24 Noyabr 2024

Bazar, 16:52

QƏZAYA HAZIRLIQ

Azərbaycan istənilən təbii fəlakətin nəticələrini aradan qaldırmağa hazırdır

Müəllif:

15.10.2010

Biz elmi-texniki inkişaf sahəsində görünməmiş yüksəkliklər əldə etmişik, kosmosa uçmuşuq və planetin ən ucqar nöqtələrində olmuşuq, biz demək olar ki, planeti dəyişmişik, amma təbii fəlakətlər qarşısında çox gücsüz qalmaqda davam edirik. Biz təbiətin qəribəlikləri qarşısında həddindən kiçikik və planeti dağıdan, bəzən də özümüzün səbəb olduğumuz məhvedici prosesləri dayandırmağa qadir  deyilik. Biz nələri edə bilərik? Biz yalnız vaxtında müdaxilə etməklə dəyən zərəri azalda bilərik və yüksək ixtisaslı həkimlərin köməyi ilə qurbanların sayını azalda bilərik; bir sözlə, zərər çəkmiş insanların həyatını qorumaq üçün mümkün olan hər şeyi etməliyik. 

Bu səbəbdən dünyada qlobal fəaliyyət əsası kimi BMT tərəfindən irəli sürülmüş beynəlxalq strategiya mövcuddur və o, insani, iqtisadi və sosial itkilərin azaldılması məqsədi ilə təbii fəlakət, onunla bağlı texnoloji və ekoloji fəlakətlərin təsirlərinə qarşı bütün cəmiyyətin dayanıqlılığını təmin edir. 

Bu strategiyanın dörd məqsədi sırasına təbii fəlakətin qarşısının alınması üçün görülən tədbirlər  barədə cəmiyyətin məlumatlanırılmasının genişləndirilməsi, dövlət qurumlarının bu məsələ ilə məşğul olmasının təmin edilməsi, sahələr və xidmətlərarası tərəfdaşlıq münasibətlərinin yaranmasına yardım edilməsi, həmçinin, təbii fəlakətlərin səbəbləri və onların təsirinin nəticələri barədə elmi biliklərin təkmilləşdirilməsi daxildir. 

Məhz buna görə, 2001-ci il dekabrın 21-də BMT Baş Assambleyası  qərara alıb ki, təbii fəlakətlərin qarşısının alınması, onların nəticələrinin yüngülləşdirilməsi və onlara hazırlığın təmin edilməsi də daxil olmaqla, təbii fəlakətlərin təhlükəsinin azaldılması üzrə qlobal mədəniyyətin formalaşdırılmasına yardım edən alətlərdən biri kimi, hər il oktyabrın ikinci çərşənbəsində "Beynəlxalq təbii fəlakətlərin təhlükəsinin azaldılması günü" qeyd edilsin. 

 

Cilovlayıblar

Keçən yaz və yay başa saldı ki, bütün dünyanın ekoloji sistemi bir-biri ilə sıx əlaqəlidir və Azərbaycan da qlobal iqlim dəyişmələrindən kənarda qala bilməz. Bir çox ölkələr kimi, bizim ölkə də  təbii fəlakətlər yaşayır və bu il Azərbaycanda baş verənlər çoxdan görünmürdü.  Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində Azərbaycanın 40 rayonunda 20 min ev su altında qaldı, 300 dən çox ev uçdu, 2 min ev qəza vəziyyətinə düşdü. Su 50 min hektar əkin və otlağı basdı. Nəqliyyat və enerji infrastrukturu su altında qaldı. Ən çox Sabirabad rayonu və Şirvan şəhəri zərər gördü. Fəlakət günlərində Kür birinci bəndin ardınca ikinci bəndi də dağıtdı, bundan sonra gün ərzində çaydan qəsəbələr istiqamətinə 25 milyon kubmetr su axdı. 

Bu, yalnız ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) deyil, həm də böyük daşqının nəticələrinin aradan qaldırılması ilə məşğul olan bütün qurumların dayanıqlığının yoxlanılması oldu. Fəlakətdən zərər görmüş rayonların bərpası üzrə işləri ölkə başçısı İlham Əliyev öz nəzarətinə götürdü. Nazirlər Kabinetinin iclaslarının birində prezident dövlət qurumlarının - xilasetmə qurumlarının, səhiyyə və təhsil orqanlarının, suya nəzarət qurumlarının, tikinti şirkətlərinin bu istiqamətdə lazımi fəaliyyətini xüsusi qeyd edib. 

Ancaq bu fəaliyyətin ən önəmli elementi çox sayda insan qurbanlarının olmamasıdır. İnsanlar suyun altında qala biləcək bölgələrdən vaxtında xəbərdar edilərək çıxarıldılar.  Eyni zamanda, onlar müvəqqəti yaşayış yeri, ərzaq və səhiyyə xidməti ilə təmin edildilər.  Və onda prezident  qeyd etdi ki, Azərbaycan dəfələrlə kömək təklif edən başqa ölkələrin yardımı olmadan da vəziyyətdən minimum itkilərlə çıxıb. 

Ölkəyə böyük iqtisadi zərərlər vurulduğuna görə, hökumət ziyan çəkmiş rayonlarda vəziyyətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görüb. İnsanların yeni tikilmiş evlərlə, pul kompensasiyası ilə təmin edilməsi üzrə plan tutulub. Və bütün bu işləri dövlət öz boynuna götürüb. Hazırda təbii fəlakət zonalarında mənzillərin bərpası üzrə fəal işlər görülür. 

Qış başlayana qədər onlar başa çatdırılmalıdır. Və prezidentin qeyd etdiyi kimi, evlər yalnız keyfiyyətli tikinti materiallarından tikilir ki, gələcəkdə ölkəmiz yararsız inşaat üzündən evlərin uçması problemi ilə üz-üzə qalmasın. Eyni zamanda, hökumət texniki məsələləri - bəndlərin möhkəmlənməsi üzrə işləri və zərərçəkmiş yaşayış məntəqələrinin infrastruktur təminatını həll edir.

 

 Təhlükələrə hazırlıq 

Azərbaycan təbii fəlakətlərə və təbii-texnogen xarakterli başqa təhlükələrə nə dərəcədə hazırdır? Doğrusu, burada qeyd etmək lazımdır ki, heç bir ölkə təkbaşına irimiqyaslı təbii fəlakətin öhdəsindən gələ bilməz. Dövlətlər bu cür hadisələr zamanı bir-birlərinə yardım  edir ki, bu da BMT strategiyasının bir hissəsidir. 

Hazırda FHN-də istənilən xarakterli təbii fəlakətlərin qarşısının alınmasına yönəlmiş monitorinq sistemi fəaliyyət göstərir. Əhaliyə və ölkə iqtisadiyyatına dəyən zərərin həcminin azalması üzrə sxemlər işlənib. Amma bu işin əsas hissəsi əhalinin  mümkün təbii fəlakətlər barədə xəbərdar edilməsi sistemidir. FHN bu işi Ekologiya Nazirliyi Milli Hidrometeoroloji  Mərkəzi ilə əməkdaşlıqda gerçəkləşdirir. 

Sirr deyil ki, bizim ölkə planetin ən çox təbii fəlakətlərin təsiri altına düşən regionlarındandır. 825 kilometrlik sahil xətti boyunca yerləşmiş yaşayış məntəqələri Xəzər dənizinin qalxması riski altındadır. 400-dən çox kənd sel təhlükəsi ilə üz-üzədir, 150 yaxın kənd sürüşmə zonasındadır, həmçinin, qar və torpaq uçqunları sahəsindədir.  Həyati vacib obyektlərə və əhalinin normal fəaliyyətinin təmin edilməsinə gəldikdə isə, ölkə ərazisinin  86,6 min kvadrat-kilometrinin  800-900 kv.km.-i sürüşmə təhlükəsi altındadır, əhalinin yarıdan çoxu daim seysmik təhlükə mövcud olan  ərazilərdə yaşayır. Neft-kimya obyektləri, sənaye müəssisələri, neft-qaz kəmərləri də təhlükə mənbələridir. 

FHN mətbuat xidmətindən qeyd edirlər ki, təbii fəlakətlərin qarşısının alınması və dəymiş zərərin aradan qaldırılması üçün qurumun bütün strukturlarının dəqiq və əlaqəli fəaliyyəti, onların təşkilati hazırlıq səviyyəsi çox önəmlidir. FHN daim maddi-texniki bazanın möhkəmlənməsi və yeniləşməsi, yeni strukturların yaradılması istiqamətində işləyir. Prezidentin sərəncamı ilə Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Nazirliyin Fövqəladə Hallar üzrə Akademiyası və Dövlət Taxıl Fondu yaradılıb. 

 

Sürətli reaksiya 

Bununla yanaşı, Azərbaycanda böhranların idarəedilməsi üzrə sistem yaradılıb və oraya vahid "112" çağırışlı zənglər mərkəzi də daxildir, istənilən mobil rabitə abunəçisi Azərbaycanın istənilən nöqtəsindən sutkanın 24 saatı ərzində oraya  zəng edə bilər. Sistemə həmçinin bütün sutka ərzində "112" mərkəzindən, operativ növbətçi hüquq-mühafizə orqanlarından və başqa dövlət qurumlarından məlumatın daxil olduğu əməliyyat mərkəzi də daxildir. 

Fövqəladə halın aradın qaldırılması üçün orada dərhal qərar qəbul edilir, zərərçəkmiş rayona və ya fəlakət zonasına göndərilən qüvvələr və vəsait nəzərdən keçirilir. Qeyd edək ki, "112" mərkəzi Azərbaycanın bütün guşələrinin elektron xəritəsinə malikdir və bu, çağdaş texnologiyanın son nailiyyətidir. "112" mərkəzinin FHN-nin regional mərkəzləri və başqa qurumlarla videokonfrans keçirmək imkanı var. Bu videorabitə hadisə yerindən peyk rabitəsi ilə təchiz edilmiş xüsusitəyinatlı iki avtomobil vasitəsilə təmin edilir. 

Operativ durum üzərində nəzarəti təmin etmək, həmçinin, hadisə yerindən videotəsvirləri izləmək üçün Bakının müxtəlif rayonlarında xüsusi kameralar quraşdırılıb. Buna əlavə olaraq böhran durumlarının idarəetmə mərkəzində irimiqyaslı fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə müvafiq nazirlik və qurumların təmsilçilərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi məqsədi ilə böhranın idarəedilməsi zalı yaradılıb. 

Azərbaycanın FHN-i fövqəladə halların idarəedilməsində böyük təcrübəyə malik ölkələrin eyniadlı qurumları ilə sıx əməkdaşlıq qurub. ABŞ, Rusiya, Belarus, Koreya, Ukrayna, Fransa, Bolqarıstan, Rumıniya, Türkiyə, Böyük Britaniya, İsrail və başqa ölkələrin analoji xidmətləri ilə yaxın əlaqələr təmin edilib. Bununla yanaşı, Azərbaycanın FHN-i BMT, NATO, ATƏT və  MDB ilə, kimyəvi silahların qadağan edilməsi üzrə beynəlxalq təşkilatla, Beynəlxalq Atom Enerjisi Agentliyi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, başqa beynəlxalq və regional qurumlarla əməkdaşlığı inkişaf etdirir. Bəllidir ki, təbii fəlakətlərin təsirlərinin minimallaşdırılmasının ən yaxşı üsulu təhlükəli təbii hadisələr barədə müfəssəl məlumata malik olmaqdır. Beləliklə, vurulacaq zərərin qarşısının alınması və ya ən azından, minimuma endirilməsi üzrə tədbirlərin görülməsi üçün vaxt ehtiyatı əldə edilir. 

Bu cür öncədən xəbər vermək sisteminin yaradılması məsələsində bizim ölkəyə Almaniya texniki əməkdaşlıq cəmiyyəti - GTZ yardım edir, bu qurum FHN-lə yerli əhalinin fəal cəlb edilməsi ilə təbii fəlakətlərin erkən xəbər verilməsi və qarşısının alınması sisteminin yaradılmasına yönəlmiş bir sıra layihələrin gerçəkləşməsi barədə anlaşma memorandumu bağlayıb. Təbii fəlakətlər barədə erkən məlumatlandırma sisteminin yaradılması üzrə pilot layihənin yerinə yetirilməsi üçün ən optimal yerlər Böyük Qafqazın cənub ətəklərində yerləşən Balakən, Şəki və Qəbələ rayonlarıdır.

Fövqəladə halların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına sürətli reaksiya üzrə ən vacib elementlərdən biri səhiyyə orqanlarının dəqiq və əlaqəli işləməsidir. Hazırda bütün ölkə üzrə yeni səhiyyə obyektləri tikilir. Son bir neçə ildə qabaqcıl tibbi avadanlıqla təchiz edilmiş 43 yeni xəstəxana və müalicə-diaqnostika mərkəzi, 46 ambulator poliklinikası, əlillərin 4 bərpa mərkəzi, 12 diaqnostika və sağlamlıq mərkəzi yaradılıb. Həmçinin, 2013-cü ilə kimi daha 30 tibb müəssisəsinin və 5 poliklinikanın tikintisi planlaşdırılır. 


MƏSLƏHƏT GÖR:

533