14 Mart 2025

Cümə, 21:49

TERRORÇULAR TAKTİKASINI DƏYİŞİR

London və Parisə qarşı terror aktlarını "Əl-Qaidə"nin AI vətəndaşı pasportuna malik üzvləri planlaşdırıbmış…

Müəllif:

15.10.2010

Sentyabrın sonlarında Avropanın xüsusi xidmət orqanları Fransa, Almaniya və Böyük Britaniyada törədilməsi planlaşdırılan nəhəng terror aktları seriyasının qarşısını alıb. Məlumata görə, terrorçular Paris, Frankfurt və London da daxil olmaqla, bir sıra şəhərlərdə girovlar götürülməsilə terror aktları planlaşdırıbmış. "Əməliyyat" 2008-ci ildə Hindistanın Mumbayi şəhərində törədilmiş terror aktının ssenarisilə reallaşdırılmalı idi. 

Xatırladaq ki, Mumbaidə yaraqlıların mehmanxanalar, mağazalar və vağzallara hücumu nəticəsində təxminən 200 nəfər ölmüş, 30-dan artıq insan yaralanmışdı.

Bu dəfə müxtəlif ölkələrin xüsusi xidmət orqanları hesabına terrorçuların planının qarşısını hələ ilkin mərhələdə almaq mümkün olub. Antiterror əməliyyatlarının əsas məqamlarından biri isə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələrin Əfqanıstan-Pakistan sərhədindəki dağlıq ərazilərə zərbələr endirməsi olub. Qeyd edək ki, nə Pakistan, nə də Əfqanıstan hökumətinin nəzarət edə bilmədiyi bu ərazilərdə nəinki yaraqlıların təlim düşərgələri var, hətta ehtimala görə, "Əl-Qaidə" lideri Üsəma bin Laden də orada gizlənir.

Amerika aviasiyasının səyləri nəticəsində yüzədək yaraqlı məhv edilib. Onların arasında Avropa ərazisində terror aktlarının törədilməsini planlaşdıran şəxslər də olub. Beləliklə, Avropaya planlaşdıran hücumların arxasında Pakistanın "Taliban" hərəkatı və "Əl-Qaidə"nın durduğu aydındır.

Bununla yanaşı, maraqlı olan odur ki, son zamanlar müxtəlif ölkələrin kəşfiyyat xidmətləri Əfqanıstan-Pakistan sərhədindəki rayonlarda yaşayan tayfalarda Almaniya pasportlu şəxslərin peyda olduğunu xəbər verir. Bir sıra Avropa KİV-in məlumatına görə, planlaşdırılan son terror aktları haqda ilk açıqlamanı da Əfqanıstanda bu ilin yayında saxlanılmış Almaniya vətəndaşı Əhməd Sidiki verib.

"Daily Telegraph" yazır ki, Sidiki terrorçuların Böyük Britaniyaya "Əl-Qaidə"nin Pakistan qanadının lideri İlyas Kəşmiri tərəfindən göndərildiklərini bildirib. Kəşmiri isə öz növbəsində Üsamə bin Ladenlə şəxsi əlaqəyə malikdir. O, Britaniyaya, həmçinin Almaniyaya Avropa ölkələrinin müsəlman vətəndaşlarından ibarət terrorçu qrup göndəribmiş.

Yeri gəlmişkən, Mumbaidə törədilmiş terrorun təşkilində də Kəşmir şübhəli bilinir. İnterpol Hindistanın sorğusu əsasında onun həbsi üçün beynəlxalq order verib.

İstintaqın "Daily Telegraph" qəzetində dərc olunmuş məlumatına görə, Kəşmiri "Əl-Qaidə"nin tapşırığı ilə terrordan bir qədər əvvəl informasiya yığmaq məqsədilə Mumbaidə olmuş amerikalı Devid Koulmen Xedli ilə əlaqə saxlayıb.

Pakistan hökuməti Amerika aviasiyasının bombardmanı zamanı həlak olmuş yaraqlılar arasında daha 5 Almaniya vətəndaşının olduğunu da bildirir. Bu məlumatların fonunda Almaniya KİV yazır ki, ötən il öz radikal baxışları ilə məşhur olan bir neçə nəfər Hamburqdan böyük ehtimalla Şimali Vəziristana gedib. Almaniyanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, ölkənin təxminən 70 vətəndaşı Əfqanıstan və Pakistanda hərbi təlim keçib, onlardan bəziləri artıq geri dönüb.

Ötən ay pilotsuz təyyarələrin Şimali Vəziristana zərbəsi nəticəsində Abdul Cabbar adlı Böyük Britaniya vətəndaşının öldüyü də məlum olub. O, son zamanlar Pakistanda - Pəncabda yaşayırmış.

BBC Britaniyanın xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Cabbar xüsusi olaraq "Əl-Qaidə"nin "Dumanlı Albion"dakı qanadı sayılan "Böyük Britaniya islam ordusu"nun rəhbərliyi üçün hazırlanıbmış. Məqsəd isə elə Almaniya, Böyük Britaniya və Fransada terror aktlarının həyata keçirilməsi imiş. Güman ki, Kəşmirin Britaniyadakı ekstremist islamçılarla da əlaqələri var.

Oktyabrın 5-də Fransanın cənubunda - Marsel və Bordoda keçirilmiş 2 reyd nəticəsində terrorçuluqda şübhəli bilinən 12 nəfər saxlanılıb. 3 şübhəlinin tutulması elə həmin gün İtaliyada Fransa vətəndaşı Riyad Annuninin həbsi nəticəsində mümkün olub. Annuni Neapol vağzalı yaxınlığında partlayıcı hazırlamaq üçün lazım olan dəstlə yaxalanıb.

CNN xəbər verir ki, Əhməd Sidiki dindirilmə zamanı Avropada baş tutmayan terror aktlarının mümkün təşkilatçısının Yunis əl-Mauretani olması da mümkündür. Söhbət "Əl-Qaidə" iyerarxiyasındakı üçüncü şəxsdən gedir. Ehtimallara görə, Əl-Mauretani Şimali Afrikadandır və hazırda Əfqanıstan-Pakistan sərhədində gizlənir. Məlumata görə, o, 2 nəfərlə birlikdə Fransaya gəlməyi planlaşdırırmış. Bu səfər zamanı əl-Mauretanini Əlcəzair əsilli fransız Naamen Meziş və İran əsilli alman Şahab Daşti müşayiət etməliymişlər. Deyilənə görə, onlar 2009-cu ilin yazında Hamburqdan Sidiki ilə birlikdə çıxmış terrorçu qrupa daxildirlər.

Baş verənlərdən sonra Böyük Britaniyada "ciddi" terror təhlükəsi elan olunub. Fransa hökuməti isə belə qənaətə gəlib ki, artıq həyəcanın "qırmızı səviyyəsi"nə keçmək vaxtıdır. Bu, yüksək təhlükə səviyyəsindən sonrakı ikinci həddir.

ABŞ, Böyük Britaniya və Yaponiya hökumətləri bəyanatla çıxış da ediblər. Hər 3 dövlət vətəndaşlarını Avropadan kənar olmağa, ən azı oraya səfər zamanı, xüsusilə ictimai nəqliyyatdan istifadə edərkən, görməli yerləri gəzərkən son dərəcə ehtiyatlılıq nümayiş etdirməyə çağırıb.

Maraqlıdır ki, Britaniyanın xüsusi xidmət orqanları terrorçuların xüsusilə şahzadə Harrini hədəfə götürdüyünü düşünür. 

Məlum olduğu kimi, Əfqanıstanda hərbi xidmətdə olmuş Harri Britaniyanın növbəti taxt-tacına sahib çıxmaq üçün üçüncü iddiaçıdır.

Beləliklə, Avropa hökumətlərinin terror təhlükəsindən ehtiyatlandığı ortadadır. Çünki "Əl-Qaidə"nin Pakistan, Əfqanıstan, Yəmən, Şərqi Afrika ölkələrindəki təlim düşərgələrində yeni yaraqlılara təlimlər keçilir və xüsusi xidmət orqanlarının məlumatına görə, onların arasında yüzlərlə kamikadze var. Bu yaraqlılardan bəziləri təəssüf ki, Avropa İttifaqı və ABŞ vətəndaşlığına malikdirlər.

Bundan başqa, NATO-nun Əfqanıstanda, həmçinin Əfqanıstan-Pakistan sərhəddində "Taliban"a, "Əl-Qaidə"yə təzyiqləri artırdıqca, terror təhlükəsi də artır. Yeri gəlmişkən, yaxın zamanlarda NATO komandanlığı altında beynəlxalq qüvvələrin bütün Əfqanıstan ərazisində genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı gözlənilir. Bundan başqa, Əfqanıstandan yaraqlıların Pakistana qaçması, ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan ərazisindəki reydləri artırması Vaşinqtonla İslamabadın münasibətlərində ciddi problem yaradır.

Bütün bunlardan hansı nəticəni çıxartmaq olar? Terrorçuların fəallığı şübhəsiz ki, Avropa ərazisinə də yayılır. Üstəlik, terrorçuların yeni taktikası onların zərərsizləşdirilməsini xeyli çətinləşdirir. Onlar öz sıralarına Avropa və ya ABŞ-da doğulmuş, yaxud daim orada yaşamış insanları cəlb edir. Bu şəxslər isə sözügedən ölkələrdə tam maneəsiz gəzib-dolaşa bilir.

Bununla əlaqədar olaraq, Avropa Komissiyasiyası tezliklə yeni antiterror tədbirlərinə əl atmağı düşünür. Bu addımların konkret nədən ibarət olacağı hələ ki, bilinmir. Məlum olan başqa bir məqam var: avropalılar vətəndaşları ilə elə ünsiyyət forması axtarır ki, ictimaiyyət terror təhlükəsi haqda məlumatlandırılsın, lakin qorxmasın və həyəcana düşməsin.

Ümumilikdə, Əfqanıstan və Pakistanda amerikalılarla NATO qüvvələri tərəfindlən sıxışdırılmış terrorçular bütün dünyaya yayılır. Məsələn, "Əl-Qaidə"nin Yəmən qanadı - "Ərəbistan yarımadasında "Əl-Qaidə" fəallaşmağa davam edir. Bunu isə hələ avqustda Amerikanın xüsusi xidmət orqanları həyəcanla bəyan edirdi.

Amerika qüvvələrinin Əfqanıstan və Pakistandakı əməliyyatları nəticəsində oradakı "Əl-Qaidə" tədricən zəifləyir, ön plana isə qruplaşmanın Yəmən qanadı çıxır. 

Beləliklə o, terrorçuların böyük regional bazasına çevrilə bilər.

Oktyabrın 6-da Yəmənin paytaxtı Sanedə Böyük Britaniya səfirliyinin avtomobili qumbaraatandan atəşə tutulub. Nəticədə yüksək rütbəli britaniyalı diplomat yaralanıb. Bildirilir ki, hücum hökumətin xarici ölkə səfirliklərinin mühafizəsini gücləndirməsindən 2 gün sonraya təsadüf edib. Elə həmin gün Avstriyanın OMV neft-qaz şirkətinin Yəmən şöbəsinin binasında atışma olub. İnsident nəticəsində şirkətin əməkdaşı olan 1 Fransa vətəndaşı ölüb.

Xatırladaq ki, təxminən 1 il əvvəl Yəməndəki terrorçu düşərgələrində təlim keçmiş Nigeriya sakinləri Amsterdam-Detroyt reysi ilə uçan təyyarədə terror aktı törətməyə cəhd etmişdilər.

Bundan başqa, belə hesab edilir ki, ABŞ-dan olan Ənvər əl-Avlak da Yəmənin ucqar ərazilərində gizlənir. Onun ABŞ və Avropanın islamçı gəncləri arasında fəal təbliğat apardığı bildirilir. O, bu işdə ən müasir texniki vasitələrdən istifadə edir. Əksər ekspertlərin fikrincə, indi yarımmifik Üsəma bin Laden ilə müqayisədə əl-Avlak daha təhlükəlidir.

"Mən Yəməndəki vəziyyətdən son dərəcə məyusam. Baş verən terror aktları ciddi həyəcan siqnalıdır və beynəlxalq ictimaiyyət buna reaksiya göstərməlidir", - deyə Avropa Parlamentinin rəhbəri Yeji Buzek bildirib.

O, Yəməndəki hazırkı iqtisadi və siyasi çətinliklərə də xüsusi diqqət çəkib. Qeyd edək ki, bu ölkədə problem yalnız "Əl-Qaidə"nin fəallığı deyil. Yerli hökumət şimalda şiə qiyamçılarla, cənubda isə separatizmlə mübarizə aparır.

Bununla yanaşı, "Əl-Qaidə"nin qolları və ya yaxın silahdaşları olan digər terrorçu təşkilatların fəaliyyətini də unutmaq olmaz. Belə qruplaşmalar Maqrib, Ərəbistan yarımadası, Şərqi Afrika ölkələrində "əməliyyatdadır", son hadisələr isə onların Mərkəzi Asiyada da möhkəmlənməyə çalışdıqlarını göstərir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin son bəyanatına əsasən isə Şimali Qafqazdakı, həmçinin Pyatiqorsk, Stavropol, Vladiqafqazdakı son terror aktları da ölkədən kənarda hazırlanıb.



MƏSLƏHƏT GÖR:

510