25 Noyabr 2024

Bazar ertəsi, 23:49

AVROPADA HANSI "KABUS" DOLAŞIR?

Sosial-iqtisadi gərginlik Avropa birliyinin dağılmasına gətirib çıxara bilərmi?

Müəllif:

15.10.2010

Mərkəzi və  Şərqi Avropa ölkələrində böhran tədbirlərinin əleyhinə yönəlmiş kütləvi etiraz çıxışları artıq Qərbi Avropaya da keçib. Mitinqlər, nümayişlər, İspaniyada polislə toqquşma, Fransada dəmir yolu işçilərinin, Böyük Britaniyada aviasiya əməkdaşlarının kütləvi tətilləri, İtaliyada nümayişçilərin baş nazir Silvio Berluskoninin müqəvvasını yandırması, Belçikada fəhlələrin və "ağ  yaxalıqlar"ın yürüşləri, island gəncliyinin piketləri  haqqında reportajlar bir vaxt sovet mərkəzi teleiziyasının "Vremya" proqramında "kapitalizmin çürüməsi" barədə nümayiş etdirilən epizodlara çox bənzəyir. 

Birləşmiş Avropa sosial xərclərin kiçildilməsindən, pensiya yaşının yüksəldilməsindən və müxtəlif sosial müavinətlərin azaldılmasından narazıdır.  Qərb analitikləri pessimistlərə və optimistələrə bölünüblər. Pessimistlər hesab edirlər ki, Avropada hökumət böhranları, korrupsiyanın çiçəklənməsi, vahid iqtisadi məkanın parçalanması baş verə bilər. Əksinə optimistlər isə düşünürlər ki, böhran sadəcə sistemin çatışmazlıqlarını ortaya çıxarıb. Məsələn, Yunanıstanın  yalançı iqtisadi göstəriciləri, Bolqarıstanda Avropa Birliyinin maliyyə yardımının dağıdılması, Almaniyanın merkantil maraqları faş olub. Onların fikrincə, Avropanın iqtisadi islahatların optimal variantlarını tapması, durumdan daha mükəmməl və güclü çıxması üçün silkələnməsinə ehtiyac var. 

Əgər daha iri və varlı Almaniyanın vəziyyəti dözüləndirsə, Şərqi Avropada Böyük Depressiyanı xatırladan mənzərə müşahidə edilməkdədir. Vilnusun, Praqanın, Sofiyanın, Budapeştin küçələrində polislə nümayişçilər arasında əsl döyüşlər gedir. Bu ölkələrdə sonuncu dəfə polis tərəfindən gözyaşardıcı qaz sosialist hakimiyyəti illərində istifadə edilib. 

Real bazar iqtisadiyyatının yüksək həyat səviyyəsi ilə möhkəmləndirildiyi demokratik Avropaya nə olub? "İnkişaf etmiş" kapitalizm ölkələrinin iqtisadi modelinin alternativi varmı, böhran əleyhinə tədbirlər yardım edə bilərmi? Sosial iqtisadi gərginlik Avropa Birliyinin (AB) dağılmasına səbəb ola bilərmi? Dünya  inqilabı nəzəriyyəsinin banisi Almaniyada, Böyük Britaniyada və başqa ölkələrdə sinfi döyüşləri şərh edərək bildirmişdi ki,  "Avropada kommunizm kabusu dolaşır", bəs bu dəfə Köhnə Dünyada dolaşan nədir?  

Bu suallara cavab verən iqtisad elmləri  doktoru Oqtay Haqverdiyev bildirir ki, məsələ Avropa əhalisinin pis öyrədilməsi ilə bağlıdır, onlar bir növ imkanlarından yüksək səviyyədə yaşayırdılar. Haqverdiyevin sözlərinə görə, yüksək səviyyəli həyat tərzinin saxlanması çox bahalı və mürəkkəb məsələdir. AB-də maaşlar, pensiyalar, sosial müavinətlər və s. yüksək idi. 

Ümumi anlaşmaya görə, AB ölkələrinin dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun (ÜDM) 3%-ni ötməməli idi, amma gerçəkdə isə bir sıra AB ölkələrində dövlət büdcəsinin kəsiri yolverilən 3% həddini dəfələrlə ötürdü. 

Haqverdiyevin sözlərinə görə, dövlət xərcləri də həddindən yüksək idi. Onun sözlərinə görə, bu vəziyyət davam edə bilməzdi və Avropa ölkələri xərclərin, o cümlədən sosial xərclərin də azaldılmasına getməli oldular. Amma ərköyün öyrədilmiş avropalılar, hətta azacıq belə olsun son onilliklər boyunca malik olduqları həyat səviyyəsini itirmək istəmirlər. Halbuki, dövlət xərclərinin azaldılması Avropa istehlakçısının cibinə heç də kütləvi etiraz aksiyalarında iddia edilən səviyyədə zərər vurmayacaq. Haqverdiyevin fikrincə, Avropa Birliyinin bundan başqa yolu yoxdur. 

O, nümunə kimi Yunanıstanı misal çəkib. Bu ölkədə istehsal kəskin azalıb, amma işi yetərincə azalmış sürücülər böhrandan əvvəlki səviyyədə maaş tələb edirlər. Onların vecinə deyil ki, daşımaq çün yük var, yoxsa, yox. Həddindən yüksək həyat tərzinin təmin edilməsinə can atılması,  bəzən də əsassız olaraq buna cəhd edilməsi, Avropanın iqtisadi modelinin tarazlığını pozub. Başqa bir problem də ondadır ki, qlobal iqtisadi böhran hələ tam dibinə qədər enməyib. Məsələn, Almaniyanın dövlət büdcəsinin kəsiri 3% yox, 8%-dir. Almaniyada işsizlik səviyyəsi 12%-ə,  Fransada 20%-ə,  ABŞ-da isə 15%-ə çatıb. Halbuki, yolverilə bilən işsizlik səviyyəsi  5%-dir. 

"Başqa misal çəkək. Deyirlər ki, ABŞ-da 3%-lik artım müşahidə edilir. Amma təhlil edəndə görünür ki, bu 3%-in hamısı hərbi-snaye kompleksinin payına düşür, amma istehlak bazarında iqtisadi irəliləmə  yoxdur. Böhran ən azı hələ 2-3 il davam edəcək. Amma düşünürəm ki, avropalıların bu problemin həlli üçün reseptləri var və Avropada güclü gərginlik gözlənilmir", - deyə ekspert vurğulayıb.                           

İqtisad elmləri doktoru Zahid Məmədov da hesab edir ki, qərb ölkələrinin əhalisi sadəcə yüksək yaşayış səviyyəsinə alışıblar. Amma onun fikrincə, orada heç bir sosial gərginlik yoxdur. Əvvəlki kimi pulsuz uşaq bağçalarını, ictimai təhsili maliyyələşdirirlər, işsizlik üzrə müavinət verilir və s. Ancaq 60-cı illərdən başlayaraq, öz ölkələrində iş tapmayan insanlar Avropaya üz tutdular. Onlar yçün yaxşı həyat şəraiti yaradıldı. Müəyyən müddət keçdikdən sonra mühacirlərin yeni nəsli işləmək istəmədi və sosial müavinət hesabına yaşamağa alışdılar. Zahid Məmmədovun sözlərinə görə, bu gün çoxları işləməyə yox, dövlət hesabına yaşmağa  üstünlük verir. Həmçinin bir sıra Şərqi Avropa ölkələri AB çərçivəsində yardımla dolanmaq siyasəti yürüdürlər. 

Zahid Məmmədovun fikrincə, Yunanıstan, Rumıniya və Bolqarıstan kimi iqtisadiyyatca geri qalmış ölkələrin AB üzvlüyünə götürülməsi iqtisadi cəhətdən özünü doğrultmadı. Onun sözlərinə görə, bu ölkələr Lissabon meyarlarına cavab vermirlər və faktiki olaraq iqtisadiyyatın keçid dövrünü yaşayırlar. Bu ölkələrdə bazar iqtisadiyatının inkişafı üçün yetərincə şərait yoxdur. Onların AB üzvlüyünə qəbulu iqtisadi yox, siyasi məqsəd daşıyıb. Qərbi Avropa Polşa, Rumıniya, Bolqrıstan kimi ölkələrin saxlanması üçün dövlət büdcəsindən böyük pullar ayırır. Şərqi Avropa əhalisinin yetərincə yüksək olan həyat tərzi bunun hesabına təmin edilir və onlar gələcəkdə də belə yaşamaq istəyirlər. Onlar düşünürlər ki, büdcə xərclərini Avropa Birliyi ödəməlidir. 

Məmmədovun fikrincə, ən böyük yanlışlıq ondadır ki, Avropanın valyutası vahid olsa da, vahid iqtisadi siyasəti yoxdur. Hər bir ölkənin öz dövlət büdcəsi var və qərarları özü qəbul edir. Özü də solların hakimiyyətdə olduğu ölkələrin dövlət büdcəsi sağların hakimiyytdə olduğu ölkələrin dövlət büdcəsindən çox fərqlənir. Zahid Məmmədovun fikrincə, bu baxımdan Avropanın vahid fiskal siyasət qəbul etməkdən başqa yolu yoxdur. 

Üçüncü dünya ölkələrindən gəlmiş mühacirlər də çox böyük problemlər yaradır. Onların çoxu Afrika və Asiyadan gəlmiş marginallardır. Avropa Şimali Afrika və Asiya ölkələrindən gəlmələrin dəstəklənməsi hesabına böyük sosial yük daşıyır. Mədəniyyətlərin toqquşması göz qabağındadır. Alimin sözlərinə görə, mühacirlərin çoxu onilliklər boyunca sosial yardımla yaşayırlar. Zahid Məmmədov hesab edir ki, Qərb ölkələrinin sosialyönümlü iqtisadiyyata inamına elə də ciddi zərbə dəyməyib: "Sərt qənaət rejimi, resursların optimal istifadəsi, əmək haqları, vergi və s. üzərində nəzarət, müəyyən mənada qabaqlayıcı tədbirlərdir". Kütləvi etiraz aksiyalarına gəldikdə isə, bir çox Avropa ölkələrinin həmkarlar ittifaqları həmrəylik göstərirlər və bu aksiyalarda iştirak edirlər. Avropa siyasi təlatümlər üçün darıxıb.



MƏSLƏHƏT GÖR:

494