15 Mart 2025

Şənbə, 04:24

BAYKE BUNU GÖZLƏMƏZDİ…

Qırğızıstanda keçirilmiş parlament seçkilərində ölkədən qovulmuş Prezident Bakiyevin yaxınları qalib gəlib

Müəllif:

15.10.2010

Ölkə tarixində ilk dəfə olaraq Qırğızıstan dövlət idarəçilik sistemini prezident üsul-idarəsindən parlament sisteminə dəyişir. Qanunverici orqanda koalisiya qurmaq hüququ əldə edən partiyalar həm spiker, həm də nazirlər kabinetini seçə biləcəklər. Prezidentin səlahiyyətləri məhdudlaşdırılıb, dövlət başçısı qanunverici və icraedici qanadlar arasında baş verə biləcək mübahisəli məsələlərdə arbitr rolu ilə kifayətlənməli olacaq. 

Seçki kampaniyasında 29 siyasi partiya iştirak edirdi ki, bu da Qırğızıstan üçün rekord göstəricidir. Ümumilikdə, 120 deputat mandatı uğrunda yarışa, partiya siyahılarına salınmış 3 minə yaxın namizəd qatılmışdı. İlkin nəticələrə görə, bu partiyalardan 5-ni seçkinin qalibi saymaq olar.

 

Başlanğıc 

- Bunu izləmək, futbol üzrə dünya çempionatının püşkatmasına baxmaqdan daha maraqlıdır - bu sözləri bir əlində çay piyaləsi tutmuş ağsaç bayke (Qırğızıstanda ahıl kişiləri belə çağırırlar) yanındakı ağsaqqala deyir.

- Bax, sən özün kimə səs verəcəksən?

- Getməyəcəyəm, - sanki incimiş şəkildə ağsaqqal deyir:

- Nə danışırsan? Müharibə ola bilər.

Mən qonşu masada gedən bu söhbətə qoşuluram:

- Bayku, bağışlayın, niyə müharibə ola bilər ki?

Məsələ ondadır ki, Qırğızıstanda siyasət haqda danışmaq üçün yüksək təhsilli və diplomlu mütəxəssis olmağa ehtiyac yoxdur. İstənilən şəxsə sual ver - aldığın proqnoz və şərh əsasında qüvvələr nisbəti və hadisələrin mümkün inkişaf ssenariləri haqda dolğun məlumat toplaya bilərsən.  Ölkə, sanki, "vülkan üstündə" yaşamağa öyrəşib. İki inqilab, iki qaçaq düşmüş prezident və nəhayət, ölkənin cənubunda baş vermiş silahlı münaqişə. Bu münaqişə nəticəsində isə, ən azı, 400 ölü, yüzlərlə yaralı və minlərlə köçkün.

- Ay oğul, müharibə necə olmaya bilər axı (bayke, kənardan kiminsə onunla diskussiyaya qoşulmasını, az qala, sevincək qarşıladı). Bax, qulaq as. Mənim oğlum Rusiyadadır, pul qazanır. O gün zəng etmişdi, deyir, "atake, kimə səs verəcəksiz? Baxın ha, kim Rusiyanın tərəfindədir, onu seçin".

Sualımı yenə təkrar edirəm: bəs, niyə mütləq müharibə? 

- Çünki Rusiya olmasa (əlini yelləyir), tfu... bir-birini didəcəklər/.

 

Heç kəs gözləmirdi 

Səsvermə məntəqələri artıq 12 saatdır bağlanıb. Deyəsən, sakitlikdir. Küçələrdə silahlı dəstələr də yoxdur, soyğunçular gözə dəymir, səhər tezdən şəhər, sanki, hələ yuxuludur. Deməli, seçkilər baş tutub. Politoloqların (Qırğızıstanda özlərini belə adlandıranlar çoxdur, onlar istənilən məsələni şərh etməyə, istənilən fikri söyləməyə hazırdırlar və hətta, pul da təklif edirlər, təki, mətbuatda fikirləri getsin) proqnozları doğrulmadı/.

 

Rahat nəfəs almaq olar

Amma belə nəticəni heç kəs gözləmirdi. Səsvermənin nəticələrinə görə, ölkədən qovulmuş prezident Qurbanbek Bakiyevin tərəfdarlarından və məmurlardan təşkil olunmuş "Ata-Jurt" partiyası qalib gəlib. Tələm-tələsik, seçkilərə cəmi bir neçə ay qalmış yaradılan bu partiya seçicilərin səslərini "qazanmağı" bacardı. Halbuki, əksər proqnozlarda "atajurtçular"ın parlamentə düşəcəyi ehtimal olunsa da, bu partiyanın azlıqda qalacağı düşünülürdü. Çünki bu partiyanın rəhbərləri ölkədən qaçmış Bakiyevlə münasibətləri rəsmən inkar etsələr də, istənilən halda, ictimai şüurda "Ata-Jurt" keçmiş iqtidarın tərəfdarlarının partiyası kimi qəbul edilir. Onun liderlərindən biri - Kamçibek Taşiyev Bakiyevin dönəmində əvvəlcə deputat, sonra fövqəladə hallar naziri olub. Sonradan o açıq şəkildə prezidenti ölkəni səhv istiqamətdə aparmaqda ittiham edərək, hökumətin iclasındaca qapını çırpıb getmişdi. Amma Bakiyev devrilərək, doğma kəndində gizləndiyi zaman, Taşiyev onun müdafiəsinə qalxmışdı. 

Bu partiyanın rəhbərliyində olduqca populyar və eyni zamanda, müəmmalı siyasətçi sayılan Nariman Tyüleyev də var.  İlk dəfə o, populyarlığı Qırğızıstanın dəmir yolunu, faktiki olaraq, dirçəltdiyi zaman qazanmışdı. Sonradan isə Bişkəkin meri vəzifəsini tutdu. Bu isə, strateji postlardan sayılır. Çünki ölkə əhalinin, az qala, yarısı paytaxtda yaşayır, Qırğızıstanın iri müəssisələri, xarici və yerli firmalar, supermarketlər, kazinolar, bahalı xarici avtomobillər, bahalı daşınmaz əmlak və s. və i. - bütün bunlar məhz Bişkəkdə toplanıb. Və İ.Tyüleyev qısa vaxt ərzində şəhər sakinləri arasında böyük nüfuz qazandı. Deyilənə görə, bazar günləri şəhərə gəzməyə çıxan zaman, o, bütün yerli məmurları çağırırdı və bahalı kostyumlarda gələn məmurlara süpürgə verərək, küçələri təmizləməyə məcbur edirdi. 

Amma paytaxt meri ətrafında başqa şayiələr də gəzirdi - söhbət onun Bakiyevlər klanı ilə əlaqələrindən gedir. Xalq arasında belə bir fikir var ki, Tyüleyev qaçaq düşmüş prezidentin oğlu Maksimin "pul kisəsidir". Bakiyevdən sonra hakimiyyətə gəlmiş qüvvələr Tyüleyevi dövlət əmlakının israf edilməsi və xidməti vəzifəsindən sui-istifadədə suçlayaraq, ona qarşı cinayət işi qaldırıb. Hazırda bu iş Daxili İşlər Nazirliyindədir. Amma artıq məlumdur ki, Tyüleyev deputat seçilib və görünür, bu cinayət işi hələ uzun müddət tozlu kabinetlərdə qalacaq. 

Qaliblər sırasında Marat Sultanov da  var. O da keçmiş nazirdir və Bakiyevin komandasının üzvü olub. Əvvəlcə Maliyyə Nazirliyinə, sonra Sosial Fonda rəhbərlik edib.

Nəhayət, "Ata-Jurt"da ən vacib fiqur K.Bakiyevin administrasiyasının keçmiş rəhbəri Mıktıbek Abdıldayevdir. 

"Atajurtçular"ın əksəriyyəti ölkənin cənubundandır. Xatırladaq ki, iyun ayında yaşanmış millətlərarası münaqişə məhz bu regionda baş qaldırmışdı. 

Odur ki, bəzi ekspertlər seçkilərin nəticələrindən razı qalıblar, onların fikrincə, əgər bu partiya parlamentə düşməsəydi, ölkənin cənubu yenə qiyam qaldıra bilərdi.

Ümumiyyətlə, Qırğızıstanda "cənub-şimal" çox ağrılı bir mövzudur. Bu iki regionun sakinləri bir-birini bəyənmirlər və bəzi siyasətçilər də bu amildən məharətlə istifadə edirlər. 

"Zəhmətimiz hədər getmədi, çünki bizim partiyamız doğrudan da çox çətinliklərdən keçdi. Bizə qarşı o qədər çirkab, qara piar istifadə olundu, rəqiblərimiz bizə "bakiyevçilər" damğası vurmaq istədi və s. Amma bizim partiyamız, bütün uşaqlar, hamımız sadə xalqın nümayəndələriyik", - deyə "Ata Jurt" partiyasının seçki qərargahının əməkdaşı Timur Otorbayev bildirir. 

Seçkilərin nəticələri elan olunan kimi, tərəfdarları partiyanın qərargahının qarşısına toplaşdı, hamı bir-birini təbrik edirdi. Onlar deyirlər ki, bu, hələ harasıdır: partiyanın lideri Kamçıbek Taşiyev cənub bölgəsindən qayıdan kimi, əməlli-başlı ziyafət olacaq.

Sosial-demokratların əhval-ruhiyyəsi isə fərqlidir. Sanki heç parlamentə düşməyiblər. Partiyanın ofisi qarşısına gəlmiş azsaylı tərəfdarlar siqaret çəkirlər. Halbuki, Almazbek Atambayevin partiyası "gümüş medal" qazanıb - onlar ikinci yerdədirlər. Amma buna baxmayaraq, partiyanın lideri hələlik susur. Onun əvəzinə isə nəticələri sosial-demokratların seçki qərargahının koordinatoru Fərid Niyazov şərh edir: "Mən deməzdim ki, son dərəcə razıyıq. Amma biz reallığı olduğu kimi qəbul edirik. Bu isə o deməkdir ki, bizim partiyamız seçkilərin nəticələrini qəbul edir". 

Qeyd edək ki, Sosial-Demokrat Partiyası "Ata-Jurtdan" cəmi 1 faiz az səs qazanıb - sosial-demokratlar seçicilərin 8%-dən bir qədər çoxunun səsini alıb. Artıq aydındır ki, bu, Atambayev üçün şok olub. Baş nazir postunu tutmaq üçün o qədər güc sərf olunub, mübarizə aparılıb və sonda//. opponenti onu üstələyib. 

Seçki bülletenində adı birinci gələn general Feliks Kulovun partiyası - "Ar-Namıs" isə üçüncü pillədə qərarlaşıb. Hər 10 saniyədən bir MSK-nın İnternet saytını yeniləyən partiya üzvləri çaş-baş qalmışdılar: axı, bu, necə ola bilər? Müşahidəçilərin sözlərinə görə, bir çox məntəqələrdə Kulovun partiyası lider olsa da, yekunda "bürünclə" kifayətlənib. Generalın müavini pərtliyini və məyusluğunu gizlətmir: "Deməzdim ki, nəticələr bizi razı salıb. Biz bu seçkilərdə inzibati resruslardan istifadə etməyən iki partiyadan biriyik, biz seçiciləri pulla ələ almayan iki partiyadan biriyik, həm də  biz qara piardan istifadə etməyən iki partiyadan biriyik, amma biz yeganə partiyayıq ki, bütün bunların heç birindən istifadə etməmişik", - deyə o vurğulayıb. 

Bəs Dəmir Feliksin özü nə düşünür? Keçmiş baş nazir Feliks Kulov vaxtilə Bakiyevlə çox sıx şəkildə işləyib. Əvvəlcə tandem idilər, sonra isə Kulov müxalifətə keçdi. Vaxtilə, o, Qırğızıstanın ilk prezidenti Əsgər Akayevə qarşı da müxalifətə keçmişdi. 

Doğrudur, seçkilərdə Dəmir Feliksə səs verənlər oldu.  Onların çoxları yaşlı nəsil, ziyalılar idi. Amma digərləri Bakiyevi hakimiyyətə buraxmış Kulovun ovaxtkı yumşaqlığını bağışlaya bilmədilər.  İndi isə Kulov deyir ki, ölkəni yenidən prezident respublikasına qaytara bilər. Elə isə sual yaranır: bəs, Roza Otunbayevanın prezidentliyini rəsmiləşdirən və idarəçiliyin parlamentə keçməsinə dair yeni Konstitusiyanın qəbulu ilə nəticələnmiş referendum nəyə lazım idi? Kulov bu suala özünəxas şəkildə, qısa cavab verir: "Siyasi xaos, hakimiyyətsizlik dönəmində hansısa konkret insan ölkədə qayda-qanuna görə cavab verməlidir. Parlamentli idarəçilikdə isə bu məsuliyyət yayılır". 

Seçkilərdə F.Kulovun partiyasına səs verənlər həm də geosiyasi amili nəzərə alıblar. Məsələ bundadır ki, bütün seçki kampaniyası dövründə F.Kulov özünü Rusiya ilə isti və dost münasibətlərin qurulmasının tərəfdarı kimi təqdim edib. Və Kreml də bu seçkidə kimə dəstək verdiyini dolayısı ilə gizlətmirdi. Qırğızıstan telekanallarında F.Kulovun Rusiya prezidenti D.Medvedevlə, "Vahid Rusiya" Partiyasının liderləri ilə görüşlərini əks etdirən roliklər nümayiş olunurdu. Görünür, Moskvada, Yekaterinburqda və digər şəhərlərdə çalışan yüz minlərlə qastarbayterlər də vətəndə qalmış yaxınlarını seçkilərdə məhz bu partiyaya səs verməyə çağırırdı. 

Beləliklə, səsvermənin nəticələri çoxları üçün gözlənilməz oldu. Amma, ekspertlərin söylədiyi kimi, baş verənlərdə partiyaların özləri "günahkardırlar". Müvəqqəti hökumətdə təmsil olunan Sosial-demokrat, "Ata-Məkan" və "Ak-Şumkar" partiyalarının liderləri bir-biri ilə rəqabət apardı, qalmaqallar yaratdı və bu mübarizə fonunda reytinqlərini itirərək, seçicilərin səslərini parçaladı.

Əsas sürpriz isə odur ki, parlamentə düşmüş "beşlik"də sonuncu yeri tutan "Ata-Məkan" partiyası, əslində, seçki kampaniyasının favoriti sayılırdı. Nəticələr elan olunandan sonra partiya iki dəfə bəyan etdi ki, liderləri Omurbek Tekebayev jurnalistlərlə görüşəcək. Amma hər iki dəfə bu görüş təxirə salındı.

Yeri gəlmişkən, parlament üsul-idarəsinin birbaşa təşəbbüskarı olan bu partiya, az qala, parlamentdən kənar qalacaqdı. 

Amma əsas məsələ odur ki, partiyalardan heç biri mütləq çoxluq qazana bilməyib və hazırda hamı yeni parlamentdə hansı koalisiya və blokların yaradıla biləcəyi ətrafında baş sındırır. Axı, koalisiya yaradılmasa, hökuməti formalaşdırmaq da mümkün olmayacaq. Gələcəkdə üzə çıxa biləcək əsl problem də məhz burada gizlənib.  Ölkənin həqiqətən də parlamentli respublikaya çevriləcəyi, yoxsa, yenidən prezident üsul-idarəsinə qayıdacağı, məhz qanunverici orqandakı qüvvələrin bir-biri ilə dil tapıb-tapmayacağından asılıdır. Bununla əlaqədar ekspertlər də proqnoz vermək istəmirlər.

Hələliksə, Qırğızıstan MDB məkanında yeganə ölkədir ki, burada real hakimiyyət parlamentə keçir. 

Yeni konstitusiyaya görə, hakimiyyət qanadları arasında hakim rolunda çıxış edən prezident isə tərəfləri ağılla hərəkət etməyə çağırıb. "Kim səs qazanıbsa, o da qalibdir. Uduzmağı bacarmaq da hünər tələb edir", - deyə Roza Otunbayeva öz müraciətində bəyan edib. 

Yerli hüquq müdafiəçiləri ilə beynəlxalq ekspertlərin yanaşmaları, əksər hallarda, üst-üstə düşür: ümumxalq səsverməsi saxtakarlıqsız keçirilib. Düzdür, müəyyən çatışmazlıqlar olub, amma onlar elə də ciddi xarakter daşımayıb. Məsələn, seçki məntəqələrinin və komissiya üzvlərinin müəyyən qədər hazırlıqsız olduğu üzə çıxıb, və ya, bəzi seçicilər öz adlarını siyahılarda tapa bilməyiblər. Sonuncu problem elə yerindəcə həll olunurdu: bunun üçün əlavə siyahı tutulmuşdu. Komissiya üzvlərinə isə, elə seçki prosesindəcə, müşahidəçilər konsultasiyalar verirdi.

Amma bütün bu çatışmazlıqlar qabardılmadı. Çünki seçkilərə hazırlığa çox az vaxt verilmişdi, üstəlik, ölkədəki ağır sosial-iqtisadi vəziyyəti də nəzərə almaq lazımdır. 

MSK-nın yekun nəticələri belədir: yeni parlamenti 5 partiya formalaşdıracaq: "Ata-Jurt" (8,88%), Sosial-Demokrat Partiyası (8,04%), "Ar-Namıs" (7,74%), "Respublika" (7,24%) və "Ata-Məkan" (5,3%).

Göründüyü kimi, parlamentin tərkibi o qədər qarışıq alınıb ki, partiyalar bir-biri ilə dil tapmağa məhkumdurlar. Əks təqdirdə, hökuməti formalaşdırmaq mümkün olmayacaq.

Sadə xalqı narahat edən problemlər isə - cüzi əmək haqları, kommunal və tibbi xidmətin zəifliyi, işsizlik və aclıq - hələ də həllini gözləyir.



MƏSLƏHƏT GÖR:

514