24 Noyabr 2024

Bazar, 18:00

SİQARETƏ YOX!

Azərbaycanda siqaretlə mübarizə üzrə milli strategiya hazırlanıb

Müəllif:

01.10.2010

Azərbaycan Səhiyyə Nazirliyinin (ASN)  ictimai səhiyyə mərkəzi, Azərbaycan  Səhiyyədə Kommunikasiya Assosiasiyası (ASKA) və  C.Hopkins adına Universitetin  Blumberq ictimai səhiyyə məktəbinin kommunikasiya proqramları mərkəzi ölkəmizdə  siqaret çəkmək əleyhinə mübarizə üzrə milli stategiya (SƏMS) işləyib - hazırlayıblar. Strategiya siqaret çəkməyə qarşı mübarizəyə həsr edilmiş II Milli konfransın gedişində təqdim edilib. 

Layihənin işçi qrupu ilə yanaşı, strategiyanın işlənməsinə tütün əleyihinə mübarizə üzrə milli koalisiyanın üzvləri də qatılıblar. Koalisiya üzvləri  aşağıdakı əsas qurumları - Təhsil,  Vergilər, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərini, həmçinin qeyri-hökumət təşkilatlarını (QHT) və beynəlxalq qurumları təmsil ediblər. Hazırda strategiyanın aspektlərinə ASN-də baxılır və bundan sonra təsdiq üçün ölkənin Nazirlər Kabinetinə (NK) təqdim ediləcək. NK milli səviyyədə tütün əleyhinə mübarizə üzrə fəaliyyət planının işlənməsini planlaşdırır. 

Qeyd edək ki, stratetgiyanın işlənməsinə ötən ilin yanvar ayından başlanılıb. İdeya Blumberq Fonduna elə həmin vaxt təqdim edilib. 2009-cu ilin aprel ayında layihənin birinci variantı təsdiq edilib, iyun ayında isə artıq onun maliyyələşdirilməsinə qərar verilib. Konfransda qeyd edilib ki, Azərbaycanda SƏMS-in hazırlanması üçün xeyli iş görülüb. O cümlədən, ASKA tərəfindən sorğular keçirilib və bəlli olub ki, ölkə üzrə yaşı 15-dən 49-a kimi dəyişən kişilərin 49%-i hər gün siqaret çəkir. Halbuki kişilərin 97%-i və qadınların 89%-i hesab edir ki, siqaret insan sağlamlığına zərər vurur. 

 

Heç də dəbdə olan hər şeyə yaxşı demək olmaz 

Amma ildən-ilə siqaret çəkənlərin sayı artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 22%-i siqaret çəkməklə məşğuldur. Daha çox hə-yəcan doğuran məsələ isə gənclər və qadınlar arasında siqaret çəkməyə meylin artmasıdır. Bununla yanaşı, insanların çoxuna məlumdur ki, nikotin asılılığı onkoloji və ürək-damar xəstəlikləri üzündən erkən ölümlərə səbəb olur. Passiv siqaret çəkmə də az zərər vurmur. Ətrafdakılar üçün o, artıq mövcud şişləri sürətləndirir. Uşaqlarda passiv siqaret çəkmə astma, pnevmoniya, bronxit yaranmasına və aktiv siqaret çəkmənin törətdiyi xəstəliklərin inkişafına səbəb ola bilər. 

İnsanların siqaretə can atmasının səbəbləri müxtəlifdir. Amma onların arasında ən geniş yayılmışı bu məhvedici vərdiş meyldən yox, düşüncəsizlikdən qaynaqlanır. Əksər hallarda yaşı 20-34 arasında dəyişən kişilər üçün siqaret çəkmək bir növ özünü təsdiq vasitəsidir. Yayılmasına görə ikinci səbəb isə dəbdir, siqaret çəkən kişilər düşünürlər ki, onlar zamanla ayaqlaşırlar. Bizim ölkənin 35-50 yaşlı kişiləri hesab edir ki, əgər sənin dostların siqaret çəkirsə, sən də mütləq çəkməlisən. Yaşı 35-50 arasında dəyişən bir sıra vətəndaşlar bu fikirdədirlər ki, siqaret çəkmək prestijlidir. 

ASKA prezidenti, SƏMS layihəsinin əlaqələndiricisi Nurlan Əliyevin sözlərinə görə, hər il tütün istifadəsi üzündən dünyayda 5,4 milyon insan ölür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəxəssislərinin hesablamalarına görə, əgər XX əsrdə siqaret 100 milyon insanın ölümünə səbəb olubsa, həyəcanverici proqnozlara görə, XXI əsrdə siqaret çəkmək üzündən 1 milyard insan dünyasını dəyişəcək. Həmçinin qeyd etmək lazımdır ki, hər il passiv siqaert çəkmək üzündən 600 minə yaxın insan dünyasını dəyişir. 

Nurlan Əliyev qeyd edir ki, bu gün Qərbdə başa düşürlər ki, siqaret çəkmək tərgidilməli vərdişdir və orada insanlar bunu güclü profilaktiki proqramların təsiri altında edirlər, amma  MDB əhalisi haqqında belə demək olmur. Maraqlıdır ki, MDB ölkələrində, hətta həkimlərin arasında belə siqaret çəkənlərin faizi yetərincə yüksəkdir, halbuki ABŞ-da həkimlərin yalnız 2%-i bu zərərli vərdişə tutulub. 

N.Əliyev qeyd edir ki, siqaret çəkmək Azərbaycan üçün yalnız tibbi deyil, həm də ictimai problemdir. Durumun nəzarətdən çıxmaması üçün müvfaiq tədbirlər görülməli və sərt nəzarət tətbiq edilməlidir. SƏMS məhz nikotinin yayılmasının qarşısını almaq üçün lazım olan mübarizə vasitəsidir. 

 

Altı önəmli strategiya  

Sənəd tütün probleminin müxtəlif aspektlərini əhatə edir, mübarizə yollarını müəyyənləşdirir və həm dövlət qurumlarının, həm də QHT-lərin iştirakı planlaşdırılan mümkün tədbirləri təklif edir. Yeri gəlmişkən, milli strategiyanın olması ÜST-ün siqaret çəkməyə qarşı mübarizə üzrə çərçivə konvensiyasının əsas tələblərindən biridir. Azərbaycan bu konvensiyaya 2005-ci ilin noyabr ayında qoşulub. Sənəddə insanların ən yüksək sağlamlıq səviyyəsinə malik olmaq hüququ təsdiqlənir. Hazırda bu konvensiyaya dünyanın 168 ölkəsi qoşulub. 

Konvensiyanın əsas tələblərindən biri tütün əleyhinə milli strategiyanın olmasıdır və bu strategiya iqtisadiyyatın müxtəlif sahələrini, insanların sosial münasibətlərini, mədəni-etik təsəvvürlərini əhatə etməlidir. Yeri gəlmişkən, ASKA bu strategiyanın işlənməsində ÜST-ün "MPOWER" adlı konvensiyasına əsaslanır, "MPOWER" tütün əleyhinə altı önəmli və ən effektli tədbirin  kompleksidir. Bu, vergi və qiymətlərin qalxması; reklamların, satışların və sponsorluğun  qadağan edilməsi; insanların passiv siqaret çəkilməsindən qorunması; hər bir kəsin və hamının tütünlə bağlı təhlükələrdən xəbərdar edilməsi; siqareti atmaq istəyənlərə yardımın təklif olunması; epidemiyaların diqqətli monitorinqi və profilaktika tədbirlərdən ibarətdir. 

Sübut edilib ki, bu tədbirlər tütün istifadəsinin azaldılmasını təmin edir. Beləliklə, hazırlanmış strategiyaya tütün məmulatlarının istehsalının monitorinqi, tütün istehlakının və tütün məhsullarının istehsalının azaldılması tədbirləri, insanların tütün tüstüsündən qorunması, siqareti tərgidənlərə yardım edilməsi, siqaret çəkməyin ziyanları barədə insanların xəbərdar edilməsi, reklamın, sponsorluğun və satışların stimullaşdırılmasının qadağan edilməsi kimi əsas məqamları əhatə edir. Tütünlə mübarizə üzrə əsas beynəlxalq taktikalarla yanaşı, strategiyada həmçinin onların gerçəkləşdirilməsi üzrə əsas fəaliyyət istiqamətləri daxil edilib. Sənədin işlənməsi zamanı bir sıra ölkələrin, əsasən Türkiyə və Rusiyanın təcrübəsi əsas götürülüb. 

Önəmlidir ki, milli strategiyada siqareti tərgitmək istəyən insanlara psixoloji və dərman yardımı edilməsi nəzərdə tutulub. Çünki Azərbaycanın həm özəl, həm də dövlət klinikalarında bu cür yardım göstərən kabinetlərin sayı siqaret çəkənlərin səviyyəsinə nisbətdə  çox aşağıdır. N.Əliyev ümid edir ki, strategiyanın qəbul edilməsi bu xidmətin fəaliyyətini qaydaya salmağa və beynəlxalq standartlara uyğun səviyyəyə gətirməyə imkan verəcək. 

Ekspert sanır ki, ölkədə siqaretə qarşı mübarizəni mərhələli aparmaq lazımdır. Bunun səmərəli üsul olduğunu beynəlxalq praktika da göstərir. Əgər Azərbaycanda strategiyanın hər bir bəndi uğurla həyata keçirilərsə, onda çox tez bir zamanda siqaret çəkmənin yayılmasına son qoyulacaq. 


MƏSLƏHƏT GÖR:

607