini uyğun hormonal preparatlarla müalicə etmək mümkündür. Risk qrupuna yaşı 45-dən 60-a qədər olan qadınlar daxildir ki, bu da yumurtalıqların fəaliyyətinin funksiyasının sönməsi ilə əlaqələndirilir. Başqa risk amilləri sırasında piylənmə, qeyri-requlyar cinsi həyat, abortlar, menstruasiyanın erkən başlanması və s. ola bilər.

 

İlkin mərhələdə 

Azərbaycanda döş xərçənginin erkən - birinci və ikinci mərhələlərdə diaqnostikası 10%-dən 40%-ə qədər dəyişir. ABŞ-da bu göstərici 80%-ə çatır. Xəstəliyin sonrakı mərhələlərində aşkarlanması cərrahi müdaxiləni məcburi edir. Həkimlərin fikrincə, xəstələnmə üzrə göstəricinin belə yüksək olması qadınların mütəxəssislərə həddindən gec müraciət etməsi ilə bağlıdır. Azərbaycanda bütün xəstəliklərə qarşı bü cür mental yanaşma mövcuddur, özü də döş xərçənginə tutulmanın erkən mərhələlərdə aşkar edilməsi üzrə göstəricinin aşağı olması bütün postsovet məkanında müşahidə edilir. 

"Bu durumdan çıxış yolunu bütün ölkə üzrə keçirilməli olan genişmiqyaslı maarifləndirici aksiyalarda görürəm. Yaşı artıq 40-ı keçmiş qadınlar, heç olmasa, ildə bir dəfə yoxlamadan keçmək barədə düşünməlidirlər". Bu həmin xəstəliyin ölüm göstəricisini aşağı salmağa imkan verər. 

Döş xərçənginin ilkin mərhələsi 0,5 sm-dən kiçik olan  düyün formalaşmasının olması  ilə aşkarlanır, bunu adi gözlə görmək mümkün deyil. Buna görə də həmin mərhələdə instrumental  diaqnostika yaşı 35-ə qədər olan qadınların döş vəzinin ultrasəs  diaqnostikası, 35-dən sonra isə hər il keçirilən profilaktiki mamoqrafiya baxımından çox önəmlidir. Buna görə də ABŞ, İngiltərə, Fransa, Skandinaviya ölkələri kimi inkişaf etmiş dövlətlərdə artıq çoxdan xüsusi skrininq proqramları mövcuddur və bu, gözlə görünməyən törəmələri aşkar etməyə imkan verir. 

Gerçəklikdə isə döş vəzində noxud dənəsinə bənzər törəməni qadının özü tapır və həkimə müraciət edir. Adətən, bu, yaşayış yeri üzrə onkoloq olmalıdır. Əgər onkoloq yoxdursa, buna cərrah və ya ginekoloq baxmalıdır. Bu mütəxəssislər ilkin baxışdan sonra qadını döş vəzlərinin patologiyası üzrə milli mərkəzə yollayır. 

Sonrakı mərhələlərdə şişin böyüməsi ilə bağlı  döşlərin dartılması, formasının dəyişməsi, dərinin dartılması və lokal qalınlaşması, əzələaltı limfa düyünlərinin, daha pis hallarda isə körpücük sümüyünün üstündə olan limfa düyünlərinin böyüməsi kimi əlamətlər peyda ola bilər ki, bu da prosesin irəli  getməsindən xəbər verir. Bu zaman, bir qayda olaraq, qadının gələcək həyatı barədə proqnoz elə də xoş olmur və sümüklərdə metastaz ehtimalı mümkündür. 

Xərçəngin son mərhələsi bütün vəzin böyüməsi ilə səciyyələnir ki, bu da əzələaltı limfa düyünlərnin metastatik yoluxması ilə bağlıdır. Şişin böyüdüyü yerlərdə dərinin yara tökməsi, ağ ciyərlərin zədələnməsi müşahidə edilə bilər. Bu halda həyat üçün proqnoz həddindən əlverişsizdir. Buna görə də hər ay bir dəfə özünü müayinə etmək, ən azı, ildə bir dəfə həkimə müraciət etmək çox önəmlidir.  Hər il Milli Onkoloji Mərkəzdə 20 mindən 30 minə qədər insan müayinədən  keçirilir. Bölgələrdə mütəmadi tibbi yoxlamalar aparılır. 

Bununla yanaşı, özündə hansısa bərkimə aşkar etmiş qadınlar vaxtından əvvəl panikaya düşməməlidirlər. Bu, xoşxassəli mastopatiya və ya  adi fibroz düyünü ola bilər və öz-öüznə çəkilib gedə də bilər. Belə bərkimələrin çoxu, adətən, xərçəng olmur. Bununla yanaşı, özünümüayinə vacibdir. Döş xərçəngi yaşı 35-dən 54-ə kimi qadınların əsas ölüm səbəbidir və bütün yaşdan olan qadınlar üzrə isə ağ ciyər xərçəngindən sonra ikinci səbəbdir.  Döş xərçəngi yalnız 5-10% halda irsi meyilliyə malikdir. 


MƏSLƏHƏT GÖR:

584