
GƏRƏK HAVALAR İŞİ KORLAMASIN
Azərbaycan aqrar sənayesi ixrac imkanlarını artırır
Müəllif: Zeytulla CABBAROV Bakı
Bitki məhsullarının istehsalı Azərbaycanın kənd təsərrüfatı istehsalının əsas bəndlərindən biridir. Əlverişli təbii iqlim şəraiti ölkədə onlarca meyvə və tərəvəz növü yetişdirməyə imkan verir. Bitkimənşəli ekoloji təmiz qida məhsulları təzə və konservləşdirilmiş şəkildə daxili bazara verilir, həmçinin ixraca göndərilir. Doğrudur, bu il statistik göstəricilərə görə, kənd təsərrüfatı məhsullarının istehsalı yetərincə azalıb. Səbəb aydındır, daşqınlar və quraqlıq bitkiçiliyin bütün növlərinə mənfi təsir göstərir.
Hələ ötən yüzilliyin 70-80-ci illərində Azərbaycandan Moskva istiqamətində faraş kələm doldurulmuş qatarlar gedərdi və payızın sonuna qədər bu meyvə-tərəvəz konveyeri işləyirdi. Dövlət təchizatından başqa, ticarətçilər də cənub rayonlarından faraş pomidor və xiyarları Leninqrad, Arxangelsk və Murmanska daşıyardılar. Hər il Rusiyanın sənayecə inkişaf etmiş mərkəzlərinə bizim ölkədən 350 min tondan çox tərəvəz, 200 min tondan çox meyvə və giləmeyvə daxil olurdu. Bu istiqamətdə böyük həcmlərlə konservləşdirilmiş məhsul da daşınırdı.
Azərbaycan müstəqillik qazanandan sonra, meyvə və tərəvəz ixracatının coğrafiyası genişlənib. Hazırda Azərbaycan dünyanın 85-dən çox ölkəsinə 25 növ kənd təsərrüfatı məhsulu göndərir. Əsasən, faraş kartof, kələm, meyvələr, şəkər tozu, çay, şirələr, bitki yağı göndərilir. Ərzaq yükləri Rusiyaya, Belarusa, Ukraynaya, Qazaxıstana, Gürcüstana, Türkiyəyə, İrana və dünyanın başqa ölkələrinə göndərilir.
Əsasən, bu, özəl fermerlərin, istehsalat-kommersiya şirkətlərinin, səhmdar cəmiyyətlərin, kənd icmalarının və kooperativlərin məhsulları olur. Hər il Azərbaycanda tərvəz istehsalı bir milyon tonu ötür, elə həmin qədər də kartof becərilir və 600 min tondan çox meyvə və giləmeyvə yığılır ki, bu da ölkənin daxili tələbatını tam ödəməyə, həmçinin yüksək keyfiyyətli məhsulu xaricə çıxarmağa imkan verir.
Əgər 2004-cü ildə ölkədən kənara təxminən $41 mln-luq kənd təsərrüfatı məhsulu çıxarılıbsa, 2007-cü ildə bu, demək olar ki, $450 mln.-a çatıb, xarici ölkələrə göndərilən məhsulun həcmi demək olar ki, 10 dəfədən çox artıb. İxracatın əsasını MDB bazarlarında satılan faraş meyvə-tərəvəz məhsulu təşkil edir. Ət-süd və meyvə-tərəvəz məhsullarının emalı ilə ölkənin 150-dən çox iri və kiçik müəssisəsi məşğul olur.
Ölkənin ixrac potensialı müxtəlif maneələri dəf edərək ildən-ilə güclənir. Bu baxımdan, Azərbaycanın aqrar sənayesinin icracatının dinamikası maraq doğurur. Rəsmi statistikaya görə, bitki mənşəli kənd təsərrüfatı məhsullarının bir sıra növlərinin ixracatı 2000-ci ildən 2008-ci ilə kimi keçən müddət ərzində artıb. Belə ki, un ixracatı 5 dəfə, şəkər və şəkər tozu ixracatı 3,5 dəfə, bitki yağı ixracatı 6,3 dəfə artıb.
İxracatda uğur qazanmış şirkətlər "Azersun Holding"i (yağ, çay, konservlər), "Casrian Fish Co-Azerbaycan"ı (dəniz məhsulları), "Gilan" holdinqinin müəssisələrini, "Bakfem" və "Elfem" fındıq emalı müəssisələrini, həmçinin bir sıra şərabçılıq firmalarını göstərmək olar.
Öz fəaliyyətinə 1991-ci ildən başlamış "Azersun Holding" şirkətlər qrupu məhsul ixracatı üzrə liderdir. Hazırda o, çay, konserv məhsulları, günəbaxan, zeytun və qarğıdalı yağları, həmçinin başqa bitki yağlarının ixracatı üzrə hamının qəbul etdiyi liderdir. "Azersun Holding" Əfqanıstan, Belarus, İraq, İran, Qazaxıstan, Qırğızstan, Latviya, Moldova və Türkiyə kimi ölkələrdə xüsusi nümayəndəliklərə və distribüter müəssisələrinə malikdir.
"Gilan" şirkətlər qrupunun şirələri, zeytun yağı, alkoqollu içkiləri və konserv məhsulları yaxın xaric bazarları üçün yaxşı perspektivlərə malikdir. Azərbaycan istehsalı olan yüksək keyfiyyətli xammaldan istifadə edilən "Jalə" şirələri isə Rusiya, Gürcüstan və Qazaxıstana, hətta Almaniyaya da ixrac edilir. Holdinqin başqa bölmələri - "Aqroazərinvest" və "Azərspirt"də isə ən yeni avadanlıqlarla bir neçə növ şərab brendi və araq istehsal edilir ki, məhsulun bir hissəsi Rusiya və Ukraynaya göndərilir. Holdinqin min hektardan çox üzüm bağı və yüzlərlə hektar zeytun sahələri var. Bu yaxınlarda "Gilan" məhsullarının sırasına ən qabaqcıl soyuq sıxma texnologiyası ilə əldə edilmiş yüksək keyfiyyətli zeytun yağı da daxil olub.
Şəki-Zaqatala bölgəsinin bir sıra konserv müəssisələrinin, həmçinin "Bakfem", "Gilan" və "Elfem"in fındıq emalında ixtisaslaşmış zavodlarının məhsulları da yaxşı ixrac potensialına malikdir. Göyçayda nar şirəsi buraxılışı üzrə ixtisaslaşmış "AZNAR" konserv zavodunun da potensialı böyükdür. Uzaq xaric bazarlarına tomat pastası, nar şirəsi və nərşərab ixracatı ilə həmçinin "MiriPAK" şirkəti məşğuldur. Abşeron yarımadasında təşkil edilmiş konserv istehsalının səciyyəvi cəhəti zeytun emalı üzrə müəssisələrin dinamik inkişafıdır. Bu müəssisələr Rusiyaya, İrana, Səudiyyə Ərəbistanına, Bəhreyn və Küveytə 100% rafinə edilməmiş zeytun yağı göndərirlər.
2008-2015-ci illərdə ərzaqla dayanıqlı təchizat üzrə 2008-c ilin avqust ayında təsdiq edilmiş dövlət proqramı ölkənin kənd təsərrüfatının inkişafı üçün yeni strategiyanın gerçəkləşdirilməsini nəzərdə tutur. Onun əsas məqsədi ərzaq idxalının payının getdikcə azalması və onun yerli məhsulla əvəzlənməsi, həmçinin aqrar emal sahəsinin məhsullarının ixracatının həcminin artırılmasıdır. Yaxın 5-6 ildə yerli qida sənayesi daxili tələbatın 80%-ni təmin etməli və daha çox ixracata istiqamtlənməlidir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2010-cu ilin 7 ayı ərzində Azərbaycandan $323,5 mln.-luq kənd təsərrüfatı məhsulu ixrac edilib. Bunun $20,9 mln.-u tərəvəzin, $20,5 mln-u meyvənin, $83 mln.-u şəkər tozunun, $15,6 mln.-u kartofun, $2,8 mln.-u meyvə-tərəvəz konservlərinin, $10,5 mln.-u şirələrin, $43,5 mln.-u isə bitki yağlarının payına düşüb. 2009-cu ilin uyğun dövrünə baxanda 2010-cu ilin yanvar-iyul aylarında Azərbaycandan meyvə və tərəvəz ixracatı 22,38% azalıb.
"Novosti-Azerbaydjan" infomasiya agentliyinin məlumatına görə, bu il avqustun 1-ə olan vəziyyətə Azərbaycanda kənd təsərrüfatı məhsulu istehsalı illik hesabla 10% azalıb. Ən böyük azalma bitkiçilik sahəsində müşahidə edilib, burada istehsal 18,5% azalıb. DSK-nın məlumatına görə, bu ilin 8 ayı ərzində ölkənin bostanlarından 930 min ton məhsul yığılıb ki, bu da ke?ən illə müqayisədə 13 min ton azdır.
Sovet İttifaqının dağılmasından sonra postsovet məkanının bütün müstəqil dövlətləri ticari-iqtisadi münasibətlərin bütün saziş, institusional əsaslarını, demək olar ki, sıfırdan yaratmağa başladılar. Müstəqilliyin ilk illərində Azərbaycanın əsas iqtisadi tərəfdaşı əvvəlki kimi Rusiya olaraq qalırdı. Amma ikitərəfli ticarətin həcmi sürətlə düşdü və 1995-ci ildə ən aşağı nöqtəyə enərək, $200 mln.-dan az oldu. Sonrakı illərdə iki ölkə arasında ticarət dövriyyəsi artmağa başladı və artıq 2008-ci ildə $2,5 mlrd.-a çatdı. Həmin ilin sonuclarına görə, Rusiyaya meyvə və tərəvəz idxalının strukturunda 11-ci yeri tutub, ölkəmizdən meyvə idxalı ümumi Rusiya meyvə idxalının 3,23%-ni, tərvəz idxalı isə 3,53%-ni təşkil edib.
Təzə meyvələr, tərəvəzlər, meyvə və tərəvəz şirələri, konservlər, çiçəklər və müxtəlif bitkiçilik məhsulları Azərbaycandan postsovet məkanının başqa ölkələrinə də ixrac edilir. Bir sıra yerli şirkətlər artıq Avropa bazarlarına da girməyə başlayıblar. Kənd infrastrukturunun bərpası və inkişafı, kənd təsərrüfatı kreditləşdirilməsi sisteminin təkmilləşdirilməsi və dövlət proqramında nəzərdə tutulmuş başqa uyğun tədbirlərin görülməsi hesabına Azərbaycanın aqrar sənayesi daha böyük sürət götürür. Əsas odur ki, havalar yaxşı keçsin.
MƏSLƏHƏT GÖR: