14 Mart 2025

Cümə, 21:49

KÖHNƏ ƏNƏNƏLƏR və YENİ MEYİLLƏR

2011-ci il üzrə Azərbaycanın əsas iqtisadi sənədi nələri vəd edir?

Müəllif:

15.10.2010

Necə deyərlər, yaxşı şeyə adam tez alışar. Azərbaycanda da son illərdə illik iqtisadi artım artıq vərdişə çevrilib. Buna görə də hər dəfə hökumət tərəfindən parlamentə gələn  dövlət büdcəsi layihəsi təqdim ediləndə hamı gəlir və xərc hissələri üzrə yenilənmiş və yaxşılaşmış göstəricilər, uyğun olaraq əhalinin rifahının yüksəldilməsi və dövlətçiliyin bünövrəsinin möhkəmləndirilməsi üçün yeni addımlar gözləyirlər. 

Bununla yanaşı, dünyada müşahidə edilən qloballaşma bizə bütün hissələri bir-biri ilə sıx bağlı olan vahid dünya iqtisadi sisteminin mövcudluğunu xatırlatdı. Böhran bu sistemin necə işləməsini aydın göstərdi: İslandiyada bank iflasa uğrayanda İngiltərədə polislər pensiyasız qalır. Buna görə də biz bugünümüzə qəti əmin olduğumuz halda, "xoşbəxt gələcəyə" artıq bir qədər ehtiyatla yanaşırıq. 

Bütün mənfi sonuclardan yaxa qurtarmaq üçünsə, Azərbaycan hökuməti hələ 2010-cu ilin Dövlət Büdcəsinin parametrlərini proqnozlaşdıran zaman sosial büdcə modelinə keçdi, gəlir və xərclər üzrə büdcə proqnozlarını daha ciddi və ehtiyatla formalaşdırdı. Bu, müəyyən mənada  Azərbaycan Konstitusiyasına ölkənin "sosial bazar iqtisadiyyatı"na keçməsi ilə bağlı edilmiş düzəlişə də uyğun gəlir. 

Hətta qlobal böhranla bağlı Azərbaycan hökumətinin artıq ikinci ildir ki, büdcə proqnozlarının formalaşmasında ehtiyatlı siyasət yürütməsinə baxmayaraq, ölkənin Dövlət Büdcəsi Ermənistanın və Gürcüstanın dövlət büdcələrini dəfələrlə üstələyir. Belə ki, proqnozlara görə, Azərbaycan büdcəsinin gəlirləri üzrə proqnoz ($15 mlrd.-dan çox) Gürcüstan büdcəsindən 4 dəfə və Ermənistan büdcəsindən 6 dəfə çoxdur. Azərbaycanın Dövlət Büdcəsinin xərc proqnozları isə Gürcüstanın büdcə xərclərini  4,2 dəfə, Ermənistanın büdcə xərclərini isə 5,7 dəfə üstələyir. Başqa sözlə, Azərbaycan gələn il də regionun iqtisadi liderliyini əlində tutacaq. 

2005-ci ildən başlayaraq, ölkənin Dövlət Büdcəsi gəlirlərinin artım tempi ildə 50-55%-ə çatıb. Uyğun olaraq, Dövlət Büdcəsinin xərcləri də artıb və bəzən bu artım ildə 75-77%-ə çatıb. Dövlət Büdcəsi gəlirlərinin və xərclərinin bu cür artım templəri dövlətlərin çoxu üçün fantastika kimi görünə bilər. Həmin illər ərzində Azərbaycanda illik iqtisadi artım 25-35% təşkil edib. Göründüyü kimi, Dövlət Büdcəsinin gəlirləri və xərcləri bəzən iqtisadi artımı 2 dəfəyə qədər "ötüb-keçib". Ancaq qlobal böhranla əlaqədar olaraq artıq 2010-cu ilin Dövlət Büdcəsində  bu cür meyillərə rast gəlinmir. Beləliklə, Azərbaycan hökuməti bu il üçün 6,8% səviyyəsində ümumi daxili məhsul (ÜDM) artımı proqnozlaşdırır, halbuki keçən il ÜDM artım 9,3% olub, 2011-ci ilin Dövlət Büdcəsinə isə ÜDM artımı 3,8% səviyyəsində daxil edilib. 

Bəllidir ki, büdcənin ÜDM-ə nisbəti iqtisadi inkişafda aparıcı rol oynayır. Liberal iqtisadi modelə üstünlük verən ölkələrdə, adətən, dövlət büdcəsi ÜDM-in 28-33%-ni təşkil edir. Ancaq sosialmodelli ölkələrdə bu göstərici 50%-ə qədər çatır. Orta mövqeyə üstünlük verən ölkələrdə isə bu nisbət 35-45% arasında dəyişir. Hazırda Azərbaycan ölkə ÜDM-nin, demək olar ki, 35%-ə bərabər olacaq büdcə zərfi istiqamətində addımlar atır. 2011-ci ildə Dövlət Büdcəsi vasitəsilə ÜDM-nin 30%-nə bərabər vəsait paylanacaq, halbuki, 2005-ci ildə bu göstərici 15% təşkil edirdi.

Bildirmək gərəkdir ki, 2011-ci ilin büdcə zərfi bu ilin əsas maliyyə sənədindən bir neçə çox önəmli parametri ilə fərqlənir. 2011-ci ilin Dövlət Büdcəsinin gəlirləri əsasında Dövlət Neft Fondundan (ARDNF) 6,48 mlrd manatlıq transfert təşkil ediləcək, 9,5%-lik artım göstəricisinə malik bu bənd ümumi gəlirlərin 53,7% -ni təşkil edir. Halbuki, əvvəllər büdcənin yerinə yetirilməsində əsas yük ölkənin vergi qurumlarının boynuna düşürdü. Büdcənin ümumi gəlirlərində vergi daxilolmalarının xüsusi çəkisi 2010-cu ildəki 39% göstəricisindən gələn il 34%-ə endiriləcək. Bununla yanaşı, 2011-ci ildə iqtisadiyyatın neftdənkənar bölmələrindən alınacaq vergi daxilolmalarının 240 mln manat artacağı nəzərdə tutulur ki, bu da 2010-cu ilin proqnoz göstəricisinə baxanda 9,6%  çoxdur. Bu zaman neftdənkənar ÜDM artımı 7,2% səviyyəsində gözlənilir.

Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxslərinin Qediyyatı və İqtisadi Təhlil Baş İdarəsinin rəhbəri vəzifəsini icra edən Rauf Namazovun fikrincə, bu amillər Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən  asılılığının azalmasını göstərir və özəl bölmənin, xüsusilə də neftdənkənar sektorun dinamik inkişafının göstəricisi kimi qəbul edilə bilər. O hesab edir ki, 2011-ci il büdcəsinin layihəsində bir sıra vergi növləri üzrə, o cümlədən mənfəət vergisi üzrə daxilolmanın azalması heç də iş fəallığının azalması ilə deyil, bir sıra kommunal borcların dövlət tərəfindən silinməsi ilə bağlıdır. 

Məsələn, Nazirlər Kabinetinin qərarı ilə 9 avqust 2010-cı il  tarixdə "Azərenerji" ASC-nin ARDNŞ-ə olan milyard yarımlıq borcu silinib. Bu qərar, həmçinin, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) verilən aviayanacağa görə ARDNŞ-ə olan 99 mln manat borcunun da silinməsini nəzərdə tuturdu. Ancaq ən iri inzibati borc "Azərenerji" ASC-nin aldığı qaz, mazut və başqa yanacaq qarşılığında ARDNŞ-ə və onun qurumlarına olan  1,555 mlrd manatdan çox borc idi. 

"Azərenerji" ASC-nin silinmiş debitor borcları Qəbələ RLS, "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" ASC-lər kimi iri istehlakıçılara verilən enerjinin borclarının yığılması hesabına, həmçinin, bu şəbəkələrin "Barmek Azerbaijan" MMC tərəfindən idarə edilməsi zamanından qalmış borclar hesabına yaranıb. "Azərenerji"nin bağışlanmış borcluları sırasında yüksək enerji istehlaklı  "Azərsu", "Meliorasiya və su təsərrüfatı", "Azəristiliktəchizat" ASC-lər, Naxçıvan MR-in Dövlət Elektrik ?əbəkəsi  və "Azəralüminium" ASC də var. Nisbətən aşağı səviyyəli borclar isə Səhiyyə, Müdafiə,  Təhsil, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə bağışlanıb.    

Gələn il büdcəsinin layihəsi  əsasında büdcə proqnozlarının müəyyən edildiyi neft qiymətinin 2010-cu il səviyyəsində  - barelə  görə 60 dollar götürülməsinə baxmayaraq, Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) xətti ilə dövlət büdcəsinə daxilolmaların azalacağını gözləyir. Bu, 2013-cü ilə qədər "Chirag oil project" layihəsinə ediləcək yatırımlarla bağlıdır ki, bu da layihə iştirakçısı olan neft şirkətlərinin xərclərinin artmasına, uyğun olaraq onların gəlirlərinin azalmasına gətirib çıxaracaq. "Chirag oil project" $6 mlrd həcmində sərmayə tələb edir. "Azəri-Çıraq-Günəşli" yataqlarının hasilatının artırılması çərçivəsində tikiləcək yeni platformadan "Azeri Light" növlü neftin sutkalıq hasilatının 183 min barel olacağı proqnozlaşdırılır. 

Əlavə etmək vacibdir ki, 2011-ci il üçün büdcə proqnozlarının hazırlanması zamanı əvvəlki illərdə olduğu kimi, bu il də dövlətin inkişaf və prioritet yönümlər strategiyasına uyğun olaraq, əsas diqqət büdcənin sosial və sərmayə istiqamətlərinə yönəldilib.  Sosialyönümlü xərclər 2011-ci il büdcəsi xərclərinin əsasını təşkil edir (bu göstərici 2010-cu ilə baxanda 31,7%-dən 33,3%-ə qalxıb).  Bu bəndlər üzrə proqnoz builki göstəriciyə nisbətən 8,8% artaraq 4234 mln manata çatıb. 

Maliyyə Nazirliyinin sosial sahələrin maliyyələşdirilməsi şöbəsinin rəisi Xaqani Rzayevin sözlərinə görə, bu artım həm də onunla bağlıdır ki, 2010-cu ildə əhalinin sosial müdafiəsi və sosial təminatının yaxşılaşdırılması məqsədi ilə büdcə təşkilatlarında çalışan işçilərin maaşlarının, pensiyaların və başqa sosial müavinətlərin baza hissəsinin qaldırılması üzrə qərarlar qəbul edilib. Bununla bağlı olaraq, gələn ilin dövlət büdcəsində üç milyon insanın sosial təminatı üçün vəsait nəzərdə tutulub. 

Hökumət gələn il də sosial müdafiənin gerçəkləşdirilməsi- minimum əmək haqqının, pensiyaların artırılması, ünvanlı yardım mexanizminin genişləndirilməsi üzrə tədbirləri davam etdirəcək.  Bu, əhalinin həyat səviyyəsini dəstəkləməyə imkan verəcək. Ünvanlı sosial yardımın təyin edilməsi zamanı istifadə olunan ehtiyac meyarının səviyyəsi 75 manata qədər artırılacaq.  Gələn ildən yaşayış minimumunun 9,2% və ya 95 manata qədər artırılması nəzərdə tutulur. 

Ancaq qeyd etmək lazımdır ki, büdcə xərclərində sosialyönmülü məsrəflərin xüsusi çəkisi getdikcə azalır, halbuki onların həcmi artmaqda davam edir. Əgər 2004-cü ildə ümumi büdcə xərclərində sosial xərclərin payı 56%-ə (856 mln. manata) bərabər olubsa, gələn il bu göstərici 33% səviyyəsində gözlənilir (dövlət büdcəsi xərclərinin 12,748 mlrd manat səviyyəsində olacağı proqnozlaşdırılır).

Bu göstərir ki, Dövlət Büdcəsinin xərcləri arasında başqa sahələrin xüsusi çəkisi də  artır. Sadə dillə deyilsə, əgər əvvəllər Dövlət Büdcəsi xərclərinin böyük hissəsini sosial təminata və sosial müdafiəyə yönəltmək lazım gəlirdisə, hazırda gəlirlər dövlətə müdafiənin maliyyələşməsinə, kapital qoyuluşlarına və başqa sahələrə  də diqqəti artırmağa imkan verir. 

Sosial istiqamətlərin ardınca ümumi büdcə xərclərindəki xüsusi payına görə  dövlət sərmayələri (3,38 mlrd manat), təhsil xərcləri (1,338 mlrd manat), müdafiə xərcləri (1,325 mlrd manat) təşkil edir. Bununla yanaşı,  2011-ci ildə neft gəlirlərinin yüksək səviyyədə xərclənməsi gözlənilir. Onlar hələ ki qaçılması mümkün olmayan fəal infrastruktur yatırımları ilə bağlıdır, çünki köhnə və geridə qalmış infrastruktur əsasında inkişafa nail olmaq mümkün deyil. 

Əvvəlki illərdə olduğu kimi, aqrar bölmənin dəstəklənməsi üçün müxtəlif mənbələr - Sahibkarlığa Kömək Milli Fondu, "Aqrolizinq" ASC, Kənd Təsərrüfatının Kreditləşdirilməsi Agentliyi cəlb ediləcək. Bu zaman əsas yardımın ərzaq təhlükəsizliyinin təmini üzrə dövlət proqramı çərçivəsində edilməsi nəzərdə tutulur. Bu məqsədlə gələn il fermerlərin yanacaq, mineral gübrələr və s. alınmasının subsidiyalaşdırılması  üçün Dövlət Büdcəsindən 111 mln manat ayrılması da  planlaşdırılır . 

Həmçinin, "Təhsil  haqqında" qanunun tətbiqinə başlanılması ilə ali məktəblərin maliyyələşdirilməsi mexanizmi də dəyişdiriləcək. Gələn ildən başlayaraq, ilk dəfə tələbələrin təhsili dövlət sifarişləri çərçivəsində birbaşa büdcə vəsaitlərindən maliyyələşdiriləcək. Bunun nəticəsində gələcəkdə rəqabətə dözməyən təhsil qurumlarının mövcudluğu sual altında qalacaq. Ali təhsil sistemində bu islahatlar ali məktəblərin özünü tam müstəqil maliyyələşdirmə sisteminə keçməsinə qədər sonrakı illər də davam etdiriləcək. 

 

Kəsr, yoxsa profisit?

2011-ci ildə Dövlət Büdcəsinin kəsiri ÜDM-nin 1,7%-i səviyyyəsində proqnozlaşdırılır, 2010-cu il üzrə  bu, 2,3% səviyyəsindədir. Amma nəzərə alaq ki, büdcənin gəlir üzrə proqnozları bir qədər ehtiyatlıdır və reallıqda elə bir durum yarana bilər ki, 2011-ci ilin yekunlarına görə, büdcə azacıq kəsrlə və ya ümumiyyətlə, profisitlə yerinə yetirilər. 

Azərbaycan hökuməti, həmçinin, kəsrin maliyyələşdirilməsi üzrə ənən?vi, amma dəqiq proqramın tərəfdarı olaraq qalır. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, 2011-ci ildə Dövlət Büdcəsi kəsrinin örtülməsi üzrə ənənəvi mənbələr - özəlləşdirmə gəlirləri, yerli və beynəlxalq bazarlarda qiymətli kağızlar buraxılması və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri nəzərdə tutulur. Bu zaman beynəlxalq bazarlarda qiymətli kağızların buraxılmasına hökumət "dərin" rezerv kimi baxır.

Beləliklə, proqnozlar göstərir ki, Azərbaycan üçün indi başlıca məsələ yalnız yaxın dövrdə artım templərinin dəstəklənməsi deyil, həm də onun keyfiyyətinin və balanslaşdırılmasının təmin edilməsidir. 


MƏSLƏHƏT GÖR:

510