
"SÜRİX-2" ƏMƏLİYYATI
Ermənistan-Türkiyə dialoqunu bərpa etmək cəhdi baş tutacaqmı?
Müəllif: Oqtay ƏLİYEV, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri Sahil İSGƏNDƏROV, politoloq Bakı
1 il əvvəl - 10 oktyabr 2009-cu ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirakı ilə böyük səs-küylə Sürix protokollarının imzalanmasından xeyli vaxt keçir. Söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və sonda iki ölkə arasında sərhədin açılmasını nəzərdə tutan sənəddən gedir.
ABŞ və Avropa əvvəllər də dəfələrlə sərhədlərin açılması məsələsini Ankaranın qarşısında qaldırıb. Amma Türkiyə hökuməti cavab olaraq əvvəlcə Ermənistanın Azərbaycana, həmçinin elə Türkiyənin özünə qarşı da ərazi iddialarından əl çəkməsini, Ankaranın "erməni soyqırımı"nı tanıması tələbindən imtinasını istəyib.
Təəssüf ki, Qərb Ankaranın bu ağıllı təklifinə əhəmiyyət verməyərək "futbol diplomatiyası" təşəbbüsü ilə çıxış etdi və sonda Sürix protokllarının imzalanmasına nail oldu. Amma bu sənədin iflasa uğrayacağı elə əvvəldən məlum idi.
Birincisi, rəsmi Bakının, Azərbaycan və Türkiyə ictimaiyyətinin, həmçinin Türkiyənin müxalifət dairələrinin məsələyə sərt reaksiyası Ankaranı və təşəbbüskarları pis vəziyyətdə qoydu. Məhz Dağlıq Qarabağ münaqişəsi üzündən bağlanmış sərhədlərin bu problemin həllində nəzərəçarpacaq dəyişiklik olmadan açılması nonsens olardı. Türkiyə parlamenti də bu məqamı nəzərə almadan sənədi ratifikasiya edə bilməzdi.
İkincisi, Ermənistanın, xüsusilə erməni diasporunun mövqeyi prosesi onsuz da dalana dirədi. Ermənilik "soyqırım" məsələsini gündəmdən çıxarmağı, Türkiyənin özünün mövcud sərhədlərini tanımağı düşünmür. Çünki bu iki məsələ ermənilik üçün, bir növ, "siyasi brend" və "müqəddəs inək" sayılır: ermənilər boğazları quruyanda məhz bu "inəyin südündən" dadırlar.
Bu üzdən əvvəlcədən aydın idi ki, diasporanın ciddi təzyiqini hiss edən Yerevan parlamentdə Sürix protokollarını ratifikasiya etməyəcək. Çünki sənəddə birmənalı şəkildə göstərilir ki, onların imzalanması mövcud sərhədlərin tanınması və tarixi keçmişi (yəni "erməni soyqırımı" məsələsini) araşdırmaq üçün müstəqil alimlərdən ibarət benəlxalq komissiyanın yaradılması ilə razılaşmaqdır. Proqnozlar doğruldu və Ermənistanın Konstitusiya Məhkəməsi tələm-tələsik bu iki məsələnin müzakirə mövzusu ola bilməyəcəyini elan etdi.
Bundan başqa, Ermənistan əvvəlcədən bəyan etmişdi ki, protokolların parlamentdə ratifikasiyası prosesinə yalnız Türkiyə parlamentinin bu addımı atmasından sonra başlayacaq. Və ermənilik bununla dünyanı guya problemi ilkin şərt irəli sürmədən çözməyə hazır olduğuna inandırmağa çalışırdı.
Qəribədir ki, qeyd olunan məqamlar bəzən, hətta ABŞ-ın Dünya Təhlükəsizlik İnstitutunun Avropa və Asiya proqramlarının direktoru Nikolay Zlobin kimi ciddi ekspertlərin diqqətindən də yayınır. "Bu (Sürix protokollarının imzalanması - red.), Ermənistan üçün Türkiyəyə qapı açılması istiqamətində ciddi addım idi. Bununla Ermənistan özünü müasir düşüncə ilə yaşaya bilən proqressiv dövlət kimi göstərə bilib. O göstərib ki, ötən əsrdə baş vermiş ədalətsizlik və cinayətlərə ilişib-qalmayıb. Mənə elə gəlir ki, keçmişin əsiri olmamaq, hazırkı dövrdə yaşayan insanları keçmişdə baş verənlərin girovuna çevirməmək vacibdir", - deyə o, oktyabrın əvvəlində Yerevanda verdiyi açıqlamada bildirib.
Bununla yanaşı, Zlobin hesab edir ki, Türkiyə əslində bu prosesə hazır olmayıb. Beynəlxalq ictimaiyyət də eyni düşüncədədir. Hesab edirik ki, Avropa "ərköyün" Ermənistanın vəziyyətini yaxşılaşdırmaq və Türkiyənin Aİ-yə qəbulu yolunda yeni-yeni maneələr yaratmaqdansa, Yerevan-Ankara münasibətlərinin normallaşmasında ən ciddi maneələrdən olan Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında daha ciddi düşünməli idi. Avropanın Ermənistanı, demək olar ki, bütün həmsərhəd ölkələrə qarşı ərazi iddiaları ilə çıxış etməkdən necə çəkindirmək haqqnda düşünməsinə də ehtiyac var. Yalnız bu halda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini durğunluq vəziyyətindən çıxartmaq olar.
Amma göründüyü kimi, Ermənistanın xətrinə dəymək istəməyən Qərb ona daha az təzyiq yolunu seçdi və Türkiyəyə təzyiqləri artırdı. Nəticədə isə qısa vaxt ərzində "erməni soyqırımı"nın tanınmasına dair çoxlu sayda qətnamələr qəbul olundu, Ermənistanla münasibətlərin normallaşması prosesi isə Türkiyə üçün ABŞ və Avropa ilə konfrantasiyaya yol açdı.
Bu yaxınlarda isə Sürix prosesinin bərpasına cəhdlərin başlanmasına dair xəbərlər yayılıb. KİV artıq bu prosesi "Sürix-2" adlandırmağa macal da tapıb. Oktyabrın əvvəllərində Türkiyənin "Hurriyet" qəzeti İsveçrənin indi də "telefon diplomatiyası"na üz tutduğunu, bununla Türkiyə ilə Ermənistan arasında dialoqun bərpasına çalışdığını yazıb.
"Bir müddət əvvəl İsveçrə bizimlə əlaqə yaradaraq, niyyətini açıqlayıb. Bildiyimizə görə, Bern eyni müraciətlə Yerevana da üz tutub. Biz öz tərəfimizdən bildirmişik ki, danışıqların davam etdirilməsi üçün heç bir problem yoxdur və prosesin dondurulması təşəbbüsü Türkiyədən yox, Ermənistandan gəlib", - deyə diplomatik mənbədən "Hurriyet"ə bildiriblər.
Türkiyənin digər qəzeti "Sabah" yazır ki, Ermənistan və Türkiyə prezidentləri Serj Sarkisyanla Abdullah Gül dialoqun davam etdirilməsi məqsədilə dekabrın 1-də ATƏT-in Astanada keçiriləcək sammiti çərçivəsində bir araya gələ bilərlər.
Bu xəbərləri təkzib edən Ermənistanın Xarici İşlər Nazirliyi bildirib ki, hazırda Ankara ilə heç bir rəsmi danışıqlar aparılmır və isveçrəli vasitəçilərlə də hər hansı telefon danışığı olmayıb. Amma rəsmi danışıqların olmaması hələ prosesin tam dondurulduğunu deməyə əsas vermir. Mətbuatda Romada prosesin bərpasına dair müzakirələrin aparıldığı haqqında xəbərlər də boş yerə yayılmayıb. Həmin məlumatda bildirilir ki, müzakirələrdə erməni tərəfini sabiq xarici işlər naziri Vardan Oskanyan və Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın məsləhətçisi olmuş Jirayr Liparityan təmsil edir. Göründüyü kimi, söhbət rəsmi olmayan, amma qərbpərəst siyasətçilər kimi tanınmış nüfuzlu şəxslərdən gedir.
Tərəflər arasında hansısa dialoqun aparıldığı Türkiyə rəsmilərinin bəzi açıqlamalarından da hiss olunur. Məsələn, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib: "Proses Qafqazda sülhün bərqərar olunmasınadək davam etdiriləcək. Biz BMT-də İsveçrə və Azərbaycanın xarici işlər nazirlərilə görüşmüşük. Bundan başqa, Ermənistan həm də bizim qonşumuzdur. Bizim Qafqazla bağlı mövqeyimiz aydındır. Ermənistan-Türkiyə dialoqu qırılmayıb və Ankara Yerevanla münasibətlərin normallaşdırılması prosesini davam etdirmək niyyətindədir".
Bununla yanaşı, Davudoğlu açıq şəkildə bildirib ki, Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını əvvəlkitək Qafqazda ümumi sülhün tərkib hissəsi sayır və bu sülhü Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmadan əldə etmək mümkünsüzdür.
Amma Qərb Yerevanı sülhə məcbur edərək buna köməklik göstərməyə hazırdırmı? Bu suala cavab tapmaq üçün Sürix prosesinin bərpası cəhdlərinin hansı formada və hansı proseslərin fonunda həyata keçirildiyinə diqqət yetirək.
Birinci dəfədə olduğu kimi, bu dəfə də Ermənistan-Türkiyə dialoqunun moderatoru qismində İsveçrə çıxış edir. O İsveçrə ki nəinki "erməni soyqırımı"nı tanıyıb, hətta ölkə ərazisində bunu inkar etməyə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. Bu halda sözügedən məsələdə neytral statusa (?!) iddia edən İsveçrənin qərəzsiz vasitəçiliyinə bel bağlamaq olarmı?
Öz növbəsində ABŞ erməni diasporunun təzyiqi ilə hələ də Azərbaycana yeni səfirini təyin edə bilmir və bu vəziyyət təxminən ilyarımdır ki, davam edir. Amma Nümayəndələr palatasının beynəlxalq münasibətlər komitəsi bu ilin martında "erməni soyqırımı"nı tanıyan sənədi çox operativ şəkildə qəbul etmişdi. Belə çıxır ki, dünya arenasında hegemon olan, bütün dünyaya öz demokratiya modelini yaymaq kimi məqsədi qarşıya qoymuş ölkə, əsasən, gizli rüşvətxorluqla məşğul olan lobbiçilər və konqresmenlərdən asılı vəziyyətdədir. Məhz onların "fəaliyyəti" nəticəsində ABŞ hər il hökumət səviyyəsində işğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rejiminə yardımlar göstərir, bu vəsaitlərin hansı məqsədlər üçün xərclənməsindən isə heç bir narahatlıq keçirmir. Vaşinqton bu "humanitar" yardımın əsasən Ermənistanın və Dağlıq Qarabağ separatçılarının silahlanmasına, həmçinin qondarma "Dağlıq Qarabağ Respublikası"nın beynəlxalq arenada tanınması cəhdinə (bu, işğalçı rejimin 2010-2013-cü illər üçün "dövlət xərcləri" proqramında öz əksini tapıb) xərclənməsinə diqqət yetirməlidir.
Heç kəsin tanımadığı "DQR"in "müstəqillik" gününün ildönümündə isə separatçıların "parlament sədri" Aşot Qulyan hətta Kapitolidə Ermənistanın ABŞ-dakı səfiri tatul Marqaryanla birlikdə qəbul da edilir. Bundan başqa, onlar ABŞ Konqresinin zallarından birində həmin günə həsr olunmuş təntənəli mərasimdə ermənipərəst konqresmenlərlə birlikdə çıxış edirlər. Doğrudur, Vaşinqton tələm-tələsik Bakını inandırmağa çalışıb ki, bu, "Ermənistan vətəndaşının ABŞ-a şəxsi səfəridir", Birləşmiş Ştatlar isə nə Dağlıq Qarabağdakı separatçı rejimi, nə də "Qarabağ parlamentarilərini" tanıyır.
Amma bu necə şəxsi səfərdir ki, nümayəndə heyətini ATƏT-in Minsk qrupunun həmsədri Robert Bradke, həmçinin Nümayəndələr palatasının beynəlxalq münasibətlər komitəsinin rəhbəri Hovard Berman da qəbul edirlər? Yeri gəlmişkən, sonuncu komitədə "erməni soyqırımı"nın tanınmasında əsas rol oynamış şəxslərdən biridir.
Cənubi Qafqazın digər dövləti - Gürcüstanın ərazi problemi ilə bağlı isə Vaşinqton tam fərqli mövqe nümayiş etdirir. Bu yaxınlarda Gürcüstan-Amerika strateji tərəfdaşlıq komissiyasının toplantısında çıxış edən ABŞ-ın dövlət katibi Hillari Klinton növbəti dəfə Rusiyanı hərbi kontingentini Abxaziya və Cənubi Osetiyadan çıxartmağa çağırıb, həmin əraziləri isə Gürcüstanın işğal edilmiş torpaqları adlandırıb. Klinton ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi davam etdirdiyini, bu məqsədlə tədbirlər görməyə hazır olduğunu bildirib.
Nədənsə ABŞ BMT-nin Ermənistandan Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edən hər 4 qətnaməsini imzalamasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində belə prinsipial mövqe nümayiş etdirmir. Bakıya yalnız müxtəlif missiya və komissiyaların rəylərilə kifayətlənməsi, guya konsensusun əldə olunması üçün işğalçı ilə bitib-tükənməz danışıqların davam etdirilməsi təklif olunur. Bakı danışıqlar prosesində təzyiqi artırdıqda, həmsədrlərdən və beynəlxalq ictimaiyyətdən fəallıq və prinsipiallıq tələb etdikdə Qərbdə dərhal Türkiyə-Ermənistan dialoqu yada düşür.
Ola bilsin ki, qapanmış Ermənistan-Türkiyə dialoqunun qərbin yadına düşməsinə avqust və sentyabrda Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin, həmçinin, Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası haqda razılaşmanın imzalanması da "kömək" edib.
Bütün bunlarla yanaşı, hadisələrin gedişi göstərir ki, hətta Ankara sərhədlərin açılması ilə Dağlıq Qarabağ münaqişəsinin həllini əlaqələndirməkdən imtina etsə belə, Ermənistan və ermənilik heç zaman "soyqırım" və Türkiyəyə ərazi iddialarından əl çəkməyəcək. Qərbin özü də nüfuzlu geosiyasi oyunçu olan Ankaraya bu cür təzyiq vasitələrini əldən buraxmaq istəmir. Belə bir şəraitdə isə, Türkiyədə Ermənistanla sərhədin açılmasına razılıq verəcək siyasi qüvvə tapmaq mümkün olmayacaq, çünki bu, Ermənistan qarşısıda kapitulyasiya demək olardı. Hazırda bəzi siyasi partiyaların təmsilçiləri ümumiyyətlə, Sürix protokollarının ləğvinə meyl nümayiş etdirir. Onların arasında hakim partiyanın nüfuzlu şəxsləri də var. Bu, "Sürix2-" kod adı altında əməliyyata start verənlər üçün ciddi siqnal sayıla bilər.
MƏSLƏHƏT GÖR: